Uzaqda yaşayan həmyerlilərimiz - Və yaxud Belarus vətəndaşı, əslən azərbaycanlı, tanınmış rəssam Kamil Kamalın danışan rənglər dünyası barədə düşüncələr...
Bizə uzaq və yaxın olan dost ölkənin hotel otağında pəncərədən çölə baxıram; qanadlı düşüncələrim bayırdakı payız axşamının mülayim havasında sükut səsinə (sükutun da səsi olur - bu barədə bir qədər sonra!) qarışıb, gözlərim isə yazı masasının üstündəki bloknotumun açıq qalmış səhifəsindədir. Vərəqin başında, sol tərəfdən təkcə bu sözlər yazılıb: "Minsk, 5 sentyabr, 2017-ci il. "Planet" hoteli... Bir azdan Aleslə birlikdə həmyerlimiz, rəssam Kamil Kamalla görüşə gedəcəyəm..."
Uşaq çağlarımda ata-anamdan, film və kitablardan eşitdiklərim, gördüklərim və öyrəndiklərimdən, tələbəlik illərində oxuduğum "Sımon-musiqi"sinin vətənpərvər müəllifi Yakub Kolasın sehrli misralarından bilirdim ki, belaruslar milli-mənəvi dəyərlərə, torpağa, ailəyə, dostluğa, mədəniyyətə, sözə, sənətə, şeirə, nəğməyə... bağlı adamlardı. İndi bu qərib hotel otağında, çiskinli bir payız axşamının qarışıq duyğularıyla belaruslu həmkarım və dostumdan - istedadlı yazıçı-jurnalist Aleksandr Nikolayeviç Karlyukeviçdən zəng gözləyirəm. Axı səhər görüşəndə mənə demişdi ki, axşamçağı mütləq sizin-bizim həmyerlimiz Kamil Kamalın emalatxanasına gedəcəyik. Düzü, bir qədər narahatam: birdən görüşümüz bu dəfə də baş tutmaz! Sonra içimdəki tərəddüdlər səssiz düşüncələrimlə birlikdə dərhal uçub bayırdakı təmiz havaya qarışır, sakitləşirəm: belaruslu mujik söz verdisə, mütləq yerinə yetirəcək!
Bayırda narın yağış yağır. Şəhərin irili-xırdalı, rəngbərəng dam örtükləri mənə Bakının köhnə sovet məhəllələrindəki "stalinka" deyilən binaları xatırladır - göyərçinlər qoşa-qoşa, ya da dəstə-dəstə o baş bu başa uçuşur, arabir islaq damların üstünə qonub təhlükəsiz və rahat-rahat gəzişirlər. Bura əzabkeş Belarusun paytaxtı qəhrəman Minsk şəhəridir; səliqə-səhmanlı, göyərçinli, yağmurlu, küknarlı, trolleybuslu, izdihamlı, qonaq-qaralı Avropa şəhəri... İstər mərkəz olsun, istərsə də ətraf meydanlar...səs-küy eşitməzsən. Burda sükutun səsini dinləyirsən - bu səsdə həyat var, həyat tərzi var, sevgi, hərarət, ehtiras, dinclik və sülh var... Burda maşınlar da adamlar kimidi - dincliyini pozmazlar, sakit-sakit yağan yağış kimi, havada uçuşan cürbəcür quşlar kimi...Aram-aram yellənən ağcaqovaq yarpaqlarının pıçıltısını, hər tərəfdə ucalan yamyaşıl ağacların məğrurluğunu, çayların, su hövzələrinin, fəvvarələrin qulaqları yormayan dinc şırıltısını... daha nələri xatırladırlar. Adamlar və maşınlar səssiz-səssiz qaynaşırlar. İzdihamlı geniş küçələrdə belə uğultu, gurultu, qışqırtı yoxdur. Sanki təbiətlə cəmiyyət Allahın rizasıyla səssiz harmoniya barədə əbədi saziş bağlayıb. Gözəl sazişdi, sinir sistemləri pozulmuş adamlara da məlhəm ola bilər. Burda hər kəs bu təbii harmoniyadan qidalanır. Hamı sakit-sakit tələsir...hərə öz ünvanına... Məlum və naməlum ünvanlara hərə bir cür gedir - piyada gedənlər var, avtobusla, trolleybusla, metroyla, avtomobillə...velosiped sürənlər də gözümə dəyir. Bu şəhərin özünəməxsus əlamətlərindən biri də budaqları və yarpaqları bir-birinə sarınmış qamətli qovaq ağaclarının altındakı geniş çəmənliklərin, çınqıl döşənmiş və uzandıqca uzanan cığırların təmizliyi, doğma şəhərlərini sevən, evlərinin çölünü də içi qədər əziz tutan, yağışlı havalarda belə daim təmizliklə məşğul olan xüsusi geyimli insanların vicdanlı əməyidir...
