Aramızda olan cüzi yaş fərqi bizi biri-birimizdən seçmirdi. Atam pal-paltar alanda cüt alar, bütün oyuncaqlarımız bir olardı. Hamı bizə "əkizlər" deyirdi. Gələn il məktəbə də birgə gedəcəkdik. Amma...
Yuxudan gec oyanmışdıq, yerimizdə bir-birimizlə oynayırdıq. Az qala bütün oyuncaqlarımız yataqda idi. Oyuncaq tapançalarımızı yanımıza gətirmişdik, yorğanın altında gizlənərək "müharibə" oyunu oynayırdıq. Birdən mən qumbara atırmışam kimi yanımdakı taxtalardan birini ona tərəf tolazladım. Başına dəydi, hiss elədim ki, onu incitdi, amma fərqinə varmadan oyunu davam elədik. Səsə anam gəldi, ev-eşiyin dağınıqlığını görüb əsəbiləşdi, yanımızdan bir şillə də vurub paltarlarımızı geyinməyi tapşırdı. Nə olmuşdusa, həmin gün onunla daha çox əylənmək, daha çox vaxt keçirmək istəyirdim. Bu evdə o mənə ən doğma adam idi. Mən onu hamıdan çox istəyirdim, çünki günümüzün çox hissəsi bir yerdə keçirdi.
Nə isə... Paltarlarımızı geyinib aşağı endik. Anam qaz üstə paltar yumaq üçün yekə qazanla bir su qoymuşdu qaynamağa. Yemək süfrəsi açıq idi, süd dolu stəkanları başımıza çəkib oynamaq üçün tez-tələsik həyətə endik. Hava çox gözəl idi. Oyuncaqların bolluğundan bilmirdik nədən başlayaq. Və beləcə günortaya qədər başımız oynamağa qarışırdı.
Kənd mağazasına mətbəx stolu gəldiyindən məhəlləyə hay-küy düşmüşdü. Atam işdə olduğundan stol almaq üçün əmim oğlu gedirdi. Onun kənd mərkəzinə getdiyini eşidən kimi hər ikimiz onunla getmək istədiyimizi bildirdik. Anam paltarımızı dəyişməyimizi tapşırdı. Mən təkcə köynəyimi dəyişib əmioğlumun yanına yüyürdüm. Səməd isə evdə paltarlarını dəyişməklə məşğul idi. Əmioğlu bizi tələsdirdi, Səmədi gözləmədən yola düzəldik. Qayıdanda isə...
Qayıdanda isə qonşumuz Əli dayının "Moskviç"i yanımızdan sürətlə ötüb keçdi. Ağlıma heç nə gəlmirdi. Evə çatanda hər ikimiz çaşdıq. Qonşuların çoxu həyətimizə toplaşmışdı. Səkinə xala anamı sakitləşdirmək istəyirdi, anamsa elə hey:
- Səməd, balam ey, - deyib, fəryad çəkirdi.
Səməd evdə yox idi. Səmədi aparmışdılar və mən hələ bilmirdim ki, Səməd bir daha bu həyətə qayıtmayacvq . Mən öz uşaq ağlımla bunları dərk etmirdim, amma elə bil hansısa qüvvə mənə deyirdi ki, mən bir daha bu həyətdə Səmədlə, öz doğma, əziz qardaşımla oynamayacağam, səsimiz bu həyətdən eşidilməyəcək.
Həyətdə qonşuların pıçıltısından və anamın şivən səsindən başqa bir səs eşidilmirdi. Ayaqlarımın ucunda anama yaxınlaşdım, başımı onun dizi üstə qoyub hönkürdüm, içimi çəkə-çəkə Səmədi xəbər aldım. Anam mənim başımı sinəsinə sıxıb için-için ağladı. Hamı ağlayırdı. Həyətimizə çökən bu ağlaşma səsi hələ uzun müddət buralardan çəkilməyəcəkdi...
Axşamüstü səssiz-səmirsiz həyətə girən "təcili yardım" maşını və onun arxasınca gələn maşınlarda qardaşım Səməd, atam və qohumlar gəldi. Səmədi maşından düşürəndə anamın fəryad səsi hələ də qulaqlarımdadır. Və yəqin, o səsi heç vaxt unutmayacam. Atam sanki bir günün içində qocalmışdı. Anamı heç nə ilə sakitləşdirə bilmirdilər.
Səmədi eyvanda, yerdə uzatmışdılar. Gözləri yarıyumulu idi, bədəninin göbəkdən aşağı hər yerini sarımışdılar, amma onun səsi belə çıxmır, ağır-ağır aldığı nəfəs körpə, məsum, günahsız çöhrəsinə ilahi bir görkəm verirdi. Nə edəcəyimi bilmirdim. Hələ də başa düşə bilmirdim ki, Səmədə, mənim evdə xoşbəxt, qayğısız qoyub getdiyim Səmədə nə olub. Sonradan bildim; corablarını geyməkdən ötəri anamın paltar yumaqdan ötrü qaynatdığı su qazanının üstündə oturarkən qapaq sürüşmüş, o bədbəxt də balaca canı ilə qazana düşüb yanmışdı.
