Düz qırx ilə yaxındır ki, bir jurnalda işləyirik. Çox sular axıb bu qırx ildə. Daha dünya da həmin dünya deyil. Nələr gördük: "durğunluq illərini", "perestroykanı", keçid dövrünü. Bu qırx ilin İntiqam Qasımzadəsi çox dəyişibmi? Əlbəttə, zahirən dəyişib, hanı o qara saçlar, iti yerişlər, cavanlıq ədaları? Ancaq insanın bir dəyişməz xasiyyəti, xarakteri də olur və İntiqam Qasımzadə bir insan, bir dost, bir yoldaş kimi necə vardısa, eləcə də qalıb. Ən başlıcası odur ki, İntiqam Qasımzadə mənsub olduğu ədəbiyyat aləmində qətiyyən "yerişini" dəyişməyib, yenə özündən yaşlı sənətkarlara hörmət və ehtiram hissilə yanaşır, öz yaşıdları ilə - xüsusilə, dostluq elədiyi insanlarla (Anarla, Elçinlə, Maqsud İbrahimbəyovla, Aydın Məmmədovla...daha kimlərlə) münasibətdə çox səmimi olub, cavanlara gəldikdə isə təbii ki, daha çox istedadlı gənclərdən qayğısını əsirgəməyib.
Düz iyirmi bir ildir ki, İntiqam Qasımzadə "Azərbaycan" jurnalının baş redaktorudur. Beş ildən sonra bəlkə də Şərqdə ən qocaman jurnalın - "Azərbaycan"ın 100 yaşı tamam olacaq. İlk baş redaktoru Tağı Şahbazi Simurğ olub - sonra Ruhulla Axundov, Mustafa Quliyev, Məmmədkazım Ələkbərli, Məmməd Arif, Mehdi Hüseyn, Əbülhəsən, Qılman İlkin, Cəlal Məmmədov, İsmayıl Şıxlı, Əkrəm Əylisli, Cabir Novruz, Yusif Səmədoğlu kimi tanınmış söz adamları bu jurnalın başında durublar. "Azərbaycan ədəbiyyatının güzgüsü" sayılıb bu jurnal və kim buna şəkk eləyirsə, jurnalın 95 il ərzində çap olunan nüsxələrini qoysun qabağına. Jurnal ən çətin illərdə belə öz missiyasını şərəflə yerinə yetirib - doxsanıncı illəri xatırlayıram, əksər qəzetlər, jurnallar bağlandı, amma "Azərbaycan" qapanmadı, çətin maliyyə böhranına rast gəlsə də, fəaliyyətini dayandırmadı. "Ədəbiyyat qəzeti" ilə birgə yoluna davam etdi. Sağ olsun Anar müəllim, o zaman əlində nə imkan vardısa, əsirgəmədi bu iki ədəbi orqandan. İntiqam Qasımzadə o illərdə bir-iki əməkdaş da daxil olmaqla, jurnalı tərk edib heç yerə getmədi. 1997-ci ilin oktyabr ayında jurnalın baş redaktoru təyin edildi.
Mən İntiqam Qasımzadəni qətiyyən ideal bir redaktor kimi təqdim etmək niyyətində deyiləm. Amma bir baş redaktor kimi o, jurnalın hər ay daha maraqlı, daha oxunaqlı çıxması üçün bütün enerjisini sərf edir. Açırsan onun qapısını və həmişə İntiqamın necə bir şövqlə yazıları oxuduğunu, redaktə etdiyini, çapa hazırladığını izləyirsən. Arada müəlliflər gəlir, onların hər biri ilə inzibatçı-rəis ədası ilə yox, dost kimi, yoldaş kimi söhbət edir. Hamı - haqqı olan da, olmayan da jurnalda çap olunmaq istəyir. Təbii ki, ilk növbədə müasir ədəbiyyatın ən yaxşı nümunələri jurnala yol tapır.
Amma İntiqam Qasımzadə bu jurnalın baş redaktorluğuna əvvəlcə ədəbi işçi, sonra şöbə müdiri, sonra məsul katib, sonra baş redaktor müavini pillələrini qalxandan sonra yüksəlib. İyirmi iki ildən sonra. Bu müddət ərzində jurnalın ən texniki işindən tutmuş sonuncu - çap prosesinə qədər olan bütün gedişatına mükəmməl bələd olub. Bir sözlə, onun tərcümeyi-halının böyük və ən önəmli hissəsini "Azərbaycan" jurnalındakı fəaliyyəti təşkil edir. Otuz iki yaşında bu jurnala ədəbi işçi kimi qədəm basan İntiqamın indi 75 yaşı var və bir dəfə onun əlli yaşı münasibətilə apardığım müsahibədə dedi ki: "Mən bu jurnaldan gedə bilmirəm".
