Hörmətli Nizaməddin! 22 sentyabr tarixli "Ədəbiyyat qəzeti"ndə sənin təqdim etdiyin şeirləri oxudum və çox təsirləndim. Mətbuat səhifələrindən, TV ekranlarından, radio dalğalarından kürül-kürül axan iddialı, təmtəraqlı və çox vaxt içi boş şeirlərin müqabilində təqdim etdiyin şeirlər saf həzinliyi, sadə hüznüylə diqqətimi çəkdi.
Təqdimatında bu şeirlərin müəllifi haqqında verdiyin məlumat isə məni daha da mütəəssir etdi. Demə, hələ 40 il bundan qabaq "Ah çəkdim dedilər, ahın dağlara" şeirini yazmış Saçlı Həmzəyeva redaksiyaların biganəliyi, diqqətsizliyi sayəsində ədəbiyyatdan küsüb, uzaqlaşıb və indi Xaçmazda təqaüdçü kimi ömür sürür. Çox təəssüf! Poeziyamız ona daha bir rəng qata biləcək şairəni itirmişdir. Elə təqdim etdiyin üç şeirlə tanışlıq yetərlidir ki, sözlərimin mübaliğə, ya şişirtmə olmadığına inanılsın.
Şeirlərin ifadə şəkli, duyğu səmimiyyəti, hisslərin təbiliyi ilə birlikdə məni təsirləndirən taledən şikayət motivləri, ümidsizlik ovqatı, ölüm istəyi oldu. Kədər də, qüssə də poeziyanın bir rəngi, bir çalarıdır, amma bütünlüklə bədbinliyə qapılmaq, həyatdan bezmək, dünyadan küsmək olmaz və bədbinlikdən, kədərdən, tənhalıqdan xilas yolu, ya ən azı təsəlli tapmaq çarəsi yaradıcılıqdır, poeziyadır.
İstedadlı adamın yenidən şeirə qayıtması isə heç vaxt gec deyil. Əgər bu yazdıqlarım Saçlı xanıma çatacaqsa onu ədəbiyyata vəfasız çıxmamağa, şeirə etibarını itirməməyə çağırıram.
Hörmətlə, Anar
22 sentyabr 2018
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!