“Avrasiyaçılıq mədəni dominant üzərində qurulan elmi-nəzəri platformadır” - Professor Telman Vəlixanlı ilə söhbət

 

Bakı Slavyan Universitetinin tədris işləri üzrə prorektoru, filologiya elmləri doktoru, professor, Azərbaycan Respublikasının əməkdar müəllimi, "Mütərcim" jurnalının baş redaktoru Telman Vəlixanlı (Cəfərov) ilə söhbət.

Telman Vəlixanlı: Avrasiyaçılıq mədəni dominant üzərində qurulan elmi-nəzəri platformadır

Dil təkcə şifahi ünsiyyətdə yaşamır. Onun qorunması, inkişafı, əhatə və işlənmə dairəsinin genişlənməsi üçün bir neçə vacib amil var.

Bunlardan ən əsası ana dilində təhsil və milli ədəbiyyatdır.

 

- Telman müəllim, iki gün əvvəl 55 yaşınız tamam oldu. Təbrik edirəm!

- Sağ ol, Azər müəllim.

- Necə hissdir?

- İllər ötdükcə insan hər şeyə daha məsuliyyətlə və diqqətlə yanaşmağa çalışır. Nə qədər cavansan, fəaliyyətindəki xaosu və dağınıqlığı hiss etmirsən. Gənclik yorğunluq bilmir, sənə elə gəlir ki, hər şey nəhayətsizdi. 50 yaş səddi insan üçün əzablı hesabat dövrüdür. Bu həddi aşdın, öz  içinə, düşüncələrinə, fəaliyyətinə bir rahatlıq, səliqə-sahman gətirmək ehtiyacı duyursan.

- Ədəbiyyatşünas-alim və tərcüməçi olmaqla yanaşı, həm də təhsil təşkilatçısınız, orta və ali təhsil pillələrində fəaliyyət göstərir, orta məktəblər üçün "Ədəbiyyat" proqramları və dərsliklərinin yazılmasında iştirak edirsiniz...

- Onu qeyd etmək istərdim ki, hazırkı dövrdə çoxşaxəli fəaliyyət insan üçün ciddi diskomfort yaradır. İstənilən sahədə informasiya bolluğu və yeniliklər mövcuddur,  hər şeydə innovativ yanaşma və kreativlik tələb olunur, cavabdehlik artıb. İnsanlar bütün fəaliyyət növlərində nəticə gözləyir, abstraksiyadan, nəzəriyyədən uzaq praktika, vərdiş və bacarıqlar, kompetensiyalar, karyera inkişafı məsələləri ön plana keçib. Biz artıq elə bir dövrə qədəm qoymuşuq ki, burada hətta əbəbiyyat, mədəniyyət və təhsildə də konkret hədəflər üzrə hərəkət etməyə məcburuq. Təsəvvür edin ki, Prezident sərəncamları ilə son 10-12 ildə çap olunmuş yüzlərlə adda latınqrafikalı nəşrlər, klassik və müasir Azərbaycan, dünya və rus ədəbiyyatı, lüğətlər, elmi, elmi-kütləvi kitablar, ən nəhayət, möhtəşəm 150 cildlik "Dünya ədəbiyyatı kitabxanası" tərcümə və nəşr layihəsi sovet dövründə icra olunsaydı, buna neçə onil lazım gələrdi. Təbii ki, bu tələskənliyin və çevikliyin də öz fəsadları var. Amma zaman, bazar öz sifarişini verir: milli ideologiya formalaşırsa, təhsil sistemi yeni relslər üzərində qurulursa, məktəb və universitetlərə, kitabxanalara yeni kitablar lazımdır. Şagird və tələbə üçün yaxşı dərslik hazırlamağa ehtiyac yaranır. Bu dərsliklər milli-mənəvi dəyərləri, ümumbəşəri ideyaları, tarixi keçmişimizi və milli kimliyimizi, ədəbi və fəlsəfi fikir tariximizi adekvat şəkildə, ən müasir pedaqoji-psixoloji, texnoloji yanaşmalar tətbiq olunmaqla gənclərə çatdırmağa və aşılamağa qadir olmalıdır. Sovet dövrü yazılan ali və orta məktəb dərslikləri  təftiş edilmədən onillərlə istifadə olunurdu, indiki orta məktəb dərslikləri dördillik baryeri çətinliklə aşır. Baxın, bu gün təhsil islahatlarını uğurla icra edə bilməsək, "Azərbaycanda təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nda, "Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol xəritəsi"ndə təhsilin inkişafı üçün müəyyən olunmuş hədəflərə doğru düşünülmüş şəkildə irəliləməyi bacarmasaq, nə ana dilinin, nə də ədəbiyyatımızın inkişafı, öyrədilməsi, təbliği, milli və əcnəbi ədəbi irsin ən gözəl nümunələri əsasında övladlarımızın tərbiyəsi, onlarda insani keyfiyyətlərin, estetik zövqün, düşünmə və fikiryürütmə bacarığının, özünütəqdimetmə vərdişinin formalaşması kimi vəzifələrin icrasına nail ola bilmərik.

- Rusdilli dərsliklərdə, tədrisdə vəziyyət necədir?

