Bu film və bu hekayə, məni niyə belə özünə çəkirdi (çəkir)?..
Hətta, bu ilin lap başlanğıcında, 40 yaşımın astanasında, bu filmin saundtreki olaraq xatırlayıb, internetdə axtarıb tapıb, “Ad günü ” filminin saundtreki (rəhmətlik Emin Sabitoğlu, min yaşa...) olduğunu biləndən sonra da telefonuma yüklədim...
Amma, o musiqi bu filmə yaman yaraşardı...
Nostalgiyadırmı?
Qocalırıqmı?
Nə isə...
Əvvəlcə filmdən (“Gün keçdi”, rejissor Arif Babayev, ssenari müəllifi Anar) danışım...
Daha doğrusu, filmin əvvəlindəki bir neçə kadrdan. Çünki, lap əvvəl filmdən yazmaq istəyirdim. Sonra elə filmdən yaza-yaza onun əsasında dayanan hekayəni (Anar, “Gürcü familiyası”) internetdə tapıb bir də oxudum. Fikrimi dəyişib bu dəfə hekayə haqqında yazmağa başladım. Bəlkə də, həm də işimin bir az asan olacağı üzündən...
Bu səbəbdən də, “Gün keçdi” barədə yazdıqlarıma da dəymədim.
Yazmışdım ki, filmin əvvəlində, yəqin ki, bu görüntülər təsadüfi deyil, rejissor və ya ssenari müəllifi bunu təsadüfən fikirləşməyib əvvəldə - balaca bir qızcığaz təbaşirlə asfalt üzərində bir qadın (qız) və bir kişi (oğlan) şəkli çəkir, birdən yağış yağmağa başlayır, o balaca qız da qaçıb gedir...
Özlüyündə aydındır bundan sonra olanlar, yəni, yağışdan sonra o çəkilmiş şəkil qalsa da belə, yağışdan öncəki şəkil olmayacaq, ola bilməyəcək. Bununla işim yox... Yağış başlayır, adamlar islanmamaq üçün ora-bura qaçışır, daldalanacaq axtarır, bu zaman fərqinə də varmadan qızcığazın min-bir əziyyətlə çəkdiyi şəkilləri hiss etmədən, görmədən ayaqları altında tapdalayır və yenə yağış yağır, belə-belə zaman keçir... gün keçir... və bir azdan heç nə əvvəlki kimi olmur...
Və bir də heç nə əvvəlki kimi olmayacaq...
Sonra o qız yenidən görünür ekranda, bu dəfə gülür kameraya. Ancaq onun gülüşü nədənsə mənə çox kədərli görünür. Gülmək istəmir elə bil... Deyəsən, balaca olsa da, bir azdan nə baş verəcəyini bilir axı...
Sonra Oqtay aeroporta gedəndə, əfsanəvi “Qaya” qrupunun ifasında ”Bir gecə mehman ol, gəl...” mahnısı epizodik olaraq canlı səslənir. Küçənin ortasında.Hamı eşidir... Oqtaya acıq verirlər elə bil...
Hələlik Oqtay özü bilməsə də, Əsmər durub Moskvadan Bakıya, Oqtaya bir günlük “mehman olmağa” gəlir... Sonrasa heç nə... Həmişəki kimi... Oqtay susur...
Filmdə Oqtay Əsmərdən xoşu gəldiyini, ancaq onu heç vaxt sevmədiyini deyir tamaşaçıya...
Belədirsə, Oqtay Əsməri sevməyibsə, keçmiş məhəbbətinə bu qədər bağlı deyilsə, nə üçün Əsmərin teleqramını gətirən qonşu qızının ona zillənmiş maraqlı, həsrətli, nazlı baxışlarına belə biganədir, onu görmür? Hələ aeroportdakı kassada oturan qız da ona maraqla baxırdı axı. Bəlkə başqası var? İnanmıram... Oqtay niyə evlənməyib indiyə qədər? Özlüyündə bəhanələr gətirir... Ancaq bunlar bəhanələrdir...Müəlliflər də heç bir suala heç bir cavab vermir. Bilərəkdən yəqin. Sualları göstərirlər və cavabları tamaşaçının öhdəsinə buraxırlar. Bunlar da öz yerində.
Bunu da deyim: Film hekayədən daha təsirlidir. Daha çox tutur adamı.
Görünür, “yüz eşitməkdənsə, bir dəfə görmək yaxşıdır” ifadəsi boş yerdən yaranmayıb...
İndi isə “Gürcü familiyası”ndan yazım...
Hekayə ayrı notlarla başlayır...
