Avqustun 6-da Özbəkistan Yazıçılar İttifaqının dəvətilə mən və dramaturq Firuz Mustafa Beynəlxalq konfransda iştirak etməkçün Daşkəndə yola düşdük.
İki saat sürən uçuşdan sonra İslam Kərimov adına Beynəlxalq Hava Limanında bizi Özbəkistan Yazıçılar İttifaqının sədri, xalq şairi Siracəddin Seyyid, Prezident Aparatı Mədəniyyət şöbəsinin müdiri, yazıçı-tərcüməçi Məmmədqul Həzrətqulov və başqaları qarşıladılar.
Konfrans "Klassik və çağdaş özbək ədəbiyyatının öyrənilməsinin aktual məsələləri və özbək ədəbiyyatının dünyada tanınması" mövzusuna həsr olunmuşdu.
Bəri başdan deyim ki, çox vacib bir problemə həsr olunmuş beynəlxalq konfrans son dərəcə yüksək səviyyədə təşkil edilmişdi. Açılış toplantısından sonra beş seksiya üzrə işləyən konfransda Türkiyədən (İmdat Afşar və başqaları), İrandan (Hüseyn Düzgün), Misirdən, Hindistandan, Əfqanıstandan, Yaponiydan, Cənubi Koreyadan, Rusiyadan ("Roman-qazeta"nın baş redaktoru Yuri Kozlov, "Literaturnaya qazeta"nın redaktor müavini Anastasiya Yermakova), Ukraynadan, Belarusdan, ABŞ-dan, Kanadadan, Fransadan, Almaniyadan, Hollandiyadan, İsveçdən, Qazaxıstandan, Qırğızıstandan, Türkmənistandan, Tacikistandan, Latviyadan, Litvadan, Azərbaycandan (Firuz Mustafa) gələn qonaqlar müxtəlif seksiyalarda məruzələrlə çıxış etdilər.
Açılış toplantısını Özbəkistan Yazıçılar İttifaqının sədri Siracəddin Seyyid aparırdı. Özbəkistan prezidenti Şövkət Mirziyayevin konfransa təbrikini Ali Məclis Senatının sədri N.Yuldaşov oxudu. Sonra YUNESKO-nun Özbəkistandakı nümayəndəsi Dender Badarç, mən, Qazaxıstan Yazıçılar İttifaqının sədri Uluqbek Yesdueletov, Tacikistan Yazıçılar İttifaqının sədri Nizom Kosim çıxış etdik.
Mən Azərbaycanla qardaş Özbəkistanın əsrlərin dərinliklərinə gedən mədəni, ədəbi əlaqələrindən, böyük Nəvaiyə Bakıda heykəl ucaldılmasından danışdım. Beynəlxalq siyasi aləmdə Özbəkistanın daima ölkəmizin haqq işini müdafiə etməsinə görə təşəkkürümü bildirdim və Yazıçılar Birliyinin Əlişir Nəvaiyə həsr olunmuş xüsusi buraxılışı haqqında məlumat verib, Senatın sədri cənab Yuldaşovdan bu nüsxəni Özbəkistanın hörmətli prezidentinə çatdırmasını xahiş etdim. O, bu işi məmnuniyyətlə edəcəyini bildirdi.
Açılışdan sonra Əlişir Nəvainin abidəsinə əklillər qoyduq və böyük şairin adını daşıyan Özbək dili və ədəbiyyatı Dövlət Universitetində görüşümüz oldu. Özbək dostlarımız iftixarla deyirdilər ki, əvvəllər özbək dili və ədəbiyyatı universitetlərdə bir fakültə çərçivəsində tədris edilirdisə, indi bu fənlər üzrə ayrıca Dövlət Universiteti fəaliyyət göstərir.
