Yadımdadır ki, Hacı Zeynalabdin Tağıyev və bir neçə mesanatın dəstəyi ilə ilk dəfə Bakıda atlı tramvaylar fəaliyyətə başlayanda hamımız böyük maraqla bu nəqliyyat vasitəsindən istifadə etməyə can atırdıq. Yay və qış fəslinə görə vaqonları dəyişən bu minik vasitəsində biz uşaqların diqqətini ən çox çəkən atlar idi. Yan-yana iki cüssəli atın nizamla addımlaması, sürücünün onları ustalıqla ram etməsi xoşumuza gəlirdi. Amma ən çox da atların ayaq səslərini sevirdim. Ülvi, görüntülər yaddaşımda ağ qara şəkillər kimi solmaya başlasa da o musiqinin bütün "notları" hafizəmdə, ruhumda, canımdadır. Sən "28 may" dayanacağını xatırladın. Bilirsən, lap əvvəllər, o küçənin adı "Telefonnaya" idi. Rəvayətə görə Bakıda ilk telefon köşkü burada olduğu üçün belə adlandırıblar. Sonra Cumhuriyyət dönəmində Şollar suyunu Bakıya çatdıran mühəndis Vilyam Lindeyin adını verirlər bu küçəyə. Sonra isə şərqin ilk demokratik cumhuriyyətinin işğal olduğu tarixin adını alır: "28 Aprel". 1991-ci ildən sonra isə "28 May".
Əziz dost, nənə, nağıl və tramvaylı bir məktubuna belə bir giriş yazmaq istədim. Təəssüf ki, Bakının atlı və elektirikli tramvaylarını görməmişəm. Amma həm də görmüşəm. Bəlkə də, bir gün nə zamansa istədiyimiz zamana geri dönmək, yaşamaq istədiyimiz dövrü seçmək şansımız olacaq, kim bilir? Mikayıl Müşfiqin "Telefon söhbəti" şeirində sevgilinin üzünə həsrət şair deyir ki, "Nolur, gözlərini telefonda görsəm?!". Amma işin əsas tərəfi budur ki, Müşfiq görüntülü telefon zənglərini, skype, whatsappı öngörüb:
Əlbət, böylə qalmaz yarın bu ölkə,
Telfonda fikrimi açarkən sənə,
O həsrət qaldığım üzün də bəlkə
Uzaqdan-uzağa görünər mənə.
İndi gülməli gələr bəlkə də, zamanda səyahət etmək. Amma 1726`da Conatan Svifit Marsın iki peyki olduğunu yazmamışdımı? 1818`de Mary Shelley orqan köçürməsindən danışmırdımı? Jül Vern "Apollo 11DE"dən 104 il əvvəl Aya səyahət etməmişdimi? 1948`də "1984", 1889`da "2889" romanını yazan Corc Oruel və Jül Vern kəhanətləri və sair.
Avropa səfərinin uğurlu keçməsinə sevindim. Macarıstan haqqında tək bildiyim şey İmre Kertezdir. Onun da bir mövzusu var: Auşvitz. Məktubunun bu hissəsini şərti olaraq Kertezlə bağdaşdıranda müharibəyə keçidin bir başqa anlam qazanır. Bütün bu şəhər söhbətimizin sonuna doğru demək istəyirəm ki, getmək istədiyim bir şəhər var - Şuşa. Şəkillərdən, videolentlərdən və xatirələrdən tanıdığım gözəl şəhər! Necə deyim, yaxşı belə: Şuşa bizim itirilmiş cənnətimizdir.
Ülvi, bu isti yay günündə xəstəlik məni əldən salıb. Könül istərdi ki, sənə geniş bir məktub yazım. Amma məktublarda məcburiyyət ola bilməz, olmamalıdır. Halsızlıq imkan vermir ki, ürəyim istədiyim kimi fikirlərimi səninlə bölüşüm. Hər halda məktublar da söhbət kimi ovqat tələb edir. Kimi zaman saatlarla danışmaq, yazmaq, kimi zaman susmaq, susmaq və susmaq. Bilmirəm, necə əlaqə qura bilərik, amma son yazdığın esselərdən birinə istinadən bir sual da vermək istəyirəm sənə: Lyosa ədəbiyyatla cənnəti tapdımı, Ülvi?
Bu arada türkcə yeni bir şeir yazdım. Bir həftədir üzərində işləyirəm, nəhayət bitdi deyə bilərəm. O şeiri də sənə göndərirəm. Həm də ona görə ki, şeir şəhər mövzusuna biraz uyğundur: "Kedi". Bakıda çox diqqəti çəkməsə də İstanbul həm də pişiklərin şəhəridir. Burada insanların pişiyə qarşı xüsusi simpatiyası var. İndi xatırlayıram ki, bir dostum pişikləri sevmirsənsə, demək qadınları da sevmirsən demişdi bir dəfə. Pişik və qadın bənzərliyinə dair çox fikirlər eşitmişəm. Biraz da qəribə görünür. Bilmirəm, bəlkə də yox. Sağlıqla qal.
