Mirəli Seyidovun elmə gətirdiyi yenilik ondan ibarətdir ki, o, qəbilə birləşmələrinin xalqın mifoloji inamları ilə sıx bağlı olan "oğuz", "xaylantürk", "Öləng", "varsaq", bə b. sözlərin etimoloji təhlilini verir və nəticə etibarilə həmən leksik vahidlər, etnik adlar müəyyən bir silsilə mifoloji anlayışların zəmini olur, onların əsası kimi götürülür.
Azərbaycanşünaslıqda dərin və zəngin irs qoyan alim-etimoloq AMEA-nın müxbir üzvü əməkdar elm xadimi, Mirəli Mirələkbər oğlu Seyidov 40 illik elmi fəaliyyəti ərzində çətinliklə də olsa böyük cəsarətlə sovet dövrünün ideoloji təzyiqi, məhrumiyyətlər və qadağalar şəraitində öz sözünü deyə bilmişdir.
Ali təhsilini Yerevan Pedaqoji İnstitutunun Azərbaycan bölməsində (1938-1944) və (1941-1945) Ermənistan Dövlət Universitetinin Şərq şöbəsində təhsil almış Mirəli Seyidov təhsilini başa vuran kimi Bakıya gəlmiş, Azərbaycan Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat Muzeyinin Orta əsrlər Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri vəzifəsində işləmişdir (1945-1953). Sonralar Nizami adına Dil və Ədəbiyyat İnstitutunda Orta əsrlər şöbəsində baş elmi işçi (1953-1960) və, nəhayət, 1960-1970-ci illər ərzində, yəni 20 il müddətində Ədəbi Əlaqələr şöbəsində işlədiyi zaman mən onunla birlikdə bu şöbədə çalışmışam.
...Mirəli müəllim əsl elm fədaisi idi. O, tez-tez öz apardığı tədqiqat işlərindən bizi, yəni, şöbə əməkdaşlarını agah edərdi, böyük həvəslə, xüsusi ruh yüksəkliyi ilə öz kəşflərindən danışırdı, hətta şöbənin rusistlərini (rus ədəbiyyatı mütəxəssislərini) məqalələrinin rus dilinə tərcümə edilməsinə cəlb edərdi.
1983-cü ildə fədakar alimin gərgin və ağır zəhmətinin bəhrəsi olan "Azərbaycan mifik təfəkkürünün qaynaqları" adlı ilk elmi monoqrafiyasının nəşri bizim üçün sevindirici bir hadisəyə çevrildi. Bu kitab Azərbaycan xalqının soykökünün öyrənilməsində, yəqin ki, başlanğıc sayıla bilər.
Əsərdə Oğuz və onunla bağlı mifoloji inamlar, onların dünya mifoloji sistemləri ilə (ən çox yunan mifologiyası ilə) bağlılığı və yeri gəldikcə, müqayisələr və paralellərin üzə çıxarılması, varsaq-qam sənəti və onun mifologiya ilə əlaqəsi öz əksini tapır.
Mirəli Seyidovun elmə gətirdiyi yenilik ondan ibarətdir ki, o, qəbilə birləşmələrinin xalqın mifoloji inamları ilə sıx bağlı olan "oğuz", "xaylantürk", "Öləng", "varsaq", bə b. sözlərin etimoloji təhlilini verir və nəticə etibarilə həmən leksik vahidlər, etnik adlar müəyyən bir silsilə mifoloji anlayışların zəmini olur, onların əsası kimi götürülür.
1989-cu ildə isə daha geniş elmi dairələrdə böyük hadisə kimi qəbul olunmuş "Azərbaycan xalqının soykökünü düşünərkən" daha sanballı monoqrafiya Mirəli Seyidovu soykökümüzün "qeyrətkeşi" kimi məşhurlaşdırdı.
Sovet xofunun insanların qəlbində kök saldığı bir vaxtda alimin fikirləri xalqın yaddaşına köçürülmüşdü. Mirəli Seyidov artıq bir çox sözlərin etimologiyası məsələsində rus alimlərinə qarşı çıxır, inkarolunmaz faktlarla fikirlərini sübuta yetirirdi.
