İştirak edirlər:
Tentajil
İqren və Bellanjer - Tentajilin bacıları
Aqloval
Kraliçanın üç qulluqçusu
Birinci pərdə
Qəsrdən yuxarıda, dağ başında.
İqren Tentajilin əlindən tutub gətirir.
İqren. Tentajil, sənin burdakı birinci gecən həyəcanlı olacaq. Dəniz ləpələnir, ağaclar qaranlıqda ağlayır. Artıq gecdir, ay çıxıb. Nəhayət tək qaldıq... Tək olsaq da, ehtiyatlı olmalıyıq. Burda xoşbəxtliyin də yaxınlaşmağını güdürlər. Bir dəfə tək olanda öz-özümə dedim ki, xoşbəxt oluram, - heç tanrı da eşitmədi dediyimi... Bəs sonra... Tezliklə qoca atamız öldü, iki qardaşımızsa yoxa çıxdı, heç kim də bilmədi hara... Biz yazıq bacımızla tək qaldıq, Tentajil, daha nələr ola biləcəyini fikirləşməyə də qorxuram... Yaxın gəl... diz çök... İndi qucaqla məni, balaca əllərini boynuma dola... Bəlkə onları aça bilmədilər... Yadındadır, lap çoxdan, gecələr səni pəncərəsiz koridorla aparırdım, sənsə divar lampalarının kölgəsindən qorxurdun... Bu səhər səni görəndə ürəyim əsdi... Uzaqda olduğunu, qoruma altında olduğunu fikirləşirdim... Adaya nə üçün qayıtdın?
Tentajil. Bilmirəm, bacı.
İqren. Onlar... səninlə danışdılar?
Tentajil. Dedilər ki, getmək vaxtıdır.
İqren. Bəs səbəbini demədilər?
Tentajil. Kraliça belə əmr edib.
İqren. Nə üçün belə əmr edib? Bilirəm ki, çox şeydən danışıblar...
Tentajil. Bacı, bircə kəlmə də eşitmədim.
İqren. Onlar öz aralarında danışırdılar, heç nə eşitmədin?
Tentajil. Onlar pıçıltıyla danışırdılar, bacı.
İqren. Pıçıltıyla?
Tentajil. Pıçıltıyla, bacı. Ya da mənə baxırdılar.
İqren. Amma kraliçadan danışırdılar?
Tentajil. Danışırdılar, İqren. Deyirdilər ki, onu görmək olmaz.
İqren. Bəs başqaları? Gəmidə səninlə bir yerdə olanlar nə danışırdılar?
Tentajil. Onların başı külək və yelkənə qarışmışdı, İqren.
İqren. Təəccüblənmə, onlar belədir...
Tentajil. Amma onlar məni tək qoydular, bacı.
İqren. Qulaq as, Tentajil, bildiklərimi sənə danışacağam...
Tentajil. Bildiklərinin hamısını?
İqren. Bildiklərim elə azdır ki... Biz bacımla doğulandan bu adadayıq və əslində nə baş verdiyini bilməyərək kor kimi yaşayırıq. Bunun elə belə də olmalı olduğunu düşünərək xeyli yaşadım... Quşlar uçurdu, yarpaqlar əsirdi, güllər solurdu - başqa heç nə olmurdu. Burda elə sakitlik hökm sürürdü ki, ağacdan alma yerə düşəndə hamı pəncərədən boylanırdı görsün ki, nə baş verib. Və heç kim heç nədən şübhələnmirdi... Amma bir gecə adada qəribə hadisələrin olduğunu anladım... Qaçmaq istədim - alınmadı... Nə demək istədiyimi anlayırsan?
Tentajil. Hə, bacı, hə, səni anlayıram...
İqren. Yaxşı, bilmədiyimiz şey haqqında daha danışmayaq... O ölü ağaclara bax. Onların dalına bax, dərədəki qəsri görürsən?
Tentajil. O uzaqdakı qaraltını deyirsən, İqren?
İqren. Hə, qara. O qəsr buranın gecələrindən daha qaradır... Amma o bizim evimizdir... Onu nə üçün dağlarda tikməyiblər? Gündüzləri dağlar göy rəngdə olur, orda hava almaq da mümkündür. Amma qəsr dərədə batıb, divarı qaranlıqda əriyir elə bil... Uzaqdan bircə qülləsi görünür... O qüllə elə hündürdür ki, evimiz həmişə onun kölgəsində qalır...
