Klassik missiya - Arif Buzovnalı

 

Ədəbiyyatın klassik missiyası dəyişməzdir. Üzərində forma və məzmun etibarilə nə qədər eksperimentlər aparılsa  da, mənafelərə alət edilsə də,  ədəbiyyatın insan ruhuna təsiri öz ilkin praktik halını qoruyub saxlayır, duyğu dolu enerjisi ilə maddiyyat dənizində boğulan ruhumuza yaşamaq həvəsi verir, ümüd qaynağı olur. Bu bir yazarın cəmiyyətə xidmətindən əlavə həmin yazarın cəmiyyətin bir mənsubu tək faydalı ola bilməsinin də göstəricisidir. İnsanları bədii ifadələrin sehri ilə nağıllar aləminə aparmaq, onları xəyalları ilə görüşdürmək, arzuların şirinliyindən müvəqqəti olsa da məst edə bilmək, gərək ki bu dünyanın müqəddəs vəzifələrindən biridir. Yaşamaq yarışındakı bu "nəfəsdərmə"lər olmasa insanlıq ölümə, insanlar isə ağaclara - "əcdad"larının yanına qayıtmağa məhkumdur.

AYB-nın Xəzər bölməsi Bakı və Bakıətrafı qəsəbələrdə yazıb-yaradan şairlərin məbədidir desəm, yaxşı təşbih olar. Qapısı fikrindən, yolundan, tərzindən asılı olmayaraq hər bir qələm əhlinə açıqdır, Bakı ədəbi mühitinə xidmət üçün yaradılsa da, sərhədsizdir. 2017- ci ilin sonlarında şairlərimizi tanıtmaq niyyətilə "Xəzər təzkirəsi" almanaxını oxucuların ixtiyarına verdik. Qeyd etmək lazımdır ki, kitabda otuz altı yazarımızın əsərlərindən nümunələr yer alıb, bu "şeir bağçası"nda hər ətrdə, hər rəngdə çiçək var. Bəzən "ədəbiyyat necə olmalıdır" sualı ilə rastlaşanda vermək istədiyimiz cavab elə budur: rəngarəng, fərqli, insani, bir "tənqidçi"nin fikrinə tabe olmayan, standart olmayan, bir udum ədalətə, bir içim mərhəmətə xidmət edən.

Bundan əlavə Buzovnada yerləşən bölməmizdə hər həftə  "Poeziya klubu" və "Tərcümə klubu" fəaliyyət göstərir. Bu ədəbi yığıncaqlarda şeirlər oxunur, təhlil edilir, klassik Azərbaycan ədəbiyyatının böyük simalarının yaradıcılığı şərh olunur. Tərcüməçi-şairlərimiz Sovet dönəmində ideoloji səbəblərdən tərcümə edilməmiş və bəzən də ümumiyyətlə oxucuların tanımadığı şair və filosofların əsərlərini və ya onlardan parçaları tərcümə edərək ədəbiyyatımıza qazandırır, xəzinəmizi zənginləşdirirlər. Gənc şairlərimizdə, əsasən, əruz ölçülü şeirlərə özünəməxsus yanaşma, yeni ölçülərə meyil, klassik ahəngi pozmadan yeni ifadə və obrazların gətirmək həvəsi onu deməyə əsas verir ki, XXI əsr yeni ruhlu klassik şeirin hakim oldugu ədəbiyyat əsri olacaq.

Tanışlıq üçün şairlərimizdən  bir neçəsinin yaradıcılğından nümunələri təqdim edirik.

Arif Buzovnalı

AYB Xəzər bölməsinin sədri

 

***

Yoxluğundan başqa yoxdur heç nəyi mən heç kimin,

Dərdim ilə dərdi olmaz heç zaman tən heç kimin.

 

Səndən özgə qəm deyildir yoxluğu bir kimsənin,

Həm məni etməz cahanda varlığı şən heç kimin.

 

Ya bu itki yarəsi gec köz qoyar, ya qoymaz heç,

Kaş, əzizi köçməsin dünyadan erkən heç kimin.

 

Dərd deyil dərd çəkməyim, dərdim çəkimlik dərd deyil,

Çəkməsin başı bunu nə dost, nə düşmən, heç kimin.

 

Olmasaydı çəkdiyim dərdim, sənin dərdin əgər,

Dərdi salmazdı mənim saçlarıma dən, heç kimin.

 

Sən bir öylə şəxssən, eşqin mənim ruhumdadır,

Ki, o yerdə eyləməz sevdası məskən heç kimin.

 

Nə o əllər, nə o gözlər, nə o sözlər yoxdusa,

Yoxdusa o, yoxsan ağlında, Vəli, sən heç kimin.

Vəlixan Vəli

 

***

Bizim məhəlləmizdir, bu tozlu tin dalandır

Sən ömrü hansı səmtə çevirsən.

Gözündəki həqiqət, dilindəki yalandır,

Məni çox istəmirsən, sevirsən.

 

Gözü götürməyən ki, səni həyatda çoxdur,

Gəl it mənim gözümdə, tapılma.

Həqiqi dərd də olsa götür çək, eybi yoxdur,

Ayıbdı, xam xəyala qapılma.

 

Səni zaman, şərait dəyişsə çox dəyişmə,

Heç olmasa gələndə tanış gəl.

Mənəm alın yazın, mən, dəyişmə, yox, dəyişmə,

Bu qəmli taleyinlə barış gəl.

 

Ovutmaq istəyirsən, qayıt gəl, ötmə dil-dil,

Məni təsəllilərlə ovutma.

Unutmaq istəyirsən, unut məni, özün bil.

Səni unutmaq olmur, unutma!

Həyata gəlməmişdən mənimlədir bu sevda,

Könül azı min il var, sənindir.

Gözümdə qalxa bilməz nə şəklə düşsə dünya,

Gözümdə bir şəkil var, sənindir.

Kamal Hüseynzadə

 

***

Vüsalı üçün ağlaram, gəlib çıxınca can çıxar,

Fərağı ilə yanbayan qiyamət ağ yalan çıxar.

 

Üzün xəyal edib qəzayə vermişəm namazları,

Haçandı görməzəm günəş haçan batar, haçan çıxar.

 

Ölüm yəqindi ayədən, di gəl ki, can verən zaman

Bir incə busə bəxş edər yəqinimiz güman çıxar.

 

Atar niqab,qaşını görəndə qəlbi qan tutar,

Məsəldi xəlq içində kim, qılınc çıxanda qan çıxar.

 

Çox ol məkanı cənnətin soruşdum istiqamətin,

Könül, cavab çox çətin, izahı laməkan çıxar.

 

Yolunda ol pərivəşin qocalsa Fəxri qəm deyil,

Girən behişt kuyinə çıxanda növcavan çıxar.

Əşrəf Fəxri

 

***

Ey dil, cəmaətin dediyi söz qələt deyil,

Bülbül kimi fəğan eləmək bir sənət deyil.

 

Canan ümid verir yenə, hicranə döz deyir,

Billahi, zülmdür bizə bu, mərhəmət deyil.

 

Bir səhvdir o rəhmsizə mail olmağım,

Heç səhvi anlamaq özü də pis cəhət deyil.

 

Eşq əhlini bəlaya salan bivəfalara,

Yalvarmağın - yaxarmağın heç məsləhət deyil.

 

Əşrəf, eşitmişəm yenə çöllərdi məskənin,

Güldürmə aləmi, başıva yer qəhət deyil.

Əşrəf Pirşağı

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!