- Azərbaycan məktəblərində ana dili ilə yanaşı həm də rus dilində təlim aparılır. 10-12 il bundan öncə rus bölmələrində tədris olunan "Ədəbiyyat" fənni üzrə dərsliklərə Azərbaycan ədəbiyyatına dair materiallar daxil edilmirdi. Tədris proqramında şagirdlərin doğma ədəbiyyatına bir neçə saat ayrılır və tövsiyə edilirdi ki, onlar bunu əlavə material kimi kitabxanalardan əldə eləsinlər. 2005-ci ildən başlayaraq, bizim də daxil olduğumuz müəllif qrupu həm proqramda, həm də dərsliklərdə ədəbiyyatımıza ayrılan payı 35-40 faizə çatdırdı. Rus və dünya ədəbiyyatı ilə yanaşı, Azərbaycan ədəbiyyatı orta siniflərdə mövzular, yuxarı siniflərdə isə tarixi-xronoloji ardıcıllıqla müfəssəl şəkildə tədris və təqdim olunmağa başladı. Mən bu gün tədris müəssisələrimizdə, elm və təhsilimizin inkişafında, əlaqələrində nəzərə çarpan ən bariz ahəngsizliyi  vurğulamaq istəyirəm: tədqiqatçıların, nəzəriyyəçilərin, publisistlərin, tənqidçilərin, dissertantların bolluğu şəraitində universitet tələbələrimizin və məktəb şagirdlərimizin anlaşıqlı, müasir elmi-metodiki meyarlara uyğun, tədris edilən fənnin standartlarına və kurikulumuna cavab verən tədris resursları qıtlığı duyulur. Alim çox, tədqiqat institutlarının, ali məktəblərin sayı-hesabı bilinmir, amma şagirdin və tələbənin bəyənilən dərslikləri yoxdur. Ölkəmizin malik olduğu sosial-iqtisadi potensiala, resurslara rəğmən, biz bakalavriat və magistratura səviyyələrində hələ ki son kurs tələbələrinə adekvat istehsalat təcrübəsi bazası təklif etmək, onların gələcək əmək fəaliyyəti üçün motivasiyalar sistemi təklif etmək  imkanlarından uzağıq. Bu isə bu gün gənc qüvvələrin xaricə "beyin axını"nı şərtləndirən cəhətlərdəndir... Baxın, mən təhsil və ədəbiyyatı, ədəbiyyatın özünün də obyekt olan insanı müasir zaman və həyatla  əlaqələndirən məsələlərin az bir qisminə toxundum. Bu gün bacarıq və gücümü daha cox təhsilə yönəltməyin səbəbinə, yəqin ki, azca aydınlıq gətirə bildim.           

- Son bir neçə ildə həm rus, həm də Azərbaycan ədəbiyyatı üzrə bir sıra antologiyalar işıq üzü görüb. Bu nəşrlərin hazırlanmasında sizin də zəhmətiniz olub, bəzi layihələrə rəhbərlik etmisiniz. Hazırki ədəbi proses və mühitdə antologiyaların rolunu necə dəyərləndirirsiniz?

- "Dünya ədəbiyyatı kitabxanası" seriyasında antologiyalara geniş yer verilib. Bu siyahıda rus ədəbiyyatı da təmsil olunub: şeir və nəsr antologiyaları ilə. Postsovet dönəmində rus ədəbiyyatı üzrə daha iki fərqli antologiya nəşr olunub. Bunlardan birincisini biz Rustəm Kamalla birgə ilk latınqrafikalı nəşrlər sırasında hazırlamışdıq. Əsasən 90-cı illərdən sonra edilən tərcümələrin daxil olduğu bu ikicildli antologiya əslində "Dünya ədəbiyyatı kitabxanası" seriyasında yer almış antologiyaya hazırlıq mərhələsi kimi də qiymətləndirilə bilər. Dilimizdə nəşr olunmuş sonuncu - "Ən yeni rus ədəbiyyatı antologiyası"nı Moskva Dövlət Linqvistik Universitetinin nəzdində Tərcümə İnstitutunun qrant vəsaiti hesabına tərtib və çap etmişik. Buraya daxil olan bütün əsərlər azərbaycancaya ilk dəfə çevrilib. Nəsr antologiyasına Azərbaycanla şəxsi və yaradıcılıq əlaqələrinə malik Yuri Polyakov və Boris Yevseyevlə yanaşı, Vladimir Voynoviç, üç müasir rus qadın nasir: Lyudmila Ulitskaya, Tatyana Tolstaya və Lyudmila Petruşevskaya daxil edilib. Çağdaş rus şeirinin təmsil olunduğu 2-ci kitaba müəllif seçimi daha çətin idi. Çünki yeni nəsil rus poeziyası sərbəstliyi, gözlənilməzliyi, qeyri-adekvatlığı, forma və üslub qəribəlikləri, yüzilliklər boyu rus klassik ədəbiyyatından bizə tanış olan rus mentallığı və düşüncə tərzindən uzaqlığı, verlibr şeir növünün belə kanonları ilə ahəngsizliyi ilə seçilməkdədir. Hər halda, bu, əksər çağdaş rus poeziyası nümunələri üçün səciyyəvidir. Zənnimizcə, postmodern poetik düşüncə tərzinə yeni və əksər hallarda tənqidi yanaşma poeziyadakı bu keçid dövrünə öz təsirini göstərəcək. Klassik rus poeziyasına yeni qayıdış olacaq. Yeni tərtib olunan antologiyalar cərgəsində mən iki antologiyanı xüsusi vurğulamaq istərdim: bunlardan birincisi xalq yazıçısı Anarın təşəbbüsü və geniş ön sözü (təqdimatı) ilə Yazıçılar Birliyi tərəfindən hazırlanmış və nəşr olunmuş "Antoloqiya azerbaydjanskoy poezii" üçcildliyidir. İkinci toplu tərəfimizdən tərtib olunmuş və ön söz yazılmış "Antoloqiya noveyşey azerbaydjanskoy literaturı" ikicildliyidir. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi ilə reallaşan bu layihənin birinci cildində müasir nəsr, ikincisində isə poeziya nümunələrimiz yer alıb. Göstərilən bədii tərcümə layihələrinin önəmli cəhəti ondadır ki, bu antologiyalarda verilən mətnlərin böyük əksəriyyəti yeni çevirmələrdir. Bizim layihələrdə isə köhnə tərcümə mətnləri yoxdur. "Dünya ədəbiyyatı kitabxanası" seriyası, Azərbaycan Tərcümə Mərkəzinin, "Dünya ədəbiyyatı" dərgisinin layihələri, Bakı Slavyan Universiteti tərəfindən icra olunmuş "Filoloqun kitabxanası" seriyası,  "Mütərcim" Tərcümə Mərkəzində tərcümə və nəşr edilmiş sadalanan antologiyalar və adını çəkə bilmədiyimiz digər tərcümə layihələri ölkəmizdə bədii tərcümə işinə marağı xeyli gücləndirdi, yazıçı və tərcüməçi əməyinə görə qonorar ala bildi, ən əsası isə sovet dövrü əsasən tərcümə ilə məşğul olmuş ədiblərimizə "ikinci nəfəs" verildi, yeni tərcüməçilər nəsli yetişdi. 

