Nurəngiz Gün öz qəhrəmanını sevə-sevə təsvir edir. Vaqondakı kədərli, fikirli, dalğın, həyəcanlı vəziyyətini, daxili aləmini elə canlandırır ki, biz bu başdanca onun mənən, ruhən təmiz, mehriban, insanları sevən, qayğıkeş bir qadın olduğuna inanırıq, onu sevirik və öz hisslərimizdə heç də aldanmırıq; həm zahirən, həm də daxilən gözəl olan bu qadının sevincinə, kədərinə şərik olur, onun gözəlliyinin, məlahətinin ətrini duyuruq...
Yazıçı öz qəhrəmanının çətin, dolam-dolaşıq həyatını örtmüş pərdələrini yavaş-yavaş, tələsmədən qaldırır. Bizə müəmmalı görünən həyəcanlarının səbəblərini aşkar edir. Hadisələrin təbii inkişafında, müxtəlif rəngli boyalarla Məryəmin keçmiş olduğu həyat yolu barədə aydın təsəvvür yaradır.
Nurəngiz Günün "Tanrı bəşər övladıdır" əsərində yazıçı üçün çox vacib olan keyfiyyətlərdən birinə - səmimiyyətə söz ola bilməz. Bu gözəl və zəruri keyfiyyətin sayəsindədir ki, povesti oxuyanda çox zaman adama elə gəlir ki, müəlliflə üz-üzə oturub söhbət edir. Sanki o, həyatda, insanlar arasında gördüklərini, eşitdiklərini, şəxsən yaşadıqlarını sənə nəql edir, hətta ürəyini boşaldır...
Mirzə İbrahimov
xalq yazıçısı
Nurəngiz xanımı şairə kimi o tay Azərbaycanda hər kəs tanıyır. Onun kitabları, bədii əsərləri dəfələrlə Bakıda yazılmış və böyük oxucu kütləsi tərəfindən oxunmuş və təqdir edilmişdir.
Nurəngiz xanımın "Yol gedirəm" kitabından başqa bir neçə bədii nəsr əsəri və şeir kitabı vardır. Ancaq onun şah əsəri yeganə qızı - çağdaş türk şeirinin poetikasını araşdıran doktor Jalə xanım Əliyevadır.
Doktor Cavad Heyət
Mən Nurəngiz Günü hələ radioda işlədiyi zamanlardan tanıyırdım. Onun şeirlərində də qəmli məqamlar var, həyatında da belə məqamlar az olmayıb. Amma bununla belə həyatsevər bir insan idi. Bu gün onu xatırlayarkən ürəyimizə ancaq xoş hisslər dolur. Bir söz var ki, sənətkar gedir, amma sənəti yaşayır. Bu söz müəyyən dərəcədə həqiqətdir, əlbəttə. Çünki nə qədər əsərləri var, nə qədər şeirləri var, kitabları var, sənətkar yaşayır. Amma hər halda Nurəngiz xanımın həyatda olmaması da bir həqiqətdir. Və bu həqiqətin acısını biz hamımız duyuruq."
Anar
xalq yazıçısı
O özü bir şeir idi. Onun təbiəti özü poetika idi. O, bir işıq kimi gəldi... Poeziya ilə, şeirlə ekiz doğulmuşdu. Qəlbə, ruha işləyir onun şeirləri. Xüsusilə Qarabağ mövzusunda, "Xocalı" poemasında Nurəngiz xanım elə bil öz içini yandırırdı. O şeirlər, içəridən çıxan bir ah, nalə kimi haray kimi səslənir. Nadir insan idi...
Fikrət Qoca
xalq şairi
Nurəngiz Günün şeirlərində bənövşə rəngli misralar, poetik düşüncələr üstünlük təşkil edir. Məlum olduğu kimi, bənövşə çiçəyi boynu bükük olsa da, həmişə günəşə tərəf boylanır. Mən Nurəngiz Günün yaradıcılığını günəşə boylanan bənövşə çiçəyinə bənzədərdim. Çünki onun şeirlərində kifayət qədər günəş işığı və günəş obrazları vardır. Nurəngiz Günün yaradıcılığındakı günəş işığı altındakı bu bənövşə rəngi Azərbaycanın müstəqilliyinin palitrasını, çoxrəngliyini, poetik bir qammasını çox dolğun şəkildə ifadə edir.
