Azərbaycan Dillər Universitetinin (ADU) Elmi Şurasının qərarı ilə "Azərbaycan Tərcümə Ensiklopediyası" işıq üzü görüb. Kitabın ideya müəllifi ADU-nun rektoru, AMEA-nın həqiqi üzvü Kamal Abdulladır. Ensiklopediya həm Azərbaycan dilinə, həm də Azərbaycan dilindən digər dillərə tərcümələrin müəlliflərini ehtiva edir, elmi işlər üçün son dərəcə ciddi həm faktoloji, həm də nəzəri bünövrə rolunu oynayır. Nəşrdə tərcüməçilər və bu sahə ilə maraqlananlar, eyni zamanda, yazarlar, filoloqlar, gənc ədəbiyyatşünaslar üçün faydalı məlumatlar yer alıb.
"Ədəbiyyat qəzeti" ensiklopediya ilə bağlı ensiklopediyada adları və tərcümə etdikləri əsərlərin siyahısı yer alan tanınmış tərcüməçilərin, ədəbiyyat adamlarının fikirlərini öyrənib. Cavabları təqdim edirik:
Məmməd Oruc: "Azərbaycan Tərcümə Ensiklopediyası"nın çapını çox yüksək qiymətləndirirəm. Çoxdan görülməli olan işin nəhayət reallaşmasına görə sevinirəm. Ensiklopediyanın işıq üzü görməsində əməyi olan hər bir kəsə təşəkkür edirəm. Kitabın ideya müəllifinə xüsusi minnətdarlıq..."
Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri Səlim Babullaoğlu: "Azərbaycan Tərcümə Ensiklopediyasının nəşrini ədəbiyyatımız, elmimiz, tərcümə mədəniyyətimiz və bütövlükdə mədəniyyətimiz üçün ciddi hadisə hesab edirəm. Müstəqillik illərinin ciddi humanitar-mədəni hadisəsidir bu kitab. Kamal Abdulla yenə bir tarixi işə imza atdı, həm onu, həm ensiklopediya üzərində çalışmış bütün insanları, zəhməti keçən hər bir kəsi ürəkdən təbrik edirəm".
Cavanşir Yusifli: "Bu ensiklopediya ilə vaxtilə BSU-da tanış olmuşdum, oxumuşdum, orda çox maraqlı və elmi baxımdan dəyərli yazılar var, şübhəsiz ki, ensiklopediya vaxtaşırı olaraq "update" olacaq, yeni məlumatlarla zənginləşəcək və təbii ki, müəyyən boşluqlar dolacaqdır. Bir sözlə, yaxşı, gərəkli bir ideyanın gerçəkləşməsi özündən sonra yeni qayğılar yaradır, kitab ildən-ilə olmasa da, müəyyən intervallarla zənginləışməlidir. Yeni məqalələr əlavə edilməlidir və sair".
Kamran Nəzirli: "Azərbaycan Tərcümə Ensiklopediyası"nın çapı çox gözəl, böyük bir işdir. Kitabın ideya müəllifinə, kitabın ərsəyə gəlməsində zəhməti olanlara təşəkkür edirəm".
Səfər Alışarlı: "Mən ədəbiyyata təmənnasız, qeyri-konyunktur xidmət edən bütün ideyaları yüksək qiymətləndirirəm. Hətta bu ideyaların reallaşdırılmasında müəyyən çatışmazlıqlar olsa belə, düşünürəm ki, sonradan onları aradan qaldırmaq, nəşri təkmilləşdirmək mümkündür".
Nəriman Əbdülrəhmanlı: "Bu ideyanın Kamal müəllimdə hələ BSU-ya və tərcümə laboratoriyasına rəhbərlik edəndə yarandığından xəbərim var. Bu çətin, amma çox gərəkli işi gerçəkləşdirmək üçün çox əmək sərf etdi. Bu ensiklopediya mədəniyyətimizə böyük töhfədi, əminəm ki, layiqli dəyərini alacaq, həm də çox faydalı bir vəsaitə çevriləcək".
