Əbədi minnətdarlıq simfoniyası - Sərvaz Hüseynoğlu

Anadan şair, yazıçı və aşiq doğulmuşların bir-birilə səsləşən etirafları var;  sözlər, cümlələr fərqli ola bilər, məna, mahiyyət isə eynilə qalır... Bu, ilk növbədə ədəbi ustada minnətdarlıq, onu etiraf məqamıdı. "Valideynlərim məni yer üzünə gətirdi, müəllimim (ustadım) isə yerdən göy aləminə, yüksəklərə qaldırdı" etirafı artıq bilinən, xüsusi təbəssümlə anılan bir deyimdi...

Dünyaşöhrətli yazıçı Markes də yüzillər sonrası təxminən öz hamisini eyni sayğıyla xatırlayır - yazıçı, naşir Ustad Zabalanı. Yazırdı: "Bəli, onun qədər sülhsevər və sakit, onun qədər mədəni, qayğıkeş kimsəni tanımadım; o, həmişə ürəyi istədiyi adam olmağı bacarmışdır. Kölgədə qalan müdrikdi... Ustad Zabalanın qələmi və qayğısı, eyni zamanda insana meydan oxuyub yaradıcılığı qızışdıran senzuranın çək-çeviri olmasaydı, həyatımın necə olacağını hələ də özümdən soruşuram.."

Məşhur kolumbiyalı yazıçı ilə təqribən eyni vaxtda gələcək həyatının necə olacağı nigaranlığını yaşayan xalq şairi Nəriman Həsənzadə də illər sonrası ədəbi ustadı və xilaskarı, görkəmli söz ustası Mir Cəlal Paşayevin haqqını eyni fikir ucalığından etiraf edəcəkdi; ayrı-ayrı çıxışlarında, çoxsaylı xatirə və məqalələrində, oxucu ilə olan görüşlərində, televiziya, radio məkanlarında. Bütün bu deyilənlər, xatırlananlar xalq şairinin "Azərbaycan" jurnalının builki 4-cü sayında işıq üzü görən və ustadı Mir Cəlalın anadan olmasının 110 illiyinə həsr etdiyi "Xəlvətdə yanan şam" adlı dramatik poemasında bir arada təqdim edilir. Bu sətirləri yaza-yaza istər-istəməz Markesin öz ustadı haqqında səsləndirdiyi "Kölgədə qalan müdrik" dəyərləndirməsini yenidən xatırlayıram. Eyni zamanda Azərbaycanın xalq şairi Nəriman Həsənzadənin unudulmaz ustadı (və hamisi) M.Cəlalı "Xəlvətdə yanan şam" deyə qiyaslandırmasını... Heyrətlənirəm bu münasibət, dəyərləndirmə eyniliyinə. Deməli, böyük ustadların, sələflərin dəyər ölçüsü hara qədərdisə, eyni dərəcədə də böyük olan xələflərin, şəyirdlərin etiraf mədəniyyəti həmin miqyasdadı. Fərqi yoxdu ki, bu etiraf hansı coğrafi məkanda, kimin dilindən səslənir. Əsas olan odur ki, bu böyük etiraflar insanlığa ləyaqət, qədirbilənlik dərsi verir. Xatırladır, kövrəldir, zənginləşdirir. Anlayırsan ki, həqiqətən də "şair doğulanlar əmrə peşiman ola bilməz". Anlayırsan ki, doğrudan da, əslində həyat insanın yaşadığı deyil, onu necə xatırlaya və başqalarına anlada bilmək məharətidir". Eyni zamanda tale haradasa gözlənilməzliklərə borcludu. Və bu gözlənilməzliyin əsl adı Allah nəzəri, Tanrı bəxşişidir. Ən dar ayaqda, heç gözlənilmədən qarşında pirani bir Allah bəndəsi dayanır və onun piranəliyi Allah nəvazişi kimi qəlbini oxşayır. Məsələn, belə: 

Mir Cəlal (özünəməxsus bir səmimiyyətlə):

Necəsən, Qiyam?

Bir dəfə görmüşdüm əvvəl mən səni,

Unuda bilmirdim o gündən səni.

Onda da şineldə, əsgər babaydın,

Yenə İttifaqın qabağındaydın.

Qiyam:

- Manifest deyirdim mən bir az qabaq,

Ağlıma gəlməzdi heç qarşılamaq.

Sanki xəfif bir rüzgar, ya lent yazııı nostalji əsintilərlə geriyə - yaşanmış günlərin unudulmazlığına dönüş edir. Gör necə yerbəyer, necə adbaad, necə xatırlanıb, ay dadi-bidad?! Sağdı-salamatdı ruh babaları:

Müşfiq: - Mir Cəlal, haraya?