Sonra Özbəkistan Yazıçılar İttifaqına yollandıq. Bu təşkilat son illərdə xüsusi tikilmiş ikimərtəbəli, yaraşıqlı binada yerləşir. Ən müasir avadanlıqla və cihazlarla təmin olunmuş binada Yazıçılar İttifaqından başqa onun dörd aylıq jurnalı və həftəlik qəzetinin redaksiyaları, eləcə də "İcad" və "İlham" fondları yerləşir. Hamısı da dövlət büdcəsindən maliyyələşdirilir. Amma fondların əlavə gəlir mənbələri də var. Yazıçılar İttifaqı, yazıçıların sosial təminatı və adıçəkilən fondların maddi vəziyyəti haqqında bir qədər sonra danışacam. Yazıçılar İttifaqında görüşdə mən Azərbaycan Yazıçılar Birliyinin işi haqqında, təşkilatımıza dövlət qayğısı haqqında danışdım. Mərhum prezidentimiz ulu öndər Heydər Əliyevin ədəbiyyata xüsusi münasibətini xatırlatdım. 1993-cü ildə H.Əliyev yenidən hakimiyyətə gələndən sonra həm Yazıçılar Birliyinin, həm onun ədəbi orqanlarının dövlət büdcəsindən maliyyələşdirilməsi haqqında, Azərbaycanın ən yüksək İstiqlal ordenini ilk olaraq yazıçılara - Bəxtiyar Vahabzadəyə, Xəlil Rzaya, Məmməd Araza təqdim etməsi haqqında danışdım.
Hörmətli Prezidentimiz İlham Əliyevin Tərcümə mərkəzimizin də büdcəyə salınması barədə qərarı, yazıçılara ev tikməkçün sahə ayırılması, kitabların latın qrafikasıyla nəşr olunması haqda sərəncamı, binamızın əsaslı təmirinə ayırdığı vəsait, hər il otuz yazıçıya ayda 300 manat, iyirmi gənc yazıçıya ayda 200 manat məbləğində təqaüd verilməsi, 2014-cü ildə təşkilatımızın 80 illliyi və qurultayımızın çoxlu əcnəbi qonaqların iştirakıyla yüksək səviyyədə keçirilməsinə göstərdiyi yardım, jurnalistlərçün tikilmiş evlərdə mətbuat sahəsində çalışan bir sıra yazıçıların da mənzillə təmin olunması - ədəbiyyatımıza dövlət qayğısının bariz örnəkləridir.
Özbəkistan Yazıçılar İttifaqının sədri Siracəddin Seyyid və mən ədəbi əlaqələrimizin daha da genişləndirilməsi barədə memorandum imzaladıq. Memorandumda qarşılıqlı tərcümələrə, görüşlərə, mətbuat orqanlarımızda ədəbiyyatlarımızdan nümunələrin dərc olunmasına, ədəbi-bədii müsabiqələrin keçirilməsinə, kitab mübadiləsinə aid maddələr daxildir.
İttifaqdakı tədbirdən sonra böyük Nizaminin abidəsinə əklil qoyduq və onun adını daşıyan Ali məktəbdə görüşümüz oldu. Mən çıxışımda dedim ki, bu gün iki dahinin - Nizaminin və Nəvainin abidələrinə əklil qoyub onların adlarını daşıyan təhsil ocaqlarında görüşlər keçirdik. Deməli çox əsrlər qabaq olduğu kimi, bu gün də Nizami və Nəvai bizim ədəbi və əbədi qardaşlığımızın rəmzləridir. Nəvai Nizami "Xəmsə"sindən ruhlanaraq türk - çağatay - qədim özbək dilində öz orijinal "Xəmsə"sini yaradıb, gəncəli ustadının adını hörmətlə andığı kimi, Füzuli də öz "Leyli-Məcnun"unu doğma Azərbaycan türkcəsində qələmə alarkən özbək dahisini ehtiramla xatırlayıb. Bu yaxınlarda bitirdiyim "Üç Leyli və üç Məcnun" essemdə məhz bu dahilərin yaratdıqları üç poemadan bəhs olunur. Azərbaycanda Nəvainin əsərlərindən başqa, son zamanlar "Baburnamə" də dilimizə çevrilib. Cavid, Cavad, Müşfiq kimi Stalin repressiyalarının qurbanı olmuş Çulpandan bu günün ən gənc şairlərinə qədər özbək müəlliflərin əsərlərindən ibarət antologiya Bakıda bu günlərdə çapdan çıxıb.
