Azərbaycan romantizminin öyrənilməsində yeni mərhələ - Sona Vəliyevanın "Hüseyn Cavid sənətinin qüdrəti" monoqrafiyasını oxuyarkən - Yaşar Qasımbəyli

 

İndi Hüseyn Cavidin əsərləri xalqa

hava-su kimi lazımdır.

Təkcə ədəbi baxımdan deyil,

həm də fəlsəfi, elmi baxımdan lazımdır.

Heydər Əliyev

Azərbaycan xalqının ümummilli lideri

Dahi Azərbaycan dramaturqu və mütəfəkkiri Hüseyn Cavid XX əsr söz sənətinin ən qüdrətli və özünəməxsus nümayəndələrindən biridir. Bənzərsiz sənətkarın yaradıcılığına son yüz il ərzində neçə-neçə nəsillər müraciət etmiş, onun irsini layiqincə dəyərləndirməyə və dərk etməyə can atmışlar. Bir məsələ həqiqətdir ki, böyük Cavid ilk kitabını çap etdirdiyi 1913-cü ildən başlayaraq ta bugünümüzə qədər həmişə və fasiləsiz olaraq diqqət mərkəzində dayanmış sənət sahiblərindən olub. Onun yaradıcılığına münasibəti və ümumilikdə, cavidşünaslığın keçdiyi keşməkeşli tarixi inkişaf yolunu, təxminən, aşağıdakı kimi dövrləşdirmək olar; 1. İnqilaba qədərki dövr (1913-1920); 2. 20-ci illər - Cavid sənətinin nisbətən obyektiv, tənqidi və polemik dərki dövrü; 3. 30-cu illər - Cavid yaradıcılığına inkarçı və nihilist münasibət dövrü; 4. 40-50-ci illər - Cavid sənətinə lal münasibət dövrü; 5. 50-ci illərin sonu və 60-cı illərdən başlayan Cavidi təqdir və təsdiq dövrü. Bu dövrü də öz daxilində bir neçə mühüm və fərqli mərhələlərə bölmək olar: 1) 60-80-ci illərin cavidşünaslığı; 2) Müstəqillik dövrünün cavidşünaslığı.

İstedadlı cavidşünas alim, filologiya üzrə fəlsəfə doktoru Sona Vəliyevanın "Hüseyn Cavid sənətinin qüdrəti" (Bakı, 2018) monoqrafiyası yüz illik bir inkişaf tarixinə malik elmin üfüqlərini genişləndirən və ona yenilik gətirən bir tədqiqat əsəri kimi diqqəti cəlb edir. Zəngin mündəricata malik, 5 bölmədən ibarət bu kitabın əsas məziyyəti ondan ibarətdir ki, müəllif Hüseyn Cavidin möhtəşəm və mürəkkəb mahiyyətə malik yaradıcılığını bütöv halda ümumiləşdirməyə və dəyərləndirmyə çalışmışdır. Tədqiqatın bu elmi-nəzəri özəlliyini və keyfiyyətini ayrıca vurğulayan kitabın elmi redaktoru, AMEA-nın müxbir üzvü, prof. Kamran Əliyev, eyni zamanda, məhz bu xüsusiyyətinə görə monoqrafiyanın cavidşünaslıqda yenilikçi və üstün mövqeyə malik olduğunu da diqqətə çatdırıb.

Monoqrafiyadakı bölmələrin adı müəllifin elmi-nəzəri məqsədini və əsas hədəflərini dolğun ifadə edir: "Poeziyadan dramaturgiyaya", "Əfsanə və romantik düşüncə", "Mif və reallıq", "Peyğəmbər və əxlaqi dəyərlər", "Tarix və həqiqət". Hər bir bölmə isə özündə tədqiqatın əsas müddəa və nəzəri tezislərini əks etdirən 5-6 yarımfəsilə ayrılmışdır. Ədəbi-estetik təhlil və tədqiqatın məhz bu şəkildə düşünülməsi və formalaşdırılması monoqrafiyaya özünəməxsus bir çoxqatlılıq və elmi təfəkkür miqyaslarının genişliyi keyfiyyətini qazandırmışdır. Zatən, hər biri 5-6 yarımfəsildən ibarət olan bölmələr ayrı-ayrılıqda müstəqil monoqrafik tədqiqat təəssüratı yarada bilir. Məhz buna görə də bu kitab sanki bir-birini davam etdirən və zənginləşdirən tədqiqatlar silsiləsi, tədqiqatların cəmi qənaətini möhkəmləndirir.