Telefon çağırır. Dərhal dəstəyi qaldırıram. Alesdir. On dəqiqədən sonra hotelin qarşısında olacağını bildirir. Sevincək sağollaşıb otaqdan çıxıram. Sərin havanı içimə çəkə-çəkə Alesi gözləyirəm. Narın yağış üz-gözümü isladır, yüngül qərb küləyini də hiss edirəm. Belə havada gözləmək də adama ləzzət verir. Nəhayət, Aleslə görüşüb rəssamın emalatxanasına yollanırıq...
Danışan rənglər dünyası
Ales Karlyukeviç yolboyu ondan danışır... Deyir ki, görkəmli şair və yazıçılarımız öz yaradıcılıqlarında və gündəlik həyatında Azərbaycana, azərbaycanlılara hər zaman xüsusi yer ayırıblar. Belarus rəssamı Kamil Kamala da diqqət xüsusidir. Misal üçün, xalq şairimiz, mərhum Rıqor Borodulin onun emalatxanasına çox böyük həvəslə, açıq qəlblə gedirdi. Rıqor İvanoviç hələ sağlığında bu qrafika və fırça ustasının yaradıcılığı barədə ürək genişliyi ilə gözəl sətirlər yazıb. Kamil isə artıq qırx ildir ki, Belarusda, Minsk şəhərində yaşayır; Rıqor Borodulinin portretini yaradıb. İndi klassik şairimiz həyatda yoxdur, amma rəssam onun Çin poeziyasından etdiyi tərcümələr kitabına gözəl tərtibat verib. Şairin ölümündən sonra çıxan kitabın illüstrasiyaları da ona məxsusdur...
Aleksandr Nikolayeviç Karlyukeviçlə üç il bundan öncə ilk görüşümüzü xatırlayıram; yüksək intellektual mədəniyyəti, geniş dünyagörüşü və biliyi, təşəbbüskarlığı və təəssübkeşliyi məndə bu xoşsimalı insana qarşı rəğbət oyatmışdı. Elə həmin görüşdə də biri-birimizə isinişdik, qərara aldıq ki, tarixi ədəbi-mədəni əlaqələrimizi daha da möhkəmlədək. Qoy bizdən əvvəlki nəsillərin yaratdığı tarixi dostluq və qardaşlıq müasirlərimizin timsalında daha da inkişaf etsin, irəliləsin. Aleksandr Nikolayeviç məni çoxsaylı müasir Belarus yazıçı və şairləri, ədəbiyyatşünas alimləri, mədəniyyət və mətbuat xadimləri ilə tanış etdi. Mən məhz Alesin sayəsində Nikolay Çerqineç, Svetlana Aleksiyeviç, Vladimir Lipski, Ales Badak, Georgi Marçuk, İvan Çarota, Yelena Stelmax, Anatoli Matviyenko, Tatyana Sivets, Maria Kobets, Anastasiya Radikeviç, Yuliya Aleyçenko ilə tanış oldum, görkəmli yazıçı və şairlərin əsərlərindən tərcümələr etdim. O da öz növbəsində bizim müasirlərimizin yaradıcılığına geniş meydan verir, ədəbi və mədəni həyatımızın ən önəmli hadisə və insanları barədə belarusları bilgiləndirir. Kamil Kamal haqqında da ilk dəfə Alesdən eşitmişdim...
