Sənət qızdırmasıyla yaşayanlar üçün – “Fəryadın metafizikası” - Sərdar AMİN yazır

Azər Turanın “XX əsr – Fəryadın metafizikası” kitabı haqqında…

Sözün varsa, onu bağırmaq asandır, pıçıldamaq da çox çətin deyil. Bəs əsrlər boyu dünyanın dörd bir yanında sinəsində bahar nəğmələri bəsləyən qaratoyuqlar kimi şaxtada donan, sənət müjdəsi ağzında qalan azmanların fəryadına titrəmək, musiqisinə mübtəla olmaq necə?

Sözü sinəsində gedən kişilərin səmada kristallaşan ahları, bir gün üzümüzdə təbəssüm qırışları yaradar, yükümüzdən alar deyə pıçıldadıqları avaz süni qulaqlıq taxmış kainatımızı dinc qoyarmı? Ünvanı biz olan bu məktubların zərfi cırılmadıqca nə bir şairin misrası bizi sanballayacaq, nə bir romançının dünyasında sevimli qonaq ola biləcəyik. Bu fəryadı duymaq, duymaq, duymaq lazımdır…

“XX əsr – Fəryadın metafizikası” kitabında müəllifin qabarlı əlinin bu fəryadı ovutduğunu görürürk, bu səsin nəbzi ilə bərabər atan qəlbin qat-qat təvazökarlıq qiyafəsinin altından belə döyüntüsü görünür. Bu nə bir araşdırma metodu, nə mahiyyətin bədii təqdimatı, nə də tanıtımdır. “Fəryadın metafizikası”nın süzüldüyü barmaqlar bizə ruhaniyyətin, sənətin döyündüyü nəbzlərin yerini göstərməklə də yetinmir, gözəl-gözəl qalxıb enən bu ünvanların hansını nə qədər dinləməli olduğumuzu da bizdən əsrigəmir. Sənəti işarə edən bu barmaqlar biz kitabı oxuyub bitirəndən sonra belə göstərdiyi nöqtələrin qeydinə qalır, onları əzizləyir. Bu dəfə müəllif nehri keçmək üçün oxucuya ayaq qoymalı olan daşları göstərmir, sənət ümmanının üzərində ayaqları və suyu unudaraq gəzişməyi göstərir.

“XX əsr – Fəryadın metafizikası” susqun, azmış ədəbiyyatın yaxasından yapışmaq, ona bağıran nəfəslə özünü pıçıldamaqdır, oxucuya potensialının fövqünə varan, səmaya qalxan sənətin əslində ayağı yerdən üzülmüş nəsnə yox, pərvaz edən mahiyyət olduğunu xatırlatmaqdır. Bu kitab əslində kainatın bütün nöqtələrində döyünən sənətin doğuda və batıda eyni təbəssümlə təcəlla edən simaları arasında, həmin templə göz vuran mayakdır. Müəllif üzərimizə yorğan kimi sərilmiş mərifəti bütün sənətkarların eyni temperaturda isitdiyini sevda qızdırmasıyla pıçıldayır.

“Fəryadın metafizikası” meyitləri qəbirdə dəfinəyə, ruhları lacivərd səmaya dönüşən insanların eyni havanı udub, eyni sudan sərinlik tapıb, eyni sima qarşısında ehtişama çatdığını sərgiləyən tabloya işıq salır. Kitabda Munkla Hadinin, Tanpınarla Berqsonun, Xudu Məmmədovla Eşerin əl-ələ verib ağladığını, kürək-kürəyə söykənib gülümsədiyini görürük.

Bütün bu ağrılar fonunda müəllifin xoşbəxt olduğu da göz önündədir; 1937-dən 2017-yə fəxarətlə salam deyən şəxsiyyətləri duymağın, onlarla eyni dildə danışmağın həzzi Azər Turanın bütün kitablarından boy verir.

71 illik səhra sürgünü zamanı ruhu pambıq buludalar kimi başımızın üzərində dolanan, üstümüzə yağa-yağa torpağımızı yenidən vadiyə dönüşdürən, indi isə xatırlamağa üşəndiyimiz aydınlar nəhayət ki, gülümsəyir.
Bu kitab həm də orijinallıq müstəvisində diqqət çəkir. Elə bir kitabdır ki, burada toplanan faktlar, bədii informasiyalar və şəxsiyyətlər barədə digər bütün mənbələrdə ya heç bir məlumat yoxdur, ya da onlar yarımçıq və təhrif edilmiş formadadır.

XXI əsrdə “XX əsr – Fəryadın metafizikası”nı “birinci əl” mətndə təqdim etmək heyranedicidir. İllərdir yanan, amma gözlərimizin alışqanlığı səbəbilə diqqətimizi çəkməyən bu sənət tonqallarını bizə öz məşəlinin işığında təqdim edən müəllifin əməlini başqa nəylə qiyaslamaq olar? Bəli, bu əməlin adı məşəllə tonqal alovunun dilimlərindəki həqiqətləri göstərməkdir.

Oxucu bu kitabda dövrü bürüyən sənət dalğası, bu dalğaya bir-birindən xəbərsiz, min kilometrlərlə uzaqda eyni tezlikdə köklənən insanların zümzüməsini eşidə bilər. Tarixi səhnələr o qədər ilkindir ki, dialoqlardan boylanan simaların özlərini dürüst təqdim etməyi üçün müəllif bəzən şərhə belə ehtiyac duymur. Kitabı orijinal qılan məqam təkcə mənbələrə işıq tutması deyil, həm də özünün mənbə olmasıdır. Eyni zamanda bu kitab sənət ağacının bütün meyvələri haqqında dərilmiş yeni meyvədir.

Bu kitabın Azərbaycanda yazılmasının daha bir üstünlüyü isə oxucu müstəvisində ölçülə bilər; “XX əsr – Fəryadın metafizikası” illər sonra bu günkü oxucumuzun yerini nişan verəcək. XXI əsrin əvvəllərində bu mövzuda və bu estetikada xitab edilmiş bir toplumun var olması həm araşdırmaçılarımızı şərəfləndirəcək, həm də xələflərimizi daha yüksək pillədə tutacaq. 

//“Nargin – Sənət adası

Sərdar AMİN


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!