"Səndən ötrü min yol!.. - Bədirxan Əhmədli

Azərbaycan ədəbiyyatı ilə əfqan bədii düçüncəsinin keçmişində bir yaxınlıq var; hər ikisi vaxtilə eyni kontekstdə yaranıb, fars ədəbi dili hakim olub, ayrı-ayrı şəxsiyyətlərinin əsərlərilə Şərq düşüncə tərzini zənginləşdirib. Əfqanıstanda Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələri Xaqani, Nizami, Füzuli kimi klassiklərimizi oxuyur və sevirlər. Mövzu və problematika baxımından da ədəbiyyatların yaxınlığını demək mümkündür. Çingiz xan, Teymurləng, Şah İsmayıl Xətai, Nadir şah Əfşar kimi tarixi şəxsiyyətlər orada da bizdəki kimi məşhurdur. Əfqanıstanda türk mənşəli toponimlər, həm də türk izləri olduqca çoxdur. Hər iki xalqın tarixi, həyatı və ədəbiyyatında ortaq cəhətlər də var. Lakin burada məqsədimiz bu ortaq faktorları araşdırmaq deyil, çağdaş əfqan ədəbiyyatına nəzər yetirməkdir. Çağdaş ədəbiyyata ona görə ki, əfqan bədii düşüncəsi indi olduğu qədər xalqın həyatını, güzəranını və burada gedən prosesləri bu şəkildə reallıqla ifadə etməmişdi. Son qırx ildə əfqan xalqı yalnız apardığı qeyri-bərabər müharibə ilə gündəmə gəlməyib, həm də bu müharibəni, burada baş verən ictimai-siyasi proseslərin bədii inkişaf xəttini verən əsərlərilə yadda qalıb. Mən əfqan əsilli amerikan yazıçısı Xalid Hüseyninin yaradıcılığını nəzərdə tuturam. Dünyanın bir çox dillərinə tərcümə edilən yazıçının dilimizə üç romanı çevrilib. Bu, çox yaxşıdır; bizdən fərqli olaraq onun əsərlərində Əfqanıstanda gedən ictimai-siyasi proseslər və müharibə dünya arenasına çıxa bilmişdir. Yazıçının "Çərpələng uçuran", "Və dağlardan səda gəldi", "Min möhtəşəm günəş" romanları Əfqanıstan realilərini bütün ziddiyyətlərilə əks etdirir. Müharibə mövzusu və əfqan ədəbiyyatına marağı nəzərə alaraq bu əsərlərinin hər biri ilə bağlı "Ədəbiyyat qəzeti"nin oxucularını tanış etmək istəyirəm...

"Çərpələng uçuran"dan başlayaq! Zatən, yazıçı elə bu romanla debüt edib və  dünyada tanınıb. Yazıçının belə tez məşhurlaşmasının müəyyən səbəbləri var. Birincisi, dünyanın diqqət mərkəzində olan qırxillik Əfqanıstan savaşı və onun bədii xronikasının yaradılması; ikincisi, əfqan xalqının ağrılarının dünyaya çatdırılması; üçüncüsü, yazıçının yeni nəsr texnologiyası və nağılvari üslubudur. Bütün bunlar Asiya ədəbiyyatının dünya arenasına çıxmasına imkan vermişdir. Başqa bir çox amillər də vardır ki, məqalə boyu bunun təfərrüatına varmağa çalışacağıq.