Görünür ki, Əsmər keçmişi ilə bağlı çox şeyi yaddan çıxarıb. Bir Oqtayla bağlı xatirələr isə hərfbəhərf onunladır, heç biri hərfini, rəqəmini, misrasını unutmayıb.İndi bu saat da Oqtayı düşünür. Oqtay yanında olsa da, beynindən çıxmır. Təsadüf ola bilərmi bu? Suallar verir ona. Belə: “Mən ərli arvadam, ilk eşqimin vüsalına gəlmişəm, deyirsən bəs heç bir sirr-zad olmasın?”
“Bir adamnan gəzib eləyirsən?”
“Sən niyə evlənmirsən?”
“Mən də ömrümdə bir dəfə “yox” əvəzinə “hə” demişəm. Amma bu, başqa söhbətdir”.
“Yadındadı, o axşam mənim çəkməmin dabanı çıxmışdı, sən də məni ötürürdün? Hər şey başqa cür ola bilərdi.”
“Əcəb nəzakətlisən. Deməli, sən mənimlə vaxtını öldürürsən?”
“Sən isə cavanlıqda da axmaq olmusan, elə indi də axmaqsan”
İllər əvvəl Oqtay nə üçün Əsmərə onu sevdiyini demir, onunla birlikdə olmaq istəmir?
Cavab burdadırmı? Yəqin:
“Bilirsən səni görməyimə necə şadam. Elə səni görmək üçün gəlmişəm də...”
“Belə olsaydı nə vardı ki, - deyə düşündüm, - bu cür xoşbəxtliyə inanmaq olar? Özü də belə asan?»
Aha... Aydındır ki... Oqtay heç vaxt inanmır ki, Əsmər onu sevə bilər, onu sevir, onun ola bilər, hətta onu görməyə gələ bilər. Yəqin ki, “axmaq” olmasaydı, çoxdan bunu görmüş olardı. Çoxlu sübutlar var axı belə fikirləşməkdən ötrü ortada...
Ancaq Oqtay bu xoşbəxtliyə, Əsmər xoşbəxtliyinə inanmır. İnana bilmir. Yəni, gözəl, ağıllı Əsmər bu qədərmi aşiqdir ona? Belə çıxır. Baxın bir: Oqtay aeroporta Əsməri qarşılamağa gedəndə, müəllif bunu açıq yazmasa da, söhbət məhz Əsmərdən gedirdi axı. Gələn adamın kim olmasıyla bağlı. Bax, bu söhbət. “Ağlıma bir fikir də gəldi. Amma bu fikir - xam xəyal idi. Qeyri-mümkün şey idi, baş tutan iş deyildi. Ola bilməzdi.”
Əsmər gəlir və deyir ki, Oqtay onun ilk eşqidir. Oqtay yenə də müqavimət göstərir buna ürəyinin inamsız dərinliklərində. Bilirəm, bu xoşbəxtliyə inanmadığındandır bunlar, bu cür olmağı. Bu, özünə istehzalı-filan münasibət də buradan gəlir elə:
“Vüsal, ilk eşq, filan... yalandır. Heç vaxt mən onun ilk eşqi olmamışam. O da mənim. Düzdü, bir az xoşuma gəlirdi. Necə deyərlər, bir az kəsirdim ondan. Amma ilk məhəbbət-filan... Heç yadıma gəlmir, mənim ilk məhəbbətim olub, yoxsa yox...”
Adam bu qədərdəmi özünə etiraf etməz olar bir şeyi?
Oqtay beləmi çox qürurludur? Nə bilim...
Ancaq bir az sonra, Oqtay Əsmər haqqında “baş tutmamış ilk sevdamdı” - deyir. Təsadüfmü sayaq? Niyə deyir, əgər elə deyildisə, Əsmərin sevdalısı deyildisə? Əlbəttə, elədir. Əsmər onun baş tutmamış ilk sevdasıdır. Oqtay bunu həmişə hamıdan gizlədib. Əsmərdən də. Hətta özünə də etiraf etmir. Orta məktəbdə oxuyanda uşaq cəsarətsizliyi, inamsızlığı ücbatından. Bu günsə “keçmişə qayıtmaq istəmirəm” - deyir. Hər halda özü belə deyir, bu barədə “rəsmi açıqlaması” budur. Budursa, onda müəllif niyə yazır ki, Oqtay indi də inanmır Əsmərin onu sevməsinə, ondan ötrü bu boyda Moskva-Bakı yolunu basıb gəlməsinə. Deməli, bu deyil...
Bu gün Bakıda birlikdə filmə baxdıqları yerdə baş verir bunlar:
“Sağ əlimdə Əsmərin barmaqlarının əsəbi titrəyişini duydum. Sonra sağ yanağımda onun saçlarını, sağ çiynimdə onun başını hiss etdim. Lap yaxından onun vurduğu ətrin xoş, məstedici qoxusu gəldi. Məndə dəli bir uşaq istəyi oyandı, onu öpmək istədim, amma yenə də, neçə il bundan qabaqkı kimi, öpmədim.”
