Sevgi və işıq dolu işlər bir gün elə sevgi və işıq topası kimi insanın özünə qayıdır... Azər TURAN - Baş redaktordan - Azər TURAN

Azər TURAN

 

Bu yazını yazmaya da bilərdim. Amma təbiətim etibarilə şükran və təşəkkür borcumu dilə gətirməyi sevən biriyəm. Ona görə də bu yazını 55 yaşımla bağlı aldığım təbriklərə, sosial şəbəkələrdəki sayqı dolu münasibətlərə cavab kimi qəbul edin.

Fərqli düşünən yüzlərlə insanın sevgi və sayqısını şəxsən öz adıma deyil, "Ədəbiyyat qəzeti"nin adına qəbul etdim. Kövrəldim, qürurlandım, ruhumun sona qədər fərəhləndiyini hiss etdim. Hamının səsində, üslubunda Tanrıdan bir nişanə vardı; sevgi dolu.

Mevlananın sözlərini xatırladım: Biz birləşdirmək üçün gəldik, ayırmaq üçün deyil. Başqa ədəbiyyatları deyə bilmərəm, amma bu gün Azərbaycan ədəbiyyatının və ədəbi mühitinin  daha çox ehtiyac duyduğu bu idi: bir ədəbiyyat çatısının altında birləşmək! Və düşünürəm ki, bunu etməyi bacardıq. İndi biz Azərbaycan ədəbiyyatı adlı qutsal bir Vətənin içindəyik. Bundan gözəl nə ola bilər ki.

Ziya Gökalp öyrədirdi ki, bəzən buluda şair gözüylə baxmalısan ki, bulud qanadlı mələk olsun. Sizin ismarışlarınız mənə bunu təlqin etdi. Sayənizdə buludlar qanadlı mələyə çevrildi. Bu bəlkə də sonunda ona görə belə nəticələndi ki, biz Gökalpın bir öyüdünü qəzetdəki əsl ədəbiyyat uğrunda ağrılı-acılı mücadiləmizin ana xəttinə çevirə bildik: "Ümid ruhun gəncliyidir". Gənclərimizin yaradıcılığına daha geniş meydan verdikcə inandım ki, bu gün Azərbaycan ədəbiyyatındakı gənc imzalar heç sabah da deyil, elə bu gündən dünya ədəbiyyatının ən gözəl örnəklərini yaratmağa qadirdir və bəzən bu örnəkləri yaradırlar da.   

Və bir də bu: gördüm ki, sevgi və işıq dolu işlər bir gün elə sevgi və işıq topası kimi insanın özünə qayıdır. Deməli," hələ yaşamağa dəyər bir az da"!

 

21 sentyabr 2018


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!