"Çərpələng uçuran" romanında hadisələr ötən əsrin 70-ci illərindən günümüzədək davam edir (X.Hüseyninin hər üç romanında zaman və məkan demək olar ki, eynidir). Hadisələr sondan əvvələ gedir; Amerikada yaşayan Əmir ağa uşaqlıq illərini, qulluqçularının oğlu "dovşandodaq" Həsənlə çərpələng uçurmalarını və Həsənin quşatanla necə dəqiq vurmasını xatırlayır. Onların taleləri də fərqli olur. Uşaq vaxtı hər ikisinin falına baxan falçı Həsənin taleyində qaranlıq gördüyü üçün üzünə qara kölgə düşmüş, Həsənin rupisini geri qaytarmışdı. Roman boyu bu ehtimal təsdiq edilir. Amerikada dörd romanı çap olunmuş gənc Əmir ağa keçmişinə görə çəkdiyi xəcalətin xronikası və özünü təsdiq etmək yolunda atdığı addımlardan danışılır. Baba həmişə istəyir ki, oğlu Əmir ağa həyatda öz yolunu tapsın, özünü qorumağa cürəti çatsın, qonşu oğlanlar onu incidəndə əllərindən Həsənin sayəsində qurtulmasın. Əmir ağa da görürdü ki, atası Həsənə daha çox hörmət edir. Bir qədər də psixoloji qatlı romanda Əmir ağanın indiyədək həyatdan aldığı dərs bundan ibarətdir ki, keçmişi unutmaq, onu gömmək mümkün deyil. Keçmiş hər zaman səninlədir. Əmir ağanın uşaqlığı Əfqanıstanın paytaxtı Kabildə keçib, 1975-ci ilin qışında bir hadisə ilə həyatı dəyişib, daha sonra tale onu Amerikanın San-Fransisko şəhərinə gətirib. Burada hər şey yaxşıdır, həyatını yenidən qurub, evlənib, günləri yaxşı keçir, cəmiyyətdə tanınır, özünəməxsus mövqeyi var, bir yazıçı kimi özünü təsdiq edib. Lakin elə bu zaman bir zamanlar atasının biznes ortağı, onun həyatında müəyyən rolu olan Rəhim xan onu telefonla axtararaq Pakistana çağırır. Belə çıxır ki, indi Pakistana getməli, keçmişilə bağlı Rəhim xanı dinləməli və telefonda Əmir ağaya dediyi "Hələ də yaxşı olmaq imkanı var" fikrinin arxasında nəyin dayandığını ondan eşitməlidir. Rəhim xanı Əmir ağa sonuncu dəfə 1981-ci ildə sovetlərin işğalından sonra Əfqanıstanı tərk edərkən görmüşdü. Qaçqınlıqdan sonra bir-iki dəfə telefonla danışmış, daha sonra isə əlaqə itmişdi. Uzun daxili çək-çevirdən sonra Pakistana Rəhim xanla görüşə getməyə qərar verir. Pakistanda Rəhim xanın təklifi isə ağlasığmaz gəlir. Rəhim xan ona Kabilə-talibanların meydan suladığı darmadağın olmuş şəhərə gedib uşaqlıq dostu həzəra Həsənin oğlunu onların əlindən qurtarıb Pakistana gətirməyi, ər-arvad amerikalıların açdığı uşaq evinə verməyi təklif edir. Buradaca qeyd edək ki, romanda əvvəldən axıra puştunlar tərəfindən aşağılanan etnik tayfa həzəralara qarşı müəllif simpatiyası aydın hiss olunur. Məhəmməd Həsən Baharlı "Azərbaycan" əsərində yazırdı: "Xəzərlər, ağ, yaxud cənub hunlarına aid edilən və lap qədimlərdən güclü dövləti olan Xəzər dənizi və Qara dəniz arasındakı çöllərdə yaşayan köçəri türk tayfalarından biridir" (M.H.Baharlı (Vəliyev) "Azərbaycan", B., 1993). Professor Roza Eyvazova "Fikrimizcə, həzəralar və xəzərlər eyni mənşəlidirlər" (R.Eyvazova  Əfqanıstanda türk mənşəli toponimlər. B., 1995), deyə həzəraların türk mənşəli olduğu qənaətinə gəlir. Həzəralar Əfqanıstanın əsasən mərkəzi dağlıq hissəsində Kabil və Herat arasında (buraya Həzarıstan da deyilir) yaşayan monqol-türk mənşəli xalqlardandır. Romanda təsvir olunan hadisələr zamanı onlara qarşı təzyiqlər güclənmişdir. Yazıçı X.Hüseyni də romanda verdiyi qeyddə həzəraları xəzərlər, yaxud xəzərlilərlə eyniləşdirir və şiə məzhəbli türksoylu köçəri xalq olduğunu bldirir. Həsənin atası Əlini həzəralara məxsus "yastıburun" monqoloid üz cizgiləri ilə təsvir edir. Həsən obrazı ilə həzəraların son dərəcə zəhmətkeş, namuslu, güclü, qüvvətli, dostluğa sədaqətli, ancaq oxumayan, daha çox ağır işlərdə işləyən, qulluqçuluq edən bir etnos kimi təsvir edir və Əfqanıstanda baş verən etnik təmizləməyə qarşı çıxır.