"Poeziyadan dramaturgiyaya" bölməsində Cavid sənətinin və dünyagörüşünün şəkillənməsindən bəhs edən müəllif orijinal bir tədqiqat üsulu seçərək dahi dramaturqun doğuluş və formalaşma prosesini onun ilk qələm təcrübələri olan dramatik əsərlərindən, ilk pyeslərinin daxili poetik quruluşundan deyil, məhz ilk lirikasından, ilk sevgi şeirlərindən, birinci romantik qəlb təcrübələrinin izharından və ifadəsindən axtarır, araşdırır və tapmağa nail olur. Bu mənada alimin böyük şairin ilk şeirlər toplusu "Keçmiş günlər" (1913) kitabındakı şeirlərdəki gözəlliyə romantik vurğunluqdan bəhs etməsi də, bu şeirlərdəki  poetik  sual-cavablarda, lirikanın təbiətinə və xarakterinə o qədər də uyğun gəlməyən, amma Cavid dühasının möcüzəli bir məharətlə ram etdiyi, poeziyanın təbiətinə və mahiyyətinə uyğunlaşdırdığı son dərəcə səmimi monoloq və dialoqlarda gələcək dahi dramaturq istedadının işartılarını və nişanələrini həssaslıqla müşahidə etməsini xüsusi qeyd etməyi vacib bilirik.

Bu cəhətdən birinci bölmənin "Romantik şeirdə dialoq" adlanan yarımfəslində Cavid poeziyasındakı dramaturji element və xüsusiyyətlərin araşdırılması diqqəti cəlb edir. Hələ 80-ci illərdə cavidşünaslığın bu problemi xüsusi qeyd etdiyini nəzərimizə çatdıran müəllif akademik İsa Həbibbləylinin Cavid poeziyası haqqındakı fikirlərini misal gətirir: "H.Cavidin romantik-fəlsəfi üslubunda dialoqların da özünməxsus funksiyası vardır. Dialoqlar şairin lirikasına müəyyən süjet əlamətləri daxil etmişdir". Bu nəzəri-estetik müşahidələrə əsaslanaraq müəllif öz fikirlərini davam və inkişaf etdirir. Cavid lirikasındakı dramaturji ünsürlərin bədii mövqeyi və missiyası barəsində mühüm fikirlərini ortaya qoyur. Tədqiqatçının təhlilə cəlb etdiyi şeirlər, həqiqətən, elmi məqsədin araşdırılmasına və reallaşmasına xidmət edir. Xüsusən, "Qız məktəbində", "Çiçək sevgisi", "Öksüz Ənvər", "Bakıda" şeirlərinin bir müstəvidə və ardıcıl şəkildə tədqiqi Cavid yaradıcılığında dramatik poeziyanın mənşəyi və bədii dinamikası yönündə düşünmək üçün əlverişli zəmin yaradır. Alimin məsələyə yanaşması və bir-birini təkrarlamayan tədqiq üsulları oxucunu qətiyyən yormur, əksinə, məsələnin mahiyyətinə varmağa və qarşıya qoyulan problemi hərtərəfli təsəvvür etməyə imkan yaradır. Tədqiqatda oxuyuruq: "Qız məktəbində" və "Çiçək sevgisi" şeirləri bir-birini tamamlayan poetik nümunələrdir. Onların hər ikisinin dialoq əsasında qurulması H.Cavidin dramaturgiyaya marağını əks etdirir". (s. 59). Cavid poeziyasının özünəməxsus dramatizmindən bəhs edərkən müəllifin "Bakıda" şeirinə müraciət etməsi və bu şeirin detallı, dəlil-sübutlarla təhlili elmi-nəzəri mühakimənin dəyərini, sanbalını qüvvətləndirir: "H.Cavidin "Bakıda" şeirini isə elə birbaşa dramatik şeir də adlandırmaq olar. Ən başlıcası odur ki, şeir bütünlüklə Məsud və Şəfiqənin dialoqu üzərində qurulmuşdur". (s. 61).

"Monoloq və dialoqların vəhdəti: "Azər" yarımfəslində isə lirik şeirdə deyil, epik poeziyada dramaturji komponentlərin funksiyası araşdırılır. Əgər əvvəlki yarımfəsillərdə lirik şeirlərdəki ilkin dramaturji əlamət və cəhətlərə diqqət yönəlmişdisə, "Azər"in təhlilində isə artıq təcrübəli və şöhrətli dramaturqun epik şeirə məqsədli şəkildə gətirdiyi dramaturji ifadə üsullarından bəhs edilir. "Hüseyn Cavidin şeir yaradıcılığında dramaturgiyaya keçidin aşkar və ya gizli əlamətləri olduğu kimi, dramaturgiyaya aid elementlərin də onun lirikasına təsiri aydın hiss edilməkdədir". (səh. 63). "Azər" poemasının təhlili əsnasında tədqiqatçının irəli sürdüyü fikir və mülahizələr həm düşündürücü, həm də məntiqlidir. Alim "Azər" poemasındakı obrazları H.Cavidin məşhur dramatik surətləri - Səlma, İxtiyar və Şəmsa ilə yanaşı gətirərək yazır: "Hər halda bu üç obrazın  poemada ifadə olunan xüsusiyyətləri pyeslərdə əks etdirdiyi xüsusiyyətləri ilə tam üst-üstə düşməsə də, onların adlarının "Azər" poemasında təkrarən işlədilməsi təsadüfi deyil və şübhəsiz, müəllifin bilərəkdən istifadə etdiyi bir bədii üsuldur". (səh. 64).

