Rus ədəbiyyatının qızıl dövrü sayılan XIX əsr nəhəng dühalar sırasında ilk olaraq A.S.Puşkini dünyaya bəxş etmişdir. Bütün sələflərindən yüksəkdə dayanan, çox qısa ömründə zəngin yaradıcılığı ilə rus poeziyasını ucaltdıqca ucaldan bu qüdrətli şair günü bu günə qədər xələflərinin də önündə gedir. Təsadüfü deyil ki, hələ ötən əsrin ortalarında rus ədəbiyyatşünaslığında belə bir şüar var idi: "Vpered k Puşkinu!", yəni "Puşkinə doğru irəli!"
M.Qorki onu ruslar üçün "bütün başlanğıcların başlanğıcı" hesab edirdi. Görkəmli tənqidçi V.Belinski şairin şah əsəri olan "Yevgeni Onegin"i "Rus həyatının ensiklopediyası" adlandırırdı.
XX əsr Azərbaycan poeziyasının möhtəşəm sütunlarından biri olan Səməd Vurğun "Yevgeni Onegin"i dilimizdə səsləndirəndən sonra belə yazırdı: "Mürəkkəb və zəhmətli iş idi. Boynuma alıram ki, üstündə gecə-gündüz işlədiyim "Oneginə" sərf etdiyim vaxtı, qüvvəni heç bir orijinal əsərimə sərf etməmişəm… Son nöqtəni qoyanda mənə elə gəldi ki, dağı yerindən oynatmışam…"
"Mürəkkəb və zəhmətli iş" nə idi?
Roman əvvəldən axıra kimi eyni qaydada qafiyələnən, hərəsi on dörd misralıq bəndlərdən ibarətdir. Bütün bəndlərdə qafiyələnmə belədir: ilk dörd misra çarpaz, ikinci dörd misra qoşa, üçüncü dörd misrada birincilə dördüncü, ikinci və üçüncü misralar öz aralarında, axırdakı iki misra isə qoşa qafiyələnir. Tərcümə zamanı bu qeyri-adi formanı belə böyük həcmli əsərdə sona qədər gözləmək, şübhəsiz ki, xüsusi məharət tələb edir. Əvvəldən axıra qədər eyni vəzn yorucu və maraqsız ola bilər. Orijinalda müəllifin əlinin altında dörd ahəng (vəzn) var - yamb, xorey, daktil, amfibraxiya, lazım gələndə ahəngi asanlıqla dəyişə bilir, bizim onbirlikdə isə bu o qədər də asan deyil, xüsusən də formanın qəlibindən çıxmadan.
Bəs indiyə qədər dəfələrlə nəşr olunmuş və dilimizdə bədii tərcümənin zirvəsi sayılan, hətta bəzi mülahizələrə görə ayrı-ayrı məqamlarda orijinaldan daha üstün olan bu tərcümədən sonra "Yevgeni Onegin"in dilimizə yenidən çevrilməsinin vacibliyi qənaətinə necə və niyə gəldim?
Etiraf edim ki, bu yaxın illərəcən tərcüməni oxumamışdım və hər tərəfdən eşitdiyim rəylərə görə tərcümənin möhtəşəmliyini hamı kimi, mən də qəbul etmişdim, əsəri öz dilimizdə oxumağa ehtiyac duymamışdım. Əslində bu yanaşma ədəbiyyat adamına üzağlığı gətirməyən bir mövqe olsa da, belə etmişdim. Çünki bu mənzum romanı orijinalda oxumuşdum və özümə görə yetərincə mənimsəmişdim. Onu da öz hesabına yox, Moskvada M.Qorki adına Ədəbiyyat İnstitutunda görkəmli ədəbiyyatşünas, professor Gennadi Nikolayeviç Pospelovun tədris etdiyi bir semestrlik (altı aylıq) "Yevgeni Onegin"dən bəhs eləyən xüsusi kursun hesabına. Professor hər mühazirədə Puşkinin böyüklüyünü, dərinliyini yeni yöndən işıqlandırır və bizə təlqin eləyirdi ki, ömrünü ədəbiyyatla bağlayan hər kəs, eləcə də mədəni oxucu, gərək "Yevgeni Onegin"i ömrünün hər mərhələsində yenidən oxusun. Onda o, Puşkinin yeni qatlarını, yeni dərinliklərini özü üçün kəşf edəcək. Əsərin ilk bəndini dırnaq arasına alan şairin qüdrətinə fikir verin - deyirdi - cəmi on dörd misrada birdən iki nəfərin, baş qəhrəmanın və onun ölüm ayağındakı doğma əmisinin, portret cizgilərini çəkir, yolboyu sinikcəsinə düşünən bir povesanı (haylazı) - Yevgenini və abırlı, ismətli əmisini oxucuya təqdim edir. Onların əsl xarakterləri, həyat tərzləri sonra açılacaq".