Rəhim xanın söhbətindən məlum olur ki, Əmir ağa atası Baba ilə Əfqanıstandan qaçdıqdan sonra atasının razılığı ilə bir müddət onların evində yaşamış, evi dağılmaqdan, kimlərinsə əlinə keçməkdən qorumuşdur. Kabilin ən hörmətli adamlarından biri Baba ilə oğlu sovetlərin Əfqanıstanı işğalı səbəbindən Kabili tərk edərkən müvəqqəti getdiklərini, yenidən qayıdacaqlarını düşünürdülər. Lakin Baba Amerikada vəfat etmiş, oğlu isə həyatını burada davam etdirmişdir. Belə olduqda qocalıb əldən düşmüş Rəhim xan evə baxa bilmədiyindən vaxtilə Babanın qulluqçusu olmuş həzəra Əlini və oğlu Həsəni axtarır. Məlum olur ki, Əli minaya düşüb həyatını itirmiş, Əmir ağanın uşaqlıq dostu oğlu Həsən isə uzaq bir kənddə yaşayır.  Rəhim xan Həsənə onunla Kabilə getməyi, uşaqlıq dostu Əmir ağagilin evində yaşamağı təklif edir. İllər əvvəl bu evdən və Əmir ağadan küsərək gedən Həsən əvvəlcə bu təkliflə razılaşmır. Lakin sonra fikrini dəyişir. Dostu üçün hər zaman canını verməyə hazır olan və dəfələrlə əməli ilə bunu sübut edən, "Sənin üçün min yol!",-deyə həmişə onu qoruyan Həsən Rəhim xanla birgə Kabilə gəlməli olur. Həzəra Həsənin atası Əli Babaya, Əlinin atası Babanın atasına, Həsən də Əmir ağaya qulluqçuluq etmişdi. Ancaq 1975-ci ilin o qış günündən (Əmir ağa özü belə hesab edirdi ki, həmin gün dostu Həsənə xəyanət etmişdir) sonra babadan ataya, atadan oğula keçən dostluq sona çatmış, Əli və oğlu Həsən nə qədər ağır olsa da, Babanın israrlarına rəğmən, evi tərk etmişdilər. Onların evi tərk etməsini Əmir ağa istəmiş, Həsənlə dostluğu kəsməklə onu üzən qış gününü unutmaq (gözləri qarşısında Həsənin zorlanması), yaddan çıxarmaq istəmiş, lakin indiyədək də öz qorxaqlığını və dostuna xəyanəti unuda bilməmişdi. Əmir ağa həmişə özünü günahkar hesab etmiş, keçmişdə etdiklərini heç cür unuda bilməmiş, heç kimə etiraf edə bilməmişdi. Halbuki, o qış günü baş verən hadisəni atasına, dostu Həsənə, lap elə Rəhim xanın özünə deyə bilər, qorxaqlığını etiraf edə bilərdi. Sonuncu dəfə arvadı Sürəyya öz keçmişi haqqında ona etiraflar etsə də, Əmir ağa bunu etməkdə özündə cəsarət tapa bilməmiş, yenə də etdiyi qorxaqlığını gizlətmişdi. İndi Rəhim xanın söhbətindən belə məlum olurdu ki, bu hadisədən o da, dostu Həsən, onun atası Əli, öz atası Baba da xəbərdarmış. Həsən əmin idi ki, Asif və dostları tərəfindən təhqir olunarkən Əmir ağa yaxında olmuş, lakin ona kömək etməmişdir...

Sovetlərin Əfqanıstandan çıxmasından sonra hakimiyyətlər bir-birini əvəz etmiş, sovetlərdən qalan və amerikalıların verdiyi silahlar işə düşmüş, hakimiyyət uğrunda daxili çəkişmələr nəticəsində Kabil yerlə-yeksan olmuşdur. Bununla belə, Babanın evi Kabilin mərkəzində əvvəlki görkəmini qoruyub saxlamışdır. Taliblərin hakimiyyəti ələ keçirməsindən sonra həzəralara qarşı etnik təmizləməyə yol verilmiş, onları kütləvi şəkildə məhv etmişlər. Taliblərin gözü Babanın evinə düşdüyündən Həsənə evi tərk etməyi bildirmişdilər. Həsən isə dostunun evini qorumağı qarşısına məqsəd qoymuşdu. Üstəlik uşaqlıq çağlarında Kabilin varlı ailələrindən birinin uşağı Asif indi taliblərə qoşulmiş, necə deyərlər, vaxtilə məhz Həsənin qoçaqlığı sayəsində şəhərin başqa bir varlısı Baba xanın oğlu Əmir ağanı döyməyə imkan verməmişdi. Uşaqlıq vaxtı borclu qalan Asif indi həzəralardan öz qisasını alırdı. Asifin düşüncəsinə görə həzəralar Əfqanıstanı tərk etməli, Əfqanıstan puştunların vətəni olmalıdır.

