Zahid XƏLİL - Uşaqlığını yazan şair

 

Qəşəm İsabəylinin 70 yaşı tamam olur. Barmaqla sayıla biləcək qədər az olan müasir  uşaq ədəbiyyatımızın barmaqla göstərilməyə layiq olanlarından biri Qəşəm İsabəylidir.  O, həm şair, həm nasir, həm də publisistik yazıları ilə  Azərbaycan  uşaq ədəbiyyatında iz qoyan qələm sahiblərindən biridir. Qəşəm ədəbiyyata forma və məzmunca heç kəsi təkrar etməyən yeni şeirlərlə gəldi. Elə bu ilk şeirlərində də dərhal hiss etdirdi ki, o, uşaq ədəbiyyatının bir sıra sirlərini mükəmməl mənimsəyib.

Qəşəm İsabəylinin bioqrafiyası zəngindir. O, 1948-ci il avqust ayının 14-də Kürdəmir rayonunun  Xəlsə kəndində müəllim ailəsində anadan olmuşdur. 1966-cı ildə orta məktəbi bitirdikdən sonra indiki BDU-nun geoloji-coğrafiya fakultəsini bitirmişdir. O, sovet dönəmində nəşriyyat sahəsində uzun müddət çalışmış və zəngin təcrübə qazanmışdır. Müstəqillik illərində  "Cik-cik" qəzetini və "Şirvan nəşr" nəşriyyatını yaratmış, mədəniyytimizin bu sahəsində xeyli xidmət göstərmişdir.  İlk əsərləri 1967-ci ildə çap olunmağa başlamışdır. Ədəbiyyata şeirlə gəlmiş, sonra nəsr və publisistik əsərlərlə məşhurlaşmışdır. "Əkil-bəkil" poeması 1989-cu ildə Yazıçılar Birliyi, Dölət Nəşrkomunun və Respublika  Komsomolu MK-nın elan etdiyi "İlin ən yaxşı uşaq kitabı"  respublika müsabiqəsində poeziya üzrə qalib olmuşdur.

2014-cü ildə "Cin" nağıl-povestinə görə İsveçrədə İBBY-nin beynəlxalq Andersen mükafatının "Şərəf" diplomuna layiq görülmüşdür. 2015-ci ildə isə "Leyləyin intiqamı" şeir, hekayə və nağıllar kitabı Mədəniyyət və Turizm Nazirliyinin "Qızıl kəlmə" mükafatını almışdır.

Qəşəm İsabəylini oxuculara sevdirən onun lirik şeirləridir. Həcmcə kiçik, məzmunca maraqlı olan bu əsərlər uşaq ədəbiyyatımızın qiymətli səhifələrini təşkil edir. Qəşəm İsabəylinin əsas mövzusu "Vətən"dir:

İki hecadır "Ana",

İki hecadır "Ata",

İki hecadır  "Vətən".

İki analı olmur,

İki atalı olmur?!

Bəs nədən

İkiparadır Vətən?!

Qəşəm İsabəylinin dili son dərəcə obrazlıdır. Məsələn, "Torağaylar" şeirində bu obrazlılıq daha parlaq şəkildə görünür:

Əl götürməz, yoldan-rizdən,

Qar da bassa yeri dizdən,

Nəğmə deyər şirin-şirin,

Saya salmaz

Yaydır-qışdır torağaylar.

Yolda daşdı,

Göydə  quşdur, Torağaylar.

Torağayın üstünün naxışları onu daşa bənzədir. Lakin şair bu bənzətməni metaforaya çevirir: "Yolda daşdır, göydə quşdur torağaylar".

Qəşəm İsabəyli vətən torpağını vəsf edərkən onun təkcə gözəlliklərindən bəhs etmir, əkin-biçin işlərindən, torpaga bağlı insanların sevgisindən bəhs etməklə insanlara sevdirir.

Onun "Çörək haqqında nəğmələr" silsiləsindən yazdığı şeirlər bu fikri təsdiq edir. O, "Biçin" şeirində sünbülü elə məhəbbətlə tərənnüm edir ki, uşağı maraqlandırır. Amma bu zaman təkcə insanların öz torpağına bağlılığını deyil, həm də qədim və zəngin dilinə məhəbbətini də ifadə edir.

Sünbülə bax - dəni çin-çin,

Ot saraldı - çatdı biçin.

Gəlin biçək, dərz bağlayaq,

Biz geciksək, vağamlayar.

