Qafiyəbazlığa qalsa, aşıq Pəri xala da şairdir! - Üzeyir HACIBƏYLİ - Felyetonlar

ORDAN-BURDAN

 

İdarəmizə poçt gələn kimi hamımız yığılırıq başına ki, görək nə var, nə yox. Biz qəzetlərə baxırıq, müdirimiz də məktubların konvertini bir-bir cırıb qoyur kənara və deyir:

—Aləm şair oldu!

Biz soruşduq:

—Necə?

Müdir dinməyib, kənara qoyduğu kağızlara işarə edir. Baxıb görürük ki, hamısı şeirdir. Çox gözəl, heç sözümüz yoxdur və bunu da bilirik ki, şairlik böyük bir vergidir və şeiri oxuyan da gərək bundan bir ləzzət anlasın və ya özündə bir hüsn hissi oyandığını bilsin. Bu əhvalatı nəzərdə tutub başlayırıq şerlərdən bir-bir oxumağa. Görürük ki, biri belə yazıbdır:

Ey olan qanına qəltan İran,

Hansı zalım etdi səni belə viran?

Yoldaşlarımızdan biri deyir:

– İran padşahı!

 Biz də təsdiq edirik ki, bəli, İran şahı və görürük ki, bu sualın heç mətləbə dəxli yoxdur. Sonra dalısını oxuyuruq, görürük «şair», «İran», «viran» kəlmələrinə bir qafiyə tapıb: can. Və bu qafiyənn şeirə salmaq üçün belə deyibdir:

Gör necə oldular qurban neçə can

Yoldaşlarımız bir-birinin üzünə baxıb və başını bulayır. Dalını oxuyuruq – qurban sözü tapıb və yazıbdır.

Tiqi bürranilə oldular qurban!

Baxırıq ki, bizdə heç bir hiss oyanmır. Ançaq yadımıza nədənsə Rüstəm pəhləvan düşür. Dalısını oxuyuruq:

Qırdılar hamını tamam yeksər.

Qaldı orda bircə pədər.

«Şair» burasını yazdıqda yəqin güman edirmiş ki, oxuyanlar ağlayacaqlar. Amma sözün doğrusu, bizi gülmək tutur və yoldaşlarımızdan biri deyir:

– Yəqin dalı da olaçaq–dərbədər.

 Doğrudan da görürük yazıbdır ki:

Övrət, uşaq oldu dərbədər.

Çığırdı qundaqda tifli südəmər.

Burada yoldaşlarımızdan biri təvəqqə edir ki, izn verək şerin dalısını o desin və heç dayanmayıb bir nəfəs-almaya deyir:

Səyin oldu ey şair lap hədər

Bu cürə şerlər səbətə gedər.

Şer yazmaq da çox hünər istər.

Səndə də yoxdur bir belə hünər.

Sən get bu dərsi bir elə əzbər və de:

Əlif, bey, püş, dü zəbər, dü-zir!

Doğrudan da şairlərimiz bunu yadlarından çıxarma-sınlar ki, şerin hər bir fərdi, – məlumdur, – hissin tərcümani olmalıdır ki, oxuyan kəsdə də o hiss oyansın. Yoxsa qafiyəbazlığa qalsa, aşıq Pəri xala da şairdir ki, deyibdir:

Ay doğdu qəlbiləndi,

Doğduqca qəlbiləndi.

Gedib canana deyin ki,

Bu qəlb o qəlbnəndi.

Ha fikir edirsən, ha özünə təsəlli verirsən, ha deyirsən ki, allah kərimdir, işimiz bu gün sabah düzələr, ha papağını fırlayırsan ki, il gəlib keçsin, bir də baxıb görürsən ki, «millət irəli gedibdir», ha eşidirsən ki, filan yerdə filənkəs filan dana məktəb açdı, qiraətxana düzəltdi, pul bağışladı. Ha danışırlar ki, beş il keçməz müsəlmanlar yapon kimi tərəqqi edərlər. Ha deyirlər ki, indidən belə məscidlərdə başmaq, papaq, saqqal məsələləri müzakirə olunmayacaqdır. Ha inandırırlar ki, indidən belə orucluqda qəzetə oxumaq həlal olacaqdır. Ha söyləyirlər ki, daha ümumi mənafe üçün qurulan işlərin içinə qərəzi şəxsi soxulmayacaqdır. Ha deyirlər ki, daha bundan sonra müsəlmanlar arasında ittəhad və ittifaq olacaqdır, ha inandırırlr ki, müsəlmanlar millət, din və məzhəbi özlərinə bəhanə edib, partiyabazlıq salmayacaqlar. Ha deyirlər, ha söyləyirlər, ha inandırırlar, – yenə axırda baxıb görürsən ki;

Əlif, zəbər ə, bey zən əb, cim, zəbər, cə, dal zən cəd – əbcəd!.

Təəssüflər olsun

Hərgah millətlərin tərəqqisini, yəni qabağa getməsini əvvəlcə bilən bir ölçü olsa idi və o ölçü ilə biz müsəlman millətinin qabağa getməsi ölçülsə idi, onda məlum olardı ki, biz bir addım qabağa, iki addım dala, dörd addım qabaqa, üç addım dala, iki addım dala beş addım qabağa eyləyə-eyləyə qabağa gedirik. Bir kəlmə, bir tazə yerimək öyrənən uşağa oxşayırıq ki, bir addım atıb sonra yıxılır, durub bir addım daha atır, amma ayaqları bir-birinə dolaşıb yenə yıxılır, yenə durur, addım atır, bədəni ağırlıq edib yıxılır, durur və i. a.

