Alo, Müşfiq... - Rüstəm Kamal yazır - Rüstəm KAMAL

Rüstəm KAMAL

Bu essenin yazılma səbəbi vaxtilə fransız filosofu Jak Derridanın "Poçt açıqcası Sokratdan Freydə qədər" əsərindən köçürdüyüm bir qeyd oldu. J.Derrida yazır: "Bir amerikan tələbə ilə görüşürdüm, onunla keçən şənbə oturub kofe də içdik. O, müqayisəli ədəbiyyatdan dissertasiya mövzusu axtarırdı. Mənə zəng edəndə ona nümunə kimi Prustda telefonçu xanımdan, yaxud amerikan telefonçu qız obrazından başlayıb, müasir telematik effektlərə qədər XX əsr ədəbiyyatında telefonla bağlı bir neçə fikrimi söylədim...

Ona mikroprossesorlar və kompüter terminalları haqqında da danışdım və bu, onu bir azca kədərləndirdi. Və dedi ki, ədəbiyyatı hələ də sevir (cavab verdim ki, əlbəttə, mən də sevirəm). Bilmək istərdim ki, görəsən, o nəyi nəzərdə tuturdu". Sitatın sonu.

Tələbə ilə məşhur poststrukturalist filosof arasında bu söhbət mənə Müşfiqin bir "telefon mətnini" - "Telefon" şeirini yadıma saldı. "Telefon" şeiri 1929-cu ildə yazılıb. (Şairin ölümündən sonra nəşr olunan kitablarda şeirin adı "Telefon söhbəti" kimi gedib).

Deyəsən, Derridanın tələbə qıza tövsiyəsini Azərbaycan ədəbiyyatında Müşfiq əməl edib. Məhz Müşfiq telefonun simvolik, semiotik funksiyanın dərindən anlayıb və güclü fəhmi ilə hiss edib ki,  rabitə vasitələri (telefon, radio) söz tədricən yazı adamının fəaliyyətinə fərqli rənglər qatır.

Bu iyirminci əsr, bu şeytan əsri

Gör, necə bizləri şən yaşatıyor.

Açıb hər müşgüllü, hər incə sirri

Hər dəfə üfqündə bir dan atıyor.

Həmin şeirində şair telefon aparatının faktiki olaraq üç semiotik funksiyasından bəhs edir: telefon-güzgü; telefon - dünyalar arasında mediator; telefon - sevgi və ölüm simvolu.

Telefon ölülər-dirilər arasında bir mediator da (əlaqələndirici, vasitəçi) ola  bilir. Bunu böyük rus şairi V.Mayakovskinin Liliya Briklə bağlı epizoddan görmək olar. 1916-cı ildə şair L.Brikə zəng edib bildirir ki, həyatdan köçür. L.Brik həmin məqamı belə xatırlayır: 16-cı ildə, səhər tezdən telefon zəngi məni yuxudan oyatdı. Mayakovskinin tutqun, sakit səsini eşitdim: "Mən özümü güllələyirəm. Əlvida, Lilik". Mən qışqırdım: "Gözlə məni!.."

Tələsdirirdim, yolda faytonçuya yalvarırdım, kürəyini yumruqlayırdım. Qapını Mayakovski özü açdı. Otaqda, masa üstündə tapança vardı. Dedi: "Atdım, açılmadı, ikinci dəfə isə edə bilmədim, səni gözəldim". Mən təsvirolunmaz dəhşət içində idim, özümə gələ bilmirdim" (bax: "Vstreçi s proşlım". M.,1990).

Bakıda ilk telefon rabitəsinin tarixi XX əsrin əvvəllərinə təsadüf edir ("Əli və Nino" romanında Əli xan şəhərdə telefonların yenicə quraşdırıldığını qeyd edir).

O zaman Müşfiqin evində telefon yox idi: ya poçt şöbəsindən, küçədə telefon budkasından, ya da telefonu olan qonşusundan zəng edə bilərdi. 

Radioteleqraf səsləri Müşfiq üçün yeni ünsiyyətin mistik yaxınlığını ifadə edirdi. "Alo, alo" səslərini qeybdən gələn səslər kimi qəbul edirdi.