- Son zamanlar avrasiyaçılıq, türkoloji tədqiqatlar, Şərq-Qərb kontekstində araşdırmalar intensivləşir. Sizin "Avrasiyaçılıq ideyaları müasirlik prizmasında" kitabınız da bu elmi-nəzəri istiqamətə marağın dəyərli göstəricisidir. Sizcə, Azərbaycanda bu mövzulara maraq hansı səviyyədədir? Azərbaycan-rus ədəbi əlaqələri, Qədim rus ədəbiyyatında türk-slavyan xalqlarının tarixi münasibətlərinin əks olunması  problemi  ilə məşğul olan tədqiqatçı kimi bu məsələlərə münasibətinizi bilmək istərdim.

- Biz hansı sahədə fəaliyyət göstəririksə, nədən yazırıqsa, hər şeydə Azərbaycan insanının maddi-mənəvi marağı, əqli-mədəni tələbatı, bu və ya digər mövzunun auditoriyamızda qoya biləcəyi iz, eyni zamanda, tədqiqat obyektimizin özümüzü, tarix, mədəniyyət və ədəbiyyatımızı kənarda təqdimata xidmət edə bilməsi barədə düşünməliyik. Qədim rus və slavyan ədəbiyyatları üzrə xaricdə nəşr olunmuş bütün kitab və məqalələrimizin başlıca məqsədi bu olub. Yeddi əsrlik Qədim rus ədəbiyyatında ilk salnamələrdən, "Ötən illərin hekayətləri"ndən, "İqor polku hekayəti"ndən tutmuş "Axsaq Teymur haqqında povest"ə, "Dəmir qapılar haqqında hekayət"ə, Afanasi Nikitinin "Üç dəniz arxasında səyahət"inə,  "Məhmət sultan haqqında rəvayət"ə, kosmoqrafiyalara və "Kazan tarixi"nədək bütün ədəbi abidələrdə türk etnos və xalqlarının izlərini araşdırmış, bu tədqiqatlara uyğun Qədim rus ədəbiyyatının yeni təsnifatını vermişik. Rus və Avropa Ortaçağ qəhrəmanlıq eposları ilə mövzu-ideya və tipoloji müqayisədə ilkin mənbə kimi "Kitabi-Dədə Qorqud" dastanlarının mərkəzi mövqeyini sübut etməyə çalışmışıq. Ötən yüzilliyin 20-30-cu illərində rus emiqrant alimləri tərəfindən irəli sürülən avrasiyaçılıq elmi-nəzəri platformasının əslində çoxəsrlik slavyan-türk əlaqələrindən qidalandığını və bu platformanın ədəbiyyat aspektinin qabardılmasının vacibliyini göstərməyə səylər etmişik. Bildiyiniz kimi, bu emi diskursların maraqlı tarixi var. Onun kökündə duran əsas sual Rusiyanın Avropaya və ya Asiyaya, Şərqə və ya Qərbə məxsusluğu dilemması üzərindədir. Məsələ ilə bağlı bu gün də rəsmi rus elmində və ədəbi düşüncəsində yekdil mövqe yoxdur. XIX yüzil təkcə rus ədəbiyyatı üçün qızıl əsr dövrü deyildi. Ədəbiyyatla yanaşı, fəlsəfi fikir də öz intibahını yaşayırdı. Dekabristlərdən, Puşkin və Lermontovdan başlamış Tolstoy və Dostoyevskiyə qədər bütün məşhur rus şair və yazıçıları Qafqaza, Şərqə, orientalizmə maraq göstərirdilər. Dövrün rus ədəbiyyatı nümayəndələri ilə sıx bağlılığa malik Straxov, Danilevski, Berdyayev və b. kimi filosoflar da Rusiyanın Şərq missiyası üzərində baş sındırırdılar. Fikrimizcə, rus ədəbi və fəlsəfi fikirində "qərbçilər", "slavyanofillər" və "zəminçilər" arasında gedən mübahisələrə məhz avrasiyaçılar tərəfindən nöqtə qoyuldu. Savitskinin "Rus tarixinin Avrasiya konsepsiya" əsəri rus, sonradan isə Sovet imperiyasının məhz Çingizxan imperiyası  və türk xanlıqlarının dağıntıları üzərində ucaldığını təsdiq etdi. Digər avrasiyaçılar Trubeskoy və Lev Qumilyovun tədqiqat və çıxışlarında bu fikir dərinləşdi. Sonradan "Turan avrasiyaçılığı" adlandırılacaq qanadın təmsilçısi Oljas Süleymenovun ötən yüzilliyin 70-ci illərində təqdim etdiyi "Az və Ya. Xeyirxah oxucunun kitabı"nda  Qədim rus eposundakı türkizmlərlə bağlı irəli sürülən fərziyyələr, bu izlərin