Fernando Pessoa - Portuqaliyalı şair, yazıçı, tərcüməçi, filosof-esseist, dramaturq. Cəmisi qırx yeddi il yaşamağına baxmayaraq, iki dildə (portuqal və ingilis) çoxsaylı əsərlər yaradıb, ölkəsində avanqard ədəbiyyatın əsasını qoyub. Sağlığında cəmisi üç kitabı çap olunan Pessoanın ölümündən sonra, evindən 20 000-dən çox əlyazması tapılıb. Çoxsaylı təxəllüslərdən əlavə (bəzi mənbələrə görə yetmiş iki, bəzi mənbələrə görəsə yüz otuz altı imza ilə yazıb), Pessoa dünya ədəbiyyatına üç heteronim qazandırıb. Heteronimlər uydurma olsa da, hərəsinin öz fəlsəfəsi, öz yazı tərzi, öz düşüncəsi, hadisələrə öz baxışı, hətta öz uydurma bioqrafiyaları vardı. Hər üç heteronimin şeirlərini təqdim edirik.
Alberto Kaeyro
"Sürülərin çobanı" silsiləsindən
Günəbaxan kimi itidir baxışım
Çox vaxt yollarda gəzirəm
Sağa, sola, hərdən də dönüb
arxaya baxaraq...
Hər an gördüyüm şeyi
Əvvəllər heç görməmişəm,
Bu mövzuda diqqətliyəm.
Bilirəm bir uşağın doğulanda
Hiss etdiyi çaşqınlığı.
Hiss edirəm hər an dünyanın
O sonrasız yeniliyinə doğulduğumu...
İnanıram dünyaya, bir çobanyastığına inandığım kimi,
Çünki görürəm onu, amma fikirləşmirəm.
Çünki fikirləşmək başa düşməkdir...
Onu fikirləşməyimiz üçün deyil,
(Fikirləşmək yaxşı görməməkdir)
Biz ona baxaq və onunla harmoniya yaradaq deyə
Yaradılıb dünya.
Fəlsəfəm yox, duyğularım var mənim...
Təbiətdən danışıramsa, onu başa düşdüyüm üçün yox,
Sevdiyim üçün danışıram, onu sevməyimin səbəbi isə
Sevənin nəyi sevdiyini, nə üçün sevdiyini
Və sevginin nə olduğunu bilməməsidir.
Sonu olmayan bir məsumiyyətdir sevmək,
Yeganə məsumiyyət də heç fikirləşməmək.
***
Mən qoyun otaran çobanam.
Qoyunlar mənim fikirlərim.
Fikirlərimin hamısısa duyğulardır.
Gözlərimlə, qulaqlarımla fikirləşirəm,
Əllərimlə, ayaqlarımla,
Burnumla və ağzımla.
Bir çiçəyi fikirləşmək görmək və iyləməkdir onu
Bir meyvəni yemək də onun mənasının dadına baxmaq.
Buna görə isti bir gündə
Əzab çəkirəmsə, demək ondan həzz alıram.
Və uzanıb yatıramsa çəmənlikdə
Yumub isinən gözlərimi,
Həqiqətə başdan-başa uzanmış bədənimi hiss edirəm.
Bilirəm həqiqəti və xoşbəxtəm.
Yavaş-yavaş, çox yavaş
Xəfif bir külək əsib
Uzaqlaşır yavaşca. Və mən
Bilmirəm nə fikirləşdiyimi
Bilmək də istəmirəm.
***
Bu aşağıdakı dörd nəğmə,
Fikirləşdiklərimdən tamam başqa şeylərdir,
Və hiss etdiyim hər şeyin tərsidir.
Olduğum hər şeyin qarşılığı.
Xəstə olanda yazdım onları,
Buna görə də təbii və duyğularımla
Səsləşən nəğmələrdir onlar.
Əks olduqları şeylərlə səsləşirlər...
Xəstə olanda əksini fikirləşirəm
Sağlam olanda fikirləşdiklərimin.
(Yoxsa xəstə olmazdım.)
Hiss etdiyimin tam əksini hiss etməliyəm sağlam olanda,
Bir insan özünü necə başqa cür hiss edirsə
Mən də eləcə inkar etməliyəm xasiyyətimi...
Bütünlüklə xəstələnməliyəm - fikirlər və hər şeylə.
Xəstələnəndə başqa səbəbi yoxdur xəstələnməyimin.
Buna görə də məni inkar etmək gücü yoxdur
Məni inkar edən bu nəğmələrin.
Bunlar ruhumun gecə görünüşü,
Onun eynisi və əksi.
***
Hərdən çiçəklər gülümsəyir deyirəmsə
Və çay da bir nəğmə oxuyur desəm,
Çiçəklərdə təbəssüm, çayların axışında
Nəğmə olduğunu fikirləşdiyim üçün deyil bu...
Beləcə çaşqın adamlar çiçəklərin və çayların
Həqiqətən var olduğunu daha yaxşı başa düşsünlər
deyə deyirəm bunu.