Kedi
23 yıllık kedinin kardaki izi gibi
tanıyorsun beni sözümden
karın belleği olsaydı
kedin şiir yazardı sokaklara
sokağının 23 yıllık ağacı gibi
tanıyorsun beni
şiir açmış dallarımdan
sağ elimin sigaraya tutkun
o iki parmağı gibi
sararmış yapraklarım
yorgun bir geminin
sokağınıza attığı çapadır ayaklarım
pencerenizi tıkırdatan
dizelerdir ağacı büyüten
parkta ağaç olmaya gidiyor her gece bir şair
her gece bir şair ağaç olmaya gidiyor parka
sen 23 yıldır aynaya bakar gibi bakıyorsun
göğsümdeki kayıp kedi ilanına
oysa 23 yıldır gölgem pusulasıdır
kayıp kedilerin
bakıp anlamıyorsun
akıp gidiyor gözyaşların
yağmura karışarak
ahh!
tuzlu sular içiyor kedin bir yerlerde...
güneş siliyor kedinin kara yazdığı şiirleri.
(Bahar)
çiçeklerim hüzün meyvesine dönüşüyor.
(Yaz)
kuşlar kiracısıdır dallarımın bir mevsimlik.
(Güz)
kedin şiirler yazıyor kara. (Kış)
mevsimler geçiyor
sen 23 yıldır tanımıyorsun
aynadan sana bakan kadını
hala göğsümde duruyor kayıp kedi ilanı
Ve kedin unutulmuş şiiridir bu kentin...
Ramil ƏHMƏD
29.07.2016-2 avqust 2016
İstanbul
Elədir, əziz Ramil. Xəyallar bizi keçmiş və gələcək arasında gəzdirir. Bakının atlı tramvay çağından qalan xatirələrin maraqlıdır. Nostalji duyğular məndə də baş qaldırdı. Özü də sənə aid olmayan, ancaq haçansa mövcud olan bir nostalgiya. Orda, o mühitdə yaşamaq hissi naməlum gələcəkdən daha güclüdür. Keçmişdə var olmaq arzusu və yaddaşın keçmişə meyil etməsi həm də şüur hadisəsidir. Dostoyevskinin "İdiot" və "Karamazov qardaşları"nda keçmiş və indiki zaman intervalında şüur və duyğuların dərkinə yönələn ekzistensial təcrübələr, Marsel Prustun itmiş zamanları sevgi, ehtiras və ziddiyyətli epik naturada axtarışı, Ceyms Coysun Odisseyə - Ulissə qayıdışı hər nə qədər şüurlu bir addımdırsa, bir o qədər də qeyri-şüuri, ixtiyarsız mifoloji konetkstdir. Şüur və intellektdəki qapalı, mifoloji çevrə və impulslar sənət adamlarını ora çəkib aparır. Necəki ilk dəfə bir tamaşa və ya filmə baxırsan, hər hansı hadisə və faktla üzləşirsən, ancaq səndə məlum, yaşanmış fikir və duyğular yaranır. Hətta nə vaxtsa həmin hadisələrə virtual və ya real zəmində şahid olduğuna and da içə bilərsən. İlkinliyə, mifə qayıdış baş verir.
Bir də Şuşada olmaq istədiyini yazırsan. Bu arzunu da bölüşürəm. Ancaq mən nədənsə Qacarın Şuşanı işğal etdiyi vaxt orda olmağı arzulayıram. Həm də Yusif Səmədoğlunun "Qətl günü" romanındakı alternativ şərait və mühitdə. Dili kəsilən şairin yanında bir xilaskar olmaq arzum çox saf və uşaqcıl məzmundadır, bilirəm. Şairin edam edilərkən qız-gəlinə baxıb gözündən qanlı yaş axıtması gerçək və alternativ tarixi öz poetik enerjisinin içinə salır. Reallığın acı, dözülməz fəryadını qoparır. Niyyət və məramların ezoterik qatları hələ gələcəkdə olan, baş verməmiş Qarabağ savaşını belə üç əsr əvvələ çəkib aparır. Həqiqəti "təntənəli surətdə" deyir. Və bir də təlxək Üfləmə Qasımın şairin şeirlərini xilas etdiyi məqamda. Sərin bir Şuşa gecəsində Topxana meşəsində məhzun bir səyahəti reallaşdırmaq həmişə alternativ, mifoloji xarakterli arzum olub. Və həyatda heç bir arzu bu duyğunun qarşısına keçə bilməyib.