İsa HƏBİBBƏYLİ
Akademik
Gənclik illərimizdə ürəyə yatan səsi, aydın tələffüzü, ölçülü-biçili rəftarıyla Azərbaycan televiziyasının yaraşığı olan, peşəkarlıq səriştəsiylə yanaşı gözəlliyiylə də tamaşaçıların sevimlisinə çevrilən Nurəngiz Qulubəyova adlı xanımın ədəbi yaradıcılıqla məşğul olduğunu bilmirdik. O özü hər gün evlərimizə əziz qonaq kimi gələn bir şahəsər, Tanrının şeiriyyət nümunəsiydi.
...Nurəngiz Gün uzaq xatirələri, unudulmuş yurdları, köhnə sevgiləri yada saldıqca onların rənglərini də yada salır, unudulmuş, arxaikləşmiş kimi görünən sözlər onun şeirlərinin nəbzinə çevrilir, söz xalısına vurulan bu qədim, təbii rənglər, pası təmizlənmiş kəlmə çeşmələri onun ifadə tərzini fərqləndirən cəhətlərdəndir.
Nurəngiz Günün Jaləli, Müjganlı dünyası mühitimizin pislik və xırdalıqlarından uzaq, qayğılı, amma gözəl dünyadır. Çünki orda böyük sevgi, böyük ruh, insanın azadlıq və xoşbəxtlik haqqına qovuşacağına böyük ümid var.
Sabir RÜSTƏMXANLI
xalq şairi
İlk əsəri -"Tanrı" povesti "Ulduz" jurnalında dərc olunanda hamılıqla qəbul olundu ki, ədəbiyyata yeni istedad gəlib. Nurəngiz xanım zəngin ədəbi mühitdə göründü, görünməyi bacardi. Nurəngiz xanım şeirlərinin özünəməxsusluğu ilə seçildi, şeirə özünəməxsus ideyalar gətirdi. Özünəməxsus intonasiya gətirdi. O, şeirin səsinin ustasıdır. O, Azərbaycan ədəbiyyatında, Azərbaycan mədəniyyətində xüsusi mövqeyi olan bir sənətkardır.
Nurəngiz xanım müxtəlif mövzularda yazırdı. Məhəbbət mövzusundan başlamış, ta ayrılıq mövzusuna qədər, kədər, hicran mövzusuna qədər. Yaradıcılığında Dağlıq Qarabağ münaqişəsi, Türk dünyasının birliyi, ictimai əhəmiyyətli mövzular öndə gəlirdi. Nə yaxşı ki, çoxlu sayda şeirləri, poemaları yadigar qaldı.
Nizami Cəfərov
akademik
Nurəngiz Gün çağdaş poeziyamızda öz orijinal üslubu, deyim tərzi, poetik fiqurların zənginliyi, tematik rəngarəngliyi, poetik dilinin axıcılığı, replikaların sərrastlığı ilə seçilən şairələrdəndir. Onun sənətkarlığı barədə müəyyən qeydlər aparılsa da, bunları qətiyyən kafi hesab etmək olmaz və bütövlükdə Nurəngiz Gün poeziyasının araşdırılıb, qiymətləndirilməsinə ehtiyac var.
Teymur Kərimli
Akademik
O idi. İllər arxasında gördüyüm o. Həzin, amma cazibəli səsiylə şeirlər oxuyurdu. Səsində bahar çiçəkləyirdi, payızın xəzan yarpaqları, qışın narın qarı, yayın dəniz dalğalarına hopmuş sərinliyi... Quşlar oxuyurdu onun səsində. Bülbül avazı, torağay nəğməsi səsində şeirə dönmüşdü.
O idi. Gözəlliyi, bu gözəlliyin sehri, cazibəsi, hətta fırtınası ilə könüllərə meydan oxuyurdu.
O idi. Ağ çiçək rənginə bürünmüş bir Azərbaycan gözəli.
Yaş öz hökmünü versə də, O idi gözlərindəki cazibəni, baxışlarındakı gözəllik nurunu saxlayan, hifz edən.