AMEA-nın müxbir üzvü, prof. Kamran Əliyevin tədqiqatı səciyyələndirən aşağıdakı mühüm mülahizələri diqqətəlayiqdir: "Monoqrafiyada H.Cavid şeirlərində mətn hadisəsi kimi meydana çıxan monoloq və dialoqların dramaturgiyaya keçidin hazırlıq mərhələsi kimi izahı, eyni zamanda, dramaturji elementlərin poeziyaya doğru mütəşəkkil hərəkəti, xüsusilə, "Azər" poemasında bunun qabarıq formada ifadəsinin şərhi bir yaradıcılıq daxilində nümunə olacaq qədər şeir və dramaturgiyanın qarşılıqlı əlaqələrinin əsas məzmununu ortaya çıxarır. H.Cavid yaradıcılığındakı janr müxtəlifliyinin ədibin əsərlərini bir-birindən ayıran amil kimi deyil, bir-birinə yaxınlaşdıran və birləşdirən keyfiyyət göstəricisi səviyyəsində təqdimi müəllifin Cavidə doğru yönəlmiş strateji elmi düşüncə tərzinin nəticəsi kimi reallaşır". (səh. 13).

"Hüseyn Cavid sənətinin qüdrəti" monoqrafiyasındakı əsas problemlərdən və bölmələrdən biri "Əfsanə və romantik düşüncə" adlanır. XX yüzilin əvvəllərində Azərbaycan bədii təfəkküründə və xüsusən, H.Cavid yaradıcılığında baş verən güclü təbəddülat və dəyişmələr tədqiqatın bu hissəsində əsas təhlil obyektinə çevrilib. H.Cavid romantizminin və romantik idealının dinamikasında baş verən yeniləşmələr müəllif tərəfindən, demək olar ki, hərtərəfli araşdırılır. Bu məsələləri dərindən təhlil etmək üçün tədqiqatda seçilmiş elmi yanaşma və araşdırma üsulları orijinal və yenidir. H.Cavidin "Şeyx Sənan" faciəsini səciyyələndirmək və qiymətləndirmək üçün müəllif milli romantizmin tarixinə müraciət edir: "Azərbaycan ədəbiyyatında romantik metodun tarixi kifayət qədər zəngin və qədimdir. Onun ən parlaq təmsilçisi olan Nizami Gəncəvidən başlayaraq Nəsimi və Füzuli də daxil olmaqla, Hüseyn Cavidə qədər olan ədəbiyyatımızın böyük bir dövrü romantik metodla bağlılığını qoruyub saxlamışdır. Nizami və Füzulinin "Leyli və Məcnun" poemalarında olduğu kimi, H.Cavidin də "Şeyx Sənan" faciəsində romantik inikas üsulu özünü bariz şəkildə göstərir..." (səh. 111).  H.Cavidin Nizami və Füzulinin romantik ənənələrinin və estetik təcrübəsinin istedadlı davamçısı olması barəsindəki elmi-nəzəri düşüncələr də doğru və məntiqlidir: "Daha maraqlı cəhət isə ondan ibarətdir ki, hər üç əsərdə əfsanə ilə romantik metodun vəhdəti vardır. Ola bilsin ki, H.Cavidin ədəbiyyat tariximizdə ilk dəfə olaraq faciəni mənzum formada - şeirlə qələmə alması və bu əsərdə əfsanə ilə romantik metodun vəhdətini yaratması Nizami və Füzulu ənənələrinə sədaqətdən irəli gəlmişdir". (səh. 111). H.Cavidin "Şeyx Sənan" faciəsini Nizami və Füzuli "Leyli və Məcnun"ları ilə bir müstəvidə və müqayisəli şəkildə araşdıran müəllif  hər üç dahi sənətkarın yaradıcılığı və poetik inikas üsulları arasında diqqətəlayiq bənzərlikləri kəşf edir. Dramatik manerada və üslubda yazılmış "Şeyx Sənan" faciəsinin Orta əsrlərdə qələmə alınmış və epik üslubda yazılmış məşhur "Leyli və Məcnun" faciələrinin davamı olduğunu elmi cəhətdən əsaslandırmağa müvəffəq olur. XII və XVI əsrlərdə misilsiz sənətkarlıq nümayiş etdirərək ərəb əfsanəsini ilk dəfə poeziyaya gətirən Nizaminin və öz ustadının poetik qüdrətini ana dilində yenidən canlandıran Füzulinin ənənələrini yaşadaraq, Cavid tamamilə fərqli ictimai-siyasi və mənəvi-əxlaqi mühitdə başqa bir ərəb əfsanəsini - Şeyx Sənanı türkləşdirir, əbədiləşdirir. Klassik romantizmin mahiyyətinə və qanunlarına sadiq qalan Cavid Orta əsrlərdə olduğu kimi, XX yüzilin əvvəllərində də ilahi eşq sahiblərinin və Ulu Tanrı aşiqlərinin yenə də faciəyə məhkum olduqlarını məharətlə nümayiş etdirir. Yəni, Leyli və Məcnun olmaq Orta əsrlərin müsəlman mühitində nə qədər ağır və dözülməz idisə, Cavid zamanında da, hətta ondan sonra da o eşqi qəlbində yaşatmaq, yəni Şeyx Sənan olmaq da, din və məzhəblərdən, şəriət və təriqətlərdən yüksəkdə dayanaraq Allah vüsalına qovuşmaq, əsl və böyük həqiqətə çatmaq ehtirası insana misilsiz müsibətlər gətirməkdədir. Tədqiqatçının "Şeyx Sənan" faciəsini "Leyli və Məcnun" poemaları ilə ətraflı və uğurlu müqayisəsi Cavid sənətinin təkcə milli dəyərini deyil, ümumbəşəri əhəmiyyətini, XX yüzilin bədii təfəkküründə tutduğu müqayisəedilməz  mövqeyini inkarolunmaz arqumentlərlə açıb göstərməyə zəmin və imkan yaradır. Monoqrafiyada irəli sürülən elmi nəticələr konkret elmi dəlil və sübutlara söykənir: "Şeyx Sənan öz sufi əzəməti ilə yalnız H.Cavidin yaradıcılığında deyil, bütövlükdə Azərbaycan ədəbiyyatında təkrarsız obrazdır". (səh. 145). Bu xülasə də müəllifin düşüncələrinin yekunu kimi yeni və yaddaqalandır: "Şeyx Sənan" pyesi Tanrıya olan eşqin hər şeydən, hətta dini təriqətlərdən belə uca olduğunu bəyan etməklə, H.Cavidin mənzum dramaturgiya yaradıcılığının  zirvəsini təşkil edir. Amma H.Cavid heç vaxt islam dininin əleyhinə olmamışdır və "Peyğəmbər" pyesi də bu fikri tamamilə təsdiq edir". (səh. 146).