Bu zaman Rəhim xan da artıq Kabili tərk etmiş, ev yalnız Həsənin ümidinə qalmışdı. Taliblər Həsənin evi təhvil vermək niyyətinin olmadıını görüb onu küçəyə çıxarır və arvadı ilə birgə güllələyirlər. Oğlu Söhrabı isə özlərinin nəzarətində olan yetim evinə vermiş, başına ağlagəlməz oyunlar açmışlar. Rəhim ağanın fikrincə, indi növbə Əmir ağaya çatmışdı; o, gedib Həsənin oğlu Söhrabı taliblərin əlindən qurtarmalı, Həsənə olan borcunu ödəməlidir. Əmir ağanın belə bir riskli işə qol qoymasında Rəhim xandan eşitdiyi bəzi həqiqətlər də rol oynayır. Əmir ağaya məlum olur ki, Həsən həm də onun atadan bir ögey qardaşıymış. Lakin Həsən də Əmir ağa ilə qardaş olduğunu bilmədən həyatı tərk etmişdir. Altı ay əvvəl Həsənin Əmir ağaya yazdığı məktubda onun yenə də Əmir ağanı çox sevdiyi məlum olur. Əmir ağa Kabilə getməyin çox təhlükəli olduğunu dərk etsə də, keçmişindəki ləkəni yumaq, dostu Həsənə etdiyi xəyanətin bədəlini onun oğlunu qurtarmaqla ödəmək üçün Kabilə getməyə qərar verir.

Kabildə talibançılar müxtəlif qaydalar qoymuşdular. Oraya Əmir ağanın əynindəki Amerika geyimində getmək olmazdı. Ona görə də Əmir ağa saxta saqqal qoymalı olur. Söhrabı qurtarmaq üçün taliblərin başçısı ilə görüşür, gəlişinin məqsədini bildirir. Lakin Asif Əmir ağanı tanıyır.  Əmir ağa o zaman dostu Həsənin sayəsində özündən bir neçə yaş böyük Asifin əlindən qurtulmuşdu. Söhrabı qurtarmağa gələn Əmir ağa özü Asifin əlinə keçir. Asif isə ondan qisas almağa çalışır. Söhrab quşatandan atdığı dəmir parçası ilə Asifin bir gözünü çıxarır və onlar xilas ola bilirlər. Çox çətinliklə də olsa, Əmir ağa Söhrabı Amerikaya gətirib çıxarır.

Romanın fakturasını təşkil edən bu hadisələr müəllifə imkan verir ki, Əfqanıstanda baş verənləri reallıqları göstərə bilsin. Əgər roman məişət hadisələrinin dramatik təsvirindən ibarət olsaydı, bəlkə də bu qədər məşhur olmayacaqdı. Yazıçı bu yolla getməmiş, paralel olaraq Əfqanıstanda gedən ictimai-siyasi prosesləri göstərə bilmişdir. Yazıçı Əfqanıstanda dəyişən hakimiyyətlərin xalqa gətirdiyi faciələri də qələmə alır. Əvvəlcə Davud xanın yıxılması, sovetlərin gəlişi, daha sonra sovet ordusunun oradan çıxması, talibançıların ölkəni ələ keçirməsi, koalisiya qüvvələri və s. bütün bunlar əsərin qəhrəmanlarının həyatında və düşüncəsində təhlil edilir. Əsər boyu oxucu baş verən hadisələri izləməklə yanaşı, qəhrəmanların bu hadisələrə adekvat düşüncələrini, təhlillərini də bölüşür. Talibançıların Kabilə gəlməsinə sevinən xalq atəşfəşanlıq edir, lakin bu sevinc uzun sürmür. Taliblərin ölkəyə gətirdiyi fəlakət gündən-günə dərinləşir. Rəhim xanın dilindən deyilir: "...1996-cı ildə Taliban gəlib gündəlik savaşa son qoyanda biz necə sevinmişdik. Həmin gecə evə gəlib Həsəni radioya qulaq asan gördüm. Gözlərində kədərli ifadə vardı. Ondan nə baş verdiyini soruşdum. O isə başını bulayıb, "Allah həzəraların dadına çatsın indi, Rəhim xan sahib", - dedi". Talibançıların ölkəyə gəlməsini bayram edən xalq, daha sonra bunu işğal olaraq dəyərləndirir. Asif kimi adamların talibançıların başında durması onların iç üzünü açır. Halbuki, Asif elə Davud xanın hakimiyyətdən salınmasına, sovetlərin gəlməsinə də eyni dərəcədə sevinmişdi. Nəticədə, talibançılar ölkədə zorakılıq aktlarını çoxaltdılar, bütün azadlıqları məhdudlaşdırdılar, insanları cinsi istismara məruz qoyur, din adı altında insanları sorğusuz-sualsız güllələyirdilər. Onların idarəetməsində gerilik, xurafat, zorakılıq başlıca yer tuturdu. Molla rejiminin qurbanları yalnız həzəralar olmur, cəmiyyətin bütün üzvləri onun qoyduğu qanunlardan əziyyət çəkdiyindən ölkədən baş götürüb gedirdi. Maraqlı psixoloji-dramatik hadisələrlə dolu olan romanda müharibənin gətirdiyi fəlakətlər real cizgilərlə təsvir edilir.