(Mir Cəlal cavabında ləngiyir)

Mir Cəlal...

Mir Cəlal: - Bəli...

Müşfiq: - Nə bəli? Bu lap gülməli!

Mir Cəlal: - Kəbin kəsdirməyə!

Müşfiq: - Əşi, mübarək!

(qucaqlayır)

Gedək, mən də sənin yanında, gedək!

Orda şahid olsun bu Qaradağlı,

Yanında qul kimi qolları bağlı!

Mir Cəlal:

- Müşfiq, şairlərin ürəyi, qardaş,

Sənin ürəyinə bənzəyəydi kaş.

Sənin hər qafiyən xeyir-duamdı,

Mənim ilk nigahım, son nigahımdı.

Hələ Müşfiqin "açsam qollarımı sığar kainat, sənindi, mənimdi, bizimdi həyat" coşqusuyla yaşadığı anlardı. Hələ gənc Qiyamın "əbədi bir qəmdi ana həsrətim" təəssüfü yeni-yeni qövr etməyə başalyır. Bu, Mir Cəlal müəllimin ilk təsəllisidi; eyni zamanda Müşfiqin də, Qiyamın da, Mir Cəlalın özünün də ortaq acısı, təəssüfünü dönüb-dönüb bəyan edir:

Mir Cəlal:

- Yoxdur yer üzündə qəmsiz bir insan,

Mən də yanıqlıyam ana sarıdan.

Bizim, tək analar müqəddəs olur,

Nə yaşaya bilir, nə əvəz olur.

Eyni itkinin köynəyindən keçənlərin üstündə nə yaxşı ki, unudulmaz Püstə xanım kimi mələk xislətli gözəl qəlb sahibinin nəvazişi var. Heç gözləmədiyin halda görürsən ki:

 

Püstə xanım (daxil olur):

- Söhbətə tutmuşdu köhnə qonşumuz,

Bəlkə yadındadı balaca Tovuz...

 

Mir Cəlal (Qiyamı təqdim edir): -

Tanış ol, qiyamdı bizim gənc şair,

Vurğunun, Müşfiqin dalınca gəlir.

(Püstə xanım və Qiyam görüşürlər)

Mən də geyinmişəm bu boz şineldən,

Onda ki, dardaydı o tayda vətən...

(Pauza)

Mənim qardaşlarım, mənim yüz arxam

Arazdan o tayda yaşayır, Qiyam!

...Gəlişin-gedişin yolu kəsildi,

Millət ayrı düşüb necə nəsildi.

...Gəncə bir anamdı, Təbriz bir anam,

Gəncədə təhsilim, Təbrizdə laylam.

Bir ləhcə ordadı, bir ləhcə burda,

Mən də... nə qalıbdı, ölüncə burda!

(gülümsəyir)

Hər yaşda görürəm qəlizdi həyat...

Mir Cəlal hər yaşda qəliz görünən həyatın gedişatını asan etməyə, qaranlığını işıqlandırmağa üz edilmiş müdrik ömrü yaşadı. "O da bir çox görkəmli şəxsiyyətlər kimi özündən sonra o qədər həqiqət və həyat qoyub getdi ki, indi ancaq onu dərk etmək, başa düşmək qalır". Və Nəriman Həsənzadənin "Xəlvətdə yanan şam" dramatik poeması əslində bu böyük sənətkarı - görkəmli ədib Mir Cəlalı dərk edib, başa düşməyin gizli kodlarını, şifrələrini açır oxucular üçün.

Nəriman Həsənzadənin "Xəlvətdə yanan şam" dramatik poeması böyük şairimiz Səməd Vurğunun "Vaqif" dramından sonra o ruhda, o lisanda, yüksək poetik gəlişmələrlə qələmə alınmış ən mükəmməl, oxunaqlı əsərdir. Bu, ruhdan, havadan-sudan, kökdən gələn bir gerçəklikdir. Elə bil ki, Səməd Vurğun bitən yerdən Nəriman Həsənzadə, "Vaqif" bitən yerdən "Xəlvətdə yanan şam" başlayır. Vaqifin (eyni zamanda Səməd Vurğunun) müdrikliyi "Xəlvətdə yanan şam"da Mir Cəlalın yaşamında, həyata baxışında davam edir. Xalq ruhunun dərinliklərindən qopub gələn Eldar Qiyamda tamamlanır - üsyankarlıqla şeiriyyət qovuşur. Vaqif - Əli bəy münasibəti arasındakı ata-oğulluq, böyük-kiçiklik (və dostluq) yaşamı Mir Cəlal - Arif və Hafiz Paşayevlər arasında yenidən cəmiyyət səhnəsinə, müstəvisinə çıxır. Bu ailə triosuna sevilərək qəbul edilən Qiyama da oğul gözüylə baxması görkəmli ədibin əsl vətəndaş, bəşəri insan obrazını tamamlayır:

Mir Cəlal:

- Qiyamda Qiyamı oyadıram mən,

Gənclər oyananda oyanır vətən...