Hərdən məni oxumaqları üçün yazıb
Onların anlamazlığına qurban edirəm,
Özümlə barışa bilməsəm də, bağışlayıram özümü.
Çünki mən,
Təbiətin şərhçisiyəm.
O dil olmadığı üçün
Onun dilini başa düşməyən adamlar var.
***
O hündür budaqların arxasındakı Ay işığı
Bütün şairlərə görə daha çox şey imiş
O hündür budaqların arxasındakı Ay işığından.
Amma nə düşündüyünü bilməyən mənim üçün
O hündür budaqların arxasındakı Ay işığı
Olan şey
O hündür budaqların arxasındakı Ay işığından
Çox şey deyil əslində.
***
Evimin ən yuxarı pəncərəsindən
Ağ yaylıqla vida eləyirəm
İnsanlığa ərməğan şeirlərimə.
Və nə sevincliyəm, nə də kədərli.
Bu alın yazısıdır şeirlərimin.
Onları yazmışam və göstərməliyəm hamıya.
Çünki başqa heç nə edə bilmərəm.
Çiçək rəngini necə gizlədə bilmirsə
Çay axışını necə gizlədə bilmirsə
Ya da ağac bəhər gətirməyini.
Bax, baş alıb gedirlər,
Və özümdən asılı olmadan kədərlənirəm,
Elə bil haramsa ağrıyır.
Kim bilir, kim oxuyacaq onları?
Kim bilir, kimin əlinə keçəcəklər?
Çiçək, taleyim gözlər üçün qopartmışdı məni.
Ağac, ağızlar üçün yığılmışdı meyvələrim.
Çay, sularımın taleyiydi mənim içimdə qalmamaq.
Tabe oluram və bir az sevinirəm.
Bir az sevinirəm, kədərli olmaqdan yorulan adam kimi.
Gedin, gedin məndən!
Ağac keçib gedir, təbiət hər tərəfə səpələyir
ondan qalanları.
Çiçək solur, tozu əbədiyyətə qədər qalır.
Çay axır, dənizə çatır, sularında həmişə
öz suları.
Mən də keçib gedirəm və qalıram, kainat kimi.
İçəri girib pəncərələri bağlayıram.
Lampanı gətirirlər və gecəniz xeyirə qalsın deyirlər.
Şən səslə, gecəniz xeyirə qalsın deyirəm.
Ah, həyatım həmişə belə keçsə:
Gün günəşli, ya da yağışlı,
Ya da fırtınalı,
Gəlib keçən camaata
Maraqla baxdığım gözəl axşamüstü,
Ağacların dostyana baxışları
Və sonra pəncərə bağlanıb lampa yananda
Bircə söz də oxumadan, heç nə fikirləşmədən,
ya da yuxuya getmədən
Yatağında axan çay kimi həyatın içimdə
axıb getdiyini hiss etmək,
Sonra da bayırda, yuxulu bir Tanrı kimi
o ucsuz-bucaqsız səssizlik.
***
Əgər mən öləndən sonra yazmaq istəsələr bioqrafiyamı
Bundan asan şey yoxdur.
Ancaq iki tarix qoyulmalıdır: doğum günümlə ölüm günüm.
Bu ikisi arasındakı bütün günlər mənimdir.
Asanlıqla təsvir edilə bilərəm.
Görmək hər şeyim idi.
Duyğusallığa qapılmadan sevdim əşyaları.
Gözüm gördüyü üçün yerinə yetməyən istəyim qalmadı.
Eşitmək də görməyimə yoldaşlıq edən
dəstəkdən o yana getmədi.
Hər şeyin həqiqi və bir-birindən ayrı olduğunu başa düşdüm.
Bunu gözlərimlə başa düşdüm, başımla yox.
Bunları başımla görsəm, hamısını eyni görərdim yoxsa.
Günlər yuxu gətirirdi mənə, uşaqlar kimi.
Gözlərimi yumub yatırdım.
Tək təbiət şairiydim, bundan əlavə.
***
Səssiz bir örtük atdı qar hər şeyin üstünə.
Evin içində baş verənlərdən başqa
heç nə hiss etmir adam.
Ədyala bürünürəm və
heç fikirləşməyi də fikirləşmirəm.
dərin rahatlıq içində və ağlımda
qarışıq fikirlər,
yuxuya gedirəm, dünyada baş verənlərdən başqa
heç nəyin dərdini çəkmədən.
Alvare de Kampuş
Tanımağa başlayıram özümü. Mən yoxam.
Olmaq istədiyimlə başqalarının gözündəki
mən arasındakı boşluğam mən.
Ya da o boşluğun yarısı, çünki orda da həyat var...
Bax, mən oyam nəhayətində...
İşığı söndür, qapını bağla, bəsdir
dəhlizdə çəkələklərini sürütlədin.
Qoy rahat oturum tək otağımda.
Alçaq yerdir bu dünya.
Yığ əşyalarını heç yerə getməmək üçün!