Tükəndi ağ çiçəklərim,
bir payıza yaraq oldu
Çaşdı əsən rüzgarlarda,
qopub varaq-varaq oldu.
Quş olub uçdu güllərim,
əldə qalan budaq oldu
Busələrimin qonağı
bir üşüyən yarpaq oldu.
Gözlərim gölə çevrildi,
vüsal məndən uzaq oldu,
Nə gəldi qüssədən gəldi,
məni üzən fəraq oldu.
Xəyal oldu sevdiklərim,
yanıb-sönən çıraq oldu
Mənim o ağ çiçəklərim,
dönüb qara torpaq oldu.
Bu nədir? Bir gözəlin qürubnaməsimi? Yox. Ömrün müdriklik çağının bəyanı. Yox, siz illərin o tayından bu tayına da köçüb gələn, eyni isti, hərarətli xatirələri soldura bilməzsiniz. İnsan yaşa dolmağa, ömrün dolaylarını, yoxuşlarını aşmağa borcludur, alında qırış da olar, yerişdə ahəstəlik də, amma SƏS ÖLMÜR. İstər zahiri, istərsə də mənəvi gözəllik üçün qürub yoxdur.
Müasir Azərbaycan poeziyasının mənzərəsində onun özünəməxsus səsi, yeri, məkanı, zamanı var. Səsi şeirlərində, şeirləri səsində olan Nurəngiz xanım poeziyamızın AĞ ÇİÇƏYİdir. Bu çiçək illər keçdikcə poetik təravətini itirmir. Şeirə başladığı ilk gündən bu günəcən yönü, üslubu, deyim və duyum tərzi başqalaşmayıb, amma hər təzə şeirində, poemalarında o çiçəyin saçdığı işığa bürünmək olar..
Önümdə silsilə dağlar,
Sərt qayalar, soyuq dəniz
Qərib canla, bu tək cana, qürub çağı
Yol gedirəm, öləziyib saralanadək.
Arxamda sarp enişlər,
Çiynimdə Günəş tayası.
Ağuşumda Jaləm və titrəyişim,
Yol gedirəm, yol olanadək.
Vaqif YUSİFLİ
professor
Nurəngiz Günün qeyri-adi bir xarakteri var idi. Daxilən çox azad insanıydı. Sərhəd tanımazdı, yerdən çox göydə gəzərdi. Çərçivə sevməzdi, daxili ilə zahiri eyniydi. Maska taxa bilmirdi və maskalıları da sevməzdi, onlardan uzaq olardı.
Bəzən onun azad ruhu Çin səddinə qədər gedir, Altaylarda, Yakutlarda dolaşardı. Orta Asiya Türk yurdlarını gəzər və sonda Xocalıda şəhidlərə ağı deyib, layla oxuyardı.
Anlayacağınız səmimi bir türk milliyyətçisiydi.
Təvazökar biri idi Nurəngiz Gün.
Mənim tanıdığım Nurəngiz Gün türklüyündən və azadlığından heç vaxt vaz keçmədi. Çox həssasıydı.
Ürəyində bir çox sızılar vardı: Təbriz, İrəvan, Kipr, Qarabağ, Xocalı, Şərqi Türküstan, Araz çayı, Ərdəbil onun məlhəmə ehtiyacı olan yaralarıydı. Dərdini səs-küysüz yaşıyan biriydi. Ədalətliydi, haqdan və haqlıdan yana olardı hər zaman. Haqq etdiyi haqqı bulmasa belə gileylənməzdi. Parada, pulda gözü olmazdı, onları gerçəkdən əl çirki sayardı. Zənginliyi şeirləri və mənəviyyatı idi. Getdiyi yolların dönüşünü düşünməzdi. Yolunu bulmak üçün yol olana qədər gedərdi. O həm də yazdığı əsərlərin qəhrəmanı idi.
Tənzilə Rüstəmxanlı
Metrik baxımdan sərbəst şeirin elə Cəmal Sürəya kimi müxtəlif versiyalarında yazan Nurəngiz Gün ondan (sürrealizmdən) fərqli olaraq, əksər poetik nümunələriylə realistdir, hətta realizmi qrotesk ("Yaddaş yapışqanı") edir. Amma bəzən yeni bayatılar yaradır, əski folklor metrikasında, xalq nəğmələri üstündə ("Bakı-Təbriz bayatıları", "Ay lolo") improvizələr edir. Bunlar bəlkə də müqayisə zəminində demək istədiklərimdi ki, uzatmayacam.
