Cüzeppe Kulikkya italyan yazıçısı, ssenaristidir. 1965-ci ildə anadan olub. Turin Universitetinin fəlsəfə fakültəsini bitirən Kulikkya ilk kitabı "Hər kəs aşağı"dan sonra nüfuzlu mükafatlar qazanıb. Əsər 1997-ci ildə ekranlaşdırılıb.
Kulikkya oxumağı dəlicəsinə sevdiyi üçün yazmağa başlayıb: "Bəzi hekayələri o qədər sevirdim ki, başqaları tərəfindən çoxdan yazılmağına rəğmən onları yenidən yazmaq istəyi ilə yanıb-tutuşurdum, həm də beləcə oxuduqlarımı əsla unutmayacaqdım." O, isti yay günlərində Heklberri Finlə Missisipi çayına atılmağı, Lonq Con Silverə ilk dəfə rast gəldikdə yaşadığı həyəcanı, Artos, Portos və Aramislə birləşib aləmi bir-birinə qatmağı bütün qəlbi ilə arzuladığını indi də unutmayıb.
O arzu ilə də Kulikkya yazıçı olub, hekayələri, romanları çap olunub. Kulikkya təkcə İtaliyada deyil, dünyanın bir çox yerində tanınan yazıçıdır. Görəsən o, bu mərtəbəyə necə yüksəlib? Çətin olmayıb ki? Ümumiyyətlə, yazıçılığı seçmək bir insana hansı məhrumiyyətləri vəd edir?
Cüzeppe Kulikkya "Demək yazıçı olmaq istəyirsən?" kitabında bu suallara cavab verməyə çalışır. İtaliyada yazıçılıq peşəsi, yazıçıların üzləşdikləri çətinliklər, keçdikləri yol, nəşriyyatlar və onların yazıçılarla əməkdaşlığından ironik bir dillə bəhs edir.
Kulikkyanın uşaq vaxtından mütaliəyə dərin sevgisi olub. Bu sevgini isə ona bərbər olan atası ilə anası aşılayıb. Balaca evləri uşaqlar üçün sadələşdirilmiş kitablardan tutmuş incəsənət və mədəniyyət ensiklopediyalarına qədər bütün növ kitablarla dolub-daşırmış. Valideynləri kitaba pul xərcləməyə heç vaxt xəsislik etməyiblər. Buna görə yazıçı ata-anasına borclu olduğunu yazır.
***
"İtaliyada oxucudan çox yazıçı var." - Kulikkya yazır. Bu fikir bizə də yad deyil. "İtaliya" sözünü "Azərbaycan"a dəyişməklə özümüz bu cümləni nə qədər işlətmişik: "Azərbaycanda oxucudan çox yazıçı var". Demək orda da mənzərə fərqli deyilmiş. Kulikkya deyir: "Əgər mənim bu kitabımı oxuyursuzsa, deməli, siz də artıq bir roman yazmısız, ya da qısa müddət sonra yazacaqsız." Möhtərəm oxucu təvazökarlıqdan uzaqlıq kimi başa düşməzsə öz şəxsi təcrübəmə əsaslanaraq deyə bilərəm ki, rastıma çıxan ən alovlu oxucuların belə bir müddət sonra nəsə yazdığının dəfələrlə şahidi olmuşam. Bu oxucuların potensial yazıçı olduqlarını görmək bir tərəfdən sevindirici hal olsa da, digər tərəfdən adamı məyus edir. Çünki bu fakt özü Azərbaycanda mütaliə səviyyəsinin nə qədər məhdud olmasının göstəricisidir. Deməli, kitab oxuyanlar adi oxucular deyil, onlar yazıçılıq eşqi ilə yanıb-tutuşanlardır. Kulikkya da belə oxucularla az rastlaşmayıb. Hətta yazdığı romanın axırını gətirə bilmədiyi üçün onunla şərikinə kitab çıxarmağı təklif edənlər də olmayıb.
***
Kulikkya Alberto Arbasinonun (İtalyan yazıçı və esseist - M.A.) "Üç addım" teoriyasına əsaslanaraq yazıçıları aşağıdakı qruplara bölür:
İlk kitabı çıxan yazıçı avtomatik olaraq "Gələcək vəd edən istedad" adını qazanır.
