Qabriel Qarsia MARKES - "Belə günlərdən biri" - Hekayə - Əyyub QİYASIN tərcüməsində

ƏDƏBİYYAT ÜZRƏ 1982-Cİ İLİN NOBEL MÜKAFATÇISI:Qabriel Qarsia MARKES - Kolumbiya yazıçısı, jurnalist, naşir və siyasi xadim. 6 mart 1927-ci ildə Kolumbiyadakı Arakataka şəhərciyində anadan olub. "Magik ədəbi cərəyan"ın ən görkəmli nümayəndəsidir. Atası əczaçılıq edib. Babası ilə nənəsinin himayəsində böyüyüb və bu insanların danışdığı əhvalatlar, söylədikləri hadisələr gələcək yazıçının əsərlərinin başlıca mövzusuna çevrilib. 1946-cı ildə valideynlərinin təkidi ilə Boqota Milli Universitetinin hüquq fakültəsinə daxil olub və elə o vaxt gələcək həyat yoldaşı Mersedes Barça Pardo ilə qarşılaşıb. 1950-ci ildə təhsilini yarıda saxlayan Qarsia Markes həyatını ədəbiyyata və jurnalistikaya bağlamaq qərarına gəlib. Onun yaradıcılığına Heminqueyin, Folknerin, Ceyms Coysun, Virciniya Vulfun, Frans Kafkanın böyük təsiri olub. Yaradıcılığa jurnalistika ilə başlasa da, tezliklə kiçikhəcmli hekayələr və ssenarilər yazmağa başlayıb. 1961-ci ildə "Polkovnikə heç kəs yazmır" povesti işıq üzü görüb. Markesə dünya şöhrəti qazandıran əsəri 1967-ci ildə qələmə aldığı "Yüz il tənhalıqda" romanıdır. Sağlığında çox böyük şöhrət qazanmış kolumbiyalı yazıçının əsərləri dünyanın demək olar ki, əksər dillərinə tərcümə edilərək, milyonlarla tirajda kitab şəklində satılıb. Yazıçı 1982-ci ildə ədəbiyyat üzrə növbəti "Nobel mükafatı"na layiq görülüb. Mükafat Markesə "hekayə və romanlarında təsvir etdiyi fantaziya ilə reallığı birləşdirərək bütöv bir qitənin həyatını və münaqişələrini ustalıqla təsvir edə bilmək bacarığına görə" verilib. Dünya şöhrətli yazıçı 2014-cü ildə Mexikoda vəfat edib.

 

Bazar ertəsi oldu, isti, yağışsız. Hər gün ertədən oyanan diplomsuz diş həkimi Aurelio Eskovar səhər saat 6-da kabinetə girib işə başladı. Şüşəli dolabı açıb gipsdən hazırlanmış süni əngi götürdü, onu sərgidəki kimi ən balacasından ən böyüyünə qədər sıra ilə düzülmüş alətlər olan masaya qoydu. Əynində lap yuxarıdan qızılı rəngli yeganə düymə ilə bağlanmış yaxalıqsız köynək, bir də elastik şalvarbəndin saxladığı şalvar vardı. Uzun və arıq adam idi, kar adamlar kimi özünəqapalı görkəmi diqqət çəkirdi.

Alətləri düzüb qurtarandan sonra bormaşını fırlanan kresloya doğru çəkib, əngi cilalamağa başladı. Qətiyyətlə işləyirdi, hətta istifadə etməyəndə belə bormaşının pedalını basmaqdan yorulmurdu; amma simasındakı səmimiyyət dəyişmirdi, sanki üzərində işlədiyi əng onu maraqlandırmırdı.   

Saat 8-də fasilə etdi, pəncərədən səmaya baxdı və gözləri qonşu binanın damına qonub lələklərini günə verən bir cüt keçəl kərkəsə sataşdı. Sonra ürəyində "yəqin, yenə naharqabağı yağış yağacaq" fikirləşə-fikirləşə işinə davam etdi. 11 yaşlı oğlunun qırıq-qırıq səsi onu fikirdən ayırdı.

- Ata!

- Nə var?

- Alkad (şəhər başçısı) soruşur, onun dişini çəkəcəksən, ya yox?

- De ki, mən yoxam.

Bu dəfə isə qızıl qapağı yonurdu. Əlini irəli uzatmışdı, qapağı barmaqlarının ucunda tutub, gözlərini qıyaraq baxırdı. Darısqal qəbul otağından yenə oğlunun səsi cingildədi:   

- O, deyir ki, burdasan, çünki sənin səsini eşidib. 

Doktor dişə baxmağa davam etdi. Bir də işini bitirib onu hazır sifarişlər olan masaya qoyandan sonra dilləndi:

- Eşidib, lap yaxşı.

Yenidən bormaşını işlətdi. Hazır işlər saxlanılan karton qutudan üzərində bir neçə qızıl diş olan dəsti çıxarıb cilalamağa başladı.

- Ata!

- Nə var?  

Doktorun sifətinin ifadəsi dəyişmədi.