Özbəkistanda başqa klassik və müasir yazıçılarımızla bir sırada mənim də dörd kitabımın çıxması, müxtəlif qəzet, jurnal və almanaxlarda yazılarımın dərc olunması, vaxtilə Mukimi adına Teatrda "Qaravəlli" pyesim əsasında özbək bəstəkarı Kələntərovun yazdığı "Zəncir" musiqili komediyasının uğurla tamaşaya qoyulması, şübhəsiz, məni sevindirməyə bilməzdi.
Bu yaxınlarda rəhmətə getmiş tərcüməçim Usman Kuçkoru xatırladım və başqa çevirimçilərimə ən dərin təşəkkürümü bildirdim. "Dantenin yubileyi" povestim özbək dilində iki müxtəlif tərcümədə, "Gürcü familiyası" üç müxtəlif tərcümədə nəşr edilib. Amma bilmirdim ki, "Dantenin yubileyi"ni çevirən Məmədqul Həzrətqulov, həm də bu povest əsasında yaranmış televiziya tamaşasının və radio tamaşanın müəllifidir. Bütün səfər boyu məni öz maşınında gəzdirən və Səmərqəndə səfərdə müşayiət edən Məmədqula da çox minnətdaram. Yeri gəlmişkən, mənə bağışladığı "Göy göl" kitabı Azərbaycana həsr olunub və biz də hökmən bu əsəri dilimizə çevirməliyik.
Dostluq əlaqələrimizdən, bu sahədə görüləcək gələcək işlərimizdən Daşkənd televiziyasına və "Özbəkiston adabiyotı va sanati", "Kitob dünyosi", "Hurriyat" qəzetlərinə verdiyim geniş müsahibələrdə bəhs etdim.
Nahar fasiləsindən sonra seksiyaların işi başlandı.
Firuz Mustafa ikinci seksiyada "Müstəqillik dövründə Azərbaycan-özbək ədəbi əlaqələrinin mühüm aspektləri" mövzusunda, mən beşinci seksiyada "Üç Leyli, üç Məcnun" temasında çıxışlar etdik. Bizim seksiyada çıxış edən görkəmli özbək yazıçısı Erkin Azimin mənim haqqımda xoş sözlərinə, redaktə etdiyi "Təfəkkür" dərgisində "Ağ qoç, qara qoç"u çap edəcəyini deməsinə görə ona da təşəkkür etdim.
Səhərisi gün, ayın 8-də iti sürətli qatarla Səmərqəndə yola düşdük.
Altmışıncı illərin sonunda, Daşkənddə keçirilən Asiya-Afrika ölkələri kinofestivalında iştirak etdiyim zaman Səmərqəndə də getmişdim. O festival günlərində məşhur özbək kinorejissoru Şöhrət Abbasovla tanış olmuşduq, çox sonralar onunla Türkiyədə də görüşmüşdük. Şöhrətin bir neçə ay öncə dünyasını dəyişdiyini biləndə də, şəxsən tanıdığım tacik şairi Mömin Kanaotun da bu yaxınlarda rəhmətə getdiyini eşidəndə də Sergey Yeseninin misraları yadıma düşdü.
Mı teper uxodim ponemnoqu
v tu stranu, qde tiş i blaqodat
Mojet i mne skoro na doroqu
brennıe pojitki sobirat
(Xoş, sakit dünyaya yollanmaq üçün
yavaş-yavaş tərk edirik aləmi.
Bəlkə lap yaxında yola çıxmaqçün
mən də yığışdırım şələ-şüləmi.)