Gələk sualına. Lyosa ədəbiyyatla cənnəti tapdımı, Ülvi? Əlbəttə ki, tapdı. Necə? Necəsi odur ki, cənnət təkcə Tanrının mükafat, qiymətləndirmə məkanı deyil. Özünü ovutmaq və ruhun arzuladığı harmoniyaya qovuşmaq çabasıdır daha çox. Və bu da daha çox ədəbiyyatda və ədəbiyyatla mümkündür. Lyosa "Cənnət başqa yedədir" romanında sosialist feminizmin yaradıcısı Flora Tristan və rəssam Pol Qogenin həyatını paralel olaraq nəql edilir. Lyosa misilsiz bir təhkiyə ilə dövrün ictimai-siyasi, sosial-mədəni tablosunu yaradır. Qogenin Parisdən Taitiyə hicrət etməsi və bunun arxasında duran azadlıq ehtivası əsl cənnətin sənətdə mövcudluğunu sübut edir. Axı başqa hansı səbəb adamı komfortlu, zəngin Paris həyatından imtina etməyə cəlb edə bilər?! Qogenin nənəsi Flora Tristan da cənnəti qısa, ancaq mənalı və azad maarifçi həyatda görür. Ətrafındakı əzilən, xor görülən qadınlara faydalı olmaq ehtirası ən şəxsi və məhrəm hissləri belə üstələyir. Ədəbiyyat və fəlsəfə qəddar və əxlaqsız əri Andre Çezala qarşı bircə kəlmə söz belə deyə bilməyən Floranı bütün Fransaya demokratiya, sosial bərabərlik, söz azadlığı barədə dərs keçməyə sövq edir. O, ölüm hədə-qorxuları, dəfələrlə güllələnmələrə rəğmən hak və doğru bildiyi maarifçi davasından əl çəkmir. Bu hal öz daxili qatında cənnətin kəşfidir. Lyosa romanı isə deyir ki, nə qədər ki, dünyada tiran və cahillər hökm sürür, cənnəti burada axtarmayın. Məhz bu səbəbdən bütün inqilab və islahatlar sənətin təsirilə formalaşıb. Diktatorlar sənəti, xüsusən, ədəbiyyatı nəzarətdə saxlayıblar həmişə. Əlbəttə ki, bu həqiqət vicdan və şüuru deformasiyaya uğramayan insana məlumdur. Səmədoğlunun romanı da bizim ədəbiyyat və siyasi tariximizdə deyilməyən gerçəklikləri göstərdi və dedi. "Qətl günü" bizim üçün yeni olan forma oyunları, struktur estetikası ilə əlamətdar deyldir. Həqiqət duyğusunun aliliyi və məna estetikasının vüsətinə görə "ən yaxşı Azərbaycan romanıdır".
"Kedi" şeirin son vaxtlar ana dilimizdə yazdığın şeirləri, hətta bütöv yaradıclığını ötüb keçib. Nazim Hikmətdən Cemal Sürəyaya qədər bir çox türk şairinin misralarından estetik izlərə şahid oldum. Ancaq Ramil Əhmədin özünəməxsus sevgi, tənhalıq fəlsəfəsinin və üçüncü cins olan qadın-kişinin poetik proyeksiyasıdır. Çox sevdiyin və sevdiyim Edip Cansevərin "Yerləşdir bu sevdayı hər yerinə" şeirinin eyni bədəndə estetik davamıdır. Sənət öz daxili tapıntı və imkanları ilə təzələnir. Ramil, məktubumun sonunda Lyosanın "Cənnət başqa yerdədir" romanındakı son cümlələri xatırlamaq istəyirəm, rəssam Pol Qogenin ölümündən sonrakı passajı. "Aradan keçən uzun illər ərzində kolleksionerlər onun rəsm əsərləri üstündə bir-biri ilə savaşdılar. Artıq bütün dünyada çox tədqiq edilən məşhur bir rəssam olanda isə yer üzünün bu göz yaşı vadisində (Taiti - Ü.B.) cənnəti tapmaq istəyən sənətkarların bir çoxuna münasibətdə taleyin nə qədər qəddar olduğunu ifadə etmək istəyən bioqrafiyaçılar bu məzarın baş daşındakı yazılara istinad etdilər. "Bu adada əlamətdar yeganə hadisə Pol Qogen adındakı məşhur bir rəssamın - Tanrının və bu torpaqlardakı abırlı olan hər şeyin düşməni olan adamın qəfil baş verən ölümü olmuşdur". Cənnəti həyatında tapa bilməyən Qogen sənətdə qazanır. Digər sənətkarlar üçün də o məhrəm cənnət axtarışına gedən yolun qapısını açıq qoyub. Axundovun ölümü necə də Qogenlə eyni situasiyanı bölüşür. Fanatizm və cəhalətin sənəti dərk edə bilmədiyi məqamın faciəsidir bu. Ədəbiyyat tarixində Çingiz Hüeynov "Fətəli fəthi" romanında Axundovu cəhalətin əlindən alır. Daha doğrusu, Axundovun yaratdığı cənnətin sakinləri onu dəfn etməyə gəlirlər. İndi isə Qogeni də, Mirzə Fətəlini də sənətləri yaşadır. Həmin fanatik dindarlar isə tarixin qaranlıq səhifəsinə basdırılıb. Vəssəlam.
Ülvi Babasoy
31 iyul 2016, Bakı
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!