Tentajil. Qaranlıqda nəsə işarır, İqren... Bax, bax, o böyük pəncərələr qırmızıya boyanıb?
İqren. Ora həmin qüllədir, Tentajil, orda, işıq yanan yerdə kraliçanın taxtı qoyulub.
Tentajil. Mən onu görəcəyəm, kraliçanı görəcəyəm?
İqren. Onu heç kim görə bilməz.
Tentajil. Nə üçün onu heç kim görə bilmir?
İqren. Bir az da yaxınlaş, qısıl mənə, Tentajil, bir az da... Bizi heç kim eşitməməlidir, hətta quşlarla otlar da...
Tentajil. Burda ot bitmir, bacı. Sakitlikdir. Kraliça nə edir?
İqren. Onu heç kim bilmir. O, çoxdandır ki, qülləsinə qapanıb, heç yerə çıxmır... çox qocadır, anamızın anası yaşındadır... İdarə etməkdən xoşu gəlir... Təklikdən də... qısqancdır, xaindir, deyilənlərə görə ağlı da yerində deyil... Deyirlər, qorxur ki, kimsə yerini tutar... Buna görə də sənin dalınca adam göndərib... Bilmirəm necə, amma onun əmrləri yerinə yetirilir. Qüllənin qapıları gecə-gündüz bağlıdır... Onu bir dəfə də görməmişəm, amma deyəsən kimlərsə onu cavan vaxtı görüblər...
Tentajil. O, çox eybəcərdir, İqren?
İqren. Deyirlər gözəl deyil və getdikcə şişir... Amma onu görənlər daha artığını deməyə çəkinirlər... Heç onu görən olub ki? Təkcə izaholunmaz varlıqlar bu adanın sirrinə vaqifdir... Sən heç nədən qorxma, balaca Tentajilim, bacıların səni qoruyacaq. Ancaq həmişə ya mənim, ya bacımız Bellanjerin, ya da qoca hakim Aqlovalın yanında ol...
Tentajil. Ancaq sən, Bellanjer və Aqloval...
İqren. Hə, Aqloval. O bizi sevir...
Tentajil. Aqloval çox qocadır, bacı!
İqren. O, qocadır, amma çox müdrikdir... O bizim yeganə dostumuzdur və çox şeyi bilir... Amma kraliçanın səni qaytarmağı qəribədir... Mənim yazıq ürəyim... Sənin uzaqda, dənizlər arxasında olduğunu bilmək elə yaxşı və kədərli idi ki... Amma indi... Sübh açılanda günəşin dağlar arxasından necə çıxdığına baxmaq üçün bayıra çıxdım və səni gördüm. Çox sevindi... Səni o saat tanıdım...
Tentajil. Yox, birinci mən güldüm.
İqren. Amma mən gülə bilmədim... Tezliklə anlayacaqsan... Vaxtdır, Tentajil, külək əsməyə başlayır... Məni qucaqla, bərk qucaqla, getməmişdən qabaq qucaqlaşaq... Necə sevildiyini bilmirsən... Balaca əlini mənə ver. Əlindən tutacağam və biz xəstə evimizə gedəcəyik...
Gedirlər.
İkinci pərdə
Qəsrdə otaq.
Aqloval və İqren. Bellanjer gəlir.
Bellanjer. Tentajil hardadır?
İqren. Burdadır. Yavaş danış. O qonşu otaqda yatır. O elə yorğundur ki. Uzun yol bütün gücünü alıb, qəsrin havası da balaca canına hopub. Səbəbsiz yerə ağlayırdı. Onu qucağıma götürüb yatızdırdım. Yaxın gəl, bax... O bizim çarpayımızda yatır... Əlini alnına sıxıb yatır, elə bil balaca kraldır...
Bellanjer. (birdən ağlayır) İqren, yazıq bacım!..
İqren. Sənə nə oldu?
Bellanjer. Mən, mən... Heç hər şeyi anladığıma əmin deyiləm... Mən... eşitməli olmadığım bir şeyi eşitdim...
İqren. Bir az aydın danış.
Bellanjer. Mən qülləyə çıxan pilləkanın yanından keçirdim...
İqren. Qülləyə?
Bellanjer. Qapını yaxşı bağlamamışdılar. Ehtiyatla açıb içəri girdim...
İqren. İçəri girdin?..