redaktor-kompilyatorlar tərəfindən azdırılması fikri rəsmi rus elmi dairələrinə və humanitar təfəkkürünə əsl şok yaşatsa da, sonrakı onilliklərdə Rusiyada nəşr olunan bir sıra kitablar qazax şair və tədqiqatçısının  türkologiya və slavistikada yeni bir istiqamətə təkan verdiyini sübut etdi. Bu nəşrlərdə bizə maraqlı olan hissələr tərəfimizdən tərcümə edilərək, "Avrasiyaçılıq ideyaları müasirlik prizmasında" (Bakı, 2010) kitabında yer almışdır. Açığını desəm, tərcümə üçün Fyodor Dostoyevskinin "Karamazov qardaşları" romanına və "Yazıçının gündəliyi" əsərindən bir neçə fəslə, Lev Tolstoyun bəzi hekayələrinə müraciətimin kökündə bu dahi rus nasir və filosoflarının irsində sezdiyim avrasiyaçılıq görüşləri idi.  Burada dahi avrasiyaçı-alim Lev Qumilyovun tez-tez səsləndirdiyim bir fikrini bir daha təkrar edirəm: "Əgər Rusiya xilas ediləcəksə, o, ancaq Avrasiya dövləti olaraq nicat yolu tapacaq". Təəssüf ki, postsovet epoxasında avrasiyaçılıq başqa tendesiyalar üzrə inkişaf etdirilməyə başladı. Rus politoloqları  buna  əvvəlcə "ümumi humanitar məkan", sonra isə "Avrasiya birliyi" adları ilə yeni can verməyə çalışırlar. Məncə, əsasən mədəni dominant üzərində qurulan bu elmi-nəzəri istiqamətin yaşamaq hüququ var, lakin o, klassik avrasiyaçılığın təməl daşlarına toxunmamalı, müasir dövrdə də Avrasiya geosiyasi və mədəni-tarixi arealına töhfələr verən xalqların və ölkələrin rolu və maraqları gözlənilməlidir. Bir sıra yazılarda və konfrans materiallarında azərbaycanşünaslığı, türk-slavyan əlaqələrini avrasiyaçılıq müstəvisində nəzərdən keçirmə cəhdimizin səbəbi də budur. Coğrafi region və tarixi-mədəni areal kimi Azərbaycan özünəməxsus Avrasiya modelinə malikdir. Avrasiya və Azərbaycanın kulturoloji aspektdə müqayisəli tədqiqi elmi axtarışlar üçün yeni üfüqlər açıb.

- Məncə, avrasiyaçılıq aspektində İsmayıl bəy Qaspıralının rolu, mövqeyi də tədqiqatlardan kənarda qalmamalıdır. Amma bu baxımdan təəssüf ki, Qaspıralı daha geniş miqyasda tədqiqatlara cəlb olunmur. İsmayıl bəy rus millətinin işıqlı gələcəyini türklərlə qlobal siyasi təhdidlərə istinad etməyən səmimi münasibətlərin qurulmasında, hər iki millətin ümumi səadətini Avropa istiqamətində deyil, Avrasiya mədəniyyət və ünsiyyət xəttinin tətbiqində görürdü. "Rusiya müsəlmanları" kitabı ilə İsmayıl Qaspıralı Avrasiya nəzəriyyəsinin qurucuları kimi tanınan knyaz Nikolay Trubetskoyun, Avrasiyaçılığın banisi Pyotr Savitskinin, professor Florovskinin, Nikolay Alekseyevin, Lev Karsavinin, Lev Nikolayeviç Qumilyovun... fikir babası kimi, adı çəkilən nəzəriyyənin banilərindən biri və bəlkə də birincisi olaraq qəbul edilməlidir.

- Təəssüf ki, bəzi ən yeni araşdırmalarda rusiyalı alimlər sovet dövründə yol verilən təhrifləri yenə də təkrarlayır, Rusiya tarixində türk xalqlarının roluna, ən əsası, Lev Qumilyovun vəsiət xarakterli sözlərinə diqqət yetirmirlər. Bu zaman imperiya ruhunu təbliğ edən rus ədəbiyyatına müraciət belə yersiz görünür (Məs.: F.Tyutçevin "Rus coğrafiyası" şeiri). Belə yazılardan biri Rusiya EA Rus Ədəbiyyatı İnstitutunun durektoru V.Y.Baqnoya məxsusdur ("K istorii idey v Rossii: ideə imperii", 2013). Rusiyanı Roma və Bizansın varisi hesab edən müəllif geniş yazısında türk-tatar imperiyalarını, Qızıl Orda xanlıqlarını dilə gətirməyi belə unudur...

