Kitab sevgisi son həddə çatanda... - Prof.Dr.Süphi Saatçı

 

İraq türkmanlarının  can dostu, Türkman toplumuzun gerçək sevdalısı əziz və qiymətli dostumuz Prof.Dr. Qəzənfər Paşayevin 2016-cı ildə Bakıda bir əsəri daha yayımlandı: "Əta Tərzibaşının folklorşünaslıq fəaliyyəti" (Kitab 2018-ci ildə Ankarada da çap olunub - Red.).  Qəzənfər xoca yayımladığı əsərlərini hər zaman bizlərə o saat ulaşdırmağa çalışır və bizləri sevindirir. Bu xüsusda onun nə qədər ciddi, özünə qarşı tələbkar olduğu da məlumdur. Nətəkim xocamız kitabı yayımlanır-yayımlanmaz həmən poçtayla göndərmiş. Poçtada isə maraqlı olanlar bu kitabları sevmiş olmalıdılar ki, əlimizə ulaşmaları mümkün olmurmuş. Bunu öyrənən Qəzənfər xoca kitablarını bizə ulaşdırmaq üzrə bəzi arxadaşlara vermiş, ancaq xocamızın kitablarını verdiyi arxadaşlarda da kitab sevgisi son həddə olduğu üçün əlimizə ulaşmaları mümkün olmamışdır. Məşhur məsəldir ki, birinə kitab vermək nə qədər böyük bir sadəlövhlüksə, kitabı geri qaytarmaq ondan daha artıq sadəlövhlükdür. Sözün qısası, Qəzənfər xocanın əsəri əlimizə keçmədiyi üçün bu tanıtma yazısı gecikmiş oldu.

Prof. Paşayevin kitabını borc olaraq əldə edən kimi onu tanıtma fırsatı bulmuş olduq. Kitabı bizə borc verən Kamal Bayatlı qardaşımıza burada təşəkkür edərkən, kitabı ona qaytarmaq qonusunda tərəddüdüm vardır. Çünki bu kitab hələlik Kərkük Vəqfinin arxivində yoxdur. Bu səbəbdən Kamal Bayatlı kitabı bizə bağışlar deyə ona əvvəlcədən təşəkkür edirəm.

264 səhifədən ibarət kitaba prof. Məhərrəm Qasımlı ön söz yazmışdır (s.5-8). "Birliyin-bütövlüyün ömür kitabı" adlanan ön sözdə alim Paşayevin İraq türkmanlarının folkloru, dili, ədəbiyyatı, gələnək və görənəkləri (adət-ənənəsi) haqqında yapdığı araşdırma və incələmələrini bir çox kitaba toplayaraq, bu sahədə nüfuzlu və mötəbər söz sahibi olduğuna işarə etmişdir.

Kitaba Dr.Mustafa Ziya da rəy (s.9-12) vermişdir. O, Əta Tərzibaşının ömrünü İraq türkmanlarının kültür tarixini incələməyə vəqf etdiyini (həsr etdiyini), dil və ədəbiyyat tarixi, folklor, musiqi, mətbuat, dil və xalqiyyat (xalq bilgisi) üzərinə bir çox kitab və məqalə yazdığını, Türk dünyasının da İraq Türkman kültürü Tərzibaşının əsərlərindən tanıdığını ifadə etmişdir. Ayrıca Tərzibaşının bəzi kitablarının Azərbaycanda Prof.Dr. Qəzənfər Paşayev tərəfindən bir neçə dəfə yayımladığını xüsusi vurğulamışdır. Qəzənfər xocanın kitabı giriş (s.13-17) və altı bölümdən ibarətdir. Bu bölümlər aşağıdakılardır:

I fəsil: "Əta Tərzibaşının həyatı və ilk yaradıcılıq illəri" (s.32-49).

II fəsil: "Xoyratlar və maanilər" (s.50-112).

III fəsil: "Xalq havaları" (s.113-127), "Xalq türküləri" (s.128-146).

IV fəsil: "Aşıqlar. Aşıq havaları və dastanlar" (s.147-156), "Arzu-Qənbər" dastanı (s.157-167).

V fəsil: "Atalar sözləri və məsəllər" (s.168-196).

VI fəsil: "Əta Tərzibaşı və Azərbaycan-İraq türkman ədəbi-elmi əlaqələri" (s.197-221).