Bellanjer. Əvvəllər orda olmamışdım... Lampalarla işıqlanan uzun koridorları, nəhayətsiz qalereyaları gördüm... Bilirsən ki, ora girmək olmaz... Qorxurdum, qayıtmaq istədim, amma səs eşitdim...
İqren. Qüllənin birinci mərtəbəsində kraliçanın qulluqçuları yaşayır. Yəqin onların səsi idi...
Bellanjer. Bilmirəm kim idi... Səs uzaqdan gəlirdi, güclə eşidlirdi... Bacardığım qədər yaxına getdim... Və bu səhər gətirilən uşaqdan, qızıl tacdan danışdıqlarını eşitdim... Onlar gülürdülər, İqren!
İqren. Gülürdülər?
Bellanjer. Hə, deyəsən gülürdülər - əgər o səs ağlamaq səsi deyildisə... Anlamaq olmurdu... Nəfəsimi kəsib qulaq asdım... Çox adam danışırdı, hamısı da yavaşdan... Deyirdilər ki, uşağı kraliça gətirdib... Onlar bu gecə gələ bilərlər.
İqren. Gecə?
Bellanjer. Hə, İqren, məncə gecə...
İqren. Onlar ad çəkdilər?
Bellanjer. Onlar uşaqdan danışırdılar, ancaq uşaqdan...
İqren. Burda başqa uşaq yoxdur...
Bellanjer. Biri bir az bərkdən dedi ki, deyəsən hələ vaxtı çatmayıb.
İqren. Bunun nə olduğunu bilirəm, onlar birinci dəfə deyil ki, qüllədən çıxırlar... Nə üçün çıxdıqlarını yaxşı bilirəm... Amma necə bilək ki, bu gecə olacaq? Baxaq. Biz üç nəfərik, vaxtımız da hələ var...
Bellanjer. Nə etmək istəyirsən?
İqren. Hələ nə edəcəyimi bilmirəm, amma o təəccüblənəcək. Bilirsən nə olacaq?
Bellanjer. Nə?
İqren. Qoy hələ qardaşımı bizdən almağa çalışsın!
Bellanjer. Amma biz təkik və gücsüzük,İqren...
İqren. Düzdür. Təkik... Amma çıxış yolunu bilirik... Yeganə və həmişə işə yarayan yolu... Həmişəki kimi ayağına düşüb yalvaracağıq... (İroniyayla) Və onun bizə yazığı gələcək... Kraliçanın həmişə gözyaşlarına yazığı gəlir... Onun istədiyi hər şeyi eləyəcəyik. Və ola bilsin o, gülümsəyəcək... O həmişə ayağına düşənlərə rəhm edir!.. uzun illərdir ki, qülləsində oturub ətimizi didir və heç kim ona "yox" deməyib. Qəbir daşı kimi əzir ona gücümüz çatmır... Haçansa qəsrdə güclü kişilər yaşayıb, amma onlar da qorxublar və kraliça onları da yeyib... Bu gün mənim növbəmdir?.. Baxarıq... Mən istəmirəm!.. Mənim üçün fərqi yoxdur, onsuz da üstümüzdə hökm edir...Mən... daha onun qülləsinin kölgəsində yaşamaq istəmirəm... Qorxursunuzsa ikiniz də rədd olun! Məni tək qoyun... Özüm tək gözləyəcəyəm...
Bellanjer. Bilmirəm fikrin nədir, amma mən qalıram.
Aqloval. Mən də, qızım... Çoxdandır ki, ürəyim rahatlıq nədir bilmir... Yoxlamaq olar... Bir də... Əvvəllər də yoxlamışdıq...
İqren. Siz də?..
Aqloval. Hamı tez və ya gec cəhd edir... Amma axırıncı məqamda fikirdən daşınır. Özünüz görəcəksiniz... Mənsə... O bu saat məni yanına çağırsa, ayaqlarım öz-özünə məni onun yanına aparacaq, baxmayaraq ki, ordan sağ çıxıb-çıxmayacağım sual altındadır. Ona qarşı gəlməyə cəsarətim çatmır... Qılıncım sözümə baxmır... Və o burda gücsüzdür... Amma sizə kömək etmək istəyirəm, çünki siz ümid edirsiniz... Qapını bağla, qızım. Tentajili oyadın, əlindən möhkəm-möhkəm tutun... Başqa müdafiəmiz yoxdur...
Üçüncü pərdə
Həmin otaq.
İqren və Aqloval.