- Amma İsmayıl bəy Qaspıralıya görə "Rusiya üzərində bu qədər uzun sürə, bu güc və əzəmətlə başqa bir soyun hakimiyyəti olsaydı Rusiya bütövlükdə məhv olardı. Bunun örnəklərini biz slavyan dünyasının qərb uclarında görürük... Ancaq tatarlar (türklər) əfəndi olaraq xərac toplar, gözəl, şirin qızları qaçırar... ancaq rus məişətinə və dini həyatına heç qarışmazlardı". Xatırlatdığınız Baqno türk-tatar imperiyalarını, Qızıl Orda xanlıqlarını dilə gətirməsə də, həqiqətin ən gözəlini yenə də İsmayıl bəy yazıb. Qaspıralıya görə, türk hakimiyyəti əsrlər boyu rus ruhunu yabançı təsirlərdən qoruyub və rusların milli birlik şüuruna sahiblənməsi yolunda əngəl olmayıb...

- Bəli, müasir Azərbaycan avrasiyaçıları üçün yaxşı nəzəri baza var, oxşar fikirləri Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu, Əhməd Cəfəroğlu irsində də axtarıb tapmağa ehtiyac var. Fərəhləndirici haldır ki, son illərdə Azərbaycanda da maraqlı tədqiqatlar ortaya qoyulub: Fərhad Əliyev və Cavanşir Feyziyevin kitablarını nəzərdə tuturam.

- "Literaturnaya qazeta" ilə də daimi əməkdaşlığınız var... Daha çox "Literaturnaya qazeta"da çap olunursunuz...

- Elədir, MDB və Şərqi Avropanın müxtəlif tərəfdaş universitetləri, yaradıcılıq təşkilatları ilə birgə layihələrimiz bizə təkcə göstərilən antologiyaları qazandırmadı. 2009-2013-ci illər ərzində Moskvada nəşr olunan "Literaturnaya qazeta"da müxtəlif mövzu və rubrikalar altında ədəbiyyatımızı təqdim edə, 2011-ci ildə Almatıda işıq üzü görmüş "Noveyşaə zarubejnaə literatura" kollektiv monoqrafiyada postsovet dövr ədəbiyyatımızı işıqlandıra bildik, həmin material eyni zamanda Serbiyada "Qərb-Şərq" partnyorluğu layihəsi çərçivəsində ingiliscə çap olundu. Fərəhləndirici haldır ki, hörmətli akademik İsa Həbibbəyli və Moskvada yaşayan tanınmış ədəbiyyatşünas Abuzər Bağırov hüdudsuz rusdilli auditoriyaya məxsus "Literaturnaya qazeta"da mütəmadi olaraq Azərbaycan ədəbiyyatı nümunələrinə yer ayırmağa və klassik ədəbiyyatımızı layiqincə təqdim etməyə müvəffəq olurlar.

- Avqustun 1-də Azərbaycan əlifbası və Azərbaycan dili gününü qeyd etdik. Bugünkü təhsilimiz və eləcə də ədəbi düşüncəmiz üçün Ana dili amilini necə qiymətləndirirsiniz? Bir ədəbiyyat adamı, pedaqoq olaraq sizi daha cox hansı məsələlər narahat edir?  

- Bəli, ulu öndərin sərəncamı ilə 2001-ci ildə təqvimə belə bir günün daxil edilməsi mühüm önəm daşıyır. Sualı da yerində qoymusunuz: dil təkcə şifahi ünsiyyətdə yaşamır. Onun qorunması, inkişafı, əhatə və işlənmə dairəsinin genişlənməsi üçün bir neçə vacib amil var. Bunlardan ən əsası ana dilində təhsil və milli ədəbiyyatdır. Şükürlər olsun ki, klassik ədəbi irsimiz yüksək səviyyədə öyrənilir, təbliğ edilir, qorunur, ədəbi orqanlarımız müasir yazarların üzünə açıqdır, universitet və məktəblər, kütləvi kitabxanalar böyük tirajla çap olunan anadilli nəşrlərlə təmin edilir. Təhsil Nazirliyi müxtəlif oxu layihələrinə, təqdimatlara, müsabiqələrə kifayət qədər yer verir. Prezidentimizin ana dilimizin elektron bazasının və əcnəbilər üçün müvafiq "Azərbaycan dili" vəsaitlərinin yaradılması ilə bağlı bu günlərdə imzaladığı sərəncamla bu sahədə ciddi irəliləyiş əldə edə bilərik. Bununla belə, narahatçılıq doğuran məqamlar mövcuddur. Bu, ilk növbədə, təlim rus dilində aparılan məktəblər və siniflər şəbəkəsinin genişlənməsindən irəli gələn problemlərdir. Nəticədə, təkcə ana dilinin işlənmə dairəsi daralmır, həm də övladlarımızın keyfiyyətli təhsilalma imkanları məhdudlaşır. Birincisi, biz vətəndaşlarımızın təlim dili kimi ana dilinə üstünlük verməməsinin səbəbləri, Dövlət dilində təhsilin yaxşılaşdırılması və motivasiya olunması tədbirlərinin vaciblyi barədə ciddi şəkildə düşünməliyik. İkincisi, təlim rus dilində aparılan məktəblərin kadr potensialının kritik həddə olduğunu anlamalı, rus bölmələri üçün universitetlərdə pedaqoji kadr hazırlığına diqqəti artırmalı, təcili olaraq fənn müəllimləri üçün əlavə təhsil tədbirləri planını reallaşdırmalıyıq. Eyni zamanda rus bölməsində ana dilinin tədrisi problemini gündəmədə saxlamalıyıq. Hər bir valideyn və pedaqoq bir şeyi yaxşı anlamalıdır: dilimizə və sözümüzə uşaqlarda məhəbbət, qiraət vərdişi, kitaba sevgi  məhz ibtidai siniflərdə ibtidai sinif müəllimləri tərəfindən aşılanır. Buradan aydın görünür ki, ana dilimizin, ədəbiyyatımızın taleyi təhsilimizdən keçir. Orta təhsildə çoxillik fəaliyyət və müşahidələr nəticəsində belə bir qənaətə gəlmişəm ki, uşaqların əcnəbi dilləri zəif mənimsəməsinin, ədəbiyyata və mütaliəyə maraq göstərməməsinin başlıca səbəbləri ibtidai siniflərdə təklif olunan tədris standartları və proqramları, əksər müəllimlərin müasir pedaqoji-psixoloji-fizioloji yanaşmalardan, linqvodidaktik tələblərdən, kurikulum təliminin  mahiyyətini anlamaqdan uzaq olmasındadır. 