Orta əsrlər erməni mənbələrində, ərəb mənbələrində tarixi həqiqət baxımından nə qədər böyük dolaşıqlıqlar olduğu məlumdur. Alimin fikrincə daha etibarlı mənbələrə müraciət edilməli, yaxud da adları çəkilən mənbələrə daha ayıq yanaşmalıdır. Ən etibarlı mənbəni də alim məhz Azərbaycanda tapmış olur. Bu baxımdan toponimlər, ümumiyyətlə, onomastika, dil, arxeologiya, türk dilinin yayılma və təsir coğrafiyası və, nəhayət, Söz, sözşünaslıq böyük imkanlar açır. Mirəli Seyidovun araşdırmaları çoxsahəli olsa da, daha çox bu sahələri əhatə edir. Alim-tədqiqatçı Azərbaycan mifologiyasını, dilimizin tarixi coğrafiyasını, sözlərimizin Kiçik Asiya xalqlarının ən qədim mənbə və yazılarında yaşayan izlərini əsas tutaraq xalqımızın ən qədim köklərini, yaranma və inkişaf yollarını düşünür.
Mirəli müəllimin tədqiqatlarından məlum olur ki, o, qədim erməni dili-qrabardakı türk dilindən alınma sözləri öyrənən bir sıra erməni dilçilərinin etirafları ilə yaxından tanış olandan sonra, belə bir məntiqli və haqlı qənaətə gəlir ki, əgər türk dili hələ V və VI əsrlərdə erməni dilinə təsir göstərirdisə, deməli, bu dövrdən də çox əvvəl Qafqazda bu dil geniş yayılmış və siyasi, ictimai və mənəvi durumuna görə daha nüfuzlu bir dil olmuşdur. Beləliklə, bu yolla alim bizim tariximizlə bağlı bir sıra uydurmaları rədd edir.
Təsadüfi deyil ki, hələ sağlığında Mirəli Seyidovu fenomen şəxsiyyət adlandırırdılar. Onun elmi fəaliyyəti tarix, etnoqrafiya, toponimika, mifologiya, folklor, linqvistika, ədəbiyyat tarixi və digər sahələri əhatə edirdi.
Alimin elmi maraq dairəsi genişdir. Azərbaycan xalqının tarixini öyrənərkən o, sözün tarixini araşdırır. Yorulmaz tədqiqatçının çoxsaylı məqalələrində daim axtarışda olan müəllifin ilkin və maraqlı məlumatları, öyrənilən məsələyə yeni baxış və münasibət hərtərəfli və dolğun ərsini tapır. Diqqəti çəkən mühakimələr, ardıcıl və təmkinli təhlillər və sübuta yetirilən söz açımları tədqiqatçının uğurlu və gərəkli tapıntılarından , öz təbirincə desək, "kəşflərindən" xəbər verir. Qeyd etmək istərdim ki, Mirəli müəllim özünəməxsus yazı üslubu, bəzən arxaik elmi sözlərlə bir qədər yüklənmiş ifadə tərzi ilə seçilsədə, bütün yazılarında, araşdırmalarında fikir və düşüncələri açıq, aydın və səmimidir, hətta duyğularını da bəzən o, açıq-aşkar bildirirdi - sübhə, tərəddüd, ehtimalını və s. Misal üçün, Aran toponimi haqqında araşdırmaları, "Dədə Qorqud" boylarında günortac və ortac sözlərini, həmçinin Qorqud sözünün etimoloji təhlilinə həsr olunmuş məqalələrini qeyd etsək olar.