İntiqam Qasımzadə hərtərəfli şəxsiyyətdir.
Tənqidçidir. Onun altmışıncı illərin sonlarında-yetmişinci illərin əvvəllərində ilk tənqidi məqalələri dərc edilib. Sabir Əhmədlinin, Sərdar Əsədin, Anarın, Elçinin, İsi Məlikzadənin, Vaqif Səmədoğlunun o zaman mübahisə ilə qarşılanan əsərləri haqqında ilk resenziya və məqalələri İntiqam yazıb. O yazılarda tərif-tərənnüm yox idi, ancaq təhlil vardı. Sonrakı illərdə də o, "altmışıncılar"ın ədəbi uğurlarından söz açan məqalələr yazdı.
Publisistdir. Xüsusilə, jurnalda işlədiyi bu 44 il ərzində onun müasir dövrümüzün müxtəlif problemlərinə həsr olunan yazılarını az oxumamışıq. Apardığı müsahibələr çox oxunaqlıdır. Xalq yazıçısı Süleyman Rəhimovla müsahibəsi bu janrın ən gözəl nümunələrindən biridir.
Tərcüməçidir. Vasil Bıkovdan, Şandor Radodan, Kamil Yaşendən gözəl tərcümələri var.
Kino xadimidir. 1969-1974-cü illərdə kinostudiyada çalışıb. Azərbaycan kinosunun bir çox inciləri tez-tez bizim telekanallarda göstərilir və böyük məmnuniyyətlə o filmlərdə "Redaktor İntiqam Qasımzadə" sözlərini oxuyuruq. Təkcə bumu? Onun sənət tərcümeyi-halında kino, doğrudan da, mühüm yer tutur və bir çox sənədli filmlərin ssenari müəllifi kimi fəaliyyəti də ürəkaçandır. Azərbaycan televiziyasında Qara Qarayevə həsr olunan bir sənədli verilişin müəllifi kimi onun professionallığı, xüsusilə, musiqi duyumu, Mehdi Hüseynzadə haqqında müəllifi olduğu verilişdə də qəhrəmanın obrazını yaratmaq məharəti İntiqamın kino və ekran sevgisini əks etdirir. Təkcə sevgimi? Yox, həm də bu sahədə səriştəli olduğunu da etiraf etməliyik.
Mən Azərbaycan televiziyasında uzun illər rus dilində səslənən "Bayatı" verilişlərini də xatırlayıram. İndi Amerikada yaşayan Aleksand Qriçlə birgə hazırladığı və Azərbaycan ədəbiyyatını təbliğ edən o verilişlər təkcə rusdilli tamaşaçılarda deyil, hamımızda xoş təəssürat yaradırdı.
Naşirdir. "Azərbaycan" jurnalındakı fəaliyyətindən ümumi söz açdım. Bir neçə qeydimi də bura əlavə edirəm. Onun məsul katib kimi fəaliyyəti mənim daha çox xatirimdədir. Məsul katib jurnalda üçüncü şəxsdir, əsasən jurnalın çapa hazırlanması prosesinə rəhbərlik edir, amma İntiqam yeri gəldikcə nəsr əsərlərini də redaktə edir, çapa hazırlayırdı. Tənqid şöbəsinin də "kuratoru" o idi. Şəxsən mənə çox köməyi dəyib. Jurnalda işlədiyim ilk illərdə İntiqam müəllimin kölgəsi həmişə başımın üstündə olardı, etiraf edirəm ki, bir tənqidçi kimi formalaşmağımda da İntiqamın müəyyən rolu olub. Səksəninci illərdə jurnalda çap etdirdiyim tənqidi məqalələrin bir çoxunu məhz İntiqamın təkidi və sifarişilə yazmışam.