İkinci kitabdan sonra bütün yazıçılara istər-istəməz "Yaramaz hərif" ünvanı yapışdırılır və onlar bu adı qocalana qədər damğa kimi alınlarında daşıyırlar. Artıq qocalanda isə "Böyük ustad" adını alırlar.
Bizim ədəbi mühitdə adətən "Gələcək vəd edən istedad" yerinə "Ümidverici gənc" ifadəsi işlədilsə də, münasibət aşağı-yuxarı İtaliyadakı kimidir. Tənqidçilər belələri haqqında ürəklə danışırlar. "İstedadlı və ümidverici" ifadəsi ilk kitabı çıxan müəllif üçün səxavətlə xərclənir. Elə ki, ikinci kitab çıxdı... Əsl mərəkə onda başlayır. Elə bil dünənə qədər öyülən, ümid bəslənən yazıçı sən deyildin. Elə bil səni tərifləyən adamlar bunlar deyildi. Bəs nə oldu? Nə dəyişdi? Əvvəlkinə baxanda hesabla yaradıcılığında da irəliləyiş olub, o zaman niyə hamı səninlə qəddarcasına davranır? Günahın nədir? Birinci kitabdan sonra bu işin daşını atmamaqmı, yenə kitab buraxmaqmı?
Suallar çoxdur, bəs cavab? Cavab isə çox sadədir. Gərək ilk kitabdan sonra bir daha kitab çıxarmayasan. Yox, əgər birinci kitabdan sonra yenisini çıxararaq öz əlinlə bu buxovu boynuna keçirmisənsə, o zaman qəbullan. Qocalıb saç-saqqalı ağardana qədər "Yaramaz hərif" olaraq qalacaqsan. Bu məsələdə yalnız bir təsəllin olacaq: İtaliyada da belədir, axtarsan, elə dünyanın hər yerində də.
***
Bizdəki kimi İtaliyada da "gənc yazar" ifadəsi geniş yayılıb. Kulikkyaya görə bir zamanlar belə ifadədən istifadə edilməzmiş. Misal üçün, Artur Rembonu yanındakılara "gənc yazar" kimi təqdim etmək Pol Verlenin ağlından belə keçməzmiş. Hər şey Andrea de Carlonun (Məşhur İtaliya yazıçısı - M.A.) ədəbiyyat dünyasına addım atmasıyla başlayıb. Carlonun yaşı əllini ötsə də, onu yenə "gənc yazar" adlandırırlar. Üstəlik indi qırx-əlli yaşlı yazarlar da özlərinə qoca deyilməsindən xoşlanmırlar. Yəqin buna görə "Nyu-Yorker qəzeti" altmış-yetmiş yaşdakı bu alternativ gənclərə "yeni yaşlılar" deyir.
***
Kulikkya ilk kitabı ilə bağlı başına gələn maraqlı hadisələri də danışır. Biri belə olubmuş: Birinci kitabı çıxan zaman hələ kitab evində satıcılıq edən Kulikkyanı işçilər zarafatla "yazıçı" - deyə çağırırmışlar (Bizdə də əlinə qələm götürənə hamı "şair" - deyə müraciət etmirmi?). Bir gün iti ilə gələn alıcıya kitabını göstərərək onun müəllifi olduğunu deyir. Alıcının üzündəki heyrət qarışıq təəccübü görən Kulikkya da sevinir, lakin müdirin qəfil səsi bu sevincə anında son qoyur: "Yazıçı, yerdəki heyvan nəcisini təmizlə." Sən demə, alıcının başı söhbətə qarışan zaman iti işləri korlayıb.
Üçüncü kitabı çapdan çıxandan sonra satıcılıq peşəsindən uzaqlaşan Cüzeppe başa düşür ki, yazıçılıq təkcə kitab yazmaqdan ibarət deyil: "Yazıçı olmaq, yazmağı düşündüyüm şeyi yazmaqdan ibarət deyildi. Yazıçı olmaq İtaliyanı, Avropanı, hətta bəxtim bir az da gətirərsə, bütün dünyanı gəzib, kitablarımı oxucularıma tanıtmağı və öz reklamımı, promosyonumu qurmağı da əhatə edirdi."