Qəşəm Nəcəfzadə: "Ümumiyyətlə tərcümə istiqaməti ilə bağlı görülən bütün işləri yüksək qiymətləndirirəm. "Azərbaycan Tərcümə Ensiklopediyası"nın nəşri isə bir ilkdir. Bu kitabın çap olunmasında xüsusi əməyi olan Kamal Abdullaya təşəkkür edirəm".
Əlisəmid Kür: "Kitabla tam tanış olmasam da, ümumilikdə bu addımı çox yüksək qiymətləndirirəm. Əslində bu işi çoxdan görmək lazım idi. Yəni, ensiklopediyanın nəşrinə ciddi ehtiyac vardı. Şükür ki bu iş görüldü. Kitabın ərsəyə gəlməsi üçün zəhmət çəkənlərin hamısına təşəkkür düşür".
Azad Yaşar: "Azərbaycan Tərcümə Ensiklopediyası" kitabının çapı dünyanın ən çətin sənətlərindən sayılan, sözə zərgər dəqiqliyi ilə yanaşmağı tələb edən və çox vaxt haqq etdiyi dəyəri yetərincə almayan tərcümə sənətinə ölkəmizdə göstərilən böyük diqqət və qayğını sübut edir. Müstəqillik dövrü ədəbiyyatımızın görkəmli nümayəndələrindən biri, Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdullanın ideya müəllifi olduğu bu kitab istər bu sahə ilə bağlı nəzəri-praktik bilgilər, istərsə də tərcümə işinin ayrı-ayrı cəfakeşləri barədə təqdim olunan məlumatlar baxımından danılmaz yerə və əhəmiyyətə malikdir. Bu ensiklopediyanın hazırlanması barədə Kamal müəllim hələ Bakı Slavyan Universitetinin rektoru olduğu dövrdə bir söhbət əsnasında fikirlərini gənc yazarlara açıqlamışdı. Düz on il sürən gərgin əməyin, araşdırmaların yekununda belə bir irihəcmli əsərin və ya dərs vəsaitinin araya-ərsəyə gəlməsinə görə, illər boyu tərcümənin ən müxtəlif sahələrində görülən işlərə həm elmi, həm də ictimai səviyyədə yüksək qiymət verilməsinə görə "Azərbaycan tərcümə ensiklopediyası"nın hazırlanmasında əməyi olan hər kəs yalnız və yalnız dərin minnətdarlığa layiqdir".
Maarif Soltan: "Hər bir KİTABA sevinmək lazımdır. Təəssüf ki, indiki "kitab" bolluğu kitabı da gözdən salıb və bolluqda KİTABA çox az rast gəlinir. Tərcümə-ədəbiyyatımızın ən ağrıyan yerlərindədir. Tərcümə ensiklopediyasının ərsəyə gəlməsi bu baxımdan çox vacib bir məsələdir , məncə. Bilirəm ki, belə nəşrlər gərgin kollektiv əməyin bəhrəsi olur, buna görə də bütün yaradıcı kollektivi təbrik edirəm və onlara təşəkkür edirəm. İnanıram ki, bu nəşr yuxarıda qeyd etdiyim KİTABLARDAN olacaq".
Cəlil Cavanşir: "Azərbaycan Dillər Univeritetinin nəşr etdirdiyi "Azərbaycan Tərcümə Ensiklopediyası"nın nəşrini tərcüməçi kimi çox yüksək qiymətləndirirəm. Eyni zamanda sevinirəm ki, belə bir mötəbər nəşrin hazırlanmasında az da olsa mənim zəhmətim var. Bu məsuliyyətli işdə əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm. Hesab edirəm ki, bu ensiklopediya ədəbiyyatşünaslar, tərcüməçilər və tələbələr üçün əvəzsiz bir mənbədir. Uzun illər ərzində hazırlanmış bu kitab tərcümə sənətinə, tərcümə elminə böyük töhfədir. Tərcümə tarixinə maraq göstərənlər, Azərbaycanda bu sahədə əziyyəti olan insanları tanımaq istəyənlər üçün bu kitab əvəzsizdir".
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!