İqren. Qapıları yoxladım. Üçünü də. Böyük qapını qorumaq lazımdır. O birilər heç vaxt açılmayıb, ağırlaşıb, açarları da çoxdan itib, petlələri pas atıb... Kömək edin qapını bağlayım, şəhər qapıları kimi ağırdır... Çox möhkəmdir, onu ildırım da aça bilməz... Hər şeyə hazırsınız?
Aqloval. (Kandardakı pilləkana oturur) Burda qılıncımla hazır oturacağam və bütün gecəni yatmayacağam. Birinci dəfə deyil ki... Xatırlayıram, amma anlamağa çətinlik çəkirəm... Haçansa bu pilləkanda oturmuşdum, amma nə ayağa dura bilirdim, nə də qılıncımı qaldıra bilirdim... Qılınc indi məndədir, baxmayaraqki, daha qolumda güc qalmayıb, bu gecə cəhd edəcəyəm... Cəhdimiz əbəs olsa da, vaxtdır...
Bellanjer Tentajillə bir yerdə qonşu otaqdan çıxır.
Bellanjer. O yatmamışdı...
İqren. Rəngi qaçıb... Ona nə olub?..
Bellanjer. Bilmirəm. sakitcə ağlayırdı...
İqren. Tentajil.
Bellanjer. O sənə baxmır.
İqren. O məni tanımayıb... Tentajil... Mənəm, sənin bacın... Nəyə baxırsan? Mənə bax, hə... gəl oynayaq...
Tentajil. Yox, yox...
İqren. İstəmirsən?
Tentajil. Mən gəzə bilmirəm, İqren...
İqren. Gəzə bilmirsən?.. Nə danışırsan? Haransa ağrıyır?
Tentajil. Hə.
İqren. Haran ağrlylr, Tentajil? De, kömək edim...
Tentajil. Deyə bilmərəm, İqren. Hər yerim ağrıyır...
İqren. Gəl buran, Tentajil... Məniməllərim incədir, Tentajil, onlar səni sağaldacaq... Bellanjer, onu mənə ver... Qucağımda otur... hər şey keçəcək... Görürsən, hər şey yaxşıdır, bacıarın səninlədir... Ağrın gedəcək və qayıtmağa cəsarət etməyəcək...
Tentajil. O ordadır, İqren... Nə üçün qaranlıqdır, İqren?
İqren. Lampa yanır, Tentajil...
Tentajil. O balacadır, başqası yoxdur?
İqren. Başqası lazım deyil. Bizə lazım olan hər şeyi görürük...
Tentajil. A!
İqren. Sənin dərin gözlərin var!..
Tentajil. Sənin də, İqren!
İqren. Səhər fikir verməmişdim...
Tentajil. Aqloval nə üçün kandarda oturub?
İqren. O yorulub... O səni qucaqlayıb yatmağa getmək istəyirdi... O sənin oyanmağını gözləyirdi...
Tentajil. Bəs onun əlindəki nədir?
İqren. Nə? mən heç nə görmürəm.
Tentajil. Yox axı... bax, orda nəsə parıldayır.
Aqloval. Oğlum, köhnə qələncəma baxıram. Onu güclə tanıyıram... Neçə il mənə xidmət edib, amma daha ona etibar etmirəm. Qorxuram tezliklə tiyəsi sınacaq... Bax, artıq çatlayıb... Özü də kütləşib... Öz-özümdən soruşdum ki... yadımdan çıxdı... Bu gün ürəyim ağrıyır... Nə edəsən?.. Bəzi gecələr həyat bütün mənasızlığı ilə boğazına dirənir... Bircə şey arzulayırsan - gözlərini yummaq... Gecdir... Gecdir, yorulmuşam...
Tentajil. O yaralanıb, İqren.
İqren. Hanı, Tentajil?
Tentajil. Əlləri və alnı, bax.
Aqloval. Bunlar köhnə yaralardır, oğlum, çoxdandır ki, daha ağrımır... Bunları daha əvvəl görməmişdin? Yəqin indi fikir verirsən.
Tentajil. O kədərlidir, İqren...
İqren. Yox, o yorulub...
Tentajil. Sən də, İqren, sən də kədərlisən...
İqren. Yox, Tentajil. Bax, artıq gülümsəyirəm...
Tentajil. Bellanjer də kədərlidir...
İqren. Yox, Tentajil, o da gülümsəyir...
Tentajil. Belə gülümsəmirlər, bilirəm...
İqren. Lazım deyil, belə düşünmə, məni qucaqla...