Təəssüf ki, Kulikkyanın bir yazıçı kimi yaşadıqlarının çoxu bizim ədəbi prosesdə və kitab nəşrində ya heç baş vermir, ya da fraqmental şəkildə olur. Bununla belə onun təcrübələrinin bəzilərini paylaşaq, bəlkə nə vaxtsa bizdə də qaynar qazan kimi bir kitab bazarı formalaşdı, indidən təcrübə qazanaq.
Kulikkyanın bir az da ironik dillə anlatdığına görə İtaliyada "Yaramaz hərif" kateqoriyasına girmiş yazıçılar arasında geniş yayılmış bir sindrom var: ÇSSS - Çox Satanlar Siyahısı Sindromu. Bu sindromun ən çox şənbə-bazar günləri özünü göstərir. Yəni İtaliyanın ən böyük qəzetləri öz ədəbiyyat əlavələrində çox satılan kitabların siyahısını açıqladığı ərəfədə. Bu, adətən kitabın çap olunmasından 14 gün keçəndən sonra baş verir. Kitablar adətən 14 günə rəflərdə öz yerlərini tapırlar. Kulikkyanın yalançısı olaraq deyək ki, yazarların 99 faizində bu sindrom müəyyən olunub. Əlamətlər: Dəlicəsinə qəzəb, narahatlıq, ruhi pozğunluq və paranoya. ÇSSS kitab çap olunandan 14 gün sonra qəzetlərin çox satılanlar siyahısında öz adlarını görməyən yazıçılara da rast gəlinir. Bu siyahıda adlarına rast gəlməyən yazıçılar adətən həmin ədəbiyyat əlavələrinin redaktorlarını ittiham edirlər. Hətta adı siyahıda yer alan yazıçı da çox vaxt narazı qalır. Çünki Kulikkyaya görə "yazarların təbiəti elədir ki, birinci olmasa belə, olduqları sıranın ən azından bir üstündəki yeri haqq elədiklərinə inanan varlıqlardır."
***
İkinci kitabı çıxandan sonra "Yaramaz Hərif" klubuna üzv olan yazıçı adətən iki növ tənqidlə qarşılaşır. Birinci qrup deyir: "Heyif, ikinci kitabda ona uğur gətirən ilk kitabından uzağa gedə bilməyən gələcək vəd edən istedad oxucularını aldadıb." İkinci qrup isə "Heyif, ikinci imtahanda birinci kitabından tamamən fərqli yol izləyərək özünə xəyanət edən gələcək vəd edən istedad oxucularını aldadıb" deyəcəklər. Əgər bu tənqidlərə diqqət etsəniz, yorulacaqsanız. Ən yaxşısı belə şeylərə baş qoşmamaqdır. Çünki siz "Yaramaz hərif"siz. Bu tənqidlərə dözmək sizin öhdəliklərə daxildir. Belə vəziyyətdə "Yaramaz hərif"lər adətən naşirlərinə zəng vururlar. Və naşirlərin cavabı da çox vaxt qısa olur: "Haqqında danışdıqları müddətcə problem yoxdur." Kulikkya bu şüarın hər cür yaranı sağaltdığını deyir, hətta təhqir yarasının belə.
İkinci romanınız çıxandan sonra bəzi istisnalar xaric amansız, hətta həqarətlə dolu rəylərlə, araşdırma, tənqid və internet mesajları ilə üz-üzə gəldiyiniz andan öz-özünüzə bunların arxasında sizə qarşı təşkil olunmuş bir komplonun olub-olmaması sualını verməyə başlayacaqsız. Tezliklə hiss edəcəksiz ki, bu komplo teoriyası sizi təkcə yuxunuzdan etmir, gündüzlərinizi də əlinizdən alaraq həyatınızı dəyişir. Kulikkya bunu şərti refleksə bənzədir. "Gələcək vəd edən istedad" olduğunuz zaman səhərlər oyanan kimi yuyunub yemək yeyirdinizsə, indi kompyüterə qaçacaqsınız ki, internetə girib sizin haqqınızda nə yazıldığına baxasınız. Bununla qalmayıb dostunuz və ya sevgilinizə bu cür etiraflar edəcəksiniz.
"Gördünmü, ilk kitabım böyük uğur qazandığı üçün belə edirlər."
"Gördünmü, ilk kitabım çox satanlar siyahısına düşdüyü üçün belə edirlər."
"Gördünmü, heç vaxt mənim kimi gözəl bir ilk kitab yaza bilmədikləri üçün belə edirlər."
