Duyğuların həsrəti... - Nizaməddin Şəmsizadə

 

"Xalqın şairi" telelayihəsində münsiflər heyətində iştirak edirdim. Müxtəlif yaşlı şairlər və əsasən, gənclər şeirlərini oxuyurdular. Mən onlara nümunə üçün 40 il əvvəl yaddaşıma əsir düşmüş bir bənd şeiri misal çəkdim.

Dağlara nə qədər ahlar yağarmış,

Ahlardan dağların başı ağarmış.

Dağların köksündə görüb dağ, yara,

Ah çəkdim, dedilər ahın dağlara.

Mən  nəzəriyyəçiyəm, şeir əzbərləməyi bacarmıram, ancaq bu şeir məndən əl çəkmir. Bir adam dərddən ah çəkəndə, adətən, deyirlər: ahın dağlara! Şeir bu motiv üzərində yazılıb...

Əhvalat belə olub: mən 24 yaşlı, cəmi bir neçə məqaləsi çap olunmuş gənc tənqidçi, 79-cu ilin yayında Qubaya, doğulduğum İspik kəndinə, evimizə getmişdim. Qubalı şair "Gülüstan" ədəbi məktəbinin rəhbəri Mövlud Qonaq məni tənqidçi kimi bu ədəbi məclisin növbəti toplantısına şairləri dinləməyə dəvət etdi. Müxtəlif şeirlər oxundu. 16 yaşında bir qız "Ahın dağlara" şeirini həyəcanla söylədi. Bu şeir məni tutdu. Qubanın "Şəfəq" qəzetində "Gülüstan"dakı görüşlə bağlı geniş məqalə yazdım.

"Xalqın şairi" telelayihəsində o bir bənd şeiri deyəndən sonra Xaçmazdan bir utancaq, təvazökar səsli xanım mənə zəng vurdu:

- Nizaməddin müəllim sizi narahat edən 40 il bundan əvvəl dinlədiyiniz "Ahın dağlara" şeirinin müəllifi Saçlı Həmzəyevadır. Siz mənim şeirimi oxuyanda iftixar hissi keçirdim. Kövrəlib ağladım. Sonra Saçlı bu 3 bəndlik lirik miniatürü telefonda oxudu.

Aqillər hicranın odunda yanıb,

Qəriblər qürbətdə vətəni anıb.

Acizlər həmişə düşəndə dara

Ah çəkir, deyirlər: Ahın dağlara!

 

Ağır bir itkidən dağlananlar da,

Gözləri həyata bağlananlar da,

Son anda boylanıb ötən çağlara

Ah çəkir, deyirlər: Ahın dağlara!

 

Dağlara nə qədər ahlar yağarmış,

Ahlardan dağların başı ağarmış.

Dağların köksündə görüb dağ, yara

Ah çəkdim, dedilər: Ahın dağlara.

Saçlının yaradıcılıq taleyi ilə maraqlandım. Məlum oldu ki, bir neçə dəfə şeirlərini redaksiyalara, böyük filosof şairimiz Bəxtiyar Vahabzadəyə göndərib. Saçlıda Bəxtiyar müəllimin üç məktubu var: "Hörmətli Saçlı. Günaydın! Göndərdiyin iki şeiri oxudum. Birinci şeiriniz "Ceyrana" ümumidir. Məlumdur. İkinci şeirinizdəki: "Vüsalın ümidi əridi getdi, tənha ürəyimin qəribliyində" - ifadəsi xoşuma gəldi. İfadə yenidir. Özünüzə məxsusdur. Həmin şeirin sonluğu da, orijinaldı. Bir sözlə, siz yaza bilərsiniz."

Həddindən artıq təvazökarlığı və abır-həya gözləməsi, utancaqlığı səbəbindən Saçlı bu ülvi və nəcib işin dalınca düşmədi. Hal-hazırda Xaçmaz şəhərində yaşayır, təqaüdçüdür.

Möhtərəm Azər əfəndi! Bu qeydlərlə bərabər Saçlının bir neçə şeirini də nüfuzlu qəzetinizə göndərirəm, çap etsəniz məmnun olaram.

 

Əlim əlində qaldı

İstədim əlimi çəkim əlindən,

                        Buraxmadın sən,

Əlim əlində elə bil ki,

                        Ürkək göyərçindi;

                        Çırpındı, çırpındı,

Elə ki, tumarlandı,

Ovcunda "xumarlandı"...

Ürəyinin üstünə qoydun onu, öpüb-oxşadın onu

Əlin əlimlə üzünə sığal çəkdi

Əlim əlində sanki,

Ən zərif, ən ətirli bir çiçəkdi,

Qoxuladın, qoxuladın sən.

Məst olub "ətrindən" yumdun gözünu,

Pıçıltıyla:

Çoxdan arzulayırdım, - dedin, bu günü...

İllər keçib o gündən,

Tale bizi ayrı salıb,

Əlimsə hələ də əlində qalıb,

Nə sən buraxırsan onu, nə geri çəkirəm mən.

İndi hicranın əlindən almağa məni nə səndə cəsarət var,

Sənə sarı gəlməyə nə məni qoymur vüqar.

Ay aman!

Ömrü beləcə başa vurmaq olar?

 

Ürəyinə

qonaq gəlmək istəyirəm

Ürəyinə qonaq gəlmək istəyirəm,

Qonaq qəbul edərsənmi?

Bir zamanlar o ürəkdə yerim vardı...

İndi vüqarımı əyən

Ürəyimin istəyini söyə-söyə,

Ürəyinə qonaq gəlmək istəyirəm,

O zamankı ayrılığın səbəbini bilmək üçün.

Gəlim, xoşbəxt ürəyinə

Bircə dəfə baxım gedim.

Gəlim, sənin ürəyində

Çoxdan ölmüş duyğulara

Ürəyimin acısını sıxım, gedim.

Gəlim, yorğun xəyalımı

Yollarından bir dəfəlik yığışdırım,

Çıxım, gedim.

Bu istəyim bir həsrətin son nidası,

Bu gəlişim indi qərib bir sevginin əlvidası.

Bəlkə, sən də bu görüşü gözləyirsən.

Ürəyinə qonaq gəlmək istəyirəm.

Nə deyirsən?

 

Qəm boğçası

Ürəyim qəm boğçasıdır

Gündüzlər dustağımdır

Gecələr yastığımdır.

İllər boyu ürəyimə

O qədər yığılıb qəm,

Nə sinəmə yerləşir artıq o,

Nə başımın altına qoya bilirəm.

Dolub şişmiş, ağırlaşmış ürəyimlə

Bir təkliyə, bir xəlvətə çəkilmək istəyirəm.

Qoyub bu qəm boğçasını qabağıma,

Oturaraq hönkür-hönkür ağlayım,

Hədər keçən ömrümə,

İtkilərimə, acılarıma,

Çəkdiyim əzablara,

Qurumuş arzularıma,

Uğursuz taleyimə,

Yorulmuş inadıma,

Sınmış qanadıma,

Zorla boğub söndürdüyüm ilhamımın oduna,

Cərgələrdən çıxdığımçün,

Sağlığımda unudulmuş, ölmüş adıma.

Ağlayım, göz yaşlarım tükənənə kimi,

Yorulub haldan düşənədək...

Mənə olan oldu daha,

Bundan sonra yaşamağın nə mənası.

Söndürüb son ümidimin işığını,

O təklikdə, tənhalıqda,

Oturduğum o yerdəcə,

Öz qəmimin boğçasına

Bükülmək istəyirəm.

Allah! Göndər Əzrayılı,

Mən ölmək istəyirəm,

Ölmək istəyirəm.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!