G.N.Pospelov smestr boyu bizi ən azı 2-3 dəfə "Yevgeni Onegin"i oxumağa vadar etmişdi. Bu səbəbdən də əsəri kifayət qədər mənimsəmişdim, sonralar isə tərcüməni oxumağa ehtiyac duymamışdım. Bir daha etiraf edirəm ki, bu, adama üzağlığı gətirən cəhət deyil və şükürlər olsun ki, sonralar, lap bu yaxın illərdə səhvimi anlayıb məşhur tərcüməni oxudum. İlk dörd misrada:
Mənim qayda güdən və nizam sevən
Əmim xəstələnib yatanda gerçək,
Hörmət etdirərdi özünə cəbrən,
Ağlına yaxşı şey gətirməyərək…
- dayandım. Axı mənim bildiyim orijinalda əmi müsbət bir insan kimi təqdim olunur. Burda isə kimlərisə cəbrən (zorla) özünə hörmət etdirir, ağlına yaxşı şey gətirmir. Axı yer üzündə heç kəs heç kəsi cəbrən (zorla) özünə hörmət etdirə bilməz, ən dəhşətli müstəbid olsa belə! O, yalnız iradəcə zəifləri yaltaqlığa sövq eləyə bilər, bu da kənardan sadəlövhcəsinə hörmət kimi görünər, əsl həqiqətdə isə nəyinsə xatirinə yaltaqlanmağa məcbur olan hər kəsin qəlbinin dərinliyində yaltaqlandığı obyektə dərin nifrət, kin olur. Və burada təbiətcə yaltaq olanlar hesabdan deyil, onların faciəsi tamam başqadır. Mətləbdən uzaqlaşmayaq, orijinala nəzər salaq:
"Moy dyadya samıx çestnıx pravil
Koqda ne v şutku zanemoq,
On uvajat sebya zastavil
İ luçşe vıdumat ne moq…"
İndi bu misraların dəqiq sətri tərcüməsinə nəzər salaq.
Ən dürüst əxlaqlı (abırlı-ismətli) əmim
Xəstəliyinin ən ağır çağında
Özünü məcbur etdi ki, hörmət qoysun (saxlasın)
Bundan yaxşısını (variantı) ağlına da gətirməzdi…
Fikir verirsinizmi, orijinalda əxlaq (abır-ismət) sözü yoxdur, onu "samıe çestnıe pravila" sözləri ifadə edir. İkinci misrda "Koqda ne v şutku zanemoq"un sətri tərcüməsində bu sözlər xəstəliyinin ən ağır çağı kimi ifadə olunub. Üçüncü misra sözbəsöz tərcümə edilib, lakin "hörmət qoysun" yaxud "hörmət saxlasın"da (kimlərə? kimlərin?) sualların cavabları hələ yoxdur, sonra açılacaq. Sətri tərcümənin dördüncü misrasında mötərizədə verilən "variant" kəlməsi orijinalda yoxdur, amma yadda saxlanır. Yəni bu adamın heç kəsdən heç bir umacağı yoxdur. Bax beləcə, hələ sətri tərcümənin özündə bu qədər incəliklər mövcuddu.
Beləliklə, ilk dörd misranın orijinalı ilə bədii tərcüməsini yan-yana qoyub gördüm ki, orijinaldakı əmi ilə tərcümədəki əmi daban-dabana bir-birinə zidd adamlardı. Tərcümədə sözlərin şəkli çəkilib (çevrilib) və hazır qəlibdə özlərini çox narahat hiss eləyirlər. Ruslarda bir "krepkiy oreşek" (bərk qoz, çətin sındırılan qoz) ifadəsi var. Sırf xəlqi dildə yazan Puşkinin bütün misraları həmin "krepkiy oreşek" kimidir. Üzdə nə qədər cizgili, cazibədar görünsə də bizə (oxucuya) qozun qabığı yox, içindəki ləpə maraqlıdır.
Birinci bəndin sonunda dırnaq bağlanır, "Tak dumal molodoy povesa" misrası ilə ikinci bənd başlanır. İlk bənddə baş qəhrəmanın portret cizgiləri açıqlanırdısa, burada onun xarakteri konkret olaraq bircə sözlə, "povesa" kəlməsilə təqdim olunur. Puşkinin zamanında eləcə də onun bir çox əsərlərində, tez-tez işlənən bu söz məna etibarı ilə çox tutumlu, çoxçalarlı bir kəlmədir. Tənbəl, veyil, dəcəl, şuluq, bir azca da özündən razı, yekəxana çalarlarını özündə ehtiva eləyən bu söz tərcümədə sərsəri kimi verilib.
Puşkindən yüz il sonra poeziya səmasında parlayan və Puşkini öz müəllimi kimi qəbul eləyən Sergey Yesenin bu dahi şairə həsr etdiyi şerində ona xitabən deyir:
O, Aleksandr! Tı bıl povesa,
Kak ya seqodnya xuliqan.
yəni:
Sən, ey Aleksandr, dəcəl olmusan
Mən bu gün xuliqan olduğum sayaq.