Uşağın bu cürə yıxıla-dura getməsinə səbəb nədir?

Məlumdur ki, onu yeridən əzaların cismani qüvvətsizliyidir.

Yaxşı, bəs bizim bu cürə: bir dala, bir qabağa addım atıb yıxıla-dura «qabağa getməyimizin» səbəbi nədir?

Onun da səbəbi bizi qabağa aparan əzaların, yəni iş başında duranlarımızın qüvvətsizliyidir. Amma bizim əzalarımızın qüvvətsizliyi cismani qüvvətsizlik deyildir. Yəni əzalarımız çolaq, şil və şikəst deyildirlər. Onların qüvvətsizliyi mənəvi qüvvətsizlikdir!

Mənəvidə qüvvətsizlik budur:

Səmimiyyət – yəni cani-dildən işə girişməklik yox, fəaliyyət – yəni oyaq və ciddi cəhd ilə iş görmək yox, hamısından bədtər mətanəti qəlb, yəni cürət, ürəklilik yox, şövq yox, arzu yox...

Vallah mən bilmirəm ki, bu əzalarımız öz xüsusi işlərindən nə törədirlər. Amma onu bilirəm ki, millət işinə qalanda, bunlar mənəvi qüvvətsizdirlər ki, rusca buna besxarakternost deyirlər. Türkcəsinin dürüstlüyünü bilmirəm. Burada da bizim əzalarımızı balaca uşaqlara oxşatmaq olar.

 Görürsən ki, bir balaca uşaq anasının qucağından yerə düşüb bir qədər gedir, birdən qabağında bir pişik görüb, tez qayıdıb qaçır anasının qucağına, sonra düşüb bir də gedir. Bu səfər də bir ayrı şeydən, məsələn, öz kölgəsindən qorxub yenə qaçır anasının qucağına.

Bizim əzalarımız da öhdələrinə götürdükləri bir işi o qədər aparırlar ki, nə qədər bu iş öz başına gedə bilər; amma elə ki, işin qabağına bir balaca əngəl çıxır və burada işi aparmaq üçün əngəli itələmək lazım gəlir, o halda əzalarımızın əli, ayağı boşalıb, işdən əl götürməyi məsləhət bilirlər. İş dəxi «ördək, balıq və xərçəng»in çəkdikləri araba kimi hamanca yerində qalır. Bu bir!

İkinciyə qalan yerdə, bizim bir dərdimiz də budur ki, bəzi adamlarımız elə bir işin dalınca gedirlər ki, o işin nədən ibarət olduğunu özləri də bilmirlər və bina-ənəleyh gördükləri işdən də heç bir səmərə hasil olmur.

«Ördək, balıq və xərçəg» hekayətini yazan rus ədibi Krılov bir ayrı hekayəsinin başında bu sözləri yazır:

«Əgər başmaqçı durub bulka çörəyi bişirə və bulkaçı da başlayıb başmaq tikə, – bu cürə işdən əziyyətdən başqa heç zad çıxmaz».

Bizim «bulka çörəyi» bişirmək istəyən «başmaqçılarımızın» və «başmaq» tikmək istəyən «bulkaçılarımızın» əsil məqsədinə baxsan, doğrudan da «bulka» bişirmək və «başmaq» tikmək deyil. Bəs nədir?

 Bəli!.... Yuxarıda zikr elədiyim Krılov cənabları belə bir hekayə yazıbdır:

Günlərin bir günü ayı, meymun, keçi və bir də eşşək bir musiqi məclisi düzəltmək istəyiblər. Biri əlinə tar, biri saz, biri zurna və biri dəf alıb başlayıblar çalmağa. Amma görüblər ki, səs-küydən başqa heç zad çıxmayır və çaldıqları havacat heç kəsin sümüyünə düşmür. Deyiblər ki, yəqin pis oturmuşuq, gəlin yerimizi dəyişək. Durub yerlərini dəyişiblər, çifayda, çaldıqlarından yenə heç bir zad çıxmayıbdır. Görüblər ki, bir  bülbül uçur, haman dəm durub bülbülə yalvarıbdırlar ki, ay bülbül, sən allah, bir bizi başa sal görək nə tövr oturaq ki, bizim çaldığımıçdan bir şey çıxsın.

Bülbül də gülüb deyibdir ki, canım, siz musiqişünas deyilsiniz. Binaən əleyh nə tövr otursanız, lap mil dursanız çalığınızdan heç zad çıxmaz.

Əlbəttə, çox yaxşı olardı ki, bizim də «haman adamlarımız» bir iş görən bülbülü gördükdə ona məsləhət edəydilər. Lakin heyhat!... Çünki bizim haman adamlarımızın məqsədi iş görmək olmayıb, özlərini göstərməkdir. Ona görə də iş bilən bülbülü gördükdə hoy-hoy salıb, daş atırlar ki, bülbül qaçsın.

İş bilən «bülbül»ümüzdə də o cürət, o ürək yoxdur ki, bunların hərəsinin başına bir qapaz salıb deyə: durun belə! O yazıq camaatı «damaq» eləməyin! Odur ki, deyiblər: bülbülümuzdə həvəs yox, qarğamızda səs.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!