Qısa arayış: Kamil Həmzə oğlu Hacıyev Gürcüstanın Qasımlı kəndində azərbaycanlı ailəsində doğulub. Bakıda Əzim Əzimzadə adına rəssamlıq məktəbini, Leninqradda Repin adına İnstitutda və Rəssamlıq Akademiyasında oxuyub, sonra təhsilini yarımçıq qoyaraq Belarusa üz tutub, burda istilik görüb, sığınacaq tapıb; Teatr və Rəssamlıq İnstitutuna daxil olub, istedadını, orijinal düşüncəsini, rənglərlə ustalıqla davranmasını, heykəltəraşlıq məharətini dərhal seziblər. Sevimli müəllimlərindən - xalq rəssamı Qavril Vaşşenko və May Dansiqdən dərs alıb, öyrənib. Onlar da sevimli tələbələrinin bənzərsiz yaradıcılığına, özünəməxsus üslubuna qayğı və diqqətlə yanaşıblar... Kamil 1991-ci ildən Belarus Rəssamlar İttifaqının üzvüdür. 2011-ci ildən Maksim Tank adına Belarus Universitetində rəngkarlıqdan dərs deyir. 1989-cu ildən bəri rəssamın əsərlərindən ibarət sərgiləri dünyanın bir çox ölkələrində, eləcə də Azərbaycanda, Belarusda, Türkiyədə, Rusiyada, Almaniyada, Polşada, Fransada, İngiltərədə, ABŞ-da nümayiş etdirilib. Kamil Kamalın təkcə Belarusda 30-dan çox monumental işləri var; "Həyat ağacı" fontanının heykəltəraşlıq kompozisiyası, Belarusun azad edilməsində iştirak etmiş Sovet İttifaqı qəhrəmanları Həzi Aslanova, Aslan Vəzirova Mogilyovda və Vileykada ucaldılan abidə kompleksinin, Belarus Milli Kitabxanasının "Nəğmə" kompleksinin, "Müstəqillik sarayı" kompleksinin müəllifi Kamil Kamaldır. O, Belarus yazıçılırı Vasil Bıkovun, Rıqor Borodulinin, Ales Karlyukeviçin də kitablarına illüstrasiyaların müəllifidir. Onun haqqında çəkilən sənədli film (rejissor C.Lukyançikov, prodüser K.Əbilov) 2000-ci il Monreal festivalında 100 ən yaxşı sənədli film siyahısına düşüb. Monumental-dekorativ sənət sahəsində fəaliyyətinə və ümumiyyətlə, yaradıcılığına Belarus hökuməti və ayrı-ayrı yaradıcılıq təşkilatları dəfələrlə qiymət veriblər, Beynəlxalq diplomlara və mükafatlara layiq görülüb. Ailəlidir. Həyat yoldaşı və oğlu ilə bərabər Minskdə yaşayır...
...Maşınımız şəhərdən bir qədər aralıda yerləşən köhnə sovet binalarından birinin bloku ağzında dayananda yağış selləmə tökdü. Pilləkənlərlə qalxıb sol tərəfdəki uzun dəhlizdən keçib qapını döyürük, saçları ağarmış gülərüz kişi qapını dərhal açır və:
- Vay, vay, vay, möhkəm yağış yağır deyəsən! İslanmadınız ki? - deyə bizi içəri dəvət edir.
- Maşını blokun ağzında saxladıq... Biz heç, buna öyrəşmişik, təki qonağımız islanmasın... Bunları da sənə gətirmişik, - deyə Ales ərklə ev yeməkləri və azuqəsi ilə dolu torbanı rəssama uzadır.
- Niyə zəhmət çəkmisiz, Aleksandr Nikolayeviç, təşəkkür edirəm... Bizdə hər şey var, süfrə də hazırdı...Buyurun içəri...
Aleksandr Nikolayeviç dərhal məni təqdim edir.
- Tanış ol, yerlindir, Bakıdan gəlib, yazıçı dostumuzdur...
- Xoş gəlmisiz! Səhv etmirəmsə, biz sizinlə tanışıq... Ötən il... hə, hə, Puşkin adına kitabxanada... Çox şadam, keçin, keçin, rahatlanın, öz evinizdi...
- Təşəkkür edirəm, Kamil müəllim... Doğrudur, ötən il görüşmüşük...
- Sizin kitabınız da məndə var... Nə yaxşı oldu!.. Aleksandr Nikolayeviç, nə yaxşı oldu gəldiniz! Mənim eloğlumu da gətirdiniz! Çox sevindim!
- Biz də şadıq...
Emalatxanada ondan başqa bir nəfər də vardı.
- Bu da mənim yerlimdi, süfrəni hazırlamaqda mənə kömək edir...