Təbiidir ki, bu böyük şair öz böyük müəlliminə "sərsəri" deməzdi. Puşkinin Yevgeniyə verdiyi "povesa" adı (təşbehi) çox dəqiq tapılmış sözdür və bütün əsər boyu müxtəlif məqamlarda yuxarıda sadaladığım çalarların uyğun gələni mənasında işlədilir. Və buradaca etiraf eləyim ki, öz tərcüməmdəki "veyil" (birinci nəşr), "şuluq" (ikinci nəşr) kəlmələri də "povesa" sözünə tam adekvat deyil. Uzun düşüncələrdən və axtarışlardan sonra belə qənaətə gəlmişəm ki, Türkiyə türkcəsində geniş, bizim türkcədə çox az (bəlkə də nadir hallarda) işlənən haylaz kləməsi daha münasibdir.
Tərcüməni sonadək oxuyub qurtarandan sonra yuxarıda qeyd etdiyim və sonralar rast gəldiyim bir sıra yanlışları kənara qoyub böyük şairimizin yaradıcı qüdrətinə bir daha valeh oldum. Amma Puşkinə dərin rəğbətimə rəğmən tərcümədəki xətalar sanki mənə "götür, redaktə elə!" - deyirdi. Lakin böyük ustadın qələminə qələm gəzdirməyi bağışlanmaz qəbahət sayıb bu fikirdən vaz keçdim. Öz-özümə hər iki dahinin ruhlarından izn istəyib əsəri yenidən tərcümə etmək xəyalına düşdüm. Bir müddət tərəddüd elədim. Sonra dünya ədəbiyyatında məlum şedevrlərin bir neçə tərcüməsinin mövcudluğu məni ruhlandırdı, ürəyimdə öz-özümə "qorxma, giriş, alınmazsa cırıb atarsan!" - dedim.
S.Vurğunun tərcüməsi mənim üçün bir məktəb oldu. Ustaddan bəhrələnə-bəhrələnə, bircə misrasını, bircə qafiyəsini təkrar etmədən, uzun yaradıcılıq işgəncələrindən keçə-keçə, nəhayət, tərcüməmi bitirib, üzə çıxardım. İlk xoş səda tələbəlik dostum, görkəmli tərcüməçi Səyavuş Məmmədzadədən gəldi. Ürəklənib ədəbi zövqünə hörmət elədiyim dostlara, tanışlara hədiyyə elədim. Sadəcə qınayanlar da, susub kiriyənlər də oldu. Şükürlər olsun ki, ikinci xoş səda mötəbər rəyilə hamının razılaşdığı xalq yazıçısı Elçindən gəldi, get-gedə xoş sədaların sayı artıb sadəlövh qınaqları üstələdi və "Yevgeni Onegin"in ikinci nəşri işıq üzü gördü.
Yalnız və yalnız ədəbiyyatımıza xidmət məqsədi daşıyan bu işimə görə inanıram ki, özünün böyüklüyünü hamıdan yaxşı bilən və haqlı olaraq Puşkinə:
Sənət vadisində gəlsin üz-üzə
Sənin Tatyananla mənim Humayım -
deyən ünlü şairimizin əziz ruhu zərrəcə inciməyib, hələ bəlkə də xoşlanıb ki, sevdiyi şairin sevdiyi əsəri ana dilimizdə heç olmasa bir addım irəli gedib.
Zərrəcə qürrələnmirəm, sadəcə, yalançı təvazö çanağından çıxıb böyük Səməd Vurğunun ikicə kəlməsini dəyişməklə öz sözlərilə deyirəm:
Axıtdım alnımın incm tərini,
Yanmadım ömrümün neçə ilinə;
Rusiya şerinin şah əsərini
Çevirdim Vurğunun şirin dilinə!
Və sonda, haqqında bu qədər ətraflı söhbət açdığım o məşhur bəndi öz tərcüməmdə təqdim edirəm. Bəlkə tərcüməni bütövlükdə oxumadan fikir yürüdənlər, eləcə də hələ ondan xəbərsiz olan möhtərəm oxucular həvəsə gəlib təklif etdiyim variantı sonacan oxuyub öz mötəbər fikirlərini söyləyərlər.
“Ən dürüst əxlaqmış abrı, isməti;
Mənim xəstə əmim ağır çağında
Canı cəfasına hörmət gözlədi,
Olmadı kimsədən umacağı da;
Onun bu örnəyi dərsdi qalana,
Necə sıxıntıdı, ya Rəbb, insana,
Xəstənin yanını kəsdirib durmaq,
Gecəli-gündüzlü boynunu burmaq:
Ən rəzil riyadır belə saatda
Nazıyla oynayıb bir yarımcanın,
Vaxtında yetirib dava-dərmanı,
Yastıq düzəldirkən başının altda,
Üzdə ah çəkəsən, qəlbdə deyəsən:
Nə vaxt gedəcəksən cəhənnəmə sən!?”
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!