Sona Vəliyevanın yuxarıdakı mülahizələri ilə tamamilə razıyıq. Xüsusən, "Şeyx Sənan" faciəsinin məna və mahiyyəti haqqındakı düşüncələr, əsərdə Tanrıya olan eşqin hər şeydən, bütün dinlərdən və təriqətlərdən üstün olması ilə bağlı fikirlər həm də bu faciənin H.Cavid mənzum dramaturgiyasının zirvəsi hesab edilməsi, bizcə, son dərəcə doğru və aydın münasibətdir. Maraqlı tərəfi ondadır ki, tədqiqatçının özünəməxsus elmi təhlil və düşüncə manerası oxucuda da adekvat ovqat yaradır. Yəni bu monoqrafiyada ifadə olunan və sizin də razılaşdığınız elmi nəticələr məsələnin mahiyyətinə varmaqda sanki müəlliflə həmkarlıqda düşünmək və Cavid sənətinin dərinliklərinə, Cavid dünyasının sonsuzluğuna baş vurmaq həvəsi yaradır. Bu cəhətdən "Şeyx Sənan" faciəsinin "Təsəvvüf romantizmi"nin nümunəsi olması barəsində müəllifin fikirləri həm orijinallığı, həm də ədəbiyyatşünaslığımız üçün yeniliyi nöqteyi-nəzərindən diqqəti özünə cəlb edir. Həqiqətən, H.Cavid öz yaradıcılığında, ələlxüsus da, "Şeyx Sənan" da Avropa romantizminin təcrübəsi ilə yanaşı olaraq, ənənəvi Şərq romantizmi və təsəvvüf poetikasının estetik təcrübəsini də davam etdirməyə, onları yüksək səviyyədə birləşdirməyə çalışmışdır.