(tərcümə mənimdir)
Azı əlli il bundan qabaq gördüyüm Daşkənd, Səmərqəndlə indiki şəhərlər arasında zəmin-asiman fərq var. Daşkənd də, Səmərqənd də heyrətamiz şəkildə dəyişib, yeniləşib, daha da gözəlləşib, abadlaşıblar. Qədim memarlıq abidələriylə dünyanı heyran qoyan Səmərqənd bu abidələri göz-bəbəyi kimi qoruyub saxlamaqla tamamilə yeni, müasir şəhər kimi də cilalanıb. Özbəkistana ilk səfərimdən Daşkənd xatirimdə daha çox yaşıllıqlar - parklar, bağlar şəhəri kimi qalmışdı. İndi bütün bu parkların, bağların bolluğuyla bərabər bir-birindən orijinal binalara, geniş xiyabanlara da heyran olursan. Bir də ki - Dəmir yol vağzalından Yazıçılar İttifaqının binasınacan hər yerdə əkilmiş və zövqlə yerləşdirilmiş əlvan güllər, çiçəklər adamın gözünü oxşayır. Gen kölgəli, qol-budaqlı ağaclar, rəng verib-rəng alan güllüyün rayihələri, fəvvarələrin fışıltısı, arxların şırıltısı qırx neçə dərəcə istini hiss etməyə qoymurlar.
Səmərqənddə, əlbəttə, ilk növbədə misilsiz memarlıq abidələrinə baş çəkdik.
Özbəkistanın ilk prezidenti İslam Kərimov Səmərqənddə anadan olub. Daşkənddə məşhur Reqistan meydanının yaxınlığında heykəli ucalsa da, öz vəsiyyətinə görə ölkənin paytaxtında deyil, Səmərqənddə, qədim məscidin yanında dəfn olunub. Bu vəsiyyətin yerinə yetirilməsi üçmərtəbəli binanın damına çıxmaq deməkdir və ona görə ziyarətə gələnlər - elə mənim kimi yaşlılar müəyyən çətinliklə qarşılaşırlar. Bakıda Nəvainin heykəlinin açılışında hörmətli Prezidentimiz İlham Əliyev bizi də İslam Kərimova təqdim etmişdi. Onun haqqında bildiklərimə və eşitdiklərimə görə bu üç mərtəbəni qalxmağı özümə borc bildim.
Özbək dostlarımız İ.Kərimovun qürurlu xasiyyətindən danışırdılar. Sovet İttifaqının son dövrlərində Moskvada hansısa yüksək zirvə toplantısında Kərimov bir az gecikərək daxil olanda Mixail Qorbaçov rişxəndlə: vot eşe odin prezident izvolil poyavitsya (bir prezident də təşrif buyurdu) - deyir və kobudcasına əlavə edir: - bunları öz xoşuna qoysan hərəsi özünü bir padşah elan edər.
İslam Kərimov əlindəki iclasın gündəliyini göstərərək: - Mən bu gündəlikdə göstərilən məsələlərin müzakirəsi üçün gəlmişəm, gündəlikdə Kərimovun müzakirəsi məsələsi yoxdur - deyib iclası tərk edir.
Bu söhbətin nə qədər həqiqətə uyğun olduğunu bilmirəm, amma İslam Kərimovun qürurlu, necə deyərlər "qabağından yeməyən" şəxsiyyət olması barədə çox eşitmişəm. Danışırlar ki, YUNESKO-nun baş katibi Frederik Mayor Səmərqənddə Uluqbəy rəsədxanasını ziyarət edərkən deyib: - Uluqbəyin riyazi kosmik hesablarıyla tanış olan alimlər təəccüblənir ki, onlar müasir kompüterlərin göstərdiyi rəqəmlərdən çox az fərqlənir. Uluqbəyin hesablamalarında cüzi bir yanlışlıq var. İ.Kərimov F.Mayora: - Cüzi yanlışlıq Uluqbəyin verdiyi rəqəmlərdə yox, müasir kompüterlərin hesablamalarında ola bilər - deyir. Sonralar Frederik Mayor Özbəkistan təəssüratlarından yazarkən Kərimovun bu düzəlişini xatırlayıb onu əsl vətənpərvər adlandırır.
