"Parad" sözü latıncadan "paro" sözündən götürülüb, azərbaycanca mənası "hazır" deməkdir. Hərbi paradlar adətən dövlət səviyyəli əlamətdar və tarixi günlərdə, eləcə də hərbi şöhrət bayramlarında ordunun şəxsi heyətinin marş sədaları altında fəxri keçidi və çox vaxt da döyüş texnikalarının nümayişi ilə icra olunur. 100 illik Azərbaycan Xalq Cümhuriyyəti tarixində ilk parad 1919-cu ildə Bakı şəhərində, indiki Muzey Mərkəzinin yerləşdiyi ərazidə keçirilmişdir. 26 iyun 2018-ci ildə paytaxt Bakıda, Azadlıq Meydanında keçirilən möhtəşəm parad isə müstəqilliyini yenidən bərpa etmiş dövlətimizdə sayca beşinci paraddır. Bu parad dövlətimizin polad dayağı, xalqımızın təhlükəsizliyinin, ölkəmizin ərazi bütövlüyünün təminatçısı olan müasir Silahlı Qüvvələrimizin güc və qüdrətinin nümayişi olmaqla yanaşı, həm də Azərbaycan əsgərinin Ali Baş Komandanın əmrlərinə hər an hazır olduğunu bir daha təsdiq etdi. Dördüncü dəfədir ki, hərbi parada aparıcılıq edən əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü, Müdafiə Nazirliyinin zabiti, Azərbaycan Yazıçılar Birliyinin üzvü, polkovnik Abdulla Qurbani ilə müsahibəni oxucularımıza təqdim edirik.
- Abdulla müəllim, əvvəla sizi Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunub-saxlanmasında, qarşıya qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiyinizə görə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunmağınız münasibətilə təbrik edir və Xalq Cümhuriyyəti Ordusunun sədaqətli varisi olan müasir ordumuz haqqında fikirlərinizi bilmək istərdik.
- Hələ yüz il öncə qəbul edilmiş Azərbaycan Xalq Cümhuriyyətinin "İstiqlal Bəyannaməsi"ndə deyilirdi: "Azərbaycan özünü xarici müdaxilələrdən müdafiə etmək, daxili düşmən qüvvələri zərərsizləşdirmək üçün nizami orduya malik olmalı, özünün Silahlı Qüvvələrini yaratmalıdır. Müstəqil ordusu olmayan dövlətin milli dövlətçiliyi həmişə yadellilərin təhlükəsi altında yaşamağa məhkumdur".
Xalq Cümhuriyyəti dövründə ordu quruculuğu siyasətində milli hiss, milli birlik, milli iftixar, Vətənə, torpağa bağlılıq əsas prinsiplər idi. Bu prinsiplərə əsasən hər bir zabit və əsgər özünün tarixini, keçmişini, kökünü, soyunu bilməli, onlara qırılmaz tellərlə bağlı olmalı, Vətənini, dilini, millətini sevməli, onların qeyrətini çəkməlidir.
Müasir Azərbaycan Ordusu Xalq Cümhuriyyəti ordusunun varisidir və bu varislik ənənələrinə həmişə sadiqdir. Hər bir Azərbaycan vətəndaşı, hər bir azərbaycanlı fəxr edir ki, XX əsrin sonlarında müstəqilliyini bərpa etmiş müasir Azərbaycanımızın bu gün güclü, qüdrətli ordusu var və bu ordu qarşısına qoyulmuş istənilən tapşırığı yerinə yetirməyə hər an hazır və qadirdir.
Ordumuzun əsasının 1918-ci ildə qoyulmasına baxmayaraq, peşəkar Azərbaycan Ordusunun yaradılması ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır və bu ordunu yaratmaq müdrik, qətiyyətli sərkərdəmizin, əbədiyaşar Ali Baş Komandanımızın xalqımız qarşısında ən böyük xidmətlərindəndir.
25 il öncə ümummilli liderimizin xalqın təkidli tələbi ilə Azərbaycan hakimiyyətinə qayıdışından sonra ordu quruculuğunun yeni mərhələsi başlamış və bu proses möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında daha da inkişaf etməkdədir.
Yeni Azərbaycan dinamik sürətlə inkişaf edərək bütün sahələrdə, o cümlədən ordu quruculuğunda böyük uğurlar qazanmış və bu gün də ölkəmiz daha xoşbəxt gələcəyə doğru inamla irəliləməkdədir. Ali Baş Komandan cənab İlham Əliyevin Prezident kimi fəliyyətində ordu quruculuğu məsələləri prioritetdir. Silahlı Qüvvələrimiz dövlət səviyyəsində hər cür diqqət və qayğı ilə əhatə olunub. Bu, Azərbaycan əsgərini sevindirir və onu daha böyük qələbələr qazanmağa ruhlandırır.
