Bir gör azadə ləpələri necə qarşılayır daşlar... - Visente ALEYSANDRE - Şeirlər

ƏDƏBİYYAT ÜZRƏ 1977-Cİ İLİN NOBEL MÜKAFATÇISI: Visente ALEYSANDRE İspan şairi, 1927-ci illər ədəbi nəslinin nümayəndəsidir. 26 aprel 1898-ci ildə Sevilyada anadan olub. Avanqard şeirləri ilə ispan poeziyasına yeni nəfəs bəxş edib. "Atmosfer" adlı ilk şeirlər toplusu 1928-ci ildə işıq üzü görüb. Onun ardınca "Şpaqa kimi dodaqlar" (1932), "Cənnətin kölgəsi" (1944), "Migel Ernandesin ölümünə" (1948) kimi kitabları ilə oxucuların və ədəbi ictimaiyyətin diqqətini çəkib. 1934-cü ildə "İspan milli ədəbiyyatı mükafatı"na layiq görülüb. Vətəndaş müharibəsi dönəmində Respublika tərəfdarı olub. 1950-ci ildə Kral dil akademiyasının üzvü seçilib. İspan şeirinin görkəmli nümayəndəsi Visente Aleysandre 1977-ci ildə ədəbiyyat üzrə növbəti Nobel mükafatı alıb. Mükafat şairə "insanın kosmosda və müasir cəmiyyətdəki halını ustalıqla, poetik boyalarla təsvir edə, eyni zamanda dünya müharabələri arasında ispan poeziyasının dirilişini qoruyub saxlaya bildiyi üçün" verilib. Şair 14 dekabr 1984-cü ildə Madriddə vəfat edib.

 

TORPAQ

Torpaq bu sınaqdan

yaman yoruldu.

Otlar yaşıl çələng kimi

sevdi torpağı, ona vuruldu.

Mehrini göylərə saldı torpaq.

Nə oldu?

Bilmədi, bu ot, bu yarpaq

tərtəmiz, bomboş,

zülmətlərin içindən sıyrıldı,

unutdu birgecəlik kədəri, qəmi.

Qızılı şəfəqə büründü

səhər açılan kimi.  

 

ALOV

Tənhadır alov,

məhkumdur tənhalığın əzabına.

Bir gör səmaların sahibi

necə alov saçır göy üzündə!

Quşlar qanadlarını

atəşdə yandırmadan

məğrur-məğrur süzürlər

bulud dənizində.

İnsan tonqalı necə?

Nə yaxşı ki hələ çox var ona -

qiyamət günü bütün alovlar

bürünəcək İblis donuna.

O zaman

ən təmiz, ən aydın, ən saf

alov bürüyəcək səni insan…

Tələsmə o atəşdə yanmağa,

bir dayan!

 

HAVA

Dənizə oxşayır, ucsuz-bucaqsız

Dəniz tək dalğındır bu göy, bu hava.

           İşıq səhrası tək uzanıb gedir

Qoynunda ulduzlar salıb yurd-yuva.

Ölməzdir hava! Sığınsan ona

Sevgi tək dolar köksünə.

Amma ölməzdir o,

səndən yoxdur xəbəri,

Xatırlamır səni

sənə həyat verəndən bəri.

 

DƏNİZ

Yenəmi mavi dənizin dodaqları

kədərlə yalayır sahili?

Bir gör azadə ləpələri

necə qarşılayır daşlar.

Göy üzündə hüzur, dənizdə - Günəş!

Zər şəfəqlərəmi bürünüb

balıq diliylə danışan sular?

Dənizəmi qərq olub kədər?

Tanrım, köksümdə ürək

mavi işıqda çırpınır balıq tək:

çırpınır ölümlə qol-boyun olana qədər.

 

GƏNCLİK

Ulduzlar yenə də uca zirvədə.

Gözlər hara baxır müqəssir kimi?

Dikilib səmaya, göy qübbəsinə:

Qolları qandallı bir əsir kimi.

 

Kərpic maneələr, kirəmit damlar,

Hər tərəf bir divar, hər yan bir qala.

Ömür bu divarın aralığında

Ulduz tək əlçatmaz olur az qala.

 

Lakin yetişəcək - bir gün, gələcək

Divarlar uçacaq, çökəcək yerə.

Nura boyanacaq dörd bir yanımız,

Qalib gələcəkdir sevinc kədərə!

 

Mən isə əbədi kor olacağam,

Həyat amansızdır, gözü qapalı...

Mənim azadlığım - ürək qəfəsdə

Çırpınıb qalacaq qolları bağlı.

 

(İspan dilindən sətri tərcümə

Çingiz Ağasiyevindir)

 

Tərcümə edəni:    Əyyub Qiyas


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!