Tentajili öpür.
Tentajil. İqren, nə üçün sən məni öpəndə məni ağrıdır?
İqren. Səni ağrıdır?
Tentajil. Hə... Bilmirəm nə üçün... ürəyinin necə döyündüyünü eşidirəm, İqren...
İqren. Sən ürəyimin döyüntüsünü eşidirsən?..
Tentajil. Hə! Hə! Elə döyünür ki... elə bil...
İqren. Nə?
Tentajil. Bilmirəm, İqren.
İqren. Tapmacalı danışma... Nahaq yerə özünü üzmə... Gözyaşları!.. Sənin gözlərin yaşarıb... Nədən qorxursan?.. Mən də sənin ürək döyüntülərini eşidirəm... Həmişə səni qucaqlayanda ürək döyüntülərini eşidirəm... Ürəklər dil ilə demək istəmədiklərimizi deyir...
Tentajil. Mən daha səninkini eşitmirəm.
İqren. Çünki... Tentajil!.. Sənə nə olub?.. Ürəyin elə döyünür ki, elə bil partlayacaq!..
Tentajil. İqren! Bacı, İqren!
İqren. tentajil?
Tentajil. Eşidirəm!.. Onlar... Onlar gəlirlər!..
İqren. Kim, Tentajil? Sənə nə olub?..
Tentajil. Qapının dalında! Qapının dalında dayandılar!
Tentajil İqrenin qucağında huşunu itirir.
İqren. Ona nə oldu?.. O... huşunu itirdi...
Bellanjer. Ehtiyatlı ol, bacı, onu yerə salarsan...
Aqloval. (ayağa durur) İndi mən də eşidirəm... Qalereyadadırlar, gəlirlər.
İqren. Oh!
Sükut. Hamı qulaq asır.
Aqloval. Eşidirəm... Onlar çoxdur...
İqren. Çox? Nə qədər?
Aqloval. Bilmirəm... Həm eşidirəm, həm də yox... Onlar gəlmirlər... yaxınlaşırlar... Onlar... qapıya toxundular...
İqren. (Tentajili daha da bərk qucaqlayır) Tentajil! Tentajil!
Bellanjer. (Onları qucaqlayır) Mən burdayam! Sizinləyəm!.. Tentajil!..
Aqloval. Onlar qapını itələdilər... sakit... qulaq asın. Qapını itələyib pıçıldaşırlar.
Kiliddə fırlanan açarın səsi eşidilir.
İqren. Onlarda açar var!..
Aqloval. Hə, hə... Mən axı bilirdim... Hazırlaşın... (Ayağa durub qılıncı götürür. Bacılara) Bura gəlin! Mənə kömək edin!..
Sakitlik. Qapı aralanır. Aqloval qılıncı qapı aralığına zərbələr endirir. Qılınc qapıyla çərçivənin arasında sıxılıb sınır, pilləkanlara düşən sınıq tiyənin səsi gəlir. İqren ayağa durur, Tentajil hələ də onun qucağındadır. O hələ ayılmayıb. Aqloval, İqren və Bellanjer güc verərək qapını bağlamağa çalışırlar, amma alınmır. Qapı yavaş-yavaş açılmağa davam edir. Amma qapı dalında heç kim görünmür. Otağa işıq dolur. Bu an Tentajil qışqırıb özünə gəlir. Bacılarını qucaqlayır. Bu vaxt qapı bağlanır, amma elə qəfil bağlanır ki, hər üçün bir müddət qapını sıxmağa davam edir.
İqren. Tentajil!
Hamı təəccüblə bir-birinə baxır.
Aqloval. (Qulağını qapıya söykədir) Heç nə eşitmirəm...
İqren. (Sevincək halda) Tentajil!.. Tentajil!.. Onun gözlərini görürsünüz?.. Onlar göy rəngdədir!.. Danış bizimlə!.. Bizi qucaqla!.. Qucaqla bizi, xahiş edirəm!.. Bir də!.. Bir də!..
Dördü də ağlaya-ağlaya qucaqlaşır.
Dördüncü pərdə
Həmin otağın qabağındakı koridor.
Kraliçanın üç qulluqçusu gəlir. Başlarına döşəkağı salıblar.
Birinci. (Qapı dalına qulaq asır) Yatıblar.
İkinci. Bəsdir gözlədik.
Üçüncü. Hər şey sakitliklə olsa, kraliçanın xoşuna gələr.