Kitabda  "Son söz əvəzi" adlı bölmə də var (s.222-228). Kitabın sonunda prof.Qəzənfər Paşayev haqqında (s.229-233), prof. Qəzənfər Paşayevin basılmış kitabları (s.234-235), tərtib edərək ön sözlə basdırdığı kitabların siyahısı (s.236-238), tərcümə etdiyi kitablar (s.239-240), Azərbaycan, Türkiyə, İraq və İranda Azərbaycan, türk, türkman, ərəb, rus, ingilis dillərində basılmış kitablarının üz qapaqları (s.241-254), tərcümə etdiyi kitablar (s.255-256) ilə prof. Qəzənfər Paşayev haqqında basılmış kitabların üz qapağı (s.257-260) kimi əlavələr də verilmişdir.

Çox çalışqan və verimli bir insan olan Paşayevin İraq türkman folkloru ilə ədəbiyyatına yapdığı xidmətlər, türkman eli bölgəsində yaşayan və Azərbaycan xalqının özbəöz parçası olan Kərkük, Ərbil, Tuz Xurmatu və Teləfər kimi böyük şəhərlərdə, Məndəli, Xanəğin, Qaratəpə, Tavuq, Kifri, Əmirli və Bastamlı kimi yerlərdəki Bayat köyləri, Bəşir, Tirkalan, Yayçı, Kümhətlər, Altınkörpü, Ekənni, Şeyx İbrahim, Qarayatağ, Mahlebi və Rəşidiyyə kimi Mosul çevrəsindəki irili-xırdalı türkman köy, qəsəbə və nahiyələrindəki xalqın folkloru, ləhcəsi və ədəbiyyatı ilə ilgilənmiş vəfalı bir türkmanşünasdır.

Paşayev, sadəcə gözəl və şad günlərində deyil, qara günlərində belə türkmanların yanında olmuşdur. Hələ onun çox sevdiyi bu Kərkük mani dördlüyü (bayatı) heç vaxt dilindən düşməmişdir:

 

Bağdad yolu Gəncədi,

Gülü pəncə-pəncədi.

Demə sizdən irağam

Bu sevda ölüncədi.

Ayrıca Qəzənfər Paşayevə həsr olunan, prof. Xatirə Bəşirova və Sədaqət Hüseynova tərəfindən hazırlanan kitaba bu dördlükdən ilhamlanaraq "Bu sevda ölüncədi" (Bakı, 2001, 376 səh.) adını vermişdir.

Tanıtmış olduğumuz bu əsərində Paşayev böyük bir qədirşünaslıq edərək türkman toplumunun böyük alimi, folklor və ədəbiyyat araşdırmaları ilə türkman xalqını dünyaya tanıdan türkman elinin qiymətli övladı rəhmətlik Əta Tərzibaşını elmi yönlərilə dilə gətirmişdir. Özəlliklə kitabın II fəslində qələmə aldığı "Xoyratlar və manilər" (s.50-112) qonusunda Paşayev elmi və ədəbi yöndən xoyrat-bayatı çeşidini çox ustalıqla tədqiq etmiş və qonunun dərinliyinə enmişdir. Ayrıca bu vadidə Tərzibaşının dərinliyindən yararlanmışdır. Bu bölümə verdiyi əməkdən dolayı, özəlliklə Paşayevi təbrik etmək boynumuzun borcudur.

Şəxsini ürəkdən alqışlayarkən uzun və sağlıqlı bir ömür keçirməsini diləyirəm.

Bu tanıtma yazısının gec qaldığına görə üzrhaxlığımızı qəbul etməsini təmənna edirəm.

Əziz və qiymətli dostumuz Paşayevə son olaraq burada Kərkükün usta xoyrat oxuyucusu, rəhmətlik Siddik Bəndə Qafurdan dərlədiyim (prof. Paşayevin əsərlərindən görünür ki, Siddik Bəndə Əhməd Cavadın "Çırpınırdı Qara dəniz" şeirinə bəstələnmiş mahnını oxuduğuna görə başı çox bəlalar çəkmiş, zindan həyatı keçirmişdir - Red.) bu dördlüyü ithaf edirəm:

 

Kərkük verilməz yada,

Nə qul olduq, nə gəda.

Xudama çox yalvarram

Ömrün olsun ziyada.

 

"Qardaşlıq" dərgisi, №78, İstanbul, aprel-iyun 2018, s.12-13

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!