Uşaq "vağamlayar" sözünün mənasını bilmir, amma bu söz şeirdə elə məqamda işlənib ki, oxucu bu sözün mənasını tapmağa hökmən can atacaq. Bu tipli şeirlərində Qəşəm İsabəyli çalışır ki, sözlərin quruluşundan yeni məna çıxarsın. Məsələn, "Çörək" şeirində bu sözü hecalara ayırır və bu hecanın hər birindən bir məna çıxarmağa cəhd edir. Nəticədə, çörəyin hansı çətinliklərlə əldə olunduğunu təsəvvür edir.

Çö-ör...çöy-rək...çö-rək...çörək...

Bəlkə "çöyür, ək"di bu?

"Çöyür", yəni "sür yeri",

"Sür yeri - çöyür yeri".

...Gün yuvalandı, durma,

Yer havalandı, durma!

Bu bənddə "sür yeri" ifadəsini anlamaq uşaq üçün çətindir, lakin həmin mənanı başa düşən kimi uşaq, şeirin obrazlı bir təfəkkürdə yarandığını dərk edəcəkdir. Qəşəm İsabəylinin şeirlərində lirik bir yumor diqqəti cəlb edir. Bəzən uşaq valideynlərilə elə şəkildə söhbət edir ki, sanki onlar yaşlı insanlar deyil, bu körpənin öz yaşıdlarıdır. Bu cür yanaşma şeirdə bir təbəssüm yaradır. Bu təbəssüm şeirin mahiyyətini təşkil edir.

- Ay ana, hey, mübarək!

- Ay bala, nə?

- Başmağın!

 

- Ay nənə, hey, mübarək!

- Ay bala, nə?

- Yaşmağın!

 

- Ay baba, hey, mübarək!

- Ay bala, nə?

- Coşmağın!

Qəşəm indiyə qədər bir sıra kitablar  yazıb. Onlardan bir neçəsini xatırlamaq yerinə düşər. "Balaca-bapbalaca", "Əkil-Bəkil", "Üüü...","Nənəm təkdi...", "Şamaxı-Şam nağılı", "Bu şəhər mənə göz dağı olub",  "Bir qəlbin məhəbbət etirafları", "İiiaaaa", "Avropa dəbi, dar şalvarlar və qızlarımızın monqol ayaqları", "Ölü bilər, mən bilərəm", "Boz cücələrlə məşhur oğrubaşı Qara pişiyin ölüm-dirim savaşı" və s. kitabları nəşr olunmuşdur.

Sözün mahiyyətini öyrətmək üçün onu müxtəlif çalarlarda işlətmək bacarığı Qəşəm İsabəyli yaradıcılığı üçün xarakterik haldır. Və bu istedadı "Nənəm təkdi" poemasında,  xüsusilə,  görünür. Məsələn, o, bu poemada çörəyin dəyərini, onun ağır zəhmət hesabına başa gəldiyini anlatmaq üçün bu sözü "torpağı çöyürüb əkmək" kimi anladır.

Kəli quyruqla görüm,

Kotanı yağla görüm...

Qəşəm dilimizdə az qala arxaikləşməkdə olan sözləri xalq leksikasına uyğun obrazlı ifadələrdən bəhrələnir, az işlənən kəlmələri ölməyə qoymur. "Kəli quyruqla",  "sür yeri"  (yeri ək - Z.X.), "çöyür yeri", "yerə bərəkət ensin", "təndirin tüstülənsin" kimi xalq leksikasına mənsub olan obrazlı ifadələr "kəltən", "yerin təki" sözləri məqamında elə işlənir ki, söz və ifadələrin mənası uşaq üçün aydın olur. Çörək sözünün torpağı çöyürüb əkmək mənasını verməklə əslində bu nemətin ağır zəhmət bahasına başa gəldiyini izah edir. "Kotanı yağla görüm" kimi ifadələrlə çörəyin qədrini bilməyin zəruriliyini ümumi sözlərlə deyil, konkret detallarla izah edir.