İntiqam Qasımzadə köklü bir nəslin nümayəndəsidir. Bu haqda söz açmasam, insafsızlıq olar. O, 1943-cü ilin avqustunda Şuşada göz açıb dünyaya. Atası şair-tərcüməçi Böyükağa Qasımzadə əsl bakılı, anası Sona xanım şuşalı qızı idi. İntiqam deyir ki, atasını çox erkən itirib, anası vəfat edəndə isə İntiqamın qırx iki yaşı vardı. Amma İntiqam üçün yetimçilik 92-ci ilin 8 mayından başlayıb. O gündən ki, doğulduğu Şuşa mənfur yağıların əlinə keçib. Şuşada cəmi üç il yaşayıblar. Atası bu zaman Böyük Vətən müharibəsi cəbhələrində döyüşürdü. Deyir ki, müharibənin, ehtiyacın, gözü ilə od götürməyin nə olduğunu elə körpəlikdən hiss etmişəm. Sonra Bakıya köçdük.
Ləyaqəti, ad-sanı, şəxsiyyəti insan həyatda özü qazanır. Ancaq bu ləyaqətin də, ad-sanın da, şəxsiyyətin də kökü gərək qanda ola. Bu mənada İntiqam Qasımzadə xoşbəxt adamdır. Ata babası dəmirçi Məmməd otuz yaşına qədər Maştağada tanınan, sayılan beş kişidən biri olub. 1905-ci ildə köçüb gəlir Bakıya, Kömürçü meydanının alt tərəfində bir "mülk" alır, dükan açır, sənətini davam etdirir. Böyük oğlu Ağa həkim oldu, uzun müddət Lənkəranda işlədi. Həsən Qasımov Bakı Pedaqoji Texnikumunu bitirib, Şəkidə, İsmayıllıda, Mərdəkanda, Astraxanbazarda, Maştağada müəllim işləyir, müharibədə iştirak edir, 416-cı Taqanroq diviziyasında mahir bir topçu kimi tanınır, şərəfli döyüş yolu keçir. Müharibədən sonra ADU-nu bitirir, sonra elmi fəaliyyətlə məşğul olur, bir folklorçu kimi tanınır.
İntiqamın atası Böyükağa Qasımzadəyə (1916-1957) gəldikdə isə... Qısa bir ömür sürməsinə baxmayaraq, Böyükağa Qasımzadənin ədəbiyyat tariximizdə bir şair və tərcüməçi kimi öz yeri var. O, ilk şeirlərini otuzuncu illərin əvvəllərində qələmə alıb - ilk kitabı - "Murad" poeması 1937-ci ildə işıq üzü görüb. Şeir və poemalarında o dövrün quruculuq pafosu, Azərbaycanın tərənnümü, müharibədə döyüşən əsgərlərimizin igidliyi və sevgi duyğuları tərənnüm olunub. Lakin Böyükağa Qasımzadə bir tərcüməçi kimi daha çox diqqəti cəlb edir. Bu sahədə ilk uğurunu o, 1937-ci ildə qazanır. Həmin il A.S.Puşkinin anadan olmasının 100 illiyi münasibətilə M.F.Axundzadənin "Puşkinin ölümünə Şərq poeması"nın tərcüməsi ilə bağlı müsabiqə təşkil olunur. Bu müsabiqədə birinci mükafat heç kimə verilmir, ikinci mükafatı isə Sənaye İnstitutunun tələbəsi Böyükağa Qasımzadə əldə edir.
Gözlərimdən yuxunu qovaraq için-için
Qaranlıqlı bir gecə qəlbimdən sordum: neçin
Gülşəninin bülbülü unutdu nəğməsini,
Bəlağət tutin kəsdi incə, dilbər səsini?
Söylə, söz düzmək yolun,
söylə, nədən qapandı?
Noldu xəyal qasidin gedişindən dayandı?
Böyükağa Qasımzadə fars dilini mükəmməl bilirdi və təsadüfi deyil ki, o, M.F.Axundzadənin poemasını da farscadan tərcümə etmişdi. Onun farscadan ən mükəmməl tərcüməsi isə Füzulinin "Yeddi cam" əsəri olub. Elə bir tərcümə ki, onun alternativi yoxdur və rəhmətlik Əkrəm Cəfər deyirdi ki, Böyükağa Qasımzadənin bu tərcüməsi əsl şedevrdir. B.Qasımzadənin Nekrasovdan, İvan Frankodan, Yan Raynmsdən, Musa Cəlildən də, "Sasunlu David"dən də gözəl tərcümələri var.
