Hicran HÜSEYNOVA - Bütün yolların başlanğıcı - təhsil

Həmişə deyirik ki, uşaqlar xalqımızın milli-mənəvi dəyərlərinə hörmət ruhunda tərbiyə olunmalıdır. Sözsüz! Amma bu milli-mənəvi dəyərlərin nədən ibarət olduğunu özümüz düzgünmü anlayırıq?.. Hamlet demişkən, bax budur məsələ! ... Bizdə ailə dəyərləri həmişə mükəmməl sayılıb. Amma bu yaxınlarda 8-ci sinif şagirdlərindən birinin kitabındakı mətn bu haqda fikirlərimi alt-üst etdi, demək olar. Əcəba, əgər mənim bu yaşımda kiçik bir mətnlə fikirlərim qarışırsa, hələ formalaşmaqda olan gənc nəslin ideologiyası nə vəziyyətdə olar?! Çox təfərrüata varmadan məni heyrətləndirən mətni diqqətinizə çatdırım.

 

 

Təhsil, dəbdə olan ifadə ilə desək, prioritet sahələrdəndir. Odur ki, bu sahədəki problemlərdən, çatışmazlıqlardan və görmək istədiklərimizdən nə qədər çox danışsaq, yenə azdır. Bir dəfə də yazmışdım bu barədə, "Ulduz" jurnalında gedən "Təhsil. Yolumuz burdan keçir" başlıqlı yazımda (İndi diqqət edirəm ki, fikrimi bu dəfə daha dəqiq ifadə etmişəm, çünki yolumuz təhsildən keçmir, məhz burdan başlayır). Bilmirəm, o yazını neçə nəfər oxuyub, hər halda düşündüklərini kağıza köçürmək də bir işdi. Bir də ki, bu, gül-bülbül sevdası deyil axı, millətin bugünü, gələcəyidir. Elə bu səbəbdən də yenə rastıma çıxan mənfilikləri sıralamaq qərarına gəldim.

Mənəvi dəyərləri

düzgünmü anlayırıq?

Həmişə deyirik ki, uşaqlar xalqımızın milli-mənəvi dəyərlərinə hörmət ruhunda tərbiyə olunmalıdır. Sözsüz! Amma bu milli-mənəvi dəyərlərin nədən ibarət olduğunu özümüz düzgünmü anlayırıq?..

Hamlet demişkən, bax budur məsələ!

... Bizdə ailə dəyərləri həmişə mükəmməl sayılıb. Amma bu yaxınlarda 8-ci sinif şagirdlərindən birinin kitabındakı mətn bu haqda fikirlərimi alt-üst etdi, demək olar. Əcəba, əgər mənim bu yaşımda kiçik bir mətnlə fikirlərim qarışırsa, hələ formalaşmaqda olan gənc nəslin ideologiyası nə vəziyyətdə olar?! Çox təfərrüata varmadan məni heyrətləndirən mətni diqqətinizə çatdırım.

... Bir kişi həmişə mağazadan üç çörək alırmış. Satıcı ondan niyə üç çörək aldığını soruşanda kişi belə cavab verir: "Birini borc verirəm, biriylə borcumu qaytarıram, o birini də özüm yeyirəm".

Məzmun budur. Məna isə görün nəymiş: Birini borcuma verirəm, o deməkdir ki, məni saxlayan ata-anama verdikləri çörəyi qaytarıram.

Birini özüm yeyirəm, bu, aydın. Birini isə borc verirəm, o deməkdir ki, övladıma bu çörəyi borc verirəm. Yəni gələcəkdə, mən qocalanda çörəyi qaytarsın...

Məncə, şərhə ehtiyac yoxdur. Sadəcə, Həzrət Əlinin bir kəlamını xatırladım: "Minnətlə edilən, əvəzi gözlənilən yaxşılığın günahı savabından çoxdur".

Müxtəlif düşüncəli adamların borc duyğusu ilə sevgi hissini səhv saldığının dəfələrlə  şahidi olmuşam. Dərslikdə isə birinci dəfə görürdüm...