"Mif və reallıq" bölməsi monoqrafiyanın təkrarsız mülahizələr və elmi təhlillərlə zəngin hissələrindən biridir. Bu bölmədə Cavid romantizminin özünəməxsus estetik keyfiyyətlərini uğurla əks etdirən "İblis" faciəsi tədqiqatın əsas obyektinə çevirilib. Həqiqətən, "İblis" təkcə Cavid yaradıclığının deyil, ümumən, Azərbaycan və ümumtürk bədii təfəkkürünün cahanşümul yeniliklərindən biridir. Bu əsərlə dahi mütəfəkkir və dramaturq Azərbaycan bədii təfəkkürünün Dədə Qorqud, Xaqani, Nizami, Nəsimi və Füzuli kimi ümumbəşəri zirvələrindən heç də uzaqlaşmadığını, əksinə, XX əsrdə Cavid dühasının timsalında həmin zirvələrə daha da yaxınlaşdığını göstərməkdədir. Cavid yaradıcılığında və ümumən, XX yüzil Azərbaycan ədəbiyyatında mərkəzi mövqe tutan "İblis" faciəsinin və xüsusən, onun baş qəhrəmanlarından biri İblisin bənzərsizliyi barəsində müəllifin fikirləri mühümdür: "...H.Cavidin İblisə münasibəti dünya filosoflarının, dünya ədəbiyyatı klassiklərinin yaratdıqlarının dərkindən sonra meydana gəlmiş və bu İblis daha dağıdıcı, daha çox qiyafəli, tez-tez donunu dəyişə bilən, insanların könlünü fəth etməyi bacaran elə bir İblisdir ki, digərləri ilə müqayisə olunmayacaq dərəcədə İblisdir, hiyləgər, ürəksiz, rəhmsiz məxluqdur" (səh. 149). Dünya ədəbiyyatındakı İblis obrazlarına və onların estetik özəlliyinə dərindən bələd olan tədqiqatçının aşağıdakı düşüncələri ilə də razılaşmalıyıq: "H.Cavidin "İblis" faciəsi yalnız Cavid yaradıcılığının deyil, indiyə qədər dünya ədəbiyyatında bu mövzuda yazılan bütün əsərlər içərisində şah əsər hesab edilə bilər" (səh.151).  Alim Cavid "İblis"inin təkrarsız keyfiyyətlərini bir-bir vurğulayır: "Dağıdıcı funksiyasının intəhasızlığı, öz münasibətində qılıqlı olması, könüllərə daha tez enməyi bacarması və könülləri fəth etməyin ən hiyləgər yolunu bilməsi bu İblisin tamamilə fərqli bir İblis olmasının sübutudur". (səh. 151). "İlbis"in yarandığı dövr insanlıq tarixinin ən kəskin, mübarizələrlə zəngin və müharibələrlə dolub-daşan bir mərhələsidir. Şərqdə və Qərbdə qanlı inqilablarla, qırğın və qətliamlarla başlayan XX yüzilin ikinci onilliyi bəşəriyyətə Birinci Dünya müharibəsini "ərməğan" etdi. Elə bu səbəbdən "Müharibə mövzusu o dövrkü dünya ədəbiyyatında yayılmış bir mövzu idi..." (akademik Yaşar Qarayev). Amma "İblis"i sadəcə olaraq müharibə mövzusunda yazılmış bir əsər kimi dəyərləndirmək o qədər də məqsədə müvafiq deyil. "İblis"də insanın və dünyanın taleyi diqqət mərkəzindədir; müəllif Cavidin yaradıcılıq kredosunu və əsərdə qarşıya qoyduğu əsas məqsədləri son dərəcə aydın şəkildə vurğulayır; İnsanın mahiyyəti dəyişəcəkmi? Dünya Şərin və ya Xeyrin idarəçiliynə keçəcək? Dünyaya kim hökmranlıq edəcək, İblis yoxsa Tanrı? Tanrının yaratdığı insan kamillik zirvəsinə qalxa biləcəkmi?

Monoqrafiya müəllifi "İblis" faciəsinin 1918-ci ildə yazılmasının təsadüfi olmadığını da diqqətimizə çatdırır. Həqiqətən, həmin il bəşəriyyət tarixində yaddan çıxmayan illərdən biridir. Birinci Cahan savaşı insanlığa saysız-hesabsız fəlakətlər, dözülməz müsibətlər, ucu-bucağı görünməyən xarabalıqlar, dağıntılar, dəhşətli faciələr "yadigar" qoyaraq sona yetmişdi. İnsan və İblis qarşıdurması sanki öz zirvəsinə çatmışdı. Bu ölüm-dirim mübarizəsindən kim qalib çıxmışdı? Daha doğrusu, Birinci Dünya müharibəsinin dəhşətli nəticələrinin insanlığa təlqin etdiyi əsas həqiqət nədən ibarət idi? İnsanın məğlubiyyəti və acınacaqlı vəziyyətə düşməsi bütün açıqlığı və amansızlığı ilə görünürdü. Bəs İblis hansı durumda idi? İnsanın bu acı məğlubiyyətini İblisin parlaq qələbəsi kimi qiymətəndirmək olardımı?  Bu nəticə ictimai həyatda necə qəbul olunmuşdu və faciədə necə əks edib? Ən dəhşətlisi odur ki, Birinci Dünya müharibəsi təkcə Tanrının mərhəmət və şəfqətinə deyil, həm də insanın dəyişməsinə və düzəlməsinə olan bütün inamları alt-üst etmişdi. Dünyada İblis qalib gəlmişdi. Cavid dühasının, artıq "İblis"də Cavid romantizminin deyil, Cavid realizminin aləmşümul qələbəsi ondan ibarət idi ki, o, dünya bədii və fəlsəfi fikrində birincilərdən olaraq məhz İblisin qələbə çaldığını təkcə Şərqə deyil, bütün dünyaya elan etməyə cəsarət etmişdi!..