Birinci. Onsuz da yatacaqdılar...
İkinci. Tez açın.
Üçüncü. Cəld olun...
Birinci. Burda gözləyin. Özüm öhdəsindən gələrəm.
İkinci. Çətin olmayacaq, o çox balacadır.
Üçüncü. Böyük bacıdan ehtiyatlı ol.
İkinci. Bacılarının xəbəri olsa, kraliçanın xoşuna gəlməyəcək.
Birinci. Narahat olma. Heç kim heç nə bilməyəcək.
İkinci. Vaxtdır, get.
Birinci qulluqçu ehtiyatla qapını açıb içəri girir.
Üçüncü. Uf...
Sakitlik. Birinci qulluqçu qayıdır.
İkinci. Nə oldu?
Birinci. Uşaq bacılarının arasında yatıb. Bacıları onu qucaqlayıb. Təkbaşına bacarmayacağam...
İkinci. Mən sənə kömək eləyərəm.
Üçüncü. İkiniz də gedin. Mən burda dayanıb güdərəm...
Birinci. Ehtiyatlı olmaq lazımdır. Bacılar nədənsə şübhələniblər...
Qulluqçular içəri girir.
Üçüncü. Onlar həmişə bilirlər, amma anlamırlar...
Sakitlik. Qulluqçular bayıra çıxırlar.
Üçüncü. Nə oldu?
İkinci. Sən də gəl... Onları ayırmaq olmur.
Birinci. Əllərini bir az aralayan kimi yenə onu qucaqlayırlar.
İkinci. Uşaqsa bacılarına qısılıb.
Birinci. O başını böyük bacısının sinəsinə sıxıb.
İkinci. Bacısı nəfəs aldıqca onun başı qalxıb-enir...
Birinci. Onun əllərini açmaq olmur.
İkinci. O bacılarının saçından yapışıb.
Birinci. O böyük bacısının qızıl boyunbağısını ağzında sıxıb.
İkinci. Saçları kəsmək lazımdır.
Birinci. Hər ikisinin saçlarını.
İkinci. Sizdə qayçı var?
Üçüncü. Hə, var...
Birinci. Tələsin, onlar tərpəndilər...
İkinci. Ürəkləri də eyni ahənglə döyünür...
Birinci. Mən hətta böyük bacının göz gözlərini də gördüm...
İkinci. O bizə baxdı, amma görmədi...
Birinci. Birinə toxunsan üçü də oyanacaq...
İkinci. Oyanmaq istəyirlər, amma gücləri yoxdur...
Birinci. Böyük bacı qışqırmaq istəyir, amma bacarmayacaq...
İkinci. Tələsin, elə bil kimsə onları xəbərdar etdi...
Üçüncü. Qoca ordadır?
Birinci. Hə, o küncdə yatıb...
İkinci. ...qılıncın dəstəyini qucaqlayıb...
Birinci. ...heç nə bilmir və yuxu görmür...
İkinci. Tələsin, getmək vaxtıdır...
Birinci. Əllərini açmaq çətin olacaq...
İkinci. Düzdür, elə bil batdıqları üçün bir-birindən yapışıblar...
Üçüncü. Vaxtdır, gedək...
İçəri girirlər. Sakitlikdə güclə də olsa, yuxulu və həyəcanlı iniltilər eşidilir. Tezliklə qulluqçular otaqdan çıxırlar. Biri qucağında yatmış Tentajili aparır. Tentajilin düyünlənmiş əllərində bacılarının kəsilmiş saçları var.
Qulluqçular sakitcə qaçırlar. Koridorun axırında Tentajil oyanır və ölümqabağı sıxıntı içində qışqırır.
Tentajil. (koridorun dərinliyindən) A-a-a!..
Yenə sakitlik çökür. Sonra otaqdan bacıların oyanıb ayağa durmaqları eşidilir.
İqren. (otaqdan) Tentajil! Hardasan?..
Bellanjer. O yoxdur...
İqren. Tentajil!.. İşıq!.. Lampanı yandırın!..
Bellanjer. Hə, hə...
Qapı aralığından əlində lampayla otaqda gəzən İqren görünür.
İqren. Qapı açıqdır!
Uzaqdan Tentajilin səsi gəlir, demək olar ki, eşidilmir.
Tentajil. İqren!..
İqren. Bu odur!.. Çağırır!.. Tentajil! Tentajil!..
