Quşlar şərqi deyib köçür dünyadan... - İv Bonfua

İv Bonfua - Fransa ədəbiyyatının lirika ustaları arasında İv Bonfua fransız oxucusu üçün hər şeydən öncə kəskin və kövrək lirizmi ilə səciyyələnir. Onun poetik haraylarının sakit ifadəsindəki insana qayğı, insanın özünün böyüklüyü, dərdin bütün mərtəbələrindən yuxarıda durması və hətta hərdən "kimsəsiz" qalan ölümə də "gün ağlamağı" Malarme sənətkarlığının lirik-psixoloji məqamları ilə boylaşır. Esseçi, Şekspir yaradıcılığının əvəzsiz tərcüməçisi, italyan barokkosunun yorulmaz tədqiqatçısı, öz xalqının, öz ölkəsinin uzaq keçmişdəki mədəniyyət və sənət qatlarının və bu qatlardakı ölməz ruhların, ölməz yazarların dəyərli araşdırmaçısı... İv Bonfuadan danışanda onun haqqında bu sözləri də söyləməyə borcluyuq... Əgər inansaydıq ki, Bonfua lirikasının iki qanadı var, onda o qanadın birini kədər, birini də ümid adlandırardıq. Şairə görə, günlərin bir günü, ömür qapını qəm-kədər döyürsə, ölüm adlı bir kimsədən ismarıc gətirirsə, omaxşıyıb eləmə, sinənin sol tərəfindəki titrəyişi salam bilib qonağa çatdır, qonağı qəbul elə, unutma ki, o "qonaq" başqa qapı da döyə bilərdi, səni sayıb gəlib... Kimsə səni sayır, yada salır... Ölüm olanda nə olar... Beləliklə, İv Bonfuanı öz dilimizdə oxuyaq.

 

Yay gecəsi

 

Bu yay uzun çəkdi. Yorğun bir ulduz

Bu yay gecəsində meydan oxuyur

Bu yay gecəsinin anrı tayından

Fırlana-fırlana gələn Günəşə.

Bu yay gecəsinin Tanrı payından

Bir ağ gün asılır ömrün köçündən.

Bu yay gecəsində pıçıldaşırıq

Yarpaqlar içindən, otlar içindən...

 

O sakit göylərdə yorğun bir ulduz,

Yol-yola qovuşur Ay işığında...

Bu yay gecəsində, yay işığında

Dənizdə yol azan bir gəmi kimi

Dərdlər yer axtarır gecələməyə...

Duya bilərsənmi onun qəlbini

Bu yarpaq içində, bu ot içində...

1965

 

Çırağa deyilən şeir

 

Yuxum itkin düşdü gecələr sənsiz,

Önümdə pillələr - çıxmağım zülüm.

O dərbədər yuxum gec gələr sənsiz,

O yuxu bir yoldu, o yol - bir ölüm.

 

Səninlə baxtıma gülər deyərdim,

Gecədən qaradı dərdimin üzü.

Bu vecsiz dünyaya nələr deyərdim

Zülmətlər içində sənnən göz-gözə...

 

Gecələr qaranlıq sahil kimiydi,

Sərgərdan işıqdım o sahildə mən.

Yığvalsız sevgimin ağır günüydü,

Sübhü gözləyirdim sənin kölgəndə...

1965

 

***

Ağaclar içində ağac qocalır,

Quşlar şərqi deyib köçür dünyadan.

Bu yay da əynimiz tez-tez od alır...

Hər dərd bir ürəyi seçir dünyada.

 

Aman, ağlar yurdum, axır çağındı

Zəif bir çıraqsan, odu azalan...

Eh, bəlkə dünyanın qaranlığıdı

Qanlı ürəyimi əlimdən alan.

Sən də dəlisisən, sən də sevirsən

Çıraq şöləsinin gözqırpımını.

O şölə can çəkir səhərə sarı.

Beləcə can çəkir sənin də qəlbin,

Sənin də qəlbinin qaranlıqları -

Sahilə üz tutan bir qayıq kimi...

1965

Bu kimsəsiz qəsri tək qoydun getdin,

Gecə - sənin gecən, bəs sən hardasan...

Bu qısır torpağın qoynunda itdin,

İldırımlar çaxır, süsən, hardasan...

 

Ölüm də bir eldi, köçdün o elə,

Dalınca gəlirəm, yolun qaranlıq...

Səndən nə qalıbsa bu gündən belə

Mən ona düşmənəm... zalım qaranlıq!

 

Eh, sən gəldin, getdin, qaldı izlərin

Səninlə gün gördü gün görən dünya...

Əlimin yadında ağlar gözlərin,

Tufanlı qəlbimdə hönkürən dünya...

1953

 

***

İlahi, dan yeri qıpqırmızı qan,

Dan yeri od düşmüş təndir parası.

Ulduzlar titrəyib sönür anbaan,

Daşlar arasında günün ziyası.

Sən elə kimsəsiz, elə tənhasan

O ağ paltarında

alatoranda...

1958

Fransızcadan çevirəni:

Telman Nəzərli

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!