- Hələ XIX yüzildən bəri rus yazıçılarında, şairlərində Azərbaycana, dilimizə və ədəbiyyatımıza maraq oyadan məqamlar çoxdur. Buna rəğmən, rus-Azərbaycan ədəbi əlaqələrinin tarixində hələ də qaranlıq cizgilər var. Onlara yenidən baxmaq zərurəti varmı?

- Şükürlər olsun ki, dilimizə və ədəbiyyatımıza, bütövlükdə ölkəmizə maraq bu gün də böyükdür. Bunun da əsas səbəbləri odur ki, birincisi, dünyaya göstərməyə, təbliğ eləməyə layiq milli-mədəni dəyərlərimiz, tarixi abidələrimiz, söz və musiqi xəzinəmiz var, ölkəmizdə əsl multikultural və tolerant mühit mövcuddur, ikincisi, Azərbaycan insanında dünya dillərinə, ədəbiyyat və mədəniyyətlərinə, həyat və düşüncə tərzinə, qabaqcıl təhsil sistemlərinə maraq günü-gündən artmaqdadır. Biz dünya xalqlarının ədəbiyyatını dilimizə tərcümə etməklə böyük bir xəzinə qazandıq, Azərbaycan ədəbiyyatının coğrafiyası dünyanın özü qədər genişləndi. Əvvəllər bunu Çingiz Abdullayevin detektiv romanları edirdisə, indi ədəbiyyatımız real tarixi-coğrafi əhatəliliyi  və təxəyyül genişliyi ilə küll halında planetar təfəkkür keyfiyyəti qazanıb. Son illərdə qələmə alınmış böyük tarixi romanlarımızda da bu tarixi-coğrafi genişliyi duyuruq.

- Dövr, ideologiya dəyişib. Bu yeniləşmələrin ədəbiyyata yansıması labüddür.

- Bəli, istənilən halda ədəbiyyat, ədəbi əlaqələr tarixi yeni baxış tələb edir. Bu gün Rusiyanın özündə rus ədəbiyyatının xaricdə resepsiyası məsələsi gündəmdədir. Rus dili, ədəbiyyatı və rus aləmi dəyərlərinə dünyada yeni - realistik bir baxış  formalaşmaqdadır. Ruslar milləti ayaqda saxlayan, ona başucalığı gətirən və dünyanın gözündə xalqı ucaldan pravoslav xristian əxlaqının, möhtəşəm ədəbi irsin, tarixi abidələrin və tarixin özünün yeni çalarla təqdim olunmasına çalışırlar. Rus ədəbiyyatının Qafqaza, Ön və Mərkəzi Asiyaya transformasiyası, bu ədəbiyyatın üzərinə düşən missiya bir sıra mühüm layihələrin tədqiqat obyektinə çevrilir.

- Bizdə rus-Azərbaycan ədəbi əlaqələrinin təşəkkülündə kimlərin rolu var?