Koridora qaçır. Bellanjer də onun dalınca gəlir, amma kandarda huşunu itirib yerə yıxılır.
Beşinci pərdə
Böyük dəmir qapının qabağı.
İqren lampa əlində gəlir, saçları dağınıq, halı pərişandır.
İqren. Onlar gəlmədilər... Bellanjer!.. Bellanjer!.. Aqloval!.. Hardasınız?.. Deyirdilər ki, Tentajili sevirlər, amma məni tək qoydular... Tentajil! Tentajil! Bu necə ola bilər?.. Mən hündür divarların arasındakı sonsuz pilləkanları qalxdım, qalxdım, ürəyim dayanacaq, divarlar ətrafımda üzür... (Divara söykənir) İndi yıxılacağam, həyatım dodaqlarımdan qopub uçacaq, bunu hiss edirəm... Nə etdiyimi bilmirəm, heç nə görmürəm, heç nə eşitmirəm... Sükut!.. Mən pillələrdən kəsik saç tellərini yığdım, onlar mənə yolu göstərdilər... Mənim balaca, yazıq qardaşım!.. Nə danışıram?.. Yadıma gəlir ki... Yox, mən daha heç nə bilmirəm... Heç nə vacib deyil və mümkün deyil... İndi ancaq fikirlərim mənimlədir... Beləcə oyanırsan və birdən... Sakitlikdə yaxşı-yaxşı fikirləşmək lazımdır... Belə də demək olar, amma ürək həmişə başqa yolu seçir. Və onda nə etdiyimiz məlum deyil. Bura bu yazıq lampayla gəlmişəm, o pilləkanlarda sönmədi... Sakitlikdə, nədən düşünmək lazımdır?.. Anlaşılmazlıq o qədər çoxdur ki... Amma kimsə bilməlidir axı. Elədirsə nə üçün gizlədir?.. (Ətrafa baxır) Heç vaxt burda olmamışam. Və yuxarı çıxmaq olmaz, qadağandır... Necə soyuqdur! Və elə qaranlıqdır ki, nəfəs almağa da qorxursan... Deyirlər qaranlıq zəhərləyir. Necə də qorxulu qapıdır!.. (Yaxınlaşıb əlini qapıya sürtür) Soyuqdur!.. Dəmirdən düzəldilib... Bəs qəsr hanı?.. Necə açılır? Cəftəsi yoxdur, deyəsən hasara hörülüb... Yox, daha yuxarı çıxmaq olmur. Pilləkan yoxdur... (Bərkdən qışqırır) A! Tentajil!.. Tentajil!.. İndicə qapı səsi eşitdim... Bu qapı. Yadıma düşdü!.. Yadıma düşdü!.. Buraxın!.. (qapını döyür, təpikləyir) Vəhşi! Vəhşi! Siz vəhşisiniz!.. Orda olduğunuzu bilirəm! Qulaq asın! Hə! Sizə tüpürürəm!
Qapının o tərəfindən asta səs gəlir. Sonra lap yavaaşdan Tentajilin səsi eşidilir.
Tentajil. İqren! İqren!
İqren. Tentajil!.. Sənsən? Sənsən, Tentajil?..
Tentajil. Qapını aç, İqren, tez aç!
İqren. Hə, hə, amma necə... Tentajil?.. Balaca qardaşım... eşidirsən?.. Orda nə olub?.. Sənə nə olub, Tentajil?.. Səni incidirlər?.. Qapının dalındasan?..
Tentajil. İqren, İqren, qapını açmasan mən öləcəyəm...
İqren. Gözlə, Tentajil! Çalışıram...
Tentajil. İqren, eşitmirsən, İqren... Vaxt yoxdur... O məni saxlaya bilmədi, İqren, mən onu vurdum, itələdim və qaçdım... Tez elə, o yaxınlaşır, tez elə...
İqren. Çalışıram, Tentajil... O hardadır?
Tentajil. Heç nə görmürəm, heç nə eşitmirəm... Qorxuram. İqren, mən qorxuram... tez ol, tez aç qapını, tanrı xətrinə, İqren!..
İqren. (qapını əlləşdirir) Tapacağam... mütləq tapacağam... Bir az gözlə... bir dəqiqə...
Tentajil. Daha bacarmıram, İqren, onun nəfəsini kürəyimdə hiss edirəm.
İqren. Gözlə, Tentajil, mənim balaca Tentajilim, qorxma, qorxmaq lazım deyil... Heç nə görmürəm.
