Çingiz Aytmatov dünya ədəbiyyatının bənzərsiz örnəklərini yaradan, əsərlərinin dünyada tərcüməsi və nəşr edilməsinə görə çox nadir yazıçılara xas miqyasa sahib olan yazıçıdır. Bu il görkəmli yazıçının 90 illiyidir. Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) 2018-ci ili "Çingiz Aytmatov ili" elan etmişdir. AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda bu münasibətlə "Çingiz Aytmatov: milliliklə bəşəriliyi birləşdirən fenomen" adlı Beynəlxalq elmi konfrans keçirildi. AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəylinin sədrlik etdiyi konfransa Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) baş katibi Dusen Kaseyinov, Türkdilli Ölkələrin Parlament Assambleyasının Baş Katibi Altınbek Mamayusupov, Millət vəkili, yazıçı Hüseynbala Mirələmov, "Ədəbiyyat qəzeti"nin baş redaktoru Azər Turan, Yunus Əmrə İnstitutunun Azərbaycan təmsilçiliyinin müdiri Cihan Özdemir, Bakıdakı Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin rəhbəri Əhməd Sami əl-Aydi, Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov, rusiyalı professor Vladimir Aqenesov, Akif İmanov, Qırğızıstan və Qazaxıstan səfirliklərinin nümayəndələri və ölkənin tanınmış elm adamları iştirak ediblər.
Kitab sərgisi
Tədbir boyu foyedə Mirzə Fətəli Axundzadə adına Azərbaycan Milli Kitabxanası tərəfindən təşkil olunan kitab sərgisi nümayiş olunub. Sərgidə Kitabxananın fondunda saxlanılan, ölkədə, eləcə də xaricdə işıq üzü görən yüzdən çox nəşrlə tədbir iştirakçıları tanış olublar. Sərgidə Çingiz Aytmatovun Azərbaycan dilində çap olunan ilk əsərindən ("Cəmilə"(1963) başlayaraq müstəqillik illərində daha geniş şəkildə çap olunmuş kitabları yazıçının yaradıcılığının Azərbaycanda tərcüməsi və nəşrinin miqyası barəsində tam təsəvvür yaratmağa imkan verir.
Rəsm sərgisi
Foyedə kitablarla paralel Çingiz Aytmatova şəkillərindən ibarət rəsm sərgisi təşkil olunub. Türkdilli Ölkələrin Parlament Assambleyası ilə birlikdə təşkil olunan sərgidə yazıçının həyatının müxtəlif dövrlərinə aid 30-dan çox şəkil nümayiş etdirilib. Rəsm sərgisində görkəmli yazıçının Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevlə hələ sovet dövründə çəkdirdiyi şəkil, ölkəmizin başçısı cənab İlham Əliyevlə şəkilləri konfrans boyu sərgilənib. Eyni zamanda Çingiz Aytmatovun müxtəlif dövrlərdə Azərbaycana səfərləri, Azərbaycan ziyalıları, görkəmli yazıçı və şairləri ilə birlikdə çəkdirdiyi şəkilləri rəsm sərgisində nümayiş edilib.
"Müqayisəli ədəbiyyatşünaslıq" jurnalının
Xüsusi buraxılışı -
Çingiz Aytmatov-90
Çingiz Aytmatovun 90 illik yubileyi münasibətilə İnstitutun "Müqayisəli ədəbiyyatşünaslıq" jurnalının Xüsusi buraxılışı nəşr olunub. Jurnalda Azərbaycan və digər ölkələrdən Çingiz Aytmatovun həyat və yaradıcılığına həsr olunmuş elmi məqalələr, yazıçının Azərbaycanın görkəmli ziyalılarına, qələm sahiblərinə məktubları və sonda fotolar yer alıb.
