Ən yaxşı yazıçı-fantastlar gələcək dünyanı uydura bilən, dahi yazıçılar isə gələcək haqqında xəbər verə bilənlərdir...
Tarixdə bir çox yazıçı-fantastlar olmuşdur ki, onların dərin zəkası, uydurmaları gələcəyin texnoloji avadanlıqlarına çevrilmişdi. Müasir insanın gerçəkdən gördüyü, şahidi olduğu avadanlıqlar yüz il və daha çox müddət öncə yazıb-yaratmış yazıçının əsərlərində görünə bilir. Bu da insan zəkasının nə qədər uzağa gedə bilməsinin bariz nümunəsidir.
Necə ki, Şərq nağıllarının uçan xalçaları, gələcəyi göstərən sehrli güzgüləri, ətrafa işıq saçan sehrli daşları gələcəyin təyyarəsinə, televiziyasına, elektrik lampasına çevrilə bildi. Eləcə də eyni beyin uçuşunu, öncəni görmə bacarığını yazıçılarda da müşahidə edə bilərik.
Dini mətnlərdə belə merac səhnəsində peyğəmbərin yer insanına məlum olmayan nəqliyyat vasitəsilə göylərə qalxması insan təfəkkürünün çox uzağa getməsindən xəbər verir. Əgər o səhnələr o dövrün insanına fantastik gəlişmə kimi görünə bilirdisə, müasir insan tərəfindən o zamanın fantastikası reallıq olaraq qəbul edilir.
Edebiyyatqazeti.az bəzi fantast yazıçıların texnoloji vasitələri öncədən görməsi, qələmə alması barəsində məlumatı diqqətinizə çatdırır.
Rey Bredberi - “Faranheytlə 451O”
1953-cü ildə qələmə alınmış bu əsərdə bir çox texnoloji vasitələrin şahidinə çevrilmək mümkündür. Gələcəyin dünyasını təsvir edən yazıçı uzaq məsafədən digərini eşidən, əlaqə saxlayan, qulaq sahəsinə bərkidilən miniatür qulaqcıqların təsvirini vermişdi. Halbuki, qulaqcıqlar romanın yazılmasından 26 il sonra yaranmışdı.
Romanda həmçinin hamar, böyük ölçülü ekranlar haqqında, divara bərkidilmiş pul çıxarma qurğuları - bankomatlar haqqında da təsvirlər mövcuddur.
"Dünyalar döyüşü, "Görünməz adam", "Moreaunun adası" və "Zaman maşını" kimi fantastik romanlarıyla tanınan ingilis yazıçısı Herbert Corc Uells Jül Vern kimi gələcəyin texnoloji inkişaflarının yaradıcılarından sayılır. Lazer şüası, qabyuyan maşın, videomaqnitafon, pullu şose yolları ideyası, evə yemək sifarişi, Ayda insanın olması və.s. kimi ideyalar onun beyninin məhsuludur. “Xilasolunmuş dünya” romanda isə nəinki atom bombasının təsviri verilib, hətta terminin adı roman boyunca dəfələrlə çəkilib.
Amerikanın sosial, siyasi düşüncə sahibi, utopik romanlar müəllifi Edvard Bellami “Geriyə baxış” romanında kredit kartları haqqında məlumat verir. Roman 1888-ci ildə yazılıb. Kredit kartları isə 1962-ci ildə yaranıb. Bu romanda həmçinin supermarketlərin adı çəkilir ki, onlar da kompakt ticarət mərkəzi olaraq çox sonralar yaradılmışdır.
Dünyaca məşhur ingilis yazıçısı, filosofu Oldos Haksli “Yeni dünya” romanında baş qəhrəmanın əhvalını yüksəltmək üçün həbb qəbulundan yazır. Bu həbləri gələcəyin antidepresantına eyham kimi də qəbul etmək mümkündür. Doğru sayılmasa belə Oldos farmaseptika yönümlü bir fikri daima əsərlərində təkraralayırdı: “Sağlam olmaq üçün mütləq dərman qəbul etmək lazımdır” fikri müasir dünyada doğru görünməyə bilər. Çünki sağlamlığa gedən yol yalnız həbb qəbulundan başlamır.
Görkəmli Amerika yazıçısı, jurnalisti və ictimai xadimi Mark Tvenin 1904-cü ildə qələmə aldığı “London Taymsı ” adlı kiçik həcmli hekayəsində təsvir edilən elektron lövhə müəllif tərəfindən teleelektroskop adlanır. Müəllifin təsvir etdiyi telefon şəbəkəsinə bərkidilmiş əşya informasiya mübadiləsini həyata keçirən böyük şəbəkə kimi göstərilir. Hətta hekayədə təsvir olunan şəxslər tamamən fərli yerlərdə olsalar da bir-birinin uğurlarını, getdiyi yerləri görə bilir.
Bu, haradasa internet şəbəkəsindən, sosial şəbəkələrdən xəbər verir.
Amerika yazıçısı, jurnalisti Martin Keydin “Kiborq” əsərində orqanları xəsarət almış insan təsvir edilir. Baş qəhrəmanın xəsarət almış əli, ayağı, hətta gözü belə mexaniki hissələrlə əvəzlənir. Roman 1972-ci ildə qələmə alınıb. İlk mexaniki bionik əl isə romandan 41 il sonra uğurla insana köçürülüb.
Amerika yazıçı-fantastı Frenk Herbert “Qum təpəsi” romanını 1965-ci ildə qələmə alıb. Romanda bugünün 3D formatlı proektorlarının təsviri verilib.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!