Cavid yaradıcılığında dünyanın və insan taleyinin realist və romantik nöqteyi-nəzərdən dəyərləndirilməsinə də müəllif aydınlıq gətirir. Hər iki bədii inikas üsulunun Cavid üslubunda birləşməsi və vəhdətdə gerçəkləşməsi məsələsinə münasibət bildirərək müəllif yazır: "H.Cavid romantizmin estetik prinsiplərinə sadiq qalaraq nə qədər göylər şairi, səma şairi olsa da, o, dövrün real hadisələrini romantik yüksəklikdən müşahidə etmək qabiliyyətinə malik idi". (səh. 157). Tədqiqatçının Cavidin görkəmli müasirlərindən biri Abdulla Şaiqin, əsərdə nə qədər romantiklik olsa belə, bu romantikliyin, bu romantizmin içində bir realizm vardır, fikirlərinə əsaslanaraq, aşağıdakı mülahizələri irəli sürməsi də məntiqli və həyati əhəmiyyətə malikdir: "Bu mənada H.Cavid, Abdulla Şaiqin dediyi kimi, romantizm cərəyanından istifdadə edərək dövrün real hadisələrini daha düzgün şəkildə əks etdirə bilmişdir". (səh. 157).

Ümumən, "Mif və reallıq" bölməsinin tərkibinə daxil olan "Mifik qəhrəman: İblis" və "İblis və Arif" yarımfəsillərinin yüksək elmi səviyyədə yazıldığını və orijinal mülahizələrlə zəngin olduğunu ayrıca vurğulamaq lazım gəlir. Dahi dramaturqun cəmi bir neçə misra ilə yaşadığı zamanın və dünyanın obyektiv obrazını yaratması müəllif tərəfindən  haqlı olaraq xüsusi dəyərləndirilir. Böyük Cavidin Allaha xitabı təkcə öz emosionallığı ilə deyil, həm də fəlsəfi sanbalı və əzəməti ilə yüz il keçsə də, nəsilləri düşündürür: "Ya Rəbb, bu cinayət, bu xəyanət, bu səfalət Bulmazmı nihayət? İnsanları xəlq etmədə var bəlkə də hikmət, İblisə nə hacət!?"  İblisin dəhşətli və dağıdıcı bir güc olduğunu dərindən anlayan müəllif ona qarşı mübarizənin və İblisi dəf etməyin mümkünsüzlüyünü sövqi-təbii hiss edir. Amma dahi Cavid İblislə qarşıdurmanın nə ilə və necə qurtarmasından asılı olmayaraq, ona qarşı axıra qədər mübarizə aparmağı insanın ən şərəfli və müqəddəs borcu sayır. Bu amansız mübarizədə Cavid yalnız Allahın insana yardım edə biləcəyini dərindən dərk etdiyi üçün, Ona müraciət edir və israrlı suallarını Xaliqə ünvanlayır:

Bilməm şu cinayət, şu xəyanət, şu fəlakət

Bitməzmi, İlahi! Bu qədər səbrə nə hacət?

"İblis" faciəsində əsas bədii-fəlsəfi məqsəd və konsepsiya İblis və Arifin gərgin, son dərəcə dramatik mücadiləsi müstəvisində reallaşır. Arif bütün gücünü və iradəsini işə salaraq öz mənəvi inam və ideallarını axıra qədər qorumağa can atır. Lakin İblis min bir hiylə və fəndgirliklə bütün insanları, cəmi insanlığı məğlub etdiyi kimi, o, Arifin də qəlbini fəth etməyə nail olur. Arif obrazı haqqında monoqrafiyadakı aşağıdakı mülahizələr əsərin mənasını və fəlsəfəsini doğru-düzgün ifadə edir: "Arifin bu sözlərindən sonra kənardan İblisin mənalı və istehzalı qəhqəhələri eşidilir. Əvvəlki qəhqəhələr kimi bu qəhqəhələr də İblisin istəyinə çatmasının işarəsidir... Burada artıq Arifin İblisə tamamilə tabe olması təsdiqini tapır". (səh. 172). Faciənin sonluğu və İblisin mübarizəsinin məntiqi nəticəsi aşağıdakı misrada parlaq şəkildə əks etməkdədir:

Dünyada əgər varsa rəqibim o da: Allah!..

