Məzahir Şəhamət - 1966-cı ildə Güney Azərbaycanda, Ərdəbil əyalətinə daxil olan Meşkinşəhr yaxınlığındakı Rəzi qəsəbəsində doğulub. Əsərlərini farsca yazır. “İlk şeirlər” adlı poetik toplusu 1993-cü ildə işıq üzü görüb. Sonralar nəsr sahəsində də qələmini sınayıb. İndiyədək iki romanı çap olunub, “13” adlı hekayələr toplusunun nəşrinə isə icazə verilməyib. Aşağıdakı şeirlər “Dairənin neçənci küncündən” adlı toplusundan seçilərək tərcümə olunub.
Həmin bu otaqda
sizin ayağınızın yanında
stolun kənarında iki stul
üstündə iki boş stəkan
hələ də lal soba və qəhvə iyi
yox, güzgüdən heç nə soruşma
işıq sönəndən sonra heç nəyi xatırlamır
sən tarixi müqayisələri unutmusan
nəyinsə forması ya rəngi heç bir zamanı yada salmır
hətta pəncərədən necə canlandırıcı
şəkildə baxsan da.
Nə varsa hər şey lal dumanda gizlənib
onlar kim olublar
nə ediblər burada
və hara gediblər?
Çoxlu başqa suallar da var səslənər əgər qoysan
qoymursan
cavablar asan deyil
bilirsən, sözlər çox güman, bu həndəvərdədir
künc-bucaqda
yarıqaranlıq fəzada
əşyaların üstündə
cansıxıcı havanın böyründə
onları necə görə, yaxud eşidə bilərsən?
Düşünürsən ki, bilməzsən və heç kəs heç vaxt
pəncərəni açırsan
hava həmişə sirlərlə dolu olub
otaqdan elə çıxırsan, elə bil heç zaman onda olmamısan
küçədə kimsə səndən soruşur:
“Cənab, doğrudanmı o evdə iki nəfəri öldürüblər?”
Deyirsən:
“Bəli, mən də gördüm”.
İndi bir çadırda oturub kuzəni
dodağıına yaxınlaşdırısan
meydanda
iki kişi bir-birinin üstünə qılınc çəkib
qəbilə də hamılıqla bir-birinə dəyib.
Telefonun zənginə ayağa durursan
kimsə söyləyəcək:
“Bir çətinliyin yoxdur ki?”
Sən yenə də deyəcəksən:
“Yalnız azca yuxum gəlir, vəssalam”.
***
Yadımdadır, dünyanı qar bürümüşdü
dünya sanki əbədi bir sakitlikdi
şaxta ağ dənəcikləri artıq saymırdı
bir şeir yazmışdım
ilk bəndində haçandan dar ağacında qalmış kişinin iki gözü
bir qasırğa cəsədi toza bürüyəndə
sürüşmüşdü aşağı və gözdən iraq
indi başqa bir şeir yazmaq istəyəndə
payız parkda məğrur dayanıb bütün rənglərlə
çatırlar birinci misraya
elə zillənirlər baxışıma ki,
şeir bir gölməçəyə dönür dumanlı qorxu içində.
Nə üçün bura qədər qaçmışam
niyə məhz bu skamyada oturmuşam
bu cür düşünə bilərdimmi
ya başqa cür?
Gözümü yumuram
iki göz yarımçıq qırmızıdan baxır
dünya tumurcuqlayıb yaşıllamış dar ağaclarıyla doludur
bir təpənin üstündə
bahar daşqalaq olunur
qoca kişi deyir:
cənab, fikir eləmə, səhərlər həmişə gecikir
tezliklə öyrəşəcəksən.
Uzaqdan da bir səs eşidirəm:
yağış yağsa da, mənim boğazım quruyub.
***
1.
Adamlar öz kölgələrinin kölgəsidir
qaranlıq düşür
kölgəsiz kölgələr bağlı qapılar arxasında
ah çəkir
və kölgələri
otaqda tənhalıqdan çatlayır
bir qədər uzaqda
gecəylə dolu həyətdə
bir şairin kölgəsinin kölgəsi
kölgəsinin dalınca ağlayır
və qara bir pişik
boş yolu cırmaqlayır.
2.
Otağa giririk
ağ vərəqləri sayırıq
bir... yüz... min...
kölgələrimiz pillələr üzərində
başları bir-birinin çiynində
səhərəcən gözləyir.
Kimsə küçədə gəzişir
bir... iki...
bir... iki...
ayaqları kölgələrin ürək döyüntüsünü sayır.
Bir gecə
biz vərəqləri sayıb qurtaracağıq
və kölgələrimizlə
başlarımız bir-birinin çiynində
pillələrdən enib
qəbiristanlığa yollanacağıq
bir az gəzişməyə
və bir az şeir deməyə.
Farscadan tərcümə: Məsiağa Məhəmmədi
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!