Alim-etimoloqun dəyərli əsərlərindən biri "Qızıl döyüşçü"nün taleyidir". 1970-ci ildə Alma-Ata ətrafında (İssık kurqanda) eramızdan əvvəl VI-V əsrlərə aid olan bu döyüşçüyə "sahib durmaq" iddiası ilə yazılan məqalə və kitablarda onu skif şahzadəsi kimi hind-Avropa dilli xalqlara bağlayanlar özlərinə görə müəyyən əsaslar tapırdılar. Lakin Mirəli Seyidovun kitabı həmin əsasların nə qədər əsassız olduğunu açıq göstərir. Alimin qəti qərarına görə, "unudulmuş, aradan çıxmış və ya az da olsa dövrümüzə qədər gələn görüşləri, inamları bilmədən "Qızıl döyüşçü"nün sirri açılmaz". O, nəzərə almışdır ki, kurqan-qəbirdən tapılan qızıl, gümüş, bərək əşyaları", fiqurlar, köynək və papaqdakı heykəlciklər, barelyeflər, saxsı qablar, cam üzərindəki yazı və s., yalnız tarix elmi üçün deyil, bunlar həm də o dövrün mədəniyyətini, ictimai-fəlsəfi, mifoloji təfəkkürünü, inamlarını, bir sözlə zehniyyatını, bədii-estetik zövqünü öyrənmək üçün gərəklidir. Bu baxımdan kurqandakı soy mədəniyyəti (etnokultura) cəmiyyətin ictimai-iqtisadi inkişafının qatını göstərməklə bərabər, onun mədəniyyətinin bir çox sahələrinin yüksək səviyyəsini də təsəvvürdə canlandırır.
Azərbaycan alimi sübutə yetirir ki, "Qızıl döyüşçü" mədəniyyəti əsasən türkdilli qəbilə birləşmələrinin mifoloji təfəkkürü, həyatı dərk etməsi ilə sıx bağlıdır. Əski insanda ən güclü və uzunömürlü inam təbiətlə bağlı olmuşdur. Xalqların təbiətə inamında ortaq, oxşar cəhətlərin olması təbiidir.
Xalqların yaşayış tərzindəki oxşarlıq, ortaqlıq onların təfəkküründə, təbiəti dərk etmələrində və düşünmə tərzlərində, mifologiyasında, həyatı bədii baxımdan qavramalarında oxşarlıq, bənzəyiş yaradır. Ancaq bununla belə unutmaq olmaz ki, hər qəbilə birləşməsinin xalqın təfəkküründə, sənətində, istər mifik görüşlərində, istərsə də sırf həyatla səslənən obrazlar sistemində özünəməxsusluq, fərdilik də olmuşdur.
Etimoloji təhlillər nəticəsində alim belə qənaətə gəlmişdir ki, "Qızıl döyüşçü" mədəniyyəti ilə bir çox türkdilli xalqların Dünya Ağacına, Dağa, quşa inamının ifadəsində təqdim olunmasında yaxınlıq, doğmalıq, hətta eynilik vardır.
Əgər Mirəli Seyidovun 30 illik elmi axtarışlarının, gərgin yaradıcılıq əməyinin məhsulu olan "Azərbaycan xalqının soykökünü düşünərkən" adlı irihəcmli monoqrafiyası Azərbaycan mifologiyasının tədqiqində, müəllifin öz yaradıcılığında və ümumilikdə elmi-ədəbi mühitində bir hadisə kimi qəbul edilibsə, vəfatından sonra nəşr olunan "Qam-şaman və onun qaynaqlarına ümumi baxış" (1994) kitabı müəllif tərəfindən "yaradıcılığının zirvəsi" adlandırılmışdır.
Kitabın redaktoru və ön sözün müəllifi f.e.n. Vəli Həbiboğlu yazır ki, "Mirəli müəllim bu kitab üzərində, özünün dediyi kimi, təqribən on beş il işləmişdir. Lakin bu əsəri vahid bir kompozisiya ətrafında işləyib ortaya çıxarmağa, kitab şəklinə salmağa 1990-ci ilin Qara Yanvar günlərində başlamışdı. O, həmin günlərdə Şəhidlər xiyabanından bir qədər yuxarıda yerləşən xəstəxanada ürəyindən infarkt vəziyyətində yatırdı.
Mirəli müəllim xəstəxanadan çıxdıqdan sonra da kitab üzərində öz gərgin işini davam etdirdi. Çox böyük sürətlə, rahatlıq bilmədn yazıb nəşriyyata təqdim etdiyi bu əsər dərhal tematik plana salındı və üzərində redaktə işi aparıldı. Çox təəssüf ki, bu böyük alim əsərin nəşrini görə bilmədi".