İblisin bu dəhşətli etirafı insanın mahiyyətini və dünyanın taleyini çox amansız, lakin açıq və sərt şəkildə göstərir. Demək, İblis yer üzündə öz hökmranlığını təmin etmişdir. Özünün dediyi kimi, onun hədəfi, rəqibi çoxdan insan deyil, yalnız və yalnız Allahdır. O indi bütün dünyaya, dünyalara hakimlik etmək ehtirası ilə alışıb-yanmaqdadır. Bu dəhşətli həqiqəti bizə və bütün insanlığa Cavidin məşhur qəhrəmanı düz yüz il bundan əvvəl söyləmişdi:

Hər yerdə ki vardır əzəmət, qəhr ilə dəhşət,

Hakimdir o yerlərdə şu qarşındakı xilqət.

"Peyğəmbər və əxlaqi dəyərlər" və "Tarix və həqiqət" bölmələri də öz tərkibinin və ehtiva etdiyi problemlərin müxtəlifliyi ilə seçilir. "Peyğəmbər" pyesinin fəlsəfi və bədii mündəricəsini işıqlandıran "Müqəddəs qəhrəman: Peyğəmbər", "Peyğəmbərin Tanrı eşqi", "Peyğəmbər və Şəmsa" yarımfəsillərində dünya ədəbiyyatının ən qiymətli nümunələrindən və incilərindən biri olan bu əsərin yüksək elmi səviyyədə və böyük məhəbbətlə araşdırıldığını qeyd etmək vacibdir. Pyesdə Peyğəmbərin şair olmasından bəhs edilir. Bi fikri Peyğəmbərin özü də etiraf edir, amma:

Bən fəqət hüsnü-Xuda şairiyim,

Yerə enməm də, səma şairiyim.

Tədqiqatçı bu misraları həm böyük Peyğəmbər, həm də Cavidin özü və yaradıcılığı haqqında söylənmiş tarixi dəyərləndirmə kimi səciyyələndirir. Onun fikrincə, Cavid yaradıcılığının əsas mahiyyəti və şəxsi ləyaqət düsturu bu misralarda əks edib. Yəni "...yerlərdə  baş verən proseslərdən çox-çox uzaq, Tanrısına aşiq və onun insanlığa göndərdiyi ali ideyaların təbliğində mühitin kasadlığı, sosializm dövründəki çətinliklər şairi qəlbində düşündüklərini belə izhar etməyə yönəldirdi" (səh. 229). "Peyğəmbər" pyesinin Cavidin bədii metodunun mahiyyət və miqyaslarını hərtərəfli ifadə etməsi ilə bağlı alimin fikirləri də aydın və sərrastdır: "Peyğəmbər" pyesi sübut edir ki, Cavid romantizm cərəyanının tələblərindən qat-qat üstün dəyərləri əks etdirən bir sənətkardır və Cavid yaradıcılığı yeni fəlsəfi düşüncələrin ifadəsidir". (səh. 229). Və "Peyğəmbər" pyesi Cavidin fəlsəfi və ədəbi şəxsiyyətini də bütün dolğunluğu və əzəməti ilə əks etdirən dahiyanə əsərdir: "H.Cavid həqiqəti, məhəbbəti, təsəvvüfü və irfanı özündə birləşdirən sənətkardır. Onun üçün Yerdə olan bütün hadisələr ədalətli olmalı, haqqa, məhəbbətə söykənməlidir. Əks halda, əxlaqi gözəlliklərin, iman nurunun yoxa çıxdığı, mənəviyyatın, əxlaqın siyasi çirkə bulaşdığı bir zamanda irfan şairi, övliya Cavidin yerlərdə nə işi vardır? Bu mənada H.Cavid də, onun yaratdığı "Peyğəmbər"də göylər şairidir". (səh. 229).