Vətən müharibəsi başlanan kimi B.Qasımzadə qələmini silahla əvəz etdi. Cənub cəbhəsində atıcı rotasının komandiri, Zaqafqaziya cəbhəsində "Döyüşçü" qəzeti redaksiyasında məsul katib kimi şərəfli yol keçir. Aleksandr Fadeyev Böyükağa Qasımzadəni ön cəbhədə görmüş, Səməd Vurğuna demişdi ki, sizin nə qədər belə istedadlı şairləriniz var ki, sabahı fikirləşmədən döyüşə göndərirsiniz? Fadeyev B.Qasımzadəni 37-ci ildə gənc şairlərin ilk Ümumittifaq müşavirəsindən tanıyırdı.
Müharibədən sonra B.Qasımzadə ədəbi fəaliyyətini davam etdirir, bir müddət "Ədəbiyyat qəzeti"ndə İncəsənət şöbəsinin müdiri, 1953-cü ildən ömrünün sonuna qədər "Azərbaycan" jurnalında Poeziya şöbəsinin müdiri vəzifələrində çalışır. O zamanın gənc şairləri - N.Həsənzadə, Y.Həsənbəy, İ.Tapdıq ilk şeirlərinin jurnala yol tapmasında B.Qasımzadənin köməyini fərəhlə xatırlayırlar.
İntiqamın dediklərindən: "Atam 41 yaşında, 57-ci ilin avqustun axırlarında qəflətən vəfat etdi. O zaman on dörd yaşım təzəcə tamam olmuşdu. Tez-tez mənə, qardaşım Daşqına sual verirlər ki, sizlərdən hansınız o kişiyə oxşayır? Cavabında deyirəm ki, heç birimiz! O, çox ciddi, ağırtəbiətli adam idi, danışığında, rəftarında bir qırıq artıq-əksikliyə yol verməzdi. Amma bununla bərabər, çox incə, zərif yumoru vardı. Həm də gözəl səsi". Böyükağa Qasımzadə haqqında Süleyman Rüstəmin, İsmayıl Şıxlının yazıları var, o yazılarda onun insan və sənətkar kimi əsl portreti canlandırılır.
İndi İntiqam bir vaxtlar atasının işlədiyi jurnalda baş redaktordur. Bu, bir təsadüf deyil, məncə, ədəbi ənənənin davamıdır.
İntiqam Qasımzadə haqqında ən gözəl, ən səmimi yazılardan birini Kamil Vəli Nərimanoğlu yazıb. O yazıda İntiqam Qasımzadə hamımızın təsdiq edə biləcəyi aşağıdakı fikri də ürəyimizcədir: "İntiqam Qasımzadə təmkinli, səmimi, təmiz insandır. O, hamının gözünə dik baxa bilir: gözəl, təmiz ailəsi var, öz sənətində professionaldır, heç bir siyasi qurumdan asılılığı-filan da yoxdur, heç kəsin qarşısında öhdəliyi-filanı yoxdur, ucadan bağırıb deməyə ehtiyac hiss etmədən Vətənini də, millətini də ürəkdən sevir, o, özünü ədəbiyyatın sıra nəfəri sayır və bununla fəxr edir".
Və nəhayət, çoxlarına məlum olmayan bir sirr: İntiqam Qasımzadə həm də şairdir. Altmışıncı illərdə şeirlər yazıb, amma heç yerdə çap olunmamışdı o şeirlər. Yalnız 60 yaşı tamam olanda onların bir qismini "Azərbaycan"da çap etdirdi. Mən 75 yaşlı bu şair ruhlu insan haqqında sözümü də onun bir şeiriylə bitirmək istəyirəm:
Şəhərə yağış yağır,
Qəlbimə kədər.
Pəncərədən baxıram gecəyə
Gecə yağış altında
islanıbdır -
- cırhacıb -
Alt köynəyinə qədər.
Gecə yağışa bulaşıb
Yağış qaralıb gecədə
qara sel kimi axır.
Pəncərəmin arxasında dayanıb
islanıram gecəylə.
Yumuram gözlərimi
bəlkə quruyam.
Nə edim ki,
göz yummaqla qurumur adam.
Qurumuram,
İslanıram daha artıq.
Yağış navalçalarla içimə axır.
Öz ağır ritminin sonsuz təkrarıyla.
İçim islanır
bu gecə yağışının
navalçalarda çaldığı "Şüştər" muğamıyla.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!