Jurnalda akademik İsa Həbibbəylinin "Çingiz Aytmatov: Dünya ədəbiyyatının əbədiyaşar fenomeni", prof.dr. Düsen Kaseyinovun "Çingiz Aytmatovun 90 illiyinə", Muxtar Auezovun "Yolun açıq olsun!", Lui Araqonun "Dünyanın ən gözəl eşq hekayəsi", Oljas Süleymenovun "Fenomen", akademik İlgiz Aytmatovun "Çingiz Aytmatovun yaradıcılığı: cəmiyyətin həyatında müasir ideoloji problemlər", akademik Nizami Cəfərovun "Böyük mədəniyyətin övladı, yaxud varisliyin poetikası", akademik Abdıldacan Akmataliyevin "Kainat, insan və Caabars", prof.dr. Ramazan Qorxmazın "Aytmatov anlatılarında biçimlendirici etkinlik; emek ve empati", prof.dr. Orhan Söylemezin "Aytmatov'un Kassandra damgası ve düşündürdükleri", dr. Azər Turanın "Çingiz Aytmatovun Ağ buludu… yaxud Əli bəy Hüseynzadəyə görə qırğızların epos təfəkkürü", dos.dr. Cihan Özdəmirin "Türk dünyasının bilgəsi Çingiz Aytmatov", prof. Kərim Tahirovun "Çingiz Aytmatov əsərlərinin Azərbaycanda nəşri", Kazakbay Yoldaşev (Özbəkistan) və Almaz Ülvinin "Aytmatov sanatında mankurtluk estetik kategori kimi", fil.e.d. Elnarə Akimovanın "Çingiz Aytmatovla yeniləşən dünya nəsri", prof. dr. Leyla Gərayzadənin "Çingiz Aytmatovun yaradıcılığında ümumbəşəri problemlər", dos.d.r Cıldız İsmayılovanın "Çingiz Torekul oğlu Aytmatovun yaradıcılığında musiqi", dos.dr. Ülviyyə Hüseynovanın "Çingiz Aytmatovun əsərlərində dünyanın türk dil mənzərəsi", Esmira Fuadın "Çingiz Aytmatov dünyasında Manqurtla üz-üzə düşüncələr... Bayatılar, ninnilər və özünəqayıdış", prof. dr. Nizami Tağısoyun "Çingiz Aytmatovun qadın obrazları ənənə və novatorluq prizmasında", dr. Mehman Həsənin "Əsrə bərabər gün" romanında üslubi kontekst: Boranlıdan kosmosa qədər" və Nərgiz Cabbarlının "Çingiz Aytmatovun yaradıcılığında insan və təbiətin dialektikası" adlı məqalələri yer alıb.
Çingiz Aytmatovun İmran Qasımova, Rəsul Rzaya, Qara Qarayevə, Vilayət Rüstəmzadəyə və Hüseynbala Mirələmova yazdığı məktubları nəşr edilib.
"Çingiz Aytmatov: milliliklə
bəşəriliyi birləşdirən fenomen" Beynəlxalq elmi konfransı
Beynəlxalq konfransı giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli Çingiz Aytmatovun dünya ədəbiyyatında tutduğu mövqedən, yaradıcılığının milli xüsusiyyətlərindən danışıb. Akademik bildirib ki, Çingiz Aytmatov milli olmaqla, öz kimliyinə sadiq qalmaqla bəşəri zirvəyə ucalan dünyanın nadir yazıçılarından biridir. İsa Həbibbəyli Çingiz Aytmatovun əsərlərinin dünyanın 170 dilinə tərcümə olunmasını, 160-dan artıq ölkəsində nəşrinin onun dünya ədəbiyyatında mövqeyinin ifadə edən ciddi fakt olduğunu vurğulayıb. ""Çingiz Aytmatov Azərbaycan xalqının böyük dostu idi. O, Azərbaycan ədiblərinin yaradıcılıqlarını yaxşı bilir və yüksək dəyərləndirirdi. Yazıçı məqaləsində Cəlil Məmmədquluzadəni hekayənin böyük ustadı adlandırmışdır. Hər kəsə məlumdur ki, Mirzə Cəlil ilk dəfə Azərbaycan ədəbiyyatında kiçik adamı böyük ədəbiyyata gətirmişdir. Eləcə də Çingiz Aytmatovun yaradıcılığında da kiçik adamlardan bəhs olunur. Bundan sonra dünya ədəbiyyatında bir çox yazıçıların əsərlərində bu tendensiyaya rast gəlirik. Deməli, o, kiçik adamı dünya miqyasında böyük ədəbiyyata gətirdi. Kənd müəllimi, Cəmilə, Tyan-şan dağlarının ətəklərində yaşayan kəndlilər və s. məhz bu qəhrəmanlara misal ola bilər. Beləcə onun əsərləri ilə kiçik adam ədəbiyyatın əsas qəhrəmanına çevrildi".
Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının baş katibi Dusen Kaseyinov çıxış edərək bildirib ki, TÜRKSOY-un qurulmasından 25 il ötür və bu müddətdə təşkilat türk dünyasının parlaq şəxsiyyətlərinin yubileylərini diqqətdən kənarda saxlamamış, geniş miqyasda qeyd etmişdir. Dusen Kaseyinov AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda keçirilən tədbirin olduqca əhəmiyyətli və mühüm tədbir olduğunu bildirib və təşkilatçılara öz təşəkkürünü bildirib.
Türkdilli Ölkələrin Parlament Assambleyasının baş katibi Altınbek Mamayusupov Çingiz Aytmatovun diplomat kimi fəaliyyətindən geniş danışıb. O, bildirib ki, Çingiz Aytmatov qırğız cəmiyyəti üzərində böyük təsirə malik olmuş və beynəlxalq miqyasda xalqını, geniş mənada türk dünyasını uğurla təmsil etmişdir.
Çingiz Aytmatovun dostu, millət vəkili Hüseynbala Mirələmov çıxışında yazıçı ilə bağlı xatirələrini bölüşüb: "Mən ilk dəfə onu 1963-cü ildə "Cəmilə" povesti ilə tanımışam. Sonra bir-bir onun bütün əsərlərini mütaliə etdikcə yaradıcılığına böyük sevgim yarandı. Dəfələrlə oxumağıma baxmayaraq, mən yenə də onun əsərlərindən doymuram, indinin özündə də tez-tez bu əsərlərə müraciət edirəm. Çingiz Aytmatov sözün həqiqi mənasında nəhəng adamdır".