Qıvrım qamçılar vurub dağlara, dənizlərə,

Bir xəbər yaklaşıb uzaqlardan bizlərə,

Yolçuları toplayır bir yığnağa, bir yerə

Hər gün söhbət eyləyən

Allo, alo səsləri

Hər şeyi tez bəlləyən

Alo, alo səsləri.

Nəzərə alsaq ki, həmin dövrdə telefon rabitəsinin keyfiyyəti elə də yüksək səviyyədə deyildi, ona görə də abonent ucadan danışmalı, bir-birini eşitməsi üçün yüksək səslə qışqırmalı olurdu. Ən intim səs, gizli söz, sirli pıçıltı belə ictimailəşirdi. Komutatorda oturan operator qadın (abonentləri o birləşdirirdi) bu söhbətdə üçüncü şəxs - demonik varlıq kimi çıxış edirdi. Deyilənləri eşidirdi - gizli "qulaq müsafiri" olurdu. (Maraqlıdır: görəsən, həmin rabitə işçisi telefonda Müşfiqin pünhan sirlərini eşidibmi?)

Müşfiq Azərbaycan poeziyasında bəlkə də telefonun erotik mənasını anlamış ilk şairdir. Telefon onun "sevgi dili"nin simvolik təcəssümü olur. Bu "sevgi dili" səslə qulağı birləşdirir.

Göyərçin əlində dilmac trubka

Könül şənləniyor söhbətinizdən.

Telefon əlaqəsi spiritual (ruhları çağırma) kanalına çevrilir. Müşfiq "alo, alo" deyərək telefonda yarın ruhunu çağırır:

Sən məndən uzaqsan, mən səndən uzaq,

Uzaqdır sevimli gözlərin mənə.

Yaxındır telefon sayəsində, bax,

Ürəkdən saçılan sözlərin mənə.

Telefonun səs effektləri onun düşüncəsində sevginin və ayırılığın obrazını yaradırdı. Xəttin o başında sevgilisinin susması, nəfəs alması - ona ayrılığın  akustik mənasını izhar edirdi. Müşfiq bu səsi eşitmək deyil, həm də görmək istəyir. Necə deyərlər, virtual ünsiyyət vizual ümidə mane ola bilmir.

Əslinə varmaqçın bu söhbətlərin,

Nolur gözlərini telefonda görsəm?

20-30-cu illərdə telefon əsasən sovet nomenklaturasının sevimli əşyası idi. Stalin rejimi öz təbəələri ilə yazı proseduru ilə - əmrlərlə, sərəncamlarla, dərkənarla əlaqə saxlayırdı. İ.Stalinin Siyasi Büro üzvünə, generala, nazirə qəfil bir telefon zəngi artıq onun taleyinin dəyişməsi idi.

Azərbaycanda M.C.Bağırov mistik fövqəlqüvvə kimi, yüksəkdə oturub insanların məişət məkanına gizlincə göz qoyurdu. Mənzildə qəfildən telefon çalınır. Dəstəkdən qara qorxunc, soyuq səs gəlir: "Sizinlə yoldaş Bağırov danışacaq..." - "Bəli, yoldaş Bağırov..."

Mələk simalı şairin ölüm kabusu ilə (Mir Cəfər Bağırovla) telefon söhbəti olubmu? Bu haqda xatirələr və şahidlər susur.   

"Telefon" şeiri ruhun candan ayrılması haqqındadır. Bu şeirdə telefon "o dünyan"ın simvoluna çevrilir. Amma Müşfiq inanırdı ki:

Əvət, böylə qalmaz yarın bu ölkə

Telefonda fikrimi açarkən sənə.

Həsrətlə baxdığım üzün də bəlkə

Uzaqdan uzağa görünər mənə.

Müşfiq bilmirdi ki, telefon yaxınlığı imitasiya edir, əslində isə onları birləşdirmir. Telefon ünsiyyəti virtual ünsiyyətdir, sonsuz varlıqla təmasdır, kölgə ilə, ruhla ünsiyyətdir. Hardasa ekstrasensin mistik seansda kabusla görüşünə də bənzəyir.

Hələ də qeybdən Müşfiqin "alo, alo" səsləri gəlir. Amma biz eşidə bilmirik...

P.S. Bir təklifim var: şairlərlə Mir Cəfərin telefon söhbətləri mütləq yazılmalıdır. Bu "telefon mətnləri" tariximizin ən mistik və gerçək səhifəsi ola bilir.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!