Təbii ki, bu böyük vətəndaş-alim öz önəmli tədqiqat əsərini unudulmaz Şəhidlərimizə ünvanladı:
"Yazım 1990-cı il yanvar ayının 19-20-də kökünün-vətənin baxımsızlığı-müstəqilliyi uğrunda qurban olmuş igidlərin uduq-müqəddəs ruhuna həsr edirəm" Bu sözləri o, axirət dünyasına qovuşduğu ərəfədə yazmışdır.
Kitabda Azərbaycan mifoloji təfəkkürünün öyrənilməmiş sahələri - türk xalqlarının soykökündə duran qəbilələrin, qəbiləbirləşmələlərin ilkin mifoloji-fəlsəfi, ictimai görüşləri, qam-şamanizmin kökləri, onu yaradan ictimai dünya ümumtürk kontekstində işıqlandırılır.
Türk xalqları arasında tarixən kök salmış qədim ənənələri, baxışları üzə çıxarmaqla bu xalqın yer üzərində yaşayan başqa xalqlardan daha qədim, daha bütöv, ulu xalq olduğunu göstərmək üçün o, bütün qüvvəsini, imkanlarını səfərbərliyə alır, yalnız bu məqsədə xidmət edirdi.
Görkəmli mifoloqun tədqiqindən aydın olur ki, türk xalqlarının mif dünyası vahid dünya baxışına əsaslanır. Vaxtilə onların düşünmə tərzi, dünyanı dərk edilməsi, bədii təfəkkürü bir-birinə çox yaxın olmuşdur. İbtidai insan özünü təbiətin ayrılmaz bir hissəsi hesab edirdi və təbiət hadisələrini öz təsəvvüründə canlandırır, onların hər birinə canlı varlıq kimi yanaşırdı.
Qam-şaman ilkin görüşlırinin mərkəzində Günəş, Ay, ulduzlar, bir sözlə, kosmik cisimlər, onqonlar arasında kök, gen yaxınlığı görürdü.
Mirəli müəllimin düşüncələrindən: "Mif hər bir xalqda ayrı-ayrı vaxtlarda müəyyən bir çağın baxışıdır. Mifə kimi və yaranmasının ilk çağları onu yaradan soy, qəbilə üzvlərindən fərqlənən təbii bilgilər, müdriklər çıxmış, onların ilk adları, təəssüf ki, bizə gəlib çatmamışdır. Deyəsən, lap qabaqlarda belələri qam-şaman adlanmışlar... Qam-şaman soyun, qəbilənin fikir aləminin başçısı, düşüncə dünyası idi. Əskidə türk xalqlarında azarlını yalnız dərman bitkiləri deyil, sözlə, seirlə, xoş səslə, sonralar musiqi ilə də müəlicə edirmişlər".
Qamlar-baqşılar, şamanlar musiqi və şeirdən daha çox istifadə edirmişlər. Musiqinin təsiredici, müalicəedici suyumu heyvanlara da aid edilirmiş.
Misal üçün, "Koroğlu" dastanındakı atın (Qıratın) tez-tez dəliliyi tutur. Nə qədər dava-dərman eləyirlər - bir şey çıxmır. Yaxına adam qoymur ki, qoymur, girinə kim keçirsə şil-kut eləyir. Axırda Koroğlunun bir kimyagər həkim dostu deyir ki, bəs bu atın cini var. Gərək bunun yanında üç gün, üç gecə saz çalına, söz oxuna ki, bəlkə bunun cini yata... Xəstə ata çarə qılındıqdan sonra, at sağalır.
Əski insan sözün, musiqinin sehrli gücünə inanırmış. Türk xalqlarında və onların ulu babalarında musiqiyə, sözə (xüsusi ilə bədii sözə) ehtiram o qədər güclü imiş ki, hətta yaman, pisin də onların yardımı ilə qovulduğuna inanırmışlar. Söz-musiqi sənətinin yardım etməsi inamına və onlara ehtiramın əlaməti olaraq azərbaycanlıların ulu babaları - Oğuzlar savaş-müharibə meydanına qopuz apararmışlar.
Xaqanlar rəsmi qəbullarında yanlarında ya özləri silah və qopuz saxlar, ya da silahlı döyüşçü və qopuzçu olarmış.