Davud xanın hakimiyyətə gəlməsi ilə Əfqanıstanda siyasi hadisələr daxili mübarizə xarakteri almağa başlayır. Kommunistlər bu daxili çəkişməni bir qədər də qızışdırır. Ölkədə faşistyönlü çağırışlar səslənir. Anası alman, atası əfqan olan Asif  Əmir ağa ilə söhbətində Davud  xanın onlarda qonaq olduğu ilə fəxr edir və ona Hitlerin başladığı işi sona çatdırmasını tövsiyə edəcəyini bildirir. Əmir ağanın yanında həzəra Həsəni gəzdirməsi Asifi rahatsız edir: "Əfqanıstan puştunların torpağıdır. Həmişə belə olub, həmişə belə olacaq. Biz əsl əfqanlarıq, təmiz əfqanlar, daha bu yastıburunlar yox. Onun milləti bizim torpağımızı, vətənimizi çirklədir...Mən deyirəm ki, Əfqanıstan puştunlar üçündür".  Bu tezislər Asifiin gənc vaxtlarında səslənmişdir. O zaman Asif belə hesab edirdi ki, bunun əsas günahı Əmir ağanın atası Baba xandadır. O, həzəralıları öz qanadı altına alırdı. Əfqanıstanı "çirkli, kəsif həzəralardan" təmizləmək 90-cı illərdə Asifin əsas işlərindən biri olur. Bu dəfə o, talibançılıq adı altında bunu edirdi.

X.Hüseyni Əmir ağanı ziddiyyətli verir; o Həsənlə dost olsa da, Asif kimi adamların təsiri altında onun qulluqçu olduğunu heç zaman unutmur. Asif ona "Sən axı ona necə dostum deyə bilərsən?", - deyəndə "O mənim dostum deyil, qulluqçumdur!, - fikrini beynindən keçirir. Bəzən də onunla qulluqçu kimi davranırdı. O, Həsən kimi qoçaq deyildi. Həsən onun yolunda hər şeyə hazır olduğu halda, Əmir ağada qarşılıqlı səmimiyyət və cəsarət yox idi. Bir neçə dəfə Həsən üçün Asifə və onun dostlarına cavab verə bilməmişdi. Həmin gecə isə Əmir ağa gizləndiyi yerdən çıxmamış, sadəcə kənardan tamaşa etmişdi. Əmir ağa Həsən kimi qoçaq, təmiz ola bilmirdi. Hətta buna paxıllığı da tuturdu: "Lənətə gəlmiş o qədər təmiz idi ki, adam onun yanında özünü təmiz qızılın yanına qoyulmuş qəlp pul kimi hiss edirdi".

Yazıçı əfqan hadisələri fonunda qəhrəmanlarının mövcud hadisələrə münasibətində Qərb-Şərq qarşılaşdırmasına da yer verir. Amerikada məskunlaşan əfqan qaçqınları indi hadisələrə başqa gözlə baxırdı. Əmir ağanın atası Babanın da Amerikaya olan münasibəti bir qədər dəyişmişdi. Əgər əvvəllər oğluna "Əmir, dünyada üç əsl kişi var" və bu kişilərdən birinin Amerika, birinin Britaniya, digərinin isə İsrail olduğunu deyərdisə, 80-ci illərdə qaçqınlıq dövründə fikri dəyişmişdi. O, Amerikanı xilaskar rolunda görürdüsə, prezident Karteri "yekədiş, kəmağıl" adlandırırdı. Onun fikrincə, Karter kommunizmə Brejnevdən çox xidmət edib. Amerikanın 1980-ci ildə olimpiadanı boykotunu nəzərdə tutaraq "-Vah, vah! Brejnev əfqanları qırır, bu qoszındıranın da "sizin hovuzunuzda çimmirəm" deməkdən başqa çarəsi yoxdur!", - deyə etirazını bildirirdi. Xilaskar Amerika Babanın düşüncəsində Reyqanın simasında gəlib çıxır, televiziyada sovetləri "Zülm imperiyası" adlandırmasından sonra kral Zahir şahla əl verib görüşdüyü ağ-qara fotosunu başı üstündən asır.

