Azər TURAN
Nə yaxşı bilmisən xəstə halımı,
Həqiqət eylədin xoş xəyalımı...
Musa Yaqub
Ömrüm boyu nəyisə axtardım,
itirəndə bildim ki, axtardığım itirdiyim imiş...
Nizaməddin Şəmsizadə
25 avqust. İsmayıllı, Buynuz kəndi. Musa Yaqubun evində
Əvvəl gözlərini, sonra qollarını açdı. Əyilib əlindən öpdüm. Onun poeziyasına, Buynuz gecəsinin sərin havasına sinmiş Ruhuna, Musa Yaqubun ağrılı canına, böyük kədərinə təzim etdim:
- Səncə keçib gedəcək?
- Mütləq keçəcək...
- Yaxşı başlamışdıq. Heyif, yarıda qaldı.
Bildim ki, qəzeti nəzərdə tutur. Dörd ildir ki, Musa Yaqub yeni nə yazdısa, "Ədəbiyyat qəzeti"nə göndərdi. Nə göndərdisə, çap olundu.
- Yarıda niyə qalır, davam edəcəyik.
- Xaqani möcüzədir. Oxuyursan, elə bil adamla dərdləşir. Xaqani barədə poema başlamışam.
- Verin, çap edək.
- Yox, hələ üç bəndini yazmışam.
- Yəqin başqa yazılar da var.
- Yox, elə sonuncu şeir "Sən mənimləsən" oldu. Hərdən onu oxuyuram. Elə bil mən yazmamışam, Ruhum yazıb. Əsas olan Ruhdu. Şeiri Ruh yazır...
- Kahinlik etmişdiniz o şeirdə.
- Üç belə şeirim var.
- O birilər hansılardı?
- "Sən mənimləsən", "İnanmadığım"...
Gözləri yol çəkir. Üçüncüsünü xatırlaya bilmir. Araya sükut çökür. Gecə, su şırıltısı və qarşı dağdan əsən sərin meh...
- Bir də görürsən, balaca oğlandır, heç durna görməyib. Amma şeirdə üçtelli durna sözünü oxuyub durnanın nə olduğunu anlayır. Ömründə durna görməsə də, üçtelli durnadan xəbəri var. Özünün xəbəri yoxdu. Amma Ruhu durnanı tanıyır. Əsas olan Ruhdur...
Sonra gözlərini dolandırıb baxır. Nəzərləri bir nöqtəyə zillənir. Çöhrəsi işıqlanır. Lap yaxınımızda - yüyrükdə uyuyan körpəni göstərir: O balacanı görürsən? Həm Musadı, həm də Yaqub. Musa Yaqub. Ad günümdə dünyaya gəldi. Nəticəmdi...
23 avqust 2018. Bakı, Yasamal. Nizaməddin Şəmsizadənin evində düşüncələr
- Bunu heç gözləmirdim, - ilk sözü bu oldu.
Nə cavab verəcəyimi bilmədim.
Sözlərin bitdiyi yerdəydik...
Nizaməddin Şəmsizadə İppolit Tenin heyranıdır. O da Ten kimi düşüncələrində idealizmi materializmlə barışdırmağa cəhd edib. İrq, mühit, moment nəzəriyyəsi Şəmsizadənin yaradıcılığından hər zaman mavi, qırmızı, yaşıl xətt kimi keçib. Şəmsizadənin universal elmi-nəzəri arsenala malik fikirlər aləmi, təfəkkür dünyası apriori düşüncələrilə fərqlənib. Belə alimlər nəinki çağdaş, ümumiyyətlə, tarixən Azərbaycan filoloji düşüncəsində barmaqla sayılacaq dərəcədə az olub. Nizaməddin Şəmsizadənin əsərləri müzakirəyə, mübahisəyə açıqdır. Amma onu tənqid edənlər məhz bu nöqtəni - Şəmsizadənin İlahidən vergili doğulduğunu nəzərə almayıblar. İnanıram ki, Nizaməddin Şəmsizadəni tənqid edənlər üçün məkan sınırları mənasında ərazi genişliyi heç zaman üfüq xəttini əvəz edə bilməz. Bu mənada Nizaməddinin düşüncə yapısında bərqərar olan türk layına nüfuz etmədən onun üslubunu anlamaq mümkün deyil. Nizaməddin Şəmsizadə Azərbaycan bədii düşüncəsinin ilkin və Orta əsrlərindən XX yüzilə və bugünə qədərki tarixi varlığının təsnifatını verən, onun gələcək oriyentasiyasını müəyyənləşdirən alimlərimizin ən dəyərlilərindəndir. Azərbaycan ədəbiyyatşünaslığında 1930-cu illər bədii-nəzəri təfəkkür tarixini sistemə salmış böyük ədəbiyyatşünasdır. Bu tarixin 1937-ci ilə qədərki mənzərəsi Nizaməddin Şəmsizadənin araşdırmaları olmasaydı, güman edirəm ki, belə asanlıqla və tam aydınlaşa bilməz, aydınlaşma, durulma prosesi xeyli yubanardı. Hətta bəzən adama elə gəlir ki, Şəmsizadə Əli Nazim, Bəkir Çobanzadə, Əmin Abid, Mustafa Quliyev, Hənəfi Zeynallı, Atababa Musaxanlı, Məmmədkazım Ələkbərlidən ibarət elmi-ədəbi pleyadanın son təmsilçilərindəndir. NKVD-nin güllələnmə hökmlərinə zəmin hazırlayan bolşevik inzibati ədəbiyyatşünaslığının 1937-ci ildə deyil, hələ buna qədər şərlədiyi, qaraltdığı və söndürdüyü bu pleyadanı Nizaməddin müəllim hələ illər öncəsi ən dəqiq təyinatla "İtmiş nəsil" adlandırırdı. Nizaməddin bu pleyadanı taleyindən keçirtdi. Onların ağrıları Şəmsizadənin qələmindən canına sıçradı, mürəkkəbindən qanına hopdu.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!