Dar, yarımqaranlıq dəhlizdən içəri keçib azca sol tərəfə burulduq: burda köhnə divan, kreslo, bir neçə kətil və balaca jurnal mizi vardı. Mizin üstünə konyak və qədəhlər qoyulmuşdu. Köməkçi sellofan torbanın içindəkilərini çıxarıb dərhal boşqablara düzür, ev sahibi bizi süfrəyə çağırır:
- Buyurun, əyləşin, əsl vurmalı havadı...- deyir.
Lakin Aleksandr Nikolayeviç xahiş edir ki, süfrəyə oturmazdan öncə emalatxanadakı əl işləriylə tanış olaq. Mən artıq bəzi "obyekt"ləri telefonumla çəkməyə başlamışdım. Gördüklərim artıq məni heyrətləndirib... Hələ bu sənət əsərlərinin hansı janra və üsluba mənsub olduğunu özüm üçün aydınlaşdıra bilmirəm. Hələ onun yaratdığı monumental təsviri sənət növlərini təyin edə bilmirəm; rəsmləri, miniatürləri, mozaikaları, qrafikası, vitrajları, afortları və litoqrafiyası, heykəltəraşlığa aid kompozisiyalarının fotoşəkillərini, realist və irreal aləmin ovqatını və ruhunu yaradan onlarla sənət incisinin müsbət aurası yarımqaranlıq emalatxanaya sanki gün istiliyi gətirmişdi; Şərq günəşi ilə Qərb yağışı üzə-üzə durub doğma, özü də çox zəngin bir əhval-ruhiyyə yaratmışdı. Mən sözün həqiqi mənasında ovsuna düşmüşdüm. Onun iri, qalın qaşları altında gülümsəyən gözlərinə baxıram, baxışlarımız toqquşur, elə bil məndən sual gözləyir, duyuram və dərhal soruşuram:
- Niyə məhz Kamil Kamal? Bəlkə bu imzanız nə iləsə bağlıdı?
- Yox, - dərhal cavab verir, elə bil bunu gözləyirdi. - Sualı mənə çox verirlər...Sadəcə hər iki sözü sevirəm, onlar qoşalaşanda daha sevimli görünür mənə... (gülür). Elə bil mənə enerji, güc, qüvvət verirlər... Bu qoşa qanadlı söz birləşməsində (ciddiləşir) mükəmməlliklə ağlın, idrakın, zəkanın, məntiqin, təxəyyülün, zərifliyin...harmoniyası var. Keçmişlə bu günün, bu günlə gələcəyin əlaqəsi var. Düşünürəm ki, bunlar insanın bütün həyatı boyu gördüyü işlərə və əməllərə müsbət təsir edir və etməlidir. Axı ad həm də insanın tale açarı hesab olunur... (gülüşürük).
"Maraqlı həmsöhbətdir!" düşünürəm. Gözümə dolabın üstündəki balaca heykəlciklər sataşır, yaxınlaşırıq. Bu ki böyük Nizamidir! Rumi də var...
Onun əl işləridir. Deyirəm axı, filosofluğu hardan qaynaqlanır! Acgözlüklə rəngkarlıq, qrafika və heykəltəraşlıq nümunələrini seyr edirəm; müdrik qocalar, Şərqin dahi sənətkarları, nağıllardakı qəhrəmanlar, mələklər, qəzəbli vəhşi heyvanlar, kentavrlar, su pəriləri, dərviş və cənnət quşları...Sirli nümunələrin hər birində möhtəşəm tarix var, müasir və qədim dünyanın mistik əlaqələri, mənim kimi tamaşaçılar üçün sirr, amma sənətşünaslar üçün aşkar görünən heyrətamiz harmoniya var. Elə bil rənglər, xətlər, cizgilər, əşyalar, bürünc məmulatları, nağıl obrazlar, antik və müasir çalarlar...hər şey sükut içindədir, amma səssiz danışır. Burda möhtəşəm, sirli qərinələrin, əsrlərin sükutunu dinləyirəm; səs gəlir (bəlkə də bu səsi təkcə mən eşidirəm!). Bu nədir belə? Dərviş səsidirmi? İstər-istəməz "Dərviş" rəsminin önündə donub qalıram: saqqallı dərviş, amma gözləri qadın gözlərinə bənzəyir, başında tovuz quşu oturub, qarşısında heyvan təsviri... bəs o yanındakı və ətrafındakı kölgəli təsvirlər nədir? Adamlar, quşlar, su, qadın... Bu da "Dərvişin məhəbbəti"dir. Gör nə qədər rəmz var! Sükut və xəyal rəmzi, müdriklik rəmzi! Bu silsilə "dərvişlər" bəlkə də qarşımdakı ağsaçlı rəssamın özüdür, yola çıxıb, qəhvəyi-sarı rəngli məkanda mənəvi kamillik axtarır, böyük həqiqət eşqinə doğru gedir, sufi kimi... Bəlkə elə buna görə də yan-yörəsindəki incəbelli, qələmqaşlı gözəlçəyə fikir vermir...