Niyə öpmədi? Mən artıq hər şeyi başa düşməyə başlayıram.
Mən Oqtayın dediklərinə inanmıram. Onun keçmişin qayıtmasından qorxmasına, keçmişə qayıtmaq istəməməsinə.
Əslində, indi elə belədir yəqin ki, Oqtay, Camalın əşyası olmağını Əsmərə bağışlamır.
Çətin söhbətdir də. Sənin ilk sevdan kiminsə əşyasıdır. Bağışlanmalı dərd deyil ki... (Əsərdə buna da işarə var, Oqtay artıq Əsmərin əri olan Camalın mənzilindən danışanda deyir bunları.)
Budur: “Başqa bir aləmə düşmüşdük. Tərtəmiz, hədsiz səliqəylə, hədsiz zövqlə bəzədilmiş bu mənzil tamam başqa bir dünya idi. Bu aləmin hər detalı, hər əşyası qeyri-adi idi və Əsmər də bu aləmin bir əşyası idi. Amma nigaran, öz yerini tapa bilməmiş, narahatlıqla bu yeri axtaran əşyası, sanki o yeri tapıb, əbədi o yerdə sabitləşmak, hərəkətsizləşmək, donub qalmaq istəyən bir əşyası.”
Baxmayaraq ki, vaxtında Oqtay Əsmərin əşyaya çevrilməsinə mane olmağın bir addımlığındaydı. Camal onun yanından yel də olub ötə bilməzdi, əgər Oqtay istəsəydi. Nə olsun ki, Camal ingilis dili müəllimi idi, sonralar diplomat oldu, hətta şampan şərabı butulkalarını açmağı hamıdan yaxşı bacarır. Təəssüf. Bu gün Əsmər onunku ola bilərdi. Səbəbi nədir ki, olmadı?
Arada bunu da yaza bilərdim ki, Əsmər Oqtayı sevirdisə, Camalı istəmirdisə, niyə sonra durub Camala ərə gedirdi, nə məcburdu ki, nə qaçhaqaçdı?! Qoy cəzasını çəksin...Yazmıram... Hərənin öz bəhanələri var öz səhvlərini əsaslandırmağa... Çox vaxt gedər...
Oqtaydan danışaq yenə... Əgər Oqtay Əsməri sevməyibsə, sevmirsə, niyə belə fikirləşir, Əsmərin ərini niyə ilk gündən görən gözü yoxdur: “O ki, qaldı Camalla mənim münasibətlərimə - burda heç bir dramatik inkişaf, dəyişmə, xarakterin açılması və bu kimi şeylər yox idi. Əvvəlcədən Camal məni açmadı. Ondan sonra da heç vaxt fikrimi dəyişmədim. Xoşuma gəlmədi, vəssalam, bir dəfə gəlmədi və həmişə, daima gəlmirdi...”. Bu da aydındır. Camal Əsməri, dərdindən öldüyü Əsməri onun əlindən alıb.(Guya, Camal bir yana, Oqtayın Əsməri görən gözü vardı ki? )
Aşağıdakı fikirlər isə Oqtayın uşaqlığının acı xatirəsidir. Bilirəm ki, çox acıdır.
“O axşam, aprelin 29-da bizdən dağılışanda, mən də hamıyla birlikdə çıxdım. Əsməri ötürəcəkdim. Bir az geri qaldıq uşaqlardan, birdən tinbaşında Əsmərin çəkməsinin dabanı çıxdı. Mən maşın saxladım və ömrümüzdə bəlkə də ilk dəfə taksiyə mindik. Özümü elə itirdim ki, sağ əvəzinə, sola gedək dedim. Biz taksiylə Əsmərgilin evinə çatıb maşından düşdük. Qapılarının ağzında ayrılanda Əsmər birdən diqqətlə (indiki vaxtım olsaydı, deyərdim ki, işvəylə) mənə baxıb xəbər aldı: - Bəs sən mənə bir şey demək istəmirsən?”
Daha bundan artıq nə olmalıdır ki?
Bir qız daha nə deməlidir ki, sevdiyi, istədiyi adama?
Ay zavallı Oqtay...Yox, səni uşaq cəsarətsizliyinə, şahzadə xanımın səni sevməsinə inamsızlığına bağışlamaq olar. Bu gün isə düz elədin, yenə həmişəki kimi, susdun.