2016-cı ilin aprel döyüşləri zamanı Füzuli, Cəbrayıl, Ağdərə, Tərtər istiqamətlərində və bu yaxınlarda Naxçıvan Muxtar Respublikası ərazisində Azərbaycan Ordusu təsdiq etdi ki, o, Silahlı Qüvvələrə, onun şəxsi heyətinə dövlət səviyyəsində göstərilən diqqət və qayğıya, etimada cavab olaraq Azərbaycanın ərazi bütövlüyünü tezliklə təmin etmək gücündədir.
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə keçirilən rəsmi qəbulda dövlətimizin başçısı demişdir: "Biz güclü ordu yaratmışıq. 1918-ci ildə Azərbaycan Ordusunun yaradılması haqqında qərar veriləndə yəqin ki, Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları heç təsəvvür edə bilməzdilər ki, bu gün Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusu sırasında olacaq. Bizim ordumuzun həm maddi-texniki təchizatı, həm də döyüş qabiliyyəti ən yüksək səviyyədədir. Biz bunu döyüş meydanında sübut edə bilmişik".
Həqiqətən də intensiv döyüş və əməliyyat hazırlığı, manevrlərin, genişmiqyaslı təlim və məşqlərin, döyüş atışlarının və uçuşların keçirilməsi, gəmilərin Xəzər dənizi akvatoryasına çıxışları hərbi fəaliyyət meydanında istənilən tapşırığı yerinə yetirmə üzrə Azərbaycan Silahlı Qüvvələrinin geniş imkan və hazırlığını göstərir.
Onu da nəzərinizə çatdırım ki, 2018-ci il ordumuzda komandir hazırlığı və bütün səviyyədə olan komandirlərin real döyüş şəraitində qoşunların və silahların idarə edilməsi üzrə bacarıq və vərdişlərinin təkminləşdirilməsi ili elan olunub.
Müharibə şəraitində yaşayan bir ölkə üçün ən vacib məsələ ordunun şəxsi heyətinin və ümumiyyətlə, vətəndaşların sağlam mənəvi-psixoloji hazırlığa, ruh yüksəkliyinə, özünə inama və yüksək vətənpərvərlik hisslərinə hakim olmalarıdır. Bu gün Azərbaycan cəmiyyətində, ordumuzda məhz belə bir əhval-ruhiyyə mövcuddur. Bütün bunların nəticəsidir ki, xalqımız ordumuza arxalanır, güvənir və istənilən döyüş tapşırığını yerinə yetirməyə qadir bir qüvvə kimi böyük inam bəsləyir. Biz bu isti münasibəti həm də Azərbaycan Yazıçılar Birliyindən, onun rəhbərliyindən və hər bir üzvündən görürük.
Azərbaycan Ordusunun əldə etdiyi uğurların arxasında, heç şübhəsiz, möhtərəm Prezidentimiz, Ali Baş Komandan cənab İlham Əliyevin gərgin əməyi və davamlı qayğısı dayanır. Biz isə öz növbəmizdə göstərilən ehtimadı əməli fəaliyyətimizlə doğrultmağa çalışırıq.
- Yubiley paradı xalqımızda çox böyük ruh yüksəkliyi yaratdı. Ali Baş Komandanın nitqi, əsgər və zabitlərimizin tribuna önündən inamla irəliləməsi, hərbi texnikaların nümayişi və döyüş təyyarələrinin, helikopterlərin uçuşu qürurverici idi. Bu barədə hərbi paradın aparıcısını dinləmək oxucularımız üçün də maraqlıdır.
- Silahlı Qüvvələrimizin 100 illiyinə həsr olunmuş hərbi paradda bütün qoşun növlərini təmsil edən üç mindən artıq hərbi qulluqçu iştirak edərək, Vətənə, xalqa, dövlətə, öz Ali Baş Komandanına, ulu öndər Heydər Əliyev ideyalarına bir daha sədaqətini bildirdi. 240-dan çox hərbi texnika, 70-dən artıq uçuş vasitəsi, o cümlədən silahlanmaya yeni qəbul edilmiş zirehli texnikalar, raket və artilleriya silahları, hava hücumundan müdafiə sistemləri, döyüş helikopterləri, təyyarələr, pilotsuz uçuş aparatları kimi müxtəlif növ ən yeni silah və texnikalar nümayiş olundu. Sözün həqiqi mənasında, Azadlıq Meydanında hərb tariximizin yeni bir şanlı səhifəsi yazıldı.
Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin hərbi paraddakı nitqi həm xalqımızın, həm də Vətən əsgərlərinin böyük ruh yüksəkliyinə səbəb oldu. Bundan sonra qarşımızda daha ciddi, daha məsul vəzifələr durur. Ölkə rəhbərinin ümidlərini doğrultmalıyıq. Onu da deyim ki, Ali Baş Komandanın qətiyyətli və ötkəm çıxışı həm də düşmənlərimiz, onların havadarları üçün bir ismarıc idi.
Hərbi paradın fəxri tribunasından Ali Baş Komandanımız bir daha vurğuladı ki, biz istəyirik münaqişə sülh yolu ilə həll olunsun. Düşmən bilməlidir ki, onun bir dənə də olsun hərbi və strateji obyekti yoxdur ki, Azərbaycan Ordusu onu məhv edə bilməsin. Düşmənin bütün hərbi obyektləri, bütün strateji əhəmiyyətli məntəqələri Azərbaycan Ordusu tərəfindən məhv edilə bilər. Bizim bu gün nümayiş etdirəcəyimiz silahlar həm Azərbaycan xalqına, həm düşmənə, həm də bütün dünyaya bunu göstərəcək. Ona görə də məsələnin tezliklə danışıqlar yolu ilə ədalətli həlli, Azərbaycanın ərazi bütövlüyünün tezliklə bərpa edilməsi qarşı tərəfin də marağında olmalıdır.
Dövlətimizn başçısı inam hissi ilə qeyd etdi ki, tarixi ədalət bizim tərəfimizdədir, beynəlxalq hüquq bizim tərəfimizdədir, iqtisadi güc bizdədir, hərbi güc bizdədir, vətənpərvərlik ruhu bizdədir.
2016-cı ilin Aprel döyüşlərində, 2018-ci ilin Naxçıvan əməliyyatında torpaqlarımızın işğaldan azad edilməsində xüsusilə fərqlənən döyüş bayraqlarının Azadlıq Meydanında nümayiş etdiriləcəyini bildirən Ali Baş Komandan böyük əminliklə bir daha nəzərə çatdırdı ki, gün gələcək və bu gün işğal altındakı torpaqlar azad olunandan sonra orada qaldırılacaq Azərbaycan bayrağı Azadlıq meydanına gətirələcək və hərbi paradda göstəriləcək. Biz bu müqəddəs günü yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq.
- Bu möhtəşəm tədbirdə iştirak edən parad heyətləri barədə məlumat vermənizi istərdik.
- Hərbi parad Azərbaycan Respublikasənın Dövlət bayrağı altında Silahlı Qüvvələrin parad heyətlərinin təntənəli yürüşü ilə başlandı. Sonra qoşun növlərinin, eləcə də qeyd etdiyimiz kimi, Aprel zəfərinin qazanılmasında, Naxçıvanda strateji yüksəkliklər silsiləsinin azad edilməsində, on bir min hektardan çox ərazinin nəzarətə alınmasında fərqlənən hərbi hissələrin döyüş bayraqları Azaqlıq Meydanına gətirildi. Ulu öndərimiz Heydər Əliyevin 1971-ci ildə yaratdığı indiki Cəmşid Naxçıvanski adına Hərbi Liseyin kursantlarından, Azərbaycan Ordusunun zabitlərindən, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin kursantlarından ibarət parad heyətləri tribuna önündən keçdilər.
Qardaş Türkiyə Cümhuriyyəti Silahlı Qüvvələrinin parad heyəti xüsusi coşqu ilə qarşılandı. 100 il öncə xilaskarlıq missiyası ilə Azərbaycana gəlmiş və milli ordumuzun ilk döyüşçüləri ilə birlikdə Bakını bolşevik-daşnak işğalından azad etmiş qəhrəman Türk əsgərlərinin varisləri alqışlara qərq olmuşdular. Doğrusu, mən də həmin anlarda mikrafon arxasında sevincimdən yerə-göyə sığmırdım. Sevinci, kədəri bir olan, bir millət, iki dövlətin sarsılmaz, əbədi dostluğuna və qardaşlığına şüarlar səsləndirirdim.
Sülhməramlı, Əməliyyat İmkanları Konsepsiyası və Əməliyyat Ehtiyyatları taborlarının, Xüsusi Təyinatlı Qüvvələrin və Dəniz Piyadaları bölmələrinin, o cümlədən, Daxili İşlər Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidmətinin, Fövqəladə Hallar Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, Xüsusi Dövlət Mühafizə Xidmətinin Milli Qvardiyasının hərbi qulluqçuları nizami sıralarla irəliləyərək Vətən uğrunda Ali Baş Komandanın əmrlərinə hazır olduqlarını nümayiş etdirdilər.