Rusiya Federasiyasından tədbirə qatılan filologiya üzrə elmlər doktoru, professor Vladamir Aqenesov yazıçı ilə bağlı fikirlərini bölüşüb. Professor bildirib ki, Çingiz Aytmatov həm qırğız dilində, həm rus dilində əsərlərini qələmə alan və hələ sovet dövründə çox sevilən yazıçı olmuşdur. O, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda keçirilən tədbirin əhəmiyyətli olduğunu vurğulayıb.
"Ədəbiyyat qəzeti"nin baş redaktoru Azər Turan bildirib ki, Çingiz Aytmatov kimi nəhəng yazıçılar üçün zaman və məkan anlayışı nisbidir və biz onunla fəxr edirik: "2008-ci ilin 28 fevralında mən Çingiz Aytmatova Əli bəy Hüseynzadə barədə yazdığım kitabı verəndə ona onun özü üçün də maraqlı olan bir faktı dedim; 1905-ci ildə Əli bəy Hüseynzadə "Türklər kimdir və kimlərdən ibarətdir" adlı məqaləsində qara qırğızlar və qırğız qazaxlar barədə yazıb. Hüseynzadə deyirdi ki, qırğız qazaxların ədəbiyyatı şairanəyə, lirikaya, qara qırğızların, yəni qırğızların ədəbiyyatı eposa meyillidir. Hətta Əli bəyin timsalında 1905-ci ildə Azərbaycanda, Bakıda Sarınoğay əşirətindən olan ər Manas barədə geniş söhbət açılıb, "Manas" dastanı yunan dastanları, özəlliklə, Homerin dastanları ilə müqayisə olunub. Xatırlayıram, o zaman Çingiz Aytmatov üçün bu fikir yeni oldu. Çingiz Aytmatov da Manasın doğulduğu vadidə - Talas Vadisində doğulmuşdu və özünü fəxrlə Manasın övladı adlandırırdı. Çingiz Aytmatov yüzillərin qovşağında deyil, minillərin qovşağında doğulan nadir yazıçıdır. Onu müasiri olduğu hər hansı bir yazıçı ilə deyil, bəlkə də Homerlə müqayisə etmək daha uyğun olardı".
Yunus Əmrə İnstitutunun Azərbaycan təmsilçiliyinin müdiri Cihan Özdemir çıxışında Çingiz Aytmatovun yüksək istedadla qələmə aldığı əsərlərinin sovet rejiminin qəlibini darmadağın etdiyini, onların düz gözünün içinə baxaraq məğlub etdiyini bildirib. "Deməli, yazıçının nəyi yazmağı yox, necə yazmağı önəmlidir. O, çağının ruhunu duyan və bunu əsərlərində əks etdirən yazıçı idi".
Bakıdakı Misir Mədəniyyət və Təhsil əlaqələri mərkəzinin rəhbəri Əhməd Sami əl-Aydi Çingiz Aytmatovun əsərlərinin Misirdəki nəşrləri haqqında məlumat verib.
Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov çıxışında deyib ki, Çingiz Aytmatov təkcə qırğız xalqını deyil, bütün türk dünyasının, mədəniyyətinin və ənənələrinin tanıdılmasında böyük rol oynayıb.
Daha sonra çıxış edən professor Abuzər Bağırov, AZƏRTAC-ın Özbəkistanda xüsusi müxbiri, Azərbaycan ədəbiyyatı nümunələrinin özbək dilinə tannımış tərcüməçisi və naşiri Qulu Kəngərli, Çingiz Aytmatov yaradıcılığının dilçilik aspektində tədqiqatçısı, filologiya üzrə fəlsəfə doktoru Ülviyyə Hüseynova Çingiz Aytmatov yaradıcılığı haqqında düşüncələrini bölüşüblər.
Konfransda filologiya üzrə elmlər doktoru, professor Leyla Gərayzadənin "Çingiz Aytmatovun yaradıcılığında ümumbəşəri problemlər", filologiya üzrə elmlər doktoru Elnarə Akimovanın "Çingiz Aytmatovla yeniləşən dünya nəsri", filologiya üzrə fəlsəfə doktoru Nərgiz Cabbarlının "Çingiz Aytmatovun yaradıcılığında insan və təbiətin dialektikası" və filologiya üzrə fəlsəfə doktoru Mehman Həsənin "Əsrə bərabər gün" romanında üslubi kontekst: Boranlıdan kosmosa qədər" adlı məruzələri dinlənilib.
Konfransda çıxışçılara və məruzəçilərə AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu tərəfindən "Təşəkkür bəlgəsi" təqdim olunub.
Sərvaz HÜSEYNOĞLU
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!