Hər şeyin cavabı isə budur. Həqiqət budur... Yazıram:
Oqtay Əsməri bir vaxtlar sevirdi, indi də sevir. Həyatı boyu bir Əsməri sevib. Ancaq Əsmərin onu sevməsinə, sevə biləcəyinə heç vaxt inanmayıb, indi də inanmır. Əsmərin atmacalarını da (istər indiki, istərsə də o uzaq keçmişdəki) heç vaxt ciddi qəbul eləməyib, inanmayıb. Sonra da Əsmər onun sevgisini tapdalayıb imkanlı Camala ərə gedib (Çətin həyat yaşayırdı, ehtiyac içindəydi uşaqlığında, ona görəmi? Yəqin, elədir). Buna görə o, həmişə Əsmərə sevgiqarışıq nifrət edib, edir. Onun sevgilisi başqasının arvadıdır, başqasının əşyasıdır. Bax, belə... Əsmər niyə başa düşmürdü ki, Oqtay Camalın əşyasını heç vaxt bağışlamayacaq... Məhz Əsməri çox sevdiyinə və çox nifrət etdiyinə görə bu gün onu bağışlaya bilməz...Onu öpə bilməz... özünü sındıra bilməz... Ona nələrisə etiraf edə bilməz... (Artıq səbəbi nə olur-olsun).
Deməli qərara gəldik:
Əvvəllər Oqtay heç vaxt inanmayıb ki, Əsmər onu sevir. O, Camala ərə getməklə Oqtayı ömrü boyu buna lap çox inandırıb.
İndi isə çox gecdir... Camalın arvadının qarşısında əyilmək, ona gülümsəmək lazım deyil...
“Sən isə cavanlıqda da axmaq olmusan, elə indi də axmaqsan”.
Sən də haqlısan, Əsmər. Hərə özlüyündə haqlıdır.
Ancaq bu nədir?
Niyə belə qurtarır?
Hekayə də...Film də...
Daha necə qurtarmalıdır ki... Kişinin qızı özü demiş, “ərli arvaddır” da...
Həyat niyə belə zalımdır?
Vallah, bilmirəm...
“Səhər məni yuxudan bacımın cingiltili səsi oyatdı: “Təbrik edirəm, təbrik edirəm. Böyük oğlan olasan, balaca bacını incitməyəsən. Əyilib məni öpdü, - sənə teleqram gəlib. Həştərxandan. Gürcüdəndir. Mən teleqramı qapdım. İki söz. «Təbrik. öpürəm.» Bir də imza: «Kamikadze».
Oqtaysa bilir ki, kamikadze gürcü familiyası filan deyil, ölümə məhkum pilotlara - kamikadze deyilir. Daha doğrusu, kamikadze - İkinci Dünya müharibəsində intiharçı yapon pilotlarının adıdır.
Bu vəziyyətdə isə, kamikadze Oqtayın Əsməridir. Bir azdan o Əsmər öləcək.
Məhz belə...
Çünki Oqtayla bağlı son ümüdi də məhv olmuş o Əsmər artıq kamikadzedir. Daha Oqtayın Əsməri olmayacaq. Təyyarə son dayanacağında, Moskvada yerə enəcək... Sonra nə olacaq? Aydındır. Bir azdan birdəfəlik əşyaya çevriləcək (hansı ki, Bakıya gələndə az da olsa ümidi vardı ki, Oqtay onu bundan xilas edə bilər) bir qadın bir daha geri qayıtmamaq şərti ilə aeroportda düşəcək və taksiyə minib öz evinə, ərinin, qızının yanına qayıdacaq.... Çünki, daha getməyə başqa yeri yoxdur....
Oqtay da yəqin ki, bu dəfə qonşu qızının üzünə gülümsəyəcək, ona diqqətlə, başqa cür baxacaq. Eynən o qonşu qızın ona baxdığı kimi...
Bunu da yazım: Bu görüş, əslində sondur... Oqtay və Əsmərin bir-birləri ilə bağlı olan bütün ümidlərinin sonu. Onlar bu görüşdə birdəfəlik başa düşürlər ki, “ötən günə gün çatmaz”, keçmişi geriyə qaytarmaq qeyri-mümkündür.Yaşamaq lazımdır...
"Hani derler ya, ben sensiz yaşayamam, diye. Ben onlardan değilim. Ben sensiz de yaşarım; ama seninle bir başka yaşarım…" Belə bir şey yəni... Vəssalam...
P.S. Yazını yekunlaşdıranda türk telekanallarının hansındasa oxuyurdular: “Sənə hər günümün ehtiyacı var...”
Azərbaycan telekanallarının birində isə bir qadın özünə lap əl qatmışdı: “Məni bir də cavan eylə...”
Təsadüfdürmü?
Təsadüf olar yəqin...
O gün keçdi... Cavanlıq keçdi...
Bir gecə mehman ol, gəl... İroniyaya bax...
Yəni sonda bu qədər bəsit olur hər şey?
Geriyə qalanlara bax da...
“Amma bu, başqa söhbətdir...”
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!