Uluqbəyin rəsədxanası da, mədrəsəsi də, ümumən dövlət xadimi kimi fəaliyyəti də doğrudan möcüzədir. Əmir Teymurun istəkli nəvəsi Uluqbəy (hətta bir əfsanəyə görə uşaqlıqda babasının həyatını da xilas edib) hökmdar kimi də öz vəzifəsini icra edib, özünün tikdirdiyi rəsədxanasında da kainatın sirləriylə uğraşıb. Rəsədxananı da gördük, qarşısındakı Uluqbəy muzeyində o dövrün astronomik cihazlarıyla da tanış olduq.
Nəvədən böyük babasının son mənzilinə - məzarına yollandıq. Gur Əmir, yəni Əmir Teymurun goru-məzarı əzəmətli, yüksək gümbəzli bir tikilidir. Tam Şərq üslubunda inşa olunubsa da, nədənsə mənə Parisdə Napoleonun Əlillər evindəki qəbrini xatırlatdı - eyni əzəmət, möhtəşəmlik, eyni əbədi hökmranlıq iddiası...
Əmir Teymurun oğulları - Şahrux və Azərbaycanda pis ad çıxarıb öldürülmüş "Maran şah", yəni İlan şah kimi tanınan Miran şah, Uluqbəyin və başqa nəvələrinin məzarları ən alt qatda, zirzəmidədir. Turistlərin gördükləri məzar daşları isə onların üst qatda təkrarıdır. Əmir Teymurun bahalı daşdan tünd rəngli məzar daşı başqa qəbirlərdən fərqlənir. Rəvayətə görə Əmir Teymur: - Məbadə, mənim məzarımı açasınız-deyib-yoxsa fəlakət baş verər. Sovet arxeoloqları bu vəsiyyətə məhəl qoymadan 1941-ci il iyunun 21-də Teymurun məzarını açıblar. Səhərisi gün müharibə başlayıb və bu prosesi çəkən operator cəbhədə qıçını itirib, Teymur kimi axsaq qalıb. Bu məzarı açmaq prosesini lentə alan başqa bir operator - Malik Kayumov doxsan neçə yaşında vəfat edib.
Böyük tarixi şəxsiyyət Əmir Teymur nə sovet dövründə təqdim olunduğu kimi yalnız qəddarlığıyla ad çıxarmış zülmkar, nə də indiki zamanda bəzən ifrat idealizə edilən hökmdar olub. Bütün sahibi-ixtiyarlara mənsub olan cəhətlər-təkəbbür, qəddarlıq, küllü-aləmə hakim kəsilmək iddiası ona da xas idi. Məgər Makedoniyalı İsgəndər ya Yuli Sezar belə deyildilər? Amma bununla bərabər elmə, şeirə, sənətə həssas, qayğıkeş münasibəti, Səmərqəndi və başqa şəhərləri misilsiz memarlıq abidələrilə əbədiləşdirməsi də Teymurun tarixdə müsbət işarəsilə qalacaq əməllərindəndir. Teymurun alimlərə, şairlərə, sənətçilərə verdiyi önəmlə bir sırada indiki təbirlə desək dini tolerantlığı da diqqəti çəkir.
