Barat Vüsal - Şair köynəyi yaxud bir parça gil...

Olur! Şairin köynəyi sözdü! Şair onu "geyinəndə" köynək adama yaraşır, adam köynəyə!

Şair qardaşım Sərvaz Hüseynoğlunun da belə bir köynəyi var: Şair köynəyi! İlhamı, istedadı, qələmi alıb o köynəyi ona. Yalnız özü geyinəndə hamının köynəyi olur elə bil...

Adamlara soyunub verə bilər şair o köynəyi. Amma istəsələr quşlara da verə bilər, daşlara da... bu bəxtiyar (eyni zamanda bəxtsiz, talesiz) şair köynəyinin ağrısını Sərvaz Hüseynoğlu hələ illər öncəsi, 19-20 yaşında olarkən belə ilmələyib yaddaşlara:

Sürünür tinlərlə axşam kölgəsi,

Sürünür Dantesin çuxası kimi.

Günəş qürub edir, qızarır hava

Şair köynəyinin yaxası kimi.

 

Güllə nişan alıb, nizə teyləyib,

Geyib-sonulmaqdan kam almayıbdı.

Şair köynəkləri macal eyləyib,

Bir qız əllərində yamanmayıbdı.

 

Şair köynəyidir hər yeni söz də,

Hər yeni nəğmə də şair köynəyi...

Hələ isinməmiş bir xoş nəfəslə,

Dinər yaxasında güllə göynəyi.

 

... Baxanlar baxıb görürlər ki, bu, adi köynək deyil... Şairin özüymüş, sözüymüş. Ən böyük əsəriymiş həyatının, ömrünün gününün əsas mənasıymış! O köynəyi hamı geymək istəyir. O köynəyi hamı geyəmmir!

Sərvaz Hüseynoğlu ömür boyu "imkanımız arzumuzdan balaca olduğu bir vaxt kəsiyində" həmişə bəxtindən bircə şey arzulayıb: Xoşbəxtlik! Özü də təkcə özü üçün yox, hamı üçün! Ancaq o da bəxtinə üz tutub təəssüflə

 

Onda ayıldım, qapımı

Haçansa döyüb keçmisən...

 

- deməyindən də qalmayıb. Qulağı yenə də haçansa yenidən döyülə biləcək qapıda qalıb. Təsəllisini doğma balasına ünvanladığı misralarda tapıb və əslində bu misralarla o, özünəməxsus insanlıq kodlarını ələ vermiş olub: 

 

Doğru-yalan, yol ikili, yol haça,

İmkanımız arzumuzdan balaca.

Belə keçdi bu ömür-gün, balacan,

Yaxın otur, tanı məni, gör məni...

 

...Uman yerdən ağrıdım mən, küsdüm mən,

Qəm sarıdan Məcnundan da üstünəm.

Hardan soyuq-sazaq əssə üstünə,

Sən o səmtdən divarına hör məni!

 

Sərvaz doğrudan da məhz belə deyəcəkdi bu dəfə öz bəxtinə! Görəcəkdi ki, düz edibdi onu "içəri" çağırmaqda... Bəxtin özünə bəxt lazımmış... 

Sərvazın ovcundakı gil özünə bəs etməsə də, yarısını böyüb bəxtinə verəcəkdi ki, özünə gəlsin (özünə bir gün ağlasın). Və bəxtinin üşüdüyü səmtdən, ona sazaq gəldiyi tərəfdən onun "divarına" hörülməyə razı olacaqdı... Ağlına gəlməyəcəkdi ki, xoşbəxtlik deyilən şey elə budu da!

 

Zənn elə pərvanə yanıb kül olub,

Hələ şölələnir şam şam yerində!

Müdrik Konfutsi o şəxsləri kamil insan hesab edirdi ki, hansı faydanı əldə edəcəklərini düşünmədən nə qədər çətin olursa-olsun, xidmət etməyi ön plana keçirirlər... Qələm dostum Sərvaz Hüseynoğlunun zəngin və çoxşaxəli yaradıcılığının ümumi mənzərəsini göz önünə gətirəndə istər-istəməz bu müdrik kəlamı xatırlayıram. Başlıca səbəb, uyarlıq isə, onunla bağlıdır ki, mənim tanıdığım Sərvaz Hüseynoğlu ədəbiyyat işinə, söz sənətinə ləyaqətlə xidmət edib. Eyni zamanda fərqindəyəm ki, o, poetik istedadı ilə elmi-publisistik qabiliyyəti bir-birini bənzərsiz bir gəlişmə isə tamamlayan azsaylı qələm adamlarındandır.

Özünün yazdığı kimi, Sərvazın gözlərinin dərinliyində, yaddaşının lap alt qatında "bir cıdır meydanı, boş bir səhra var... Ora yollar getməz, getməz, göz işləməz, könül yetməz". Bax, o əlyetməzlikdən boylanıb yazır bu misraları da:

 

Gülü-çiçəyi tapdayıb

Namaza tələsən adam...