Hamı ona baxırdı. Deyəsən, həkimlər demişdi ki, onu evə aparmaq lazımdır, ağrılarını kəsmək üçün iynə vurmuşdular. Səməd gözümüzün qabağında qısa ömrünün son anlarını yaşayırdı. Mən buna inanmırdım, mən buna heç vaxt inanmayacaqdım.
Eyvana toplaşanlar aram-aram aşağı enirdilər, yuxarıda atam, anam, mən, qardaşlarım, bir də lap yaxın adamlar qaldı. Hamı ağlayırdı, amma heç kəsin səsi çıxmırdı. Araya çökən sakitlik hamımızı üzürdü. Səməd gözlərini açanda içini çəkənlərin hamısı susdu, təkcə mən özümü saxlaya bilməyib hönkürdüm. O, mənim səsimi eşidib adamların arasından məni axtarıb tapdı və üzümə baxıb gülümsündü, hansı qüvvəyləsə, həmişəki, ağrısız səsiylə dilləndi:
- Niyə ağlayırsan, ə? Kişi ol! Ölürəm?
Anam hönkürdü. Hamı yenidən ağladı. Səməd heç kəsə fikir vermədən mənimlə danışmağa davam etdi:
- Qaqaş, qoymazsan mənim velosipedimə kimsə dəysin. İstəsən özün sürərsən. Mən gələndə yenə də oynayarıq, - dedi, - qaqaş ağlama! - Bu, onun son sözləri oldu. Bu sözdən sonra onun səsi və xatirəsi asta-asta evdən, eşikdən çəkildi. Səməd ömrünün son gününü belə yaşadı. Onun gülüşləri də, ayağının izləri də, qoxusu da asta-asta xatirəyə döndü. Səməd öldü, amma o, hamıdan çox mənim yaddaşımda, mənim xatirimdə qaldı.
Ertəsi gün onu dəfn etdilər. Atam onun bütün oyuncaqlarını, paltarlarını yanında dəfn etdi. Oyuncaqlardan bir neçəsini isə məzarı üstünə qoydular.
Səmədsiz yaşaya bilmirdim. Demək olar ki, hər gün evdən çıxıb yaxınlıqdakı qəbiristanlığa gəlir, Səmədin balaca, kimsəsiz qəbrinə sığınıb ağlayırdım. Qəbirdən Səmədin qoxusu gəlirdi, mən sanki onunla danışır, oynayır vaxtımı keçirirdim. Axtaranda məni çox vaxt Səmədin məzarının yanında, yatdığım yerdə tapardılar. Hamı deyirdi ki, dəli olacam, amma olmadım.
Qış təzə qurtarmışdı. O gün yenə özümü gözdən yayındırıb qəbiristanlığa vermişdim, qəbiristanlığın altındakı gölün yanından keçəndə gözlərimə inanmadım. Səməd sahildə durub məni səsləyirdi. Sevindiyimdən nə edəcəyimi bilmədim, bütün qüvvəmi toplayıb ona doğru qaçmağa başladım. Üzüaşağı qaçarkən müvazinətimi itirib yıxıldım və sahilədək aşdım. Gözlərimi açanda hava qaralmışdı, atam başımı dizi üstə qoyub yanağından süzülən yaşı silirdi. Mən ona baxıb bir qədər ürəkləndim, başımı qaldırıb ətrafa baxdım. Sakitlik idi. Məndən bir qədər aralıda Səmədin məzarı üstə qoyulan oyuncaq maşın tozun-torpağın içində aşaraq qalmışdı. Qalxıb maşını götürdüm, atamın yanında oturdum. Atam əlini çiynimə qoydu, ona baxmadan dedim:
- Mən gələndə Səməd burada oynayırdı...
Atam heç nə demədi. Qalxıb evə getdik, yolda atam pıçıltı ilə:
- Murad, bala, bir də qəbiristanlığa gəlmə, - sanki yalvarırdı. - Eşidirsən, gəlmə...
Heç nə demədim. Evə çatdıq. Anam sakitcə üst-başımı dəyişdi, mənsə Səmədin oyuncaq maşınını yuyub təmizlədim, evə qaldırıb yatağımın yanında qoydum. Və beləcə hər gün yenidən Səmədlə, onun yeganə xatirəsi ilə təmasda oldum.
...O vaxtdan uzun illər ötür, indi mənim evimdə də balaca bir Səməd böyüyür. Balaca Səməd mənim uşaqlıq yaddaşımda qırılıb qalan xatirələrimin təzə cücərtiləridir. Oğlum Səməd ağlı kəsdikcə evdəki köhnə, oyuncaq maşınla oynayır, onun səsini eşitdikcə xatirəyə dönən Səmədimin son gününü xatırlayıram.
Kəndimizin qəbiristanlığında balaca bir məzar var, yanında isə uşaq oyuncaqları dəfn edilmiş başqa bir qəbir sükuta qərq olub...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!