Səmərqənddə sivri bir dağın döşündə Müqəddəs Daniel yaxud Xacə Daniyar adlı övliyanın məzarı var. Kimsə buranı doğrudan da Əmir Teymurun əmrilə övliyanın Bağdaddan köçürüldüyü məzarı sayır, kimsə Bağdaddan onun məzarından bura ancaq torpaq gətirildiyini deyir. Qəribə odur ki, bu məzarla bağlı əfsanələr bizim günlərdə də yaranır. Məzarın yanında bitən ağac quruyurmuş. Guya Rusiya patriarxı Aleksi bura gəlib su səpəndən sonra ağac yenidən dirçəlməyə başlayıb. Dağın ətəyində suyu Laçının, Şuşanın bulaqları kimi sərin və şirin bir bulaq da var. Yenə də əfsanəyə görə bu bulaqdan su içən ürəyində niyyət tutmalıdır. İsraildə, Qüdsdə Ağlaşma (Göz yaşı) divarında niyyətimi yazıb daşların arasına qoyduğum kimi Səmərqənddəki bulaqdan su içəndə də ürəyimdə tutduğum niyyətin - Qarabağımızın, bütün başqa işğal olunmuş torpaqlarımızın tezliklə azad olunması arzumun tezliklə baş tutmasını istədim.
Səmərqənd doğrudan da açıq səma altında unikal memarlıq muzeyidir. Belə şəhər-muzey kimi onu dünyada bəlkə yalnız Romayla müqayisə etmək olar. Reqistan meydanı dəqiq ölçülüb-biçilmiş miqyaslarına görə ən məşhur meydanlarla - Romada Müqəddəs Pyotr, Peterburqda Senat, Parisdə Etual (Ulduz) meydanlarıyla müqayisə oluna bilər.
Reqistan qumluq deməkdir və bu meydan üç tərəfdən ecazkar binalarla əhatə olunub, dördüncü tərəfdənsə giriş və baxış üçün açıqdır. Bu açıq yerdən baxanda sol tərəfdəki bina Uluqbəy mədrəsəsidir. Mədrəsənin dörd tərəfdən divarlarla əhatə olunmuş daxili sahəsi Avropa şəhərlərində, özəlliklə ispan memarlığında geniş yayılmış patio-daxili həyətləri xatırladır, amma təbii ki, Uluqbəy mədrəsəsindəki həyət çox dəfə daha genişdir.
Reqistan meydanının dördüncü, açıq tərəfində, pillələrin üstündə skamyalar düzülür və vaxtaşırı burda musiqi festivalları keçirilir. Ağpaltarlı gəlinlər nişanlılarıyla, ərlərilə bura gəlib Reqistan meydanının fonunda şəkil çəkdirirlər.
Səmərqəndin başqa məşhur abidələri sırasında Bibi xanım məscidi, Şahizində (əbədi yaşar şah) nekropolu da dünyaca məşhurdurlar. Şahizində məzarlığını memarlıq incilərilə bəzəyən ustalar sırasında azərbaycanlılar da olub.
Səmərqənddən ayrılıb sürət qatarıyla Daşkəndə yollanır, iki saatdan sonra çatırıq. Axşam qaldığımız beşulduzlu "Site palas" otelinin açıq həyətində Özbəkistan hökuməti adından ziyafət verilir. Gur və həzin səsli kişi və qadın müğənnilər özbək musiqisilə bərabər Rəşid Behbudovun, Edit Piafın, Frenk Sinatranın repertuarından mahnılar, Rossininin "Sevilya bərbəri", Puççininin "Turandot" operalarından ariyalar ifa edirlər. Özbəkistan dövlətinin ayrılmaz hissəsi Qaraqalpak respublikasından istedadlı gənc müğənni bizim Müslüm Maqomayevin repertuarından elə onun ifa tərzində iki mahnı oxyur, sonra bizə yanaşır, tanış oluruq. Demə, Müslüm Maqomayev adına konkursda iştirak edib, birinci mükafata layiq görülüb. Onu təbrik edirik. Artıq yetərincə məşhur müğənni olduğu üçün haqqında lətifələr də söyləyirlər. Hansı bir konsertindəsə səhnədə oxuduğu zaman zəlzələ baş verir, salondakı çil-çıraq tərpənməyə başlayır. Zəlzələdən xəbəri olmayan gənc müğənni qürurla: - Gördünüzmü, - deyir, - səsimin gücündən lüstra da əsməyə başladı.