- Alkad deyir ki, dişini çıxartmasan, səni güllələyəcək.

Doktor tələsmədən ayağını pedaldan ayırdı, bormaşını kreslodan kənara itələdi və masanın siyirtməsini çəkib açdı. Yeşikdə tapança vardı.

- Yaxşı, - dedi, - get ona de, qoy gəlsin.

Kreslonun üzünü qapıya tərəf çevirdi, əlini açıq siyirtmə üstə qoydu.

Bir qədər sonra alkad kandarda peyda oldu. Sol yanağı qırxılıb şumal edilsə də, ağrıdan şişmiş sağ yanağında 5 gündən qalma cod tüklər görünürdü. Doktor onun ağrıdan parlayan gözlərində yuxusuz gecələrin əzabını gördü. Barmaqlarının ucu ilə siyirtməni itələyib, yumşaq səslə:

- Əyləşin, - təklif etdi.

- Günortanız xeyir, - alkad dedi.

- Hər vaxtınız xeyir, - doktor cavab verdi.

Alətlərin qızmağını gözlədikləri müddətdə alkad başını kresloya dirədi, özünü bir qədər yüngül hiss etməyə başladı. Efirin soyuq buxarını ciyərlərinə çəkib dərindən nəfəs alaraq, ətrafa boylandı. Kabinetin yoxsul görkəmi vardı: köhnə ağac kreslo, pedallı bormaşın və içi saxsı dərman qabları ilə dolu şüşəli dolab. Pəncərələrə insan boyu pərdələr çəkilmişdi. Doktor ona yaxınlaşdı, alkad ağzını açıb pəncələrini var gücü ilə döşəməyə dirədi.

Aurelio Eskovar onun üzünü işığa tutdu. Xəstə dişi müayinə edib, barmaqlarını ehtiyatla şişmiş çənəyə toxundurdu.

- Anesteziyasız çəkməli olacağam, - dedi.     

- Niyə?

- Çünki damağınız irinləyib.

Alkad baxışlarını onun gözlərinə zillədi.

- Yaxşı, - deyib, gülümsəməyə çalışdı.

Doktor heç nə demədi. İçərisində qaynadılmış alətlər olan qazançanı tələsmədən iş masası üstə qoydu və elə tələsmədən də alətləri soyuq pinsetlə sudan çıxartdı. Başmağının ucu ilə tüpürcəkqabını kənara itələyib əllərini yumaq üçün əlüzyuyana doğru getdi. Bir dəfə də olsa alkada baxmadı, alkad isə gözlərini bir an belə ondan çəkmirdi.  

Ağrıyan aşağıdakı ağıl dişi idi. Doktor özünü toparlayıb qaynar maşanı dişə yaxınlaşdırdı. Ayaqlarının titrədiyini və kürəyində dəhşətli bir ağrı hiss edən alkad bərk-bərk kreslonun kənarından yapışdı, amma səsini çıxarmadı. Doktor yavaş-yavaş dişi yerindən tərpətdi. Qəzəbdən uzaq, acı bir kədərlə:

- Hə, indi öldürülmüş iyirmi leytenanta görə cavab verərsiz, - dedi. 

Alkad çənəsində qırılan sümük xırçıltısını eşitdi, gözləri doldu. Nəfəs vermək istədi, amma dişin ağzında olmadığını hiss etməyənə qədər nəfəs alıb-verə bilmədi. Yaşdan tor tutmuş gözləri ilə ona baxdı. Ağrı güclü idi, indi geridə saxladığı 5 gündə yaşadığı ağrılar ona son dərəcə yüngül göründü. Tüpürcəkqabına tərəf əyildi, tər içində idi, ağır-ağır nəfəs alaraq, frençinin düyməsini açıb dəsmal axtarmaq ümidi ilə ciblərini eşələdi. Bunu görən doktor ona bir parça təmiz əski uzatdı.

- Silin gözlərinizi, - dedi.

Və alkad gözlərini sildi. Barmaqları əsirdi. Doktor əllərini çanağa tutub yuyanda o pəncərədən görünən ucsuz-bucaqsız açıq səmaya, pəncərənin yanındakı üstü ölü həşəratlarla dolu toz basmış hörümçək toruna və hörümçək sürfələrinə baxdı.

Doktor əllərini silib ona yaxınlaşdı.

- Yataq rejimi, - xəbərdarlıq etdi, - hə, bir də tez-tez duzlu su ilə ağzınızı yaxalayın.

Alkad yerindən qalxdı, qaşqabağını sallayıb əlini alnına toxundurub sağollaşdı. Qapıya doğru gedərək hələ də titrəyən ayaqlarını tarazlamağa çalışdı, gedə-gedə frençinin açıq yaxasını düymələyərək dedi:

- Hesabı göndərərsiz.

- Sizə, yoxsa idarəyə?

Alkad çevrilmədi. Qapını arxasınca örtəndən sonra metal tordan baxaraq:

- Fərqi yoxdur, ikisi də bir zibildir! - dedi.  

Tərcümə etdi: Əyyub QİYAS


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!