Yaroslav SEYFERT - Çex şairi, jurnalist, ictimai xadim. 23 sentyabr 1901-ci ildə Praqa yaxınlığında, ticarətçi ailəsində dünyaya gəlib. Uşaqlıq illərində şəhərin müxtəlif yerlərinə mal daşıyıb. Sistematik təhsil ala bilməyib, hətta orta məktəbi belə bitirməyib. 1920-ci ildən etibarən kommunist partiyası fəallarından biri olub. 1925-ci ildə rəsmi nümayəndə heyəti tərkibində SSRİ-yə gəlib, Moskvada və Sankt-Peterburqda olub. Rusiya haqqında şeirləri 1926-cı ildə nəşr olunan "Bülbül yaxşı oxumur" toplusuna daxil edilib. 1929-cu ildə Stalin rejiminə etiraz əlaməti olaraq Çexslovakiya KP sıralarını tərk edib. Həmin il "Poçt göyərçini" adlı növbəti şeirlər kitabı çap olunub. Çex cəmiyyətində ona ən böyük şöhrəti ilk çex prezidenti T.Q.Masarikə həsr etdiyi "Səkkiz gün" adlı silsilə şeirlər qazandırıb. Çexiyanın işğalı illərində "Ocaqları söndürün" (1938), "İşığı geyinənlər" (1940), "Daş körpü" (1940) və s. kitabları işıq üzü görüb. 1945-ci ilin may ayında Y.Seyfert Praqa üsyanına qoşulub və bu barədə "Gil dəbilqə" toplusunda yazıb. 1949-cu ildən sonra bütün həyatını ədəbiyyata və jurnalistikaya həsr edib. Çex şairi Yaroslav Seyfert 1984-cü ildə "təzəliyi, səmimiyyəti və zəngin ifadə tərzi ilə seçilən, insan ruhunun azadlığını və rəngarəngliyini əks etdirən poetik nümunələrinə görə" ədəbiyyat üzrə növbəti "Nobel mükafatı"na layiq görülüb. Böyük çex şairi 1986-cı ilin 10 yanvar tarixində Praqada dünyasını dəyişib.
PRAQA
(sonet çələngi)
1
Ah, Praqa, Praqa! Sən bir qurtum şərabsan!
Dəfələrlə deyilib, oxunub bu nəğmələr.
Tarixdə yaşayacaq adın ötsə də illər
Alınan nəfəs kimi, and kimi olacaqsan.
Tez olun soyundurun o daş dəbilqələri,
Yasəmənlər, süsənlər alsın ilkin halını!
Dilim lal olsa belə mən sənin cəlalını
Görürəm, vəsf edirəm, ey möhtəşəm şəhərim!
Əgər doğma Praqam bir gün uçub-dağılsa
Əgər qalsam mən onun uçuq daşları altda
Təsəlli tapmasam da onun balası kimi,
Udaram toz-torpağın nə qədər canım varsa…
Ondan nəsə bir nişan saxlayaram həyatda
Onun xərabələri ovutmaz ürəyimi!
2
Onun xərabələri ovutmaz ürəyimi
Küləklər sular ilə savaşa başlayacaq.
Daha qorxu-hürkü də içimdə qalmayacaq,
Onun külü də mənə məlhəmdir dərman kimi...
Sən dalğalar qoynunda nəğməyə dönəcəksən,
Şəkil kimi göylərə yazılacaqdır adın.
Gələcəyə quş kimi açılacaq qanadın
Sən mənim ürəyimdə hər an döyünəcəksən;
Əgər həyat bitərsə, ömür çatarsa sona
Ölüm mələyi qonsa sinəm üstə astaca,
Zaman an-an əriyib bitirsə vədəsini
Sənin divarlarını tərk etmərəm, ay anam
Aclıq üzsə də məni, yeməsəm də doyunca
Ölsəm də ayaq üstə unutmaram mən səni!
MOSKVA
Çoxdandır ki, menuet rəqs eləmirlər burda
Arfa da toz içində, sığınıb kölgəsinə.
Saray pəncərələri qaranlığa qərq olub
Sükuta könül verib daş kitabələr yenə.
Burda qanlı döyüşlər, burda sonsuz izdiham,
Qan rənginə boyanmış Kreml divarları.
Siz ey atlas örtüyə bürünmüş cənazələr
Çıxardın səsinizi, mənə səs verin barı.
Şərabsız qədəh belə cansız meyit tək qalıb,
Endirilmiş bayraqlar bir matəm nişanəsi.
Tənha qalan qılınc da xatırladır qolunu
Onu əlindən qəfil yerə salan bir kəsi.
(Çex dilindən sətri tərcümə
Vasili Betakinindir)
Tərcümə etdi: Əyyub QİYAS
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!