- Ötən yüzilin 70-90-cı illərində rus-Azərbaycan ədəbi əlaqələri ilə bağlı maraqlı və çoxplanlı tədqiqatlar aparılıb. Bu araşdırmalar Məmməd Arif, Şıxəli Qurbanov, Mikayıl Rəfili və b. tərəfindən başlanılan işin davamı idi. Göstərilən dövrdə Murtuz Sadıxlı, Həbib Babayev, Arif Hacıyev, Şamil Qurbanov, Aqil Hacıyev, Məmməd Qocayev kimi ədəbiyyatşünaslar rus-Azərbaycan ədəbi əlaqələrinin və rus ədəbiyyatının tədqiqində konkret istiqamət üzrə öz məktəblərini yarada bildilər və ardıcıllarını yetişdirdilər. Belə genişmiqyaslı araşdırmalara səbəb təkcə rus ədəbiyyatının ədəbiyyatımıza böyük təsiri deyildi. Başlıca amil rus ədiblərinin Azərbaycan mövzularına, tarixinə, məişətinə, adət-ənənələrinə marağı  idi. Torpaqlarımız Rus imperiyasının tərkibinə qatıldıqdan sonra ədəbiyyatımızın və mədəniyyətimizin bəxti onda gətirdi ki, ovaxtkı Zaqafqaziyanın mərkəzi hesab olunan Tiflisdə Mirzə Şəfi Vazeh, Abbasqulu Ağa Bakıxanov, Mirzə Fətəli Axundzadə, İsmayıl Bəy Qutqaşenli kimi ziyalılarımız fəaliyyət göstərir, ucsuz-bucaqsız Rusiya imperiyasının müxtəlif yerlərindən, hətta Polşadan buraya sürgün edilən azad fikirli şair və yazıçılarla ünsiyyətdə olurdular. Əksər məqamları oxuculara yaxşı məlum olan ədəbi əlaqələrimizin rus şairi Lermontovla bağlı bir epizodu Azər müəllim, Sizin də tədqiqat dairənizə düşdüyündən məhz ona diqqət yetirək. Bestujev-Marlinski və Lermontovun Azərbaycan dilinə maraq göstərmələri, bu dili onlara Mirzə Fətəlinin öyrətməsi, bunun nəticəsi olaraq hər iki rus ədibinin yaradıcılığında Azərbaycan mövzu və motivlərinin, söz və ifadələrinin geniş yer tutması faktı ədəbiyyatşünaslar tərəfindən bolluca işıqlandırılıb. Dueldə iştirakına görə Qafqaza sürgün edilən rus şairi Lermontov dostu S.Rayevskiyə yazdığı məktublarda Qafqaz təəssüratları ilə  bölüşür, Tiflisdə olarkən "tatar (azərbaycanlı - T.C.) alim Əli və Əhməd"lə tanış olduğunu, Şəki, Quba, Qusar və Şamaxını gəzdiyini, yerli əhali ilə ünsiyyətini və hətta "fransız dili Avropada vacib olduğu qədər Asiyada geniş işlənən tatar (Azərbaycan - T.C.) dilini öyrənməyə başladığını" da vurğulayırdı. Lermontov Axundzadənin yaxından köməyi ilə "türk nağılı" adlandırdığı "Aşıq Qərib" məhəbbət dastanımızı yazıya alır, "Görüş", "Xəncər", "Çinar kölgəsində, yapıncı üstə...", "Valerik" şeirlərində, "Mtsırı" və "Demon" poemalarında və "Zəmanəmizin qəhrəmanı" romanında Azərbaycan motivlərini əks etdirir. Lakin rus şairinin ədəbi taleyi üçün böyük məna kəsb etmiş xırda bir detalın dini və ideoloji yanaşma səbəbindən həmişə diqqətdən kənar qalması Lermontov yaradıcılığı ilə əlaqədar çox vacib və maraqlı məqamların üzərində dayanmağa imkan verməmişdir. Bu, Lermontovun Svyatoslav Rayevskiyə ünvanladığı həmin məktubda adı çəkilən ikinci azərbaycanlı - "Əhməd"lə bağlıdır. İrakli Andronikovdan tutmuş Şamil Qurbanova kimi bütün tanınmış lermontovşünaslar birinci adın üzərində dayanır və M.F.Axundzadənin  rus şairinin yaradıcılıq bioqrafiyasında rolundan bəhs edirlər.

- Bu məsələ, təkcə axundovşünaslığın, yaxud Azərbycan lermontovşünaslığının deyil, məncə, daha çox hüseynzadəşünaslığın çözülməmiş problemlərindəndir. Məsələ burasındadır ki, dediyiniz kimi, İrakli Andronikovdan tutmuş Şamil Qurbanova kimi bütün tanınmış lermontovşünaslar birinci adın üzərində dayanır.  Lermontovun tatar-türk (Azərbaycan) dilini də bu "uçenıy tatarin Ali"dən öyrəndiyini qeyd edirlər.  Amma, mübahisəli də görünsə, demək istəyirəm ki, nədənsə, Lermontov və Qafqaz məsələsini araşdıranların hər biri 1837-ci ildə Qafqazın Şeyxülislamı olmuş və bir çox sənədlərdə adı Əli Hüseynzadə olaraq keçən Məhəmməd Əli Hüseynzadəni "unudub", "uçenıy tatarin Ali"nin Mirzə Fətəli Axundov olması qənaətində israr edirlər. Hətta təfqiqatçılardan biri "mirzə" sözünün alim mənasını verdiyini və Lermontovun da mirzə Əlini ruscaya çevirərək onu "uçenıy Ali" şəklində yazdığını vurğulayır. Mirzə Fətəli Axundov barədə yazılmış məşhur romanın müəllifi Əlini də bir tərəfə qoyub Əhmədin Azərbaycan dilindəki qarşılığının Fətəli olmasını irəli sürüb.

- İlk dəfə "Əhməd"in kimliyi barədə məlumat "Azərbaycan" qəzetində G.Məmmədlinin "Şeyxülislam Axund molla Əhməd" adlı məqaləsində (1990, 1 iyun) verilib. Sonrakı illərdə biz M.Lermontova aid kitab və məqalələrimizdə azərbaycanlı din xadiminin rus şairinin "Aşıq Qərib", "Zəmanəmizin qəhrəmanı", "Valerik" və digər əsərlərindəki dini və dünyəvi baxışlarına, fatalist məsləkinə təsiri barədə qeydlər etsək də, açığı, bu gün bu yazılar kifayət etmir. Həm "Aşıq Qərib" nağılını, həm də məşhur romanını Lermontov qəzavü-qədərə inam üzərində qurur.