Başqa tablolarına baxıram - yenə Şərq koloriti, fantastika, mistika elementləri, amma bu elementlər bir-birinə elə qaynayıb-qarışıb ki, sənətşünas alimlər bunu Şərq-Qərb vəhdəti adlandırırlar. "Qəlbimin məbədi", "Asiya", "Əbədiyyət" tablolarında bu xüsusiyyət açıq-aşkar görünür. Yerli və xarici sənətşünasların fikrincə, Kamil Kamal müasir rəssamdır. Onun yaradıcılıq diapazonu çox genişdir, əsərlərində Azərbaycanın XI əsr İntibah dövrünün izləri görünür, miniatür rəsm elementləri, süjet qurmaq bacarığı, ideya ilə məzmun vəhdətini göstərmək məharəti sübut edir ki, o bu sahədə yaradıcılıq texnikasına mükəmməl yiyələnib. Bu baxımdan sənətkara Belarus rəssamlıq məktəbinin də böyük təsiri olub.
Haşiyə: Bizim sənətşünas alim Ziyadxan Əliyevin sözləridi: "...Kamil Kamal özünü monumental və dəzgah rəngkarlığı, heykəltəraşlığı, eləcə də qrafika sahəsində sınamaqla dəst-xəttini uğurla formalaşdırıb. Çoxdan ənənəviləşən mövzulara artıq otuz ilə yaxın bir müddətdə Belarus torpağında yaşayan azərbaycanlı sənətkarın yeni müraciəti çox vaxt onun həzin səslə oxuduğu qəriblik nəğməsi kimi qəbul olunur...". Sənətkarın əsərlərini təhlil edən Ziyadxan müəllim daha sonra deyir ki, Kamilin "Doğma şəhərin taleyi" tablosuna şərh verməklə rəssamın həyat hadisələrinə obrazlı-düşündürücü görkəm vermək bacarığını əyaniləşdirmək istərdim. Əsər Azərbaycanın dilbər guşəsi - Qafqazın konservatoriyası sayılan Şuşaya həsr olunub. Böyük mədəniyyət mərkəzi olan şəhərin işğalından sonra çəkilən əsərdə buludlu səma fonunda görüntüyə gətirilən möhtəşəm qayanın üzərində iki yüklü dəvə təsvir olunub. Dərin dərələrlə əhatə olunmuş qaya üstündən xilas yolu axtaran bu dəvələrin yükü də bu dəfə çox ağır və olduqca qəribədir . Saribansız qalmış dəvələrin yükü bütöv bir şəhərdir - Şuşadır. Etiraf edək ki, bu əsər Azərbaycanda yaradılan və Qarabağ faciəsini obrazlı biçimdə təqdim edən ən dəyərli sənət nümunələrindən sayılmağa layiqdir".
Mənim dalğın baxışlarım, qəflətən Azərbaycana uçan xayallarım yenə qayıdır rəssamın rənglər dünyasına, sükut içində "danışan" tabloların səslərini eşidirəm.
- Bax, gördüyünüz rəsmlər litoqrafiyaya aiddir,- deyə Kamil müəllim izahat verir. - Bunlar isə qrafikaya, heykəltəraşlığa, boyakarlığa aid əsərlərdir. Bunların bir qismi İngiltərə, Fransa, Avstriya, Almaniya, Hollandiya, Belçika, Türkiyə, Rusiya, Belarus, Azərbaycan və ABŞ-ın muzeylərində, bir qismi şəxsi kolleksiyalarda saxlanılır...Kataloqlarda da var...(susur).
Aleksandr Nikolayeviç bizi süfrəyə dəvət edir, artıq o balaca, lakin dünyanın ən zəngin süfrəsi bizi gözləyir. Kamil müəllimin köməkçisi qədəhlərə moldovan konyakı süzür, ilk sağlıq deyilir, ənənəni pozuruq, Azərbaycan və Belarus xalqlarının dostluğu şərəfinə içirik. Mən artıq şəkil çəkmirəm, başımın üstündə divardan asılmış fotoşəkillərə maraqla baxıram: Rəşid Behbudovun, Müslüm Maqomayevin səhnə şəkillərini, tanımadığım dostlarının fotolarını görürəm.