Yelkən aç hər şeyin hər yerdə
rast gəlinən mümkünsüzlüyünə
Gözəl bayraqlarla bəzədilmiş xəyali,
Uşaqlığının rəngarəng balaca gəmiləriylə.
Yığ əşyalarını Böyük Səfər üçün!
Fırçaların və qayçılarında çata bilmədiyin
O çox rəngli uzaqlığı da unutça.
Yığ əşyalarını bir daha qayıtmamaq üçün!
Sən kimsən cəmiyyətdə boş-boşuna
var olduğun bu yerdə,
Nə qədər lazımlısan, o qədər lazımsız,
Nə qədər həqiqisən, o qədər saxta?
Sən kimsən burda, kimsən burda, kimsən burda?
Yelkən aç, heç nə götürmə özünlə.
Bu adamlarla dolu dünyanın nə əlaqəsi var səninlə?
1 may 1933
***
Bilmirəm ulduzlarmı hökm edir dünyaya,
Yoxsa fal kartları
Nəsə deyə bilərmi?
Bilmirəm atılan zərlər
Bir nəticəyə gətirərmi?
Amma çox adamın yaşayışından
Bir şey anlaşılarmı, anlaşılmazmı,
Onu da bilmirəm.
Hə, bilmirəm
İnanmağım lazımdırmı bu həqiqiliyini kimsənin
Mənə sübut edə bilməyəcəyi bu hər gün doğan günəşə,
Yoxsa daha yaxşısı (çünki daha yaxşısı və daha uyğunu)
İnanmaqmıdır gecələr də parıldayan
Bir başqa günəşə.
Çünki indi...
(Tələsməyək)
Çünki indi
Möhkəm yapışıram pilləkənin məhəccərindən,
Əlimlə hiss edirəm bu ehtiyat tədbirini -
Mənim olmayan
Və yuxarı çıxanda tutduğum bu məhəccər...
Hə... çıxıram...
Çıxanda bu fikrə gəlirəm:
Görəsən ulduzlarmı hökm edir dünyaya.
5 yanvar 1935
***
Gülməlidir,
Bütün sevgi məktubları
sevgi məktubu olmazdılar
Gülməli olmasaydılar.
Mən də sevgi məktubu yazmışam əvvəllər
Onlar da əlbəttə ki,
Gülməliydi.
Sevgi məktubları, əgər sevgi varsa,
İstər-istəməz
Gülməlidirlər.
Amma əslində,
Ancaq sevgi məktubu
Yazmayanlar
Gülməlidir.
Qayıda bilsəydim
Sevgi məktubu yazdığım günlərə
Bunun nə qədər gülməli olduğunu
Fikirləşmədən.
(Bütün üç hecadan uzun sözlər
Anlaşılmaz duyğular kimi
Təbii ki,
Gülməlidir.)
31 oktabr 1935
Rikardo Reyş
Adonisin bağlarındakı o gülləri sevirəm mən
Lidiya, o qanadlanıb uçan gülləri sevirəm.
Bir gün açan
Elə həmin gün də solan gülləri.
İşıq hər şeydir onlar üçün,
Çünki doğan günlə doğar onlar.
Və Apollon tamamlayınca səfərini
Göy üzündə, ölərlər.
Gəl biz də bir günə sığışdıraq ömrümüzü,
Və fikir verməyək gələn gecəyə.
Gecə gəlib keçib artıq
Biz qısa günümüzü yaşayanda.
1914
***
Güllərdən tac qoyun başıma
Həqiqi güllərdən
Tac qoyun.
Bir anda yanan,
Yanan kimi kül olan
Güllərdən.
Güllərdən tac qoyun başıma
Və uçan yarpaqlardan.
Bu bəsdir.
1914
***
Alın yazısı qorxudur məni, Lidiya. Heç nə dəqiq deyil.
Hər an hər şey ola bilər.
Bilinəni tərk eləyəndə, qəribədir
Atdığımız addım. Vacib şeylər qoruyur
Bilinən sərhədləri.
Tanrı deyilik biz. Koruq, qorxarıq,
Bildiyimiz yetərsiz həyatı üstün tutarıq
Yenilikdən, o uçurumdan.
***
Tanrılardan tək istəyim
Onlardan heç nə istəməməyimi bağışlasınlar mənə.
Sevinc bir yükdür. Taley bir boyunduruq.
İkisi də çox rahat həyatın xəbərçisidir.
Nə həyəcanlı, nə həyəcansız, yaşayıram mən
Fikir vermədən kədərlərə, sevinclərə.
***
Heç kim bu ucsuz-bucaqsız, əl dəyilməmiş meşəsində
Dünyanın, heç vaxt görməz öz tanıdığı Tanrını.
Ancaq küləyin gətirdiyi, küləyin gətirdiyidir eşidilən.
Baş sındırdığımız nə varsa, eşqlərimiz, tanrılarımız,
Keçib gedərlər, bizim kimi.
1931
Tərcümə edəni: Həmid PİRİYEV
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!