Düşündüm, cavab tapmadım

Sən niyə beləsən, adam?

 

Qıvrılıb qında yatırmı?

Doğulmağa can atırmı?

Tanrım, gümanım çatırmı

Mən Səndən diləsəm adam?

 

Sərvaz Hüseynoğlu canı xəyallarının qanadlarında olan bir şair ömrü yaşayır. Bilir ki, aşıq olan, şair olan usanmaz! Deyir ki:

 

Canım xəyalımın qanadlarından,

Enməz, torpaq olub çürüməyincə!

 

Belə şeyləri, belə həqiqətləri və reallıqları bilməyinə baxmayın Sərvazın.

Sərvaz yaman "unutqandı".

Sərvaz özünü unutmuş adamdı.

Elə ovcumdakı gili də!

İndi baxsan onun (bu bəni-adəmin yox, insan oğlunun!) ovcunda gilmi taparsan? Olsa-olsa onu da bir başqasına-kimsəsizin birinə vermiş olar!

Ona çox dedim, özünü yada sal. Sərvazı qınamıram! Atalar düz deyib: "Atıcı atar, tayını tapar". Mən də elə unutqanın biriyəm. Mən də elə özünü unudanın biriyəm. Görünür, xoşbəxtlik deyilən şey ovcumdakı bir parça gil baxmadan, tale məsələsiymiş, alın yazısıymış.

...1969-cu ildə bacılarımdan biri 10-cu sinfi bitirmək ərəfəsində Bakıya gəlmişdi. onu Bakının görkəmli yerləri ilə tanış etməyi qərara aldım. AZİ-nin yanında qəfəsdə bir bülbül gəzdirəni gördük. Qəfəsdə bülbüllə yanaşı bükülü, balaca kağızlar da vardı.

Kağızların içində gələcəkdən xəbər verən sözlər varmış. Bacım üçün bülbülün dimdiyilə verdiyi kağızda belə yazılmışdı ki, yaxınlarda sevinəcəksən, dövlət kağızı alacaqsan (Bu, düz çıxdı. Bacım ali məktəbə imtahan verdi və qəbul oldu, qəbul kağızı aldı).

Vay mənim halıma! Bülbül mənə çıxardığı kağızda nə yazılmış olsa yaxşıydı? - "Sən həmişə öz xoşbəxtliyinlə üz-üzə gəlirsən və ondan yan keçirsən".

(Sonra zaman göstərdi ki, bu elə beləymiş!) Sərvazın qələm dostu başqa nə cür olmalıydı ki?! ...Ona özünü unutma, deməkdən yoruldum. O, özünü unutmaqdan yorulmadı! "Özünü unutma" dedikcə daha da unudur özünü, unudur hər şeyi... Hər şey deyəndə, nəyi deyirəm, bilirsinizmi? Təzə şeirlər yazmağı. Təzə kitablar çap etdirməyi.

Ancaq ətini də kəssən, unutmadığı (və unudulmaz!) nəsnələri də ona unutdura bilməzsən! Məsələn, Yaxşılığı! İnsanlığı! Vətənpərvərlik hissini! Kövrəkliyi! Sevgini! İpək yumşaqlığını!

Bir ayağı Arandadı (İmişlidə), bir ayağı "Bağda" (Bakıda) İstədiyi vaxtda, istədiyi saatda Gəncədə, Qazaxda, Borçalıda da, Təbrizdə, Türkiyədə də görünə bilər.

Əynində başqa paltar görə bilməzsən. Şair köynəyindən başqa!

Sərvaz Hüseynoğlu da o köynəyi mətə mindirən şairlərdəndir, az yazır, amma şair kimi yazır.

Ustadların qədir-qiymətini biləndi. Anardan da, İsa Muğannadan da, Söhrab Tahirdən də, Nəriman Həsənzadədən də, Elçindən də, İmamverdi Əbilovdan da, Məmməd Arazdan da, Fikrət Qocadan da, Qəzənfər Paşayevdən də, Sabir Rüstəmxanlıdan da, Qərib Mehdidən də, Ənvər Əhməddən də... öz əzizi, doğması (millətin əzizi, doğması kimi) yazıb, söhbət açıb M.Araza, N.Həsənzadəyə poemalar həsr edib.

Sərvazın pərvanə duyğusallığı ilə yazıb çap etdirdiyi "Məşədi Məmməd Fərzəliyev", "Keçəçi oğlu Məhəmməd", "Ülvi Rəcəb", "Sidqi Ruhulla", "Möhsün Sənani", "Şəkili Ələsgər", "Segah İslam" kitablarını, neçə-neçə şeir toplularını oxumaq sənətlə baş-başa bir ömür, bir dünya yaşamaq məqamıdır. Fədakardır mənim dostum! Təkcə şair köynəyi geydiyinə görə yox, həm də ədəbiyyatımız üçün uzun illərdir sərf etdiyi böyük əməyinə görə!