- Musiqini də sevirsiz... - deyə musiqi sənətimizin böyük nümayəndələrini işarə edirəm.
- Musiqini sevməyən var? - gülə-gülə cavab verir. - Rəşidi, Müslümü bütün dünya sevir...Darıxanda Rəşidin mahnılarına qulaq asıram. Misilsizdi...
- Kamilin musiqiyə aid əsərləri də var, - Aleksandr Nikolayeviç əlavə edir. - Onun yaradıcılığında musiqi mövzusu xüsusi yer tutur. Bu kataloqlardakı rəsmlərə baxın..."Melodiya", "Nəğmə", "Musiqi", "Arfa", "Sevgi nəğməsi", "Dali", "Nənni", "Laylay", "Min birinci nağıl", "Zəriflik"...Bunların hamısı sevgiyə və musiqiyə həsr olunub. Hər biri haqqında saatlarla danışmaq olar. Sevgi, musiqi, qadın haqqında düşüncələr, təsvirlərdəki barmaqların hərəkəti, musiqini dinləmək pozaları, gözəl qadın obrazları... Bütün bunlar Kamilin orijinal hesab etdiyim gözəl nümunələrdir. Belədə təbiətin qoynunda uzanıb onun səsini, musiqisini, ritmini duymaq istəyirsən...
- Hə, elədir, Alesin sözünə qüvvət, məndə elə hər şey təbiətlə bağlıdır... - sənətkar qaşlarını çatır, ciddi görkəmlə davam edir. - Təbiət canlıdı, əbədi canlı. Heç vaxt ölmür, insan isə ölür...Təbiətə müdaxilə etmək də olar, etməmək də. Gərək biləsən-nə edirsən, nə üçün edirsən? Təbiəti başa düşmək, ona ehtiramla yanaşmaq bizim borcumuzdur. Axı biz təbiətin bir parçasıyıq. Bunu dərk edən adam üçün həyat heç vaxt məşəqqətli olmaz. Təəssüf ki, bunu bilməyənlər çoxdu, elə buna görə də yer üzündə çox adam əzab içində yaşayır. Əsl rəssam təbiəti dərk edir, anlayır. Rəssam təbiətdən güc alır, onun rənglərini fırçayla dilləndirir, belə də... elə bil ikinci bir təbiət yaradır. Mən də insanlara bu ikinci təbiətdən danışmaq istəyirəm... O təbiəti duyan və görən gözlərin rənglərdən yaratdığı aləmdən danışmaq istəyirəm insanlara. Təbiətin təbiətini görən və duyan gözlər... O gözlər həyatın ən xırda detallarını belə görə bilirlər...
O danışırdı, filosof kimi danışırdı. Söylədiklərini, ədəbiyyatla, klassik Şərq və Qədim yunan fəlsəfəsiylə bağlı maraqlı fikirlərini yaddaşıma yazmaq, dini-fəlsəfi mövzuda söhbətlərini yadda saxlamaq istəyirdim, diktafon götürməmişdim, hamısını yaddaşıma köçürə bilmədim. Rəssamın nəzəri hazırlığı da məndə qibtə doğurdu, düşünürəm ki, onun yaradıcılığındakı sürrealistik və simvolik xüsusiyyətlərin modernizmlə səsləşməsi bəlkə də dərin biliyindən irəli gəlir. Kamil müəllimin litoqrafiyaya aid bir neçə əsəri, o cümlədən "Miflərin qoruyucusu", "Yuxugörmə", "Pritçanın doğuluşu", "Nənni", "Müdriklik tacı", "Üç Peyğəmbər", "Ehtiras" dünya rəssamlıq sənətində şedevrlər sayıla bilər. Bu əsərlərdəki fantaziya, obrazlar, rəng və poetik çalarlar, bədii estetika, habelə abstrakt düşüncə, irreal və real lövhələrin, təsvirlərin orijinal və maraqlı üslubda verilməsi böyük rəssam dühasından xəbər verir. Mənə elə gəlir ki, rəssam soydaşımız təkcə təsviri sənətin müxtəlif janrlarında eyni ustalıqla, lakin çox maraqlı üslublarla (bəlkə də bütün "izm"lərin sintezindən doğulmuş yeni bir üslubla!) böyük sənət əsərləri qalereyası