Tentajil. İqren, sənin tərəfində işıq var. Sənin yanında işıq var, görürəm. Amma burda yoxdur...
İqren. Sən məni görürsən, Tentajil?.. Hardan görürsən?
Tentajil. İqren, budur o... amma çox balacadır...
İqren. Hansı tərəfdə? Burda? De... yoxsa burda?..
Tentajil. Burda... Burda... Bura vururam. Eşitmirsən?..
İqren. Burda?
Tentajil. Bir az yuxarı. Amma çox balacadır. İynə ucu boyda...
İqren. Qorxma, mən burdayam...
Tentajil. Eşidirəm, İqren! İtələ! İtələ! Qapını aç!.. Ogəlir!.. Heç olmasa bir az aç, mən balacayam. Yerləşərəm...
İqren. Bacarmıram, Tentajil... İtələdim, dartdım, vurdum! Vurdum! (yenə qapını vurmağa başlayır) Barmaqlarım keyidi. Ağlama!.. Lənətə gəlmiş dəmir...
Tentajil. (ağlayır) Nəsə et! Aç, İqren!.. Az da olsa arala... mən keçərəm... balacayam... çox balacayam... özün bilirsən axı...
İqren. Mənim təkcə lampam var, Tentajil!.. Ancaq lampa... (Lampayla qapıya vurur, lampa sınır) O! Qaranlıq! Tentajil, burdasan?.. İçəridən kömək eləməyə çalış...
Tentajil. Yox. Yox, bacarmayacağam... heç nəyim yoxdur... Daha işığı da görmürəm...
İqren. Sənə nə oldu, Tentajil? Daha səni eşitmirəm...
Tentajil. Əziz bacım, İqren... Mən bacarmıram...
İqren. Nə oldu, Tentajil? Hardasan?..
Tentajil. O burdadır. Qorxuram... İqren!.. İqren!.. Bilirəm, o burdaadır!..
İqren. Kim? Kim, Tentajil?
Tentajil. Bilmirəm... görmürəm... Daha bacarmıram... Boğazımdan yapışıb!.. Məni boğur... O! İqren! Bura gəl! Bura!..
İqren. Hə, Tentajil...
Tentajil. Burda çox qaranlıqdır...
İqren. Özünü müdafiə elə! Vuruş! Parçala onu! Qorxma!.. Mən indi!.. Burdayam, Tentajil... Cavab ver!.. Kömək edin!.. Hardasan?.. Sənə kömək edəcəyəm... məni qucaqla... Məni qapının dalından qucaqla...
Tentajil. (güclə eşidilir) Burdayam... burdayam, İqren...
İqren. Belə, bax belə. Mən səni öpürəm, eşidirsən? Bir də! Bir də!
Tentajil. (səsi getdikcə uzaqlaşır) Mən də səni... Burda, İqren!.. İqren!.. O...
Qapının dalından onun yerə yıxıldığı eşidilir.
İqren. Tentajil!.. Tentajil!.. Sənə nə oldu?.. Onu mənə verin, verin!.. Tanrı xətrinə!.. onu mənə verin! Daha onu eşitmirəm... Nə edirsiniz?.. Onu incitməyin... yox? O axı uşaqdır, uşaqdır... Baxın, mən qürurlu deyiləm... Bax, diz çökdüm... Verin... Yalvarıram... Verin onu mənə! Nə istəsən hamısını edəcəyəm! Mən hər şeyi itirmişəm... Məni başqa cür cəzalandır!.. Məni başqa cür də incitçmək olar, axı o hələ uşaqdır, balaca uşaqdır!.. Dediklərimin hamısı yalan idi! Sən axı xeyirxahsan, sən axı bağışlayacaqsan!.. O elə balacadır ki... elə gözəldir ki!.. Bax, axı bu mümkün deyil... O sənin boynunu balaca əlləriylə qucaqlayır, dodaqlarını səninkilərə yaxınlaşdırır... Tanrı da yumşalardı... Siz qapını açacaqsınız? Açacaqsınız?.. Başqa heç nə istəmirəm, bircə anlıq... Heç nə yadımda deyil, başa düşürssən?.. Daha vaxt yoxdur... Onu buraxsan nə olar ki... Çətin deyil... Bu çətin deyil... (Uzun sükut) Vəhşi! Vəhşi!
İqren yerə oturub qapıya söykənir və qaranlıqda hönkürür.
Tərcümə edəni: Həmid Piriyev
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!