Türkiyəli yazıçı və tərcüməçi, ədəbiyyatımızın sadiq dostu İmdat Afşarla görüşüb söhbətləşirik. Çox məmnunuq ki, neçə il əvəllərdə Türkiyəylə Özbəkistan arasında yaşanan gərginlik aradan qalxıb, siyasi və mədəni əlaqələr gün-gündən daha da fəallaşır.
Türkiyədə ümumtürk məsələlərilə bağlı toplantılar da Özbəkistan nümayəndələrinin olmamasını görəndə doğrusu çox üzülürdüm. Özbəkistansız Türk dünyası tam deyil və Türkiyə də Özbəkistançün qardaş məmləkətdir.
İmdad məni Cənubi Koreyadan gəlmiş türkoloq xanımla tanış edir. Xanımın adı İngenq, famili isə bircə hərfdən ibarətdir - O.Türkoloji təhsilini Seulda başlayıb, İstanbulda tamamlayıb, bir çox türk dillərini, o cümlədən, Türkiyə və Azərbaycan türkcələrini, özbək dilini bilir. Türk dünyasının bir çox bölgələrində olub, ən ucqar yerlərinə - Yakutiya-Saxa və Altaylara da səfərlər edib. Azərbaycana da gəlib. Universitetimizin müəllimi, yazıçı Vaqif Sultanlı ilə yaradıcılıq əlaqələri saxlayır. Xanım O özbək dastanı "Alpamışla" Koreya eposu "Jumonq" arasında tipoloji analizə həsr etdiyi kitabını mənə bağışlayır. Alpamışın mənşəcə "Kitabi-Dədə Qorqud"dakı Alp Bamsıya (Beyrəyə) yaxınlığını nəzərə alsaq, bu koreyalı türkoloqun bir növ bizim folklorumuza da müraciətidir. Madam O Azərbaycan ədəbiyyatına da maraq göstərir. Bizimlə bir təyyarədə Bakıya uçacağını və iyirmi gün şəhərimizdə qalacağını deyir.
Bakıya səhər saat 7-də uçmalıyıq. Hava limanına saat beşdə gəlirik. Sabahın belə erkən çağında Məmədqulun, Yazıçılar İttiffaqının sədri Siracəddin Seyyidin bizi ötürməyə gəlmələrindən mütəəssir oluruq...
Yazımın əvvəlində vəd etdiyim məsələ barəsində - Yazıçılarla bağlı prolbemlər haqqında bir neçə kəlmə yazmaq istəyirəm. Biz hər zaman haqlı olaraq fəxr edirik ki, Azərbaycanda Yazıçılar Birliyi dağılmadı, parçalanmadı, jurnallarımız, qəzetimiz bağlanmadı. Axı bir çox keçmiş sovet respublikalarında yazıçı təşkilatları ya dağılıb itdi, ya da Moskvada olduğu kimi neçə yerə parçalandı, ədəbi nəşrlərin çoxu da ya çıxmır ya da miskin vəziyyətdədir. Bütün bunlar həqiqətdir, amma xoş istisnalar da var. Belə istisnalardan biri də qardaş Özbəkistan imiş. Özbəkistanda da Yazıçılar İttifaqı fəaliyyətini dayandırmayıb, parçalanmayıb, ədəbi nəşrlərini nəinki qoruyub, hətta artırıb. Otuz üç milyonluq Özbəkistan on üç vilayət və bir Qaraqalpak respubilkasından ibarətdir. Hər vilayətdə Yazıçılar İttifaqının altı nəfər ştatı olan bölmələri var və bölmə rəhbərlərinə yüksək maaş və idarə avtomobili verilir. Bundan başqa, hər vilayətin hakimi (icra başçısı) yazıçılara himayədarlıq şurasına rəhbərlik edir. Qaraqalpak respubilkasında isə öz Yazıçılar ittifaqlarının imtiyazları daha böyükdür. Yazıçıların Həmid Əlimcan adına Yaradıcılıq evindən