- Qəribədir, tədqiqatçıların nəzərində Lermontovun alim olaraq nişan verdiyi Əli də Fətəli olur, Əli ilə birgə xatırlatdığı Əhməd də yenə Fətəli olur. "Aşıq Qərib" dastanını da ona Mirzə Fətəli Axundovun söylədiyini bildirirlər. Bu məqamda Şeyxülislam Axund Əhməd Hüseynzadənin ədəbi zövqü barədə düşünməyə dəyər: "Aşıq Qərib" bir şeyxülislamın maraq dairəsində ola bilərdimi? Yusuf Akçuraya inansaq, ola bilərmiş. Akçura yazırdı ki, "Əli bəyin böyük pədəri Qafqaziyanın ən böyük əllaməsi... idi. Bu zat o zaman Qafqaziyada yeganə hakim olan İran ədibanından zövq alamadığını, Bakının xalq şairləri tərəfindən düzülmüş türkcə amiyanə şerlərindən daha çox xoşlandığını söyliyordu". Araşdırıcıların diqqət yetirmədiyi məqam budur: Qafqazın ən böyük alimi İran ədiblərinin yazdıqlarından deyil, xalq aşıqlarının qoşduğu türkcə şeirlərdən xoşlanır...

- "Türk nağılı"nın süjet xəttini "İnsan doğularkən alnına nə yazılıbsa, o da olacaq" atalar sözü üzərində qurur. Romanda isə təkcə "Fatalist" povestində zabit Vuliçin yox, bütün əsas obrazların, ilk növbədə, müəllifin özünün prototipi olan Peçorinin taleyi fatalizm donuna biçilib. Heç təsadüfi deyil ki, göstərilən məktubda şair "artıq Məkkəyə, İrana getmək planlarını cızdığını" da vurğulayırdı.

Lermontov hələ uşaq ikən Mineral Sulara müalicəyə gələn nənəsi Arsenyeva ilə Qafqazda üç dəfə olmuşdu. O, bu yerlərin vurğunu idi, Qafqazı vəsf edən elə ilk şeirlərində öz sözünü demişdi:

 

"Yox, çərkəz, qayıtmaz ötən illərin,

Gözləmə, gör yurdun nə deyir indi...

Azadlıq məkanı doğma ellərin

Azadlıq uğrunda can verir indi."

 

("Qafqaza", 1830)

 

Zabit kimi Qafqaza sürgün edilən və dağlılarla müharibədə mundirin şərəfini qorumağa məhkum olan şair həyatın mənasını və insan qırğınının mənasızlığını ona anladan Şərq müdrikliyinə, İslam fəlsəfəsinə müraciət edir. Məhşur "Valerik" şeirindən "Ə jiznğ postiq..." parçasına müraciət edək:

 

... Həyatı dərk etdim;

Türk ya tatar tək

Qismətimlə barışdım;

Allahdan bəxt diləmirəm

Dinməzcə bəlayla çarpışıram

Bəlkə, Şərqin səması

Onların peyğəmbərinin təliminə

Məni də qovuşdurası...

 

Azərbaycanla ciddi əlaqələrə malik Lermontov yaradıcılığından gətirdiyimiz bu ştrix göstərir ki, biz müstəqillik dövründə ədəbi əlaqələr tariximizdəki boşluqlara əl gəzdirməliyik. Bildiyiniz kimi, sovet dövründə rus ədəbiyyatı tarixi üzrə bir neçə qiymətli tədris vəsaitlərimiz  olub: Abuzər İsmayılovun "Qədim rus ədəbiyyatı" üzrə müntəxəbatı, Məmməd Cəfərin üçcildlik "XIX əsr rus ədəbiyyatı" və s. Rus ədəbiyyatı universitetlərimizdə tədris olunur, son illər klassik rus ədəbiyyatından olduqca keyfiyyətli tərcümələr nəşr edilib. Eyvaz Borçalı tərəfindən Puşkinin "Yevgeni Onegin" romanının, M.Y.Lermontovun "Mtsırı", "Demon" və s. məhşur əsərlərin tərcüməsi, eləcə də Siyavuş Məmmədzadənin bir sıra çevirmələri xüsusi maraq doğurur. Biz hazırda rus ədəbiyyatı tarixini tam əhatə edəcək üçcildlik tədris vəsaiti üzərində işi davam etdiririk. "Qədim rus və XVII əsr ədəbiyyatı" üzrə dərsliyin (bədii mətnlərlə) nəşrini tədris ilinin əvvəllərinə planlaşdırmışıq.

- Təşəbbüzlə 1996-ildən nəşr olunan "rcim" rgisində r hansı viyyədir?

- "Mütərcim" jurnalı ədəbiyyatımızın orijinaldan tərcüməyə və əksinə çevirmələrə ehtiyacı olan illərdə təsis edildi. O illərdə biz jurnal səhifələrində bədii, elmi, filoloji tərcümələrə, tərcüməşünaslıq üzrə məqalələrə, tanınmış tərcüməçilərimizin yaradıcılıq laboratoriyasından materiallara, gənc tərcüməçilərin yetişdirilməsi problemlərinə geniş yer verir, ictimai fikirdə bədii tərcümə problemlərinin diskursa gətirilməsinə çalışırdıq... Jurnalın bugünkü fəaliyyəti daha çox konkret layihələrlə bağlıdır.      

- Maraqlı hbət üçün sağ olun, Telman müəllim! Yubileyiniz nasibətilə sizi zetin yaradıcı əkdaşları oxucularız adından bir daha brik edirəm.

- Təşəkkür edirəm. Mən də sizə və "Ədəbiyyat qəzeti"nin bütün yaradıcı kollektivinə uğurlar diləyirəm.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!