Qam-şaman mədəniyyətin kökündə duran mifik baxışlarda, ayrı-ayrı törənlərdə naturfəlsəfə ünsürləri də mövcuddur. Bu cəhətdən türk xalqlarının, o cümlədən Azərbaycan ictimai fikir tarixində naturfəlsəfə ünsürlərinin Avropada olduğundan daha qədimlərə gedib çıxması göz qabağındadır. Məlumdur ki, fəlsəfənin ilk tarixi forması kimi naturfəlsəfənın yaradılması antik dövrə aid edilir. Lakin görkəmli alimin tədqiqatında bu təbiət fəlsəfəsinin kökləri qədim köklərə gedib çıxır.
Azərbaycan xalqının soykökünün öyrənilməsində mifik təfəkkürün və ilk növbədə mifoloji inamların araşdırılmasının önəmli və mühüm rolu vardır.
Müəllif türk xalqlarının oda, suya, ağaca, ayrı-ayrı heyvanlara, təbiətə inamlarına diqqət yetirir, eyni zamanda qam-şaman görüşlərində bu inamların tutduğu mövqeyi açıb göstərir. O, bir çox dastan və nağıllardan, əfsanə və mifoloji baxışlardan tədqiqat obyekti kimi geniş istifadə edir. Yeri gəlmişkən qeyd edək ki, Mirəli müəllimin elmi və ədəbi bədii mənbələri olduqca zəngin və maraqlıdır, xüsusilə özünün istinad etdiyi məqalələrində rus və Avropa türk alimlərinin (türkoloqların) saysız-hesabsız publikasiyaları.
Maraqlıdır ki, Mirəli müəllim dual təfəkkür məsələsinə əvvəlki əsərlərində də toxunmuşdur və maraqlı fikirlər irəli sürmüşdür. Lakin bu əsərdə dual təfəkkür tərzi daha dərindən öyrənilir.
Tədqiqatçı əski insanın inamlarında öz əksini tapan onların dünyabaxışını, düşünmə tərzini, insan şüurunun tutumunu müəyyənləşdirməyə daha çox diqqət yetirir.
O, belə qənaətə gəlir ki, təbiətə inamın mahiyyətinin aydın dərk edilməsində yada daşı inamın böyük əhəmiyyəti vardır. Bu inam diqqətlə araşdırıldıqda əski türk qəbilə birləşmələrində insanın yaşayış tərzi, ibtidai təsərrüfatı, şüur səviyyəsi barədə dolğun təsəvvür əldə etmək mümkündür.
Alim-mifoloqun fikrincə, yada inamı şaman görüşlərindən də çox-çox qabaq yaranmışdır. Bu inam əski türk adamının ilkin təsərrüfat fəaliyyətinə başladığı çağın məhsuludur. Bu tədqiqatda əski türkdilli xalqlarda suya, dağa, daşa, ağaca olan iamlarla əlaqədar bir sıra əfsanələr, rəvayətlər, mifoloji təsəvvürlər ilə qarşılaşırıq. Müəllif bunların yada inamı ilə bağlılığını da göstərir.
Kitabda, həmçinin, şaman görüşlərində mühüm yer tutan bəzi inamlar ilə yanaşı oba inamına xüsusi diqqət yetirilir. "Oba" sözünü müqayisəli şəkildə araşdıran müəllif belə bir qənaətə gəlir ki, "oba" türk ruhunu, türk təfəkkürünü özündə cəmləşdirir. Oba inamı bir daha sübut edir ki, əski türklərdə təbiətə inam, təbiətlə bağlı görüşdlər, naturfəlsəfə güclü olmuşdur.
Obaya inam, eləcə də bir çox mifik görüşlər, ictimai fikir və düşüncə dünyasının saysız-hesabsız misalları göstərir ki, vaxtı ilə türk xalqlarının təfəkkür sistemi yaxın olmuş, ümumtürk mədəniyyətindən xəbər vermişdir.
Əski ümumtürk mədəniyyəti kontekstində Azərbaycan xalqının soykökünün öyrənilməsində böyük xidmətləri olan görkəmli türkoloq Mirəli Seyidov, bütün varlığı, ruhu ilə mənsub olduğu xalqa bağlı olan bu nadir şəxsiyyət öz zəngin elmi irsi, və əsasını qoyduğu Azərbaycan mifologiyası məktəbi ilə özünə əbədilik qazanmışdır.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!