başqa ölkənin daha iki bölgəsində yaradıcılıq evləri tikilir. Daşkənddə yazıçılar üçün ayrılmış sahədə hərəsi 120 mənzilli iki yaşayış binası dövlətin hesabına tikilir. Mənimçün maraqlı məlumatlardan biri də keçmiş ədəbiyyat fondu sayağı iki müasir fondun - "İcad" və "İlham" fondlarının maliyyələşdirilməsi idi. "İcad" fondu yalnız yazıçılara, "İlham" fondu digər sənət sahələrində çalışanlara xidmət edir. Hər iki fondun gəlirləri qismən dövlət büdcəsindən, qismən sponsorların yardımlarından, qismən də bütün nəşriyyatlarda (həm dövlət, həm özəl nəşriyyatlarda) çap olunan yazıçı kitablarından ayrılan müəyyən faizlərdən yaranır. Nəşriyyatların bu faizləri ödəməsi qəbul olunmuş qanunla tənzimlənir. Belə ödənişlərsiz heç bir nəşriyyat lisenziya ala bilməz. Bu təcrübədən bizim də istifadə etməyimiz barədə düşünməyə dəyər.
1991-ci ildə Əlişir Nəvai parkında müasir özbək yazıçılarından Abdulla Qəhharanın, Aybekin və başqalarının heykəlləri ucaldılmışdı. Özbəkistan Yazıçılar İttifaqının, Mədəniyyət Nazirliyinin, İncəsənət Akademiyasının təkliflərinə əsasən, daha üç məşhur şairin - Həmid Əlimcanın, onun həyat yoldaşı şairə Zülfiyyə xanımın, Qafur Qulamiın şəhərin ayrı-ayrı bölgələrində qoyulmuş heykəlləri də bu Ədiblər xiyabanına köçürülmüşdür. Hazırda bu xiyabanda xalq şairləri Erkin Vahidovun və Yazıçılar İttifaqının sabiq sədri Abdulla Arifovun da heykəlləri qurulur. Bu xiyabanda mənəviyyat dərsləri, oxucularla, ilk növbədə, gənclərlə yazıçıların görüşlərinin təşkil olunması, turistlərin özbək ədəbiyyatının görkəmli xadimlərilə tanış olması üçün şərait yaradılır. Bu məqsədlə Özbəkistan mədəniyyət və incəsənəti sərgi salonu Yazıçılar İttifaqının sərəncamına verilir.
Yazıçılar İttifaqının nüfuzunun daha da yüksəlməsinə yönəlmiş bütün bu tədbirlər haqqında Prezident Şövkət Mirziyayevin bir neçə müvafiq qərarı çıxmışdır. Qərarların icrası Baş nazir A.Aripova və Prezidentin Dövlət müşaviri, özü də tanınmış yazıçı olan X.Sultanova tapşırılmışdır.
Bir çox orta məktəblərə çağdaş yazıçıların adları verilmişdir və bu məktəblərdə yalnız adlarını daşıdıqları yazıçıların yox, ümumiyyətlə, özbək ədəbiyyatının tədrisinə xüsusi yer ayrılır. Elə iştirak etdiyimiz beynəlxalq konfrans da özbək ədəbiyyatının dünyada tanıdılmasına, araşdırılmasına, təbliğ olunmasına həsr edilmiş mühüm addım idi. Nəvai və Babur dühalarıyla, Mükimi, Həmzə Həkimzadə, Çulpan irsiylə zəngin olan özbək ədəbiyyatı həqiqətən də dünyada təbliğ olunmağa və tanınmağa layiqdir.
Dost, qardaş özbək yazıçılarıyla sıx yaradıcılıq əməkdaşlığımızı daha da inkişaf etdirmək isə Azərbaycan Yazıçılar Birliyinin öhdəsinə düşən şərəfli və vacib vəzifədir.
11-12 avqust
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!