Sonra Azərbaycan Ordusunun güc və qüdrətinin təqdimatı, ən müasir hərbi və xüsusi texnikaların, üzərində SPAYK-LR, SPAYK-ER tank əleyhinə idarə olunan raket kompleksi, pilotsuz uçuş aparatları əleyhinə qurğular yerləşdirilmiş, zirehli avtomobillər, Azərbaycanda istehsal olunan mina əleyhinə yüksək müdafiə sistemi ilə təchiz edilmiş MARAL-1 və MARAL-2 zirehli avtomobillər, ağır hərbi texnika istehsalında yenilik hesab edilən zirehli transportyorlar, Dövlət Sərhəd Xidmətinin hərbi texnikaları, zərbə pilotsuz uçuş aparatları, zirehli-tank texnikası, artilleriya silahları sistemləri, raket silahları sistemləri təqdim edildi.
Bakı buxtasında reyddə dayanmış Hərbi Dəniz Qüvvələrinin döyüş gəmiləri haqqında məlumat verildi.
Döyüş təyyarələrinin və helikopterlərinin nümunəvi çıxışları isə hərbi paradın möhtəşəmliyini daha da artırdı. Qeyd etmək istərdim ki, Azərbaycanın Hərbi Hava Qüvvələri bu gün hərbi əməliyyatlar teatrının istənilən nöqtəsində düşmənə sarsıdıcı zərbələr endirmək gücünə malikdir.
Hələ 1997-ci ildə Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbinin ilk buraxılış mərasimində ulu öndərimiz Heydər Əliyev demişdir: "Mən istəyirəm ki, bizim güclü aviasiyamız olsun. İstəyirəm ki, bizim cəsur şahinlərimiz olsun. Bu şahinlər öz məharətlərini bütün dünyaya göstərsinlər, o cümlədən, keçmiş illərdə bizim millətə bu sahədə bacarıqsız kimi qiymət verən adamlara göstərsinlər ki, azərbaycanlılar hər bir işin öhdəsindən gəlməyə qadirdirlər. Azərbaycanlıların istedadı havanı, səmanı fəth etməkdə də ən yüksək səviyyədə ola bilər. Mən əminəm ki, belə də olacaqdır. Mən tam əminəm ki, bu gün də, gələcəkdə də bizim gənclərimiz bunu nümayiş etdirəcəklər".
Həqiqətən də, hərbi paradda milli şahinlərimiz ulu öndərimizin arzu və istəklərini reallığa çevirdilər. Aviasiya tarixində "Su-25" tipli təyyarə ilə heç bir ölkədə icra edilməyən elə bir riskli pilotaj fiquru həyata keçirildi ki, bütün parad iştirakçıları öz həyəcanlarını gizlədə bilmədilər. Dahi Heydər Əliyevin neçə illər öncə dediyi kəlamlar Azadlıq meydanında qürurla səslənirdi: "Çox sevinirəm ki, indi milli şahinlərimiz var. Sevinirəm ki, bizim şahinlərimiz Azərbaycan səmasını daim qorumağa, Azərbaycan ərazisini qorumağa, Azərbaycanın müstəqilliyini qorumağa qadirdirlər".
Onu da bildirmək istəyirəm ki, hərbi paraddan sonra qardaşTürkiyədən gəlmiş "Türk Ulduzları" eskadriyası və "Solo Türk" aviasiya qrupunun pilotları Bakı buxtası üzərində möhtəşəm pilotaj nümunələri göstərdilər.
Ümumiyyətlə, builki hərbi parad Azərbaycan Silahlı Qüvvələrinin tarixinə, hərb tariximizə yaddaşlardan silinməyəcək şanlı bir səhifə kimi yazıldı.
- Bəs Abdulla Qurbani bir yazar kimi bu bayrama, bu yubileyə hansı töhfələrlə gəlmişdi?
- Xalq artisti, bəstəkar Faiq Sücəddinovla birgə işlədiyimiz və əməkdar artist Ramil Qasımovun ifa etdiyi "Vətən əsgəri" marşı, eləcə də bəstəkar Azad Zahidlə birgə yazdığımız, əməkdar artist Ehtiram Hüseynovun ifa etdiyi "Günnüt zəfəri" mahnısı yubileyə ən gözəl hədiyyəmizdir.
- Abdulla müəllim, bundan sonra da xidmətinizdə, yaradıcılığınızda sizə uğurlar arzulayır və səsinizin tezliklə Qələbə paradından gələcəyini intizarla gözləyirik.
- Çox sağ olun! Yəqin ki, bu intizarın ömrü uzun olmayacaq.
Söhbətləşdi: Cəmilə AZƏR
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!