Otağa baxıram - hündür, genişdir, ancaq qapıları yoxdur. Fikirləşirəm ki, mən bu evdən necə çıxacam. Nigar xanım sanki mənim fikirlərimi duyub deyir: "Qorxma mən sənə kömək edəcəm". Divara yaxınlaşır. Divarda peyda olan qapını açır. Lakin mən bu qapıya yaxınlaşmağa qorxuram. Qorxuram ki, mən ona yaxınlaşan kimi qapı örtüləcək. Lakin Nigar xanım qapını açır və deyir qorxma qapı daha bağlanmayacaq. Mən də qapıdan çıxıram, balaca uşaqlarım bir-birlərinin əllərindən tutub məni gözləyirdilər. Yuxudan oyananda ürəyimdə bir rahatlıq var idi...
İllər keçib, ancaq mən çoxdan gördüyüm yuxumu unuda bilmirəm. O vaxt ömrümün çox çətin dovrünü yaşayırdım - doğma adamların itkisi, ailəmdə baş qaldıran problemlər, əsərlərimin heç yerdə çap olunmaması və s. - tam fiasko.
Səhərlərin açılmasını istəmirdim. Sanki bu sabahlarda yenidən cəhannəmin dolanbac yolları ilə addımlayacaqdım. Gecələrin gəlməsini istəyirdim ki, ağrıdan, əzabdan müvəqqəti də olsa qurtulum. 80-ci illərin ortası idi. Gecə yuxumda Nigar Rəfibəylini gördüm. Mən onun evində idim, o, plov dəmləyirdi. Mənə dedi ki, səm mənim yanımda qal. Mən səni çox istəyirəm (biz heç tanış deyildik).
- Yox, mən getməliyəm. Uşaqlarım məni gözləyir.
Otağa baxıram - hündür, genişdir, ancaq qapıları yoxdur. Fikirləşirəm ki, mən bu evdən necə çıxacam. Nigar xanım sanki mənim fikirlərimi duyub deyir: "Qorxma mən sənə kömək edəcəm". Divara yaxınlaşır. Divarda peyda olan qapını açır. Lakin mən bu qapıya yaxınlaşmağa qorxuram. Qorxuram ki, mən ona yaxınlaşan kimi qapı örtüləcək. Lakin Nigar xanım qapını açır və deyir qorxma qapı daha bağlanmayacaq. Mən də qapıdan çıxıram, balaca uşaqlarım bir-birlərinin əllərindən tutub məni gözləyirdilər. Yuxudan oyananda ürəyimdə bir rahatlıq var idi. Sonra fikirləşdim ki, Nigar xanımın və onun atasının, babasının, anasının taleyi həmişə Gəncə ilə, Azərbaycanın tarixi, ictimai fikiri ilə bağlı olub! Məhz onun Ələkbər babası tanınmış həkim, xeyriyyəçi, atası Gəncənin general-qubernatoru Xudadat bəy nə qədər xeyirxah işlərə əl atıblar. Nigar xanımın anası Cavahir xanımın xeyriyyəçilik fəaliyyəti, Gəncədə Qızlar məktəbini açması və bir çox başqa xoş, yaddaqalan işləri adamların yaddaşında qalıb, nəsildən-nəslə keçir. Nigar xanımın taleyi rəvan olmayıb. Atası bolşeviklər tərəfindən güllələnəndən sonra, Rəfibəyli soyadını daşıyanların bir qismi Sibirə sürgünə göndərildi, bir qismi mühacirətə üz tutdu. Nigar xanım anası Cavahir xanımla Bakıda qərar tutdu. Və ən təqdirəlayiq məqam odur ki füsünkar gözəlliyə malik olan Nigar xanım həyatın isti-soyuğuna, ona qarşı olunan təqib və təhdidlərə dözdü - sınmadı. Öz adını və ləyaqətini qorumağı bacardı. Bununla belə qələmini əlindən düşməyə qoymadı. Onun vaxtilə Əlcəzair xalqının qəhrəman qızı Cəmilə Buxiridə həsr etdiyi "Cəmilə" poeması, ispan xalqının faşizmə qarşı mübarizə aparan qadın-lideri Dolores İbarruriyə həsr etdiyi şeirləri əldən-ələ keçirdi. Məhz onun parlaq tərcüməsində E.L.Voyniçin "Ovod", F.Şillerin "Məkr və Məhəbbət", A.Çexovdan, A.Mitskeviçdən, A.Puşkindən, M.Lermontovdan etdiyi tərcümələr sayəsində bu böyük yazarlar Azərbaycanda sevilib. Nigar xanımın öz şeirləri isə həmişəlik yaddaşlarda və qəlblərdə qalıb.
P.S. Hərdən Gəncədəki parkda olanda görürəm ki, burada ucalan Nigar Rəfibəylinin abidəsi önündə gənc oğlan və qızlar şəkillər çəkdirirlər. Düşünürəm ki, yüksək və xeyirxah amallara xidmət edən, namus və ləyəqətini qorumağı bacaran insanların xatirəsi heç vaxt ölmür, necə ki Nigar Rəfibəylinin adı yaşayır və yaşayacaqdır.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!