Qəşəmin yaratdığı obrazlar hər şeyi bilməyə çalışan uşaqlardır. Qəşəmin poeziyası formasına görə yox,  məzmununa görə modern ədəbiyyat nümunəsi hesab oluna bilər. Məslən, onillərlə ədəbi düşüncədə "təklik faciədir" fəlsəfəsini tam alt-üst edən "Nənəm təkdi" poeması bu mövzuya modern yanaşmağın nümunəsidir. Bu əsər sanki, "təklik faciə deyil, insanın düşdüyü mühitdə özünü yenidən kəşf etmək üçün bir fürsətdir" - deyir. Çünki tarixin elə məqamları olur ki, cavanlar müxtəlif səbəblərdən evlərini tərk edir, qocaları öz ömrü ilə tək buraxmaq məcburiyyətində qalır. Belə anlarda qocaların gənclərlə birlikdə köçüb getməkləri vacibdirmi? Axı hamı doğma kəndi qoyub şəhərlərə köçsə, kəndlər boşalmazmı? Ədəbiyyat daim kəndi təbig etməklə nəyə nail olmaq istəyir? İnkişafda olan, elm dalınca gedən gənci zorla kənddə saxlamaq olarmı?! Əgər tərsinə etsək, kənddə elmi mühit yaratsaq, oranı intellektin təcrübə meydanına çevirə bilsək gənclər təbliğatsız da  doğma kəndlərindən möhkəm yapışarlar. Doğrudur, "Nənəm təkdi" poemasında problem bu cür qoyulmayıb. Sadəcə olaraq uşaqlar kənddən şəhərə köçür, nənə isə kənddə tək qalır. Amma bu təklik ocağın sönməsinə yox, daha da alovlanmasına səbəb olur. Nənə özünü və düşdüyü mühitini məğlub kimi görmək istəmir:

Nənəm obaşdan durub,

Deyinir öz-özünə:

- Səni doğan arvadın

Külü qoyum gözünə!

 

Pəhlə-pəhlə bəsləyir

Yeddi ildi canı bəs!

"Gəlin ocağa gələr!"

Söyləyirlər, hanı bəs?!

Nənə yanır, amma külə dönmür. Onun odu az qala şəhərdə yaşayan nəvələri də yandırır. Nənənin alovu külə dönəcək yanğı deyil, o enerji mənbəyidir. Bu ocağın alovu kənddə tək qalanlar üçün bir həyandır, bir gücdür. Nənənin həyatı milli ruhun, mənsub olduğu bir mühitin rəmzinə çevrilir. Nənə ağlamır, sızlamır, gileylənmir - mübarizə aparır. Mübarizəsi onu məğlub edib ölümə sürükləmək istəyən tənhalıqladır. Qalib gəlmək üçün nənə bir tonqala çevrilir, oxucu uşaq başa düşür ki, belə nənə məğlub ola bilməz.

Qırılıbdır ağzımın

Kirişi, vallah, gəlin.

Çaşdırmışam dünyada

Hər işi, vallah, gəlin!..

Bəzən bu ocaq öləziyir, adama elə gəlir ki, o, yanıb sona çatacaq. Amma şair həmin ocağı söndürüb  İosif  Brodski kimi  "odun çəkdiyini küldən soruş" - demir, Yox, bu məğlubiyyət yoludur. Od sönən kimi enerji mənbəyi yox olacaq. Buna görə də onu söndürmək olmaz, əksinə, köhnə (ənənəvi düşüncəyə malik) nəsillə yeni nəslin gözəgörünməz mübarizəsi poemanın sonuna qədər davam edir.  Ənənəni saxlayan nənənin düşüncələrindəki pedaqoji anlayışlar da maraqlıdır. "Hərəkət həyatdır"  fəlsəfəsini öz başa düşdüyü kimi yozan nənə şəhər uşaqlarının doyunca oynamaq, hərəkət etmək imkanlarını belə izah edir:

Vallah, lap ürəyimin

Başı söküldü dünən -

Gördüm uşaq boylanır

Küçəyə pəncərədən.

 

Gərək bunlar ağnasın

Batdağa camış kimi.

Sübh səhərdən oyansın

Qızım, xortdamış kimi.

 

Şehə batıb oyansın,

Kənddə yollu-yoldaşlı,

Sərçəni də tanımır

Bunlar əməlli-başlı.

 

Ayaqları bilməyir,

Torpağın ləzzətini,

İt - pişik tək didirlər

Bir-birinin ətini.

Bu əsərin süjeti təkcə ailə münasibətləri üstündə qurulmayıb. Burada cəmiyyətin inkişaf  tempində baş verən mübarizələrin mahiyyəti  və çözülməsi kimi fəlsəfi bir fikir dayanır. Həyat inkişaf edir, amma bu inkişafı nəsillər eyni cür qəbul etmir.

Qəşəm İsabəyli bu gün də öz mövzularına və ifadə tərzinə sədaqətlə yazıb yaradır. Öz səhifələrində uşaq ədəbiyyatına səxavətlə yer verən "Ədəbiyyat qəzeti"ndə onun gözəl şeir və hekayələri, esseləri nəşr olunur. Bu göstərir ki, Qəşəmin yaratdığı təkcə nənə obrazı deyil, onun özünün də enerjisi hələ tükənməyib. 70 yaşında hələ də gənclik həvəsi ilə yazıb-yaradır. Ona bu yolda uğurlar arzulayırıq.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!