Cəmal Sürəya şəklin şeirini yazırsa, Nurəngiz Gün yolun şeirini yazır.
Səlim Babullaoğlu
Ve bir şaire tanıdım Bakü'de... Şiiri yirmidört saat yaşayan...Çağdaş şiirin gerçekten başarılı ozanı... Azeri güzelliğinin simgesi, asalet timsali bir şaire... Gerçek bir hanımefendi...Sadece şaire değil, çok değerli bir "Povest"( Uzun hikaye) kitabının müellifi... Azerbaycan Televizyonunun eski spikeri...Müzikten tiyatroya tüm güzel sanatların değerli bir temsilcisi... Kitaplarının kapak kompozisyonlarını kendisi çizen bir gerçek ressam tanıdım, bu kez Bakü'de...
Azerbaycan'ın gerçek bir sanat güneşi olan bu dört dörtlük hanımefendi Nurengiz Gün'dür.
Nurengiz Gün, sadece güzel şiirler yazmıyor; şiirlerini duyarak fevkalade güzel ve etkileyici bir biçimde okuyor.
İrfan Ünver
Nasrettinoğlu
Əslində, təkcə "Yol gedirəm" şeiri Nurəngiz Gün yaradıcılığının - yox, daha doğrusunu deyim, şəxsiyyətinin bütün xüsusiyyətlərini, bütün keyfiyyətlərini ortaya qoya biləcək boydadır. Onun ifasını xatırlayıram: "Yo-ol ge-di-rəm". Təəssüf ki, yazı onun səsindəki ağır karvan ləngərini olduğu kimi - səs effekti ilə xatırlatmaq imkanında deyil. Təəssüf. Amma varı-yoxu bircə sinəsində daşıdığı ürək olan, içində ağlamaq ehtiyacını ömrünün bütün dolaylarından keçirən, amma bəbəklərində qürur və ətrafında baş verən rəzilliklərə rişxənd gəzdirən bir insanın ruhunu bunsuz da duymaq olar:
Arxamda sarp enişlər,
Çiynimdə Günəş tayası,
Ağuşunda Jaləm və titrəyişim...
Yol gedirəm
yol olanadək.
Bilmirəm, insanlara münasibətdirmi səbəb, amma Nurəngiz Günün şeirlərində meşə çəngəlliyi bu cəmiyyətdən, torağay, pələng, bülbüllə söhbət isə insanlarla söhbətdən daha maraqlıdır. Bu sevgiyə haqq qazandıraqmı? Bilmirəm. Amma fakt faktlığında qalır ki, bu şeirlərdə meşə cəngəlliyinin qəhrəmanları insanlardan daha etibarlı sayılır, daha çox sevinc, yaşamaq istəyi bəxş edir.
Nərgiz Cabbarlı
Nəriman Həsənzadə
xalq şairi
O, indi
ağappaq göyərçin olub
Jalə xanım üçün
Sən ana itirdin həyatda, qızım,
bir gözəl itirdin,
sən hətta qızım.
Anan-özü boyda bir işığıydı
Şeir məclisinin yaraşığıydı.
O bir vaxt görmüşdü öz yuxusunu,
Deyirdi-
ağappaq göyərçin olub.
Axtar göyərçinlər içində onu,
Bəlkə o yuxusu indi çin olub?
Durnalar dönəndə bax, diqqət ilə,
durnalar gedəndə uçubdu durnan.
Qaranquşa dönüb bəlkə o elə,
başqa bir ev seçib,
başqa bir eyvan?
O, nurdan doğuldu, sözdən yarandı,
gün yaxdı, üfüqdə o nuru qaldı
Nə yaxşı, ikidi şair həyatı,-
öz ömrü getdisə,
söz ömrü qaldı.
Bu dünya bilinmir nədir, a qızım,
xatırla hər zama şair ananı.
Hər gedən - dünyadan getmir, a qızım,
hər qalan da -
Tutub qalmır dünyanı.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!