Babanın Amerika həyatına uyğunlaşması psixoloji detallarla təsvir edilir. Əfqanıstanın biznesmeni, Kabilin ən zəngin adamlarından biri uzun müddət işsiz qalır, həyata uyğunlaşa bilmir, benzindoldurma məntəqəsində işləyib bir parça çörəkpulu qazanmağa məcbur olur. Baba bütün çətinliklərə rəğmən, çox ləyaqətlidir. Ləyaqət, kişilik, xeyirxahlıq onun həyat amalıdır. Əfqanıstanı tərk edərkən əri yanında olan əfqan qadınına rus əsgərinin əylənmək təklifinə cavab olaraq əsgərin üzərinə hücum etmiş, əsgər isə onu silahı ilə öldürmək istəmişdi. Yalnız rus komandirinin işə qarışmasından sonra Baba bu "döyüşdən" sağ çıxmışdı. Bir çox situasiyalarda da Babanın hərəkətləri əsl əfqan xarakterini üzə çıxarır. O, Amerikada işə düzələn kimi ona verilən talondan imtina edərək, talon paylayan Missis Dobbinsin "-On beş ildir ki, bu işlə məşğulam və indiyə kimi heç kəs bunu etməmişdi",-deyə təəccübünə səbəb olur. Yaxud qonşu mağaza satıcısının ondan şübhələnməsi, ona etibar etməməsini heç cür həzm edə bilmirdi. Onu müayinə edən həkimin Rusiyadan olduğunu biləndə ona qarşı aqressiv davranır, sovetlərə nifrətini ifadə edir. Halbuki, həmin həkim də elə Baba kimi Amerikaya sığınmışdı. Aydın görünürdü ki, Əfqanıstan, tanış adamlar, adamlarla salamlaşmaq üçün çox darıxmışdır. Baba Əfqanıstana olmasa da, Peşəvərə gəlmək, orada yaşamaq istəyərdi, ancaq oğlunun gələcəyi onu daha çox narahat edirdi.

Yazıçı bir neçə Əfqanıstanı təsvir edir; 1978-ci ilin apreli-kommunist çevrilişinədək ölkədə həyat öz axarı ilə davam edirdi. Ən böyük hadisə uşaqların qayğısız halda Kabildə çərpələng uçurmaq hadisəsi hesab olunurdu. Sonra həyat dəyişməyə doğru getdi. 1979-cu ilin dekabrında rus tanklarının şəhərə daxil olması ilə hər şey dəyişdi. Buna qədər olan nəsilin qulaqları bomba, pulemyot səsləri eşitməmişdi. Əfqanıstan rus tanklarının tırtılları altında inləməyə başladı və onun həyatında yeni qan-qada erasının əsası qoyuldu. Bundan sonra Əfqanıstandan köçlər başladı, günahsız insanlar öldü. 

Romanda əfqan xalqı mübariz, azadlıq uğrunda ölməyi bacaran bir xalq olaraq təsvir edilir. Ruslara qarşı apardıqları mücadilə bir həqiqəti təsdiq etmiş olur. Yazıçı bunu Əmir ağanın dili ilə verir: "Həsənlə mən bir-birimizə baxıb qəhqəhə çəkdik. Britaniyalıların artıq bir əsrdir ki, anladığı həqiqət balaca hindliyə hələ çatmamışdı, ruslar da bunu 1980-ci illərin sonunda öyrənəcəkdilər-əfqanlar azad insanlardır. Əfqanlar ənənələri sevir, qaydalara isə nifrət edirlər".

Lakin əsərdən çıxan ideya yenə də Amerikanın xilaskar imicini qoruyub saxlayır. Belə ki, Əmir ağa məhz buraya sığınır, burada məşhur yazıçı olur. Əfqan qaçqınların Amerikada məskunlaşması, adət-ənənələrini qoruması, iş tapması, həzəra oğlu Söhrabın talibançılardan azad edilərək Amerikaya gətirilməsinin də rəmzi mənası yox deyil.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!