"Tarix və həqiqət" bölməsində yer alan və orijinal elmi üslubda yazılmış "Hökmdar qəhrəman: Topal Teymur", "Sərkərdə qəhrəman: Səyavuş", "Xəyyam tarixdə və bədii yaradıcılıqda", "Şair qəhrəman: Xəyyam" yarımfəsillərində də böyük sənətkarın əzəmətli obrazları, dərin və yeni fəlsəfi görüşləri, həyata və dünyaya baxışı ətraflı tədqiq olunur. Ümumən, monoqrafiyada alimin konkret və dərin təhlilləri ilə geniş və əhatəli ümumiləşdirmələri həmişə bir-birini tamamlayır. Məsələn, tədqiqatçı Cavidin yaradıcılığının bütövlüyündən və bütün janrların bir-birini dialektik davam etdirdiyindən bəhs edərkən irəli sürdüyü mülahizələr fikrimizə sübut ola bilər. Məhz bu monoqrafiyada böyük şairin "Hübuti-Adəm" və "Hərb və fəlakət" şeirlərindən "İblis"ə, "Şeyx Sənan" qəzəlindən "Şeyx Sənan" faciəsinə, "Bakıda - Şəfiqə və Məsud" dialoqundan "Knyaz"a yol gəldiyini, "İştə bir divanədən bir xatirə" şeirindən "Xəyyam"a, "Məzlumlar üçün" şeirindən "Topal Teymur"a, "Şərq qadını"ndan "Ana"ya, "Qoca türkün vəsiyyəti"ndən "Uçurum"a daxili əlaqə xətlərinin uzandığını və bu əsərlərin bir-biri ilə üzvi vəhdətdə olduğunu cavidşünaslıqda müəllif ilk dəfə kəşf etməyə və göstərməyə müvəffəq olmuşdur. Bu nöqteyi-nəzərdən Sona Vəliyevanın Cavid sənətinin qüdrət və əzəməti haqqındakı aşağıdakı mülahizələri də öz ümumiləşmə miqyasına görə diqqəti cəlb edir: "O, "Şeyx Sənan"ı əsatirdən reallığa gətirərək, tarixdə özündən əvvəl yazılmış "Şeyx Sənan"ları kölgədə qoydu; "İblis" əsəri ilə mifik obraz olan İblisin daxili aləmini açıb göstərməklə və onu oxuculara dərk etdirməklə hər kəsin içindəki iblisə - nəfsə qalib gəlməsinin təlimini oxucuya bəyan etdi; "Peyğəmbər"də Tanrı və insan - Peyğəmbər obrazları ilə dünyanın inkişafına, tərəqqisinə yeni məzmun gətirən İslam erasının təzahürlərini canlandırdı. "Topal Teymur"da tarixi qardaş savaşlarının ilkini - birincisini dramturgiyaya gətirərək səhv və mənəmlik üzündən yaranan "qardaş yarasının daha acı, daha qorxunc" olduğunu göstərdi". (səh. 316).  

"Hüseyn Cavid sənətinin qüdrəti" monoqrafiyasının mühüm elmi keyfiyyətlərindən və göstəricilərindən biri tədqiqatda 100 illik şərəfli və mübarizələrlə zəngin bir inkişaf yolu keçmiş cavidşünaslıq elminin başlıca problemlərinin və nailiyyətlərinin ümumiləşdirilməsi, ehtiva olunmasıdır. Azərbaycan ədəbiyyatşünaslığının və sənətşünaslığının korifeyləri M.Cəfər, A.Zamanov, C.Cəfərov, M.Məmmədov, M.Əlioğlu, Y.Qarayev, İ.Həbibbəyli, R. Hüseynov, T.Kərimli, N.Cəfərov, V.Osmanlı, K.Əliyev, Z.Əsgərli, Ə.İbadoğludan tutmuş nisbətən cavan nəslin nümayəndələrinə qədər  -  C.Qasımov, H.Həşimli, T.Məmməd, B.Şəfiyev, G.Kəngərli, C.Məmmədli, Ü.Rəhimova və başqalarının elmi düşüncə imkanları və uğurları bu elmi tədqiqatda öz əksini tapmışdır. 

Sona Vəliyevanın "Hüseyn Cavid sənətinin qüdrəti" monoqrafiyasını çağdaş Azərbaycan ədəbiyyatşünaslığının və cavidşünaslığının inkişafında dərin iz qoyan, elmimizi orijinal mülahizələr, tamamilə yeni elmi yanaşma və dəyərləndirmələrlə zənginləşdirən bir tədqiqat əsəri kimi qiymətləndirmək lazımdır. Biz kitabın elmi redaktoru, AMEA-nın müxbir üzvü, prof. Kamran Əliyevin aşağıdakı mülahizələrini təqdir və təsdiq edirik: "Hüseyn Cavid yaradıcılığı barədə yeni araşdırmalar aparmağın müqabilində Sona Vəliyevanın "Hüseyn Cavid sənətinin qüdrəti" monoqrafiyası artıq bu çətinliklərin öhdəsindən gəlməyin mümkünlüyünü təsdiq edən elmi fakta çevrilmişdir. "Hüseyn Cavid sənətinin qüdrəti" monoqrafiyası cavidşünaslıqda ən yeni mərhələnin başlanğıcıdır. Bundan sonra Cavid yaradıcılığına tədqiqat məqsədi ilə yanaşan ədəbiyyatşünaslar, hətta digər elm nümayəndələri  heç vaxt bu monoqrafiyadan yan keçə bilməyəcəklər".

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!