yaratmışdır. Onun həm yağlı boya ilə çəkdiyi abstrakt rəsmləri, həm qrafik əsərləri, həm də monumental-dekorativ sahədə yaratdıqlarının hər biri barədə ayrıca danışmaq olar. Belarusda fəaliyyət göstərən azərbaycanlıların "Qobustan" Mədəniyyət Mərkəzinin dəstəyi və yardımı ilə rəssamın bir neçə bukleti və kataloqu işıq üzü görüb. Bundan başqa İtaliyanın Foedus mədəniyyət Fondunun dəstəyilə rəngkarlıq, qrafika və heykəltəraşlıq sahəsində sənət nümunələrindən ibarət nəfis bir albomu da nəşr edilib. Albomun giriş hissəsində şair Kiril Zelenoy həmyerlimizə şeir həsr edib, 15 beytdən ibarətdir və rəssamın demək olar ki, bütün yaradıcılığı və şəxsiyyəti barədə lakonik bilgi verir. Şeirin bəzi misralarının təxmini məzmunu belədir: "...Mən Şərqi bəlkə də heç vaxt görməyəcəkdim, amma Kamil Kamal onu mənə göstərdi... mirvari, brilyant, vulkanik süxurlar, onun palitrasında daha geniş və əlvan şəkildə işlənən rənglər və əşyalar dünyaya bir hədiyyədir. Şərq müdriklərinin obrazlarını, yəhərdə oturan şairin nəğmələrini, məğrur, amma xeyirxah aslanları, narın qumlar üstündəki kentavrların izlərini, patriarx Allahları, Allah-quşları, sevgini, yağmurlu Minski, cənnət və cəhənnəmin nə demək olduğunu, Belarusun Svisloçi çayından Sinbada kimi üzən tilovları, saysız-hesabsız xəzinələri... gördüm və indi Allaha yalvarıram ki, məni Şərqə aparsın..."
O sükutun səsini sevməyə
vaxt var...
Arada sükut yaranır, hamı bayırdakı yağışın səsinə qulaq verir. Yenə sağlıqlar deyilir, zarafat-zarafat, konyak şüşəsi boşalır, ürəyimiz isə hələ doludur - sevinclə, sevgiylə, dost məhəbbətiylə, xeyirxah niyyətli arzularla...Birdən rəssam dostumuz qayğılı-qayğılı mənə baxır, həlim səsli pıçıltıyla deyir:
- Düzü, gözləmirdim ki, gələsiniz... Minskə Azərbaycandan çox adam gəlir, amma mənim emalatxanama Bakıdan gələn yeganə azərbaycanlı siz oldunuz... Əlbəttə, buna görə Ales Karlyukeviçə minnətdaram. Sağ olsun, o, mənə çox qayğı göstərir...
Yenə sükut. İçimi təəccüb və təəssüf hissi bürüyür. Ötən il Minskdə Puşkin Kitabxanasında ilk görüşümüz zamanı o məni emalatxanasına dəvət eləmişdi; söz versəm də, vaxt və gərgin qrafik ucbatından buraya gələ bilməmişdim. İndi boynumdakı yükdən azad olduğuma həm də sevinirəm! Belə bir dünya şöhrətli sənətkarla üzbəsurət dayanıb yaratdığı heyrətamiz sənət nümunələrinə tamaşa etmək və onlardan sözün həqiqi mənasında zövq almaq sevincini yaşadığıma görə sevinirəm!..
Gecə yarıdan keçmiş hotelə qayıdıram, necə oldusa, yolboyu Rəşid Behbudovun oxuduğu nəğməni zümzümə etməyə başladım, məndən çıxmayan iş - yaxşı səsim varmış: "Tələsin insanlar, əldən tutmağa...sevməyə...tələsin...tələsin yaxşılıq daşımağa...yaşamağa... sevməyə... Ölməyə çox tələsməyin..."
Minskinin yağmurlu gecə sükutunu mənim zümzüməm pozurdu. Səhər günəşli Bakıya uçacaqdım - qollarıma güc gəlmişdi, qəlbimə fərəh dolmuşdu, dilim də nəğməliydi...
Bakı-Minsk-Bakı,
5-17 sentyabr, 2017-ci il
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!