İşlədiyi "Ədəbiyyat qəzeti"ndə şöbə müdiri kimi ləyaqətlə çalışanlardan biri olduğuna görə. Yazıçılar Birliyinin Aran bölməsindəki rəhbərliyinə, ziyalılığına görə! Həm gözəl redaktor, şair, həm də gözəl ada olduğuna görə!

Ac qalar, təki şair köynəyində olsun! Ölər - (Allah eləməsin!) şair köynəyi yaşasın, deyə!

Xoşbəxtliyi axtarmaş, ovcunda öz "Gil payı" olmasına baxmayaraq. Heç gözünün ucu ilə də dönüb baxmaz bircə dəfə, ovcuna bu adam. Qələminə göz olar, sözünə baxar, şair köynəyinə baxar gözləri! İstər ki, həmişə nəyi olmasa da şair köynəyi olsun! Bir də qana bələnməsin, qanı qana qərq etsin o köynək!.. Onda... onda bəşər axır ki, xoşbəxt olar. Onda hər insanın ovcundakı gil ömründə ilk dəfə glümsəyər?!

...Vaqif Bəhmənlinin 60 yaşına həsr olunmuş yubileyə televiziyada baxdıqdan sonra zəng edib onu təbrik etdim. Bir çox sevinc dolu fikirlər qarşılıqlı olaraq, telefon söhbətimizdə yer alsa da, şairin bir nagahani fikri məni bərk silkələdi:

- Sizinlə genişlənirik!

Telefon söhbəti başa çatdı. Ancaq gördüm ki, ürəyimdə deyilməmiş bir söz qalıbmış. Gərək mən də ona deyəymişəm:

- Sizinlə böyüyürük!

Sərvaz Hüseynoğlunun özü və sözü haqqında düşünəndə hər iki fikir yenidən yadıma düşdü. Gördüm ki, Sərvaz Hüseynoğluya  da çox yaraşır həmin sözlər:

- Sizinlə genişlənirik. Sizinlə böyüyürük.

Altay mifologiyasına görə, insan müdriklik kitabı "Hom"un gücüylə yaradılıb, yəni, əslində insan kitabdan xəlq olunub?!

Bəlkə insanlar (şairlər, yazıçılar, alimlər, ziyalılar) ona görə kitab yazmağa başlayırlarmış ki, ilk yaradılışlarına qayıtsınlar, xəlq olunduqları ilkinliyə (kitaba!) oxşasınlar?!

Yəqin ki, şair Sərvaz Hüseynoğlu da öz kitablarını bu məqsədlə araya-ərsəyə gətirir...

...Səhərdən bəri insan ovcundakı bir parça gildən-xoşbəxtlik iksirindən danışıram.

Sərvaz Hüseynğlunun "Şairlərin ən gözəli" adlı şeirlər kitabındakı "Xoşbəxtlik" şeirini bir daha oxuyuram və baxıram ki, buş air xoşbəxtliyin nə olduğunu bilirmiş. Öz taleyini (xoşbəxtliyini) çoxdan unudubmuş və çoxdan tapıbmış!

Ona görə də yazırmış (yaza bilirmiş!).

Məleykə oluram yuxularda mən,

Dostum, bu yuxunun tarixi qədim.

Olur ki, Tanrıyla dil tapıb hərdən

Enirəm çiyninə Məlikməmmədin.

 

Çəkib qanadımın bir lələyini,

Yetim Fatmalara tale yazıram.

Qəriblər, yandırın bir lələyimi,

Sizin yanınızda vallah, hazıram!

 

Bir lələk sal deyib çağırır məni

Təbrizin tarixə şahid yolları.

Barmağı tutmur ki, lələklərimi,

Yandıra Babəkin şəhid qolları!

 

Məleykə donunda özüm-özümə

Baxıb görürəm ki, susuzam, acam.

Hanı, bir pak ağac dəymir gözümə

İlahi, yorulsam hara qonacam...

 

...Bu yazıyla qələm dostuma demək istərdim ki, soyunma köynəyini.

Bu köynək sənə daha yaxşı yaraşır.

Ona bir daha xatırlatdıq ki, şair olduğunu heç vaxt unutma (özünə də, oxuculara da yağızın gəlsin).

Ona bir də öz sözləri ilə onu dedik ki:

 

Əfəndim,

gözəl bir gün yaşadıq,

"İçdik" və xatırladıq.

Uzaqlara dikildiyindən

üzləşmədi baxışlarımız...

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!