 

Arif (əslində gül dəstəsi daxil olur):

Ana, mübarəkdi sənin həyatın,

Dayaq nöqtəsisən bu kainatın.

Gənc Arif anasının açıq süfrəsini dünyanın, halallığın dayaq nöqtəsi kimi qəbul edir, o süfrənin halallığına tapınır. Püstə ananın nigaranlığı da özünü gizlətmir:

Püstə xanım (zarafatla):

- Arif, anan qurban,

yoxsa acmısan?

Arif: Yox, ana südüylə doyuzdurmusan.

...Teleqramm gəlibdi, - poçtalyon deyir,

Hafizdi, anamı təbrik eləyir.

(oxuyur)

"Atom Enerjisi İnstitutu..."

Püstə xanım (onun sözünü kəsir):

Gör neçə günüydü xəbər yoxuydu,

Sənə anan qurban... (kövrəlir)

Acdı, susuzdu? -

Mənim nə xəbərim, ya yuxusuzdu?

...Mir Cəlal:

- Sabah sevinərsən gələndə Hafiz,

Qəm sevincsiz olmur, sevinc də qəmsiz.

Biz Cavid deyilik, Hadi deyilik,

Adi görünsək də adi deyilik.

Arifi, Hafizi elə böyüdək,

Adları hörmətlə çəkilsin gərək.

Tarix Mir Cəlal müəllimin bu istəyini yetərincə gerçəkləşdirdi. Arzuları çin çıxdı. Necə ki, Arifin özü dərin minnətdarlıq duyğusu ilə isbatlayır:

Arif (təmkinli):

Dahi adamların dediyi fikir

İnsanı hər yaşda özünə çəkir.

Yenidən doğulur hər yaşda insan.

(əlləriylə əyani göstərir)

Bu başda insandı, o başda insan...

Müdriklik çeşməsindən su içənlərin fikri, düşüncəsi də belə aydın, sirayətedici olur. Bu səbəbdən də ata-oğul arasında gedən söhbət əslində əsl insanlıq, böyüklük etalonu, əyarı kimi tarixləşir, mütəəssir edir:

Mir Cəlal:

- Qiyamın getməyə bir yeri yoxdu,

Yüz yerə gedibdi, xeyiri yoxdu.

...Qiyama demədim, könlü qırılar,

Getmir ömrü boyu belə ağrılar.

Sonra zaman-zaman o yada düşür,

Yada düşəndə də can oda düşür.

Qoy sənin adına order oxunsun,

Evi ona verək...

 

Arif: - Ata, qoy olsun.

Mir Cəlal: - Mən xahiş edirəm.

Arif: - Ata, əmr elə.

Mir Cəlal:

- Əmr etməmişəm ömrümdə hələ,

Anan Püstə xanım şahiddi, danmaz.

Püstə xanım (Arifi öpür):

Atan əmr eləsə Mir Cəlal olmaz...

 "Xəlvətdə yanan şam"ı oxuyuram... Nədənsə eyni anda, bax elə həmin dəqiqələrdə "Nabat xalanın çörəyi"nə yazılmış "Epiloq əvəzi"dən ta uşaqlıq illərimdən yaddaşımda ilişib qalan bu sətirləri yenidən xatırlayıram - bu, "Xəlvətdə yanan şam"da bütövləşən, bütövləşən Qiyamın hələ qədəmləri yeni-yeni ayaq tutan çağlarının düşüncələridi:  "Gərək mən qələmimlə şəkillər çəkəm. Fotoaparatımla çəkə bilmədim. Gərək mən gözlərimdə, hafizəmdə, ürəyimdə qalanların şəkillərini təzədən araşdıram. Detallar, ştrixlər, boyalar tapam...

Həmin o detallar, ştrixlər, boyalar "Xəlvətdə yanan şam"da yerli-yerindədi. Yerbəyer və adbaad... Hər misra, hər mətləb anlatmaqdadı ki, demək bizdə "kişi ölür, kişilik ölmür".

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!