Və bu "gördünmülər" belə yekunlaşar: "Gördünmü, sadəcə bu dünyada var olduğum üçün mənimlə belə edirlər."
Vəziyyət bu cür kritik həddə çatdığı zaman Kulikkya psixiatr qəbuluna getməyi məsləhət görsə də, ironik dillə davam edir: "Fəqət, işıqlı ədəbiyyat dünyasından bəhs etdiyimiz üçün paranoyaklıq etməkdə o qədər də haqsız görünmürsüz."
Yəni...
Yəni uğurlarınızı qısqananların, paxıllıq edənlərin olması normaldır. Çünki bura ədəbiyyat dünyasıdır. Və burda dost-düşmən bilinmir. Bunu mən demirəm. Kulikkya deyir, "Dostlardanmı, düşmənlərdənmi?" bölümündə və əlavə edir: "...hər hansı bir əsərinizin çap olunması ilə dost çevrənizi də ələkdən keçirmək üçün əlinizə tutarlı səbəb düşdüyünü qəbul etməlisiz. Bu vəziyyət "Gələcək vəd edən istedad" olaraq ilk kitabınızı çap etdirdikdə deyil, ikinci kitabınızı çap edərək həqiqi "Yaramaz hərif" statusu qazanmağınızla eyni vaxtda qarşınıza çıxacaq."
Kulikkya bəzi nümunələri də təqdim etməkdən çəkinmir. Görünür, başı çox bəlalar çəkib:
a) dostunuz olduqlarını düşündüyünüz bəzi insanlar kitabınızda onlardan bəhs etdiyiniz üçün sizə salam verməməyə başlayarlar;
b) dostunuz olduqlarını düşündüyünüz bəzi insanlar kitabınızda onlardan bəhs etmədiyiniz üçün sizə salam verməməyə başlayarlar - bu birincidən daha pisdir;
c) dostunuz olduqlarını düşündüyünüz bəzi insanlar onların yazdıqları kitablar rədd edilərkən sizin yazdığınız kitabın çap olunmağına heç bir məna verə bilmədikləri üçün sizə salam verməməyə başlayarlar;
d) dostunuz olduqlarını düşündüyünüz bəzi insanlar sizin olmadığınız yerlərdə yazdıqlarınız haqqında heç də xoş olmayan ifadələrlə dolu rəylər bildirər və siz bundan ancaq eyni rəyləri internet forumlarda gördüyünüz təqdirdə xəbəriniz olar;
e) dostunuz olduqlarını düşündüyünüz bəzi insanlar sizin olmadığınız bəzi yerlərdə haqqınızda iynələyici zarafatlar edər, müqaviləyə əsasən haqqınız olan və kitabınızın bazar qiyməti üzərindən əldə etdiyiniz satış gəlirlərinin faizinə işarə edərək artıq başqalarının pulu ilə yaşadığınızı deyərlər;
c) dostunuz olduqlarını düşündüyünüz bəzi insanlar yazılarınıza görə sizə xoş sözlər söylədikləri halda zibil qutularında kitabınızı, özü də onlara xoş sözlər yazıb verdiyiniz nüsxəsini taparsız;
g) dostunuz olduqlarını düşündüyünüz bəzi insanlar təzə çıxan kitabınızı görüb heyrətlə girdiyiniz bukinistin rəflərinin arxasında gizlənər və onlara xoş sözlər yazıb hədiyyə etdiyiniz nüsxəni alıb çıxmağınızı gözləyərlər.
Kulikkya ədəbiyyatçılar arasında dostluq barədə fikirlərini belə yekunlaşdırır: "Yazarlar arasındakı dostluğa gəlincə, eyni qadını arzulayan iki kişinin və ya eyni kişini arzulayan iki qadının arasında dostluq yaranması nə qədər mümkündürsə, yazarlar arasında da dostluq yaranması o qədər mümkündür."
Bizim ədəbiyyat mühitinin italyan ədəbi mühitinə nə qədər bənzəyib-bənzəmədiyini hər bir oxucunun öz ixtiyarına buraxaraq Cüzeppe Kulikkya haqqında yazını burada yekunlaşdıraq. Qorxuram söhbəti çox uzatsaq, qan düşər.
Mirmehdi AĞAOĞLU
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!