Onda heyvanları yemləməyi niyə tövsiyə edirik balacalara? Blokda boynunu büküb duran zavallı pişik balası ona verilən tikənin əvəzini qaytarmayacaq axı?..

Biz insan yetişdiririk,

yoxsa vunderkind?

Gah Şərqə, gah da Qərbə baxıb çaş-baş qalan biçarə balalar. Valideynlər də, təhsil işçiləri də onlardan birmənalı olaraq vunderkind olmağı tələb edir, nə yazıq...

3-cü sinif şagirdi Aytacın test kitabından:

Cümlələrdən birində söz birləşməsinin növü digərlərindən fərqlidir?

A) Güclü yağış yağır.

B) Köynəyin düyməsi düşmüşdü.

C) Vətəni qorumaq borcumuzdur.

D) Dağın zirvəsi qarla örtülmüşdü.

Söz birləşmələri, ismi və feli birləşmələr haqda nə qədər danışdımsa, Aytac heç nə başa düşmədi. Gözlərini döyüb günahkar-günahkar baxdı. Bilmirəm nəyə görə, amma mən də günahkar hiss etdim özümü...

Başqa testdə xəbəri söz birləşməsi ilə ifadə olunan cümləni tapmaq tələb olunurdu. Dinməz-söyləməz D bəndini işarələyib uşağa verdim. Bu testlərin "əlində qalan" şagird repetitora müraciət etməsin, nə etsin? Bəzən "bizim vaxtımızda repetitor-zad yox idi" deyənlər də tapılır. Onlar, yaxşı olar, bu dərslikləri vərəqləsin arada.

Aytacın yaşıdları

başqa ölkələrdə

Bəs başqa ölkələrdə necə oxuyur Aytacın yaşıdları? Maraqlıdır. Görəsən, onlar da 8-ci sinif proqramına uyğun təyini söz birləşmələrini, yaxud feli birləşmələri öyrənirmi?

Əsla! Bu günlərdə Finlandiyadakı təhsil haqqında oxudum. Daha doğrusu, təhsildəki islahatlar haqda. Əsas və ən vacib islahatlardan biri: ibtidai siniflərin dərs yükünü maksimum azaltmış, ev tapşırığı məsələsini isə ləğv etmişlər. Evə fiziki aktivlik tələb edən  tapşırıqlar verilir uşaqlara. Məsələn, ağaca dırmaşmaq (!) Bəli, Finlandiyada təhsil işçiləri məhz sağlam, xoşbəxt, ümumiyyətlə, normal insan yetişdirmək haqda düşünür.

Yaponiyada isə uşaqlar 10 yaşa qədər ağır fənlər keçmir və heç bir imtahan vermirlər. Çünki bu dövr uşaqların ən həssas dövrüdür və onlar öz uşaqlıqlarını yaşamalıdırlar. 10 yaşa qədər dərslər ancaq xeyirxah bir insan olmaq, faydalı işlər görmək, vətəninə, millətinə bağlılıq istiqamətində olur.

Bizdə isə 1-ci sinif şagirdi Fatimədən məcaz soruşulur, məcaz da nə məcaz: "Nanənin gəlinciyimdə gözü qalmışdı". Feilin məcazi mənada olması bir yana, cümlənin məna yükünə baxın...

Yaxud belə bir test tapşırığı:

Hansı cümləni dərzilər söyləyə bilər?

A) Yaxanı qaldırdım ki, soyuq olmasın (Yaxalığını demək istəyib).

B) Yaxanı düymələ - səliqəli görün.

C) Yaxasına da qəşəng buta işləyəcəyəm.

Labirintlər içrə

...Dövlət İmtahan Mərkəzinin 9-cu siniflər üçün tərtib etdiyi yeni təhsil proqramı (kurikulum) üzrə qiymətləndirmə tapşırıqlarını vərəqləyirəm.

İbtidai siniflərdə yaşından, başından böyük tapşırıqlarla üzləşib çaş qalan balalarımız sanki 9-cu sinifdə təzədən uşaqlaşır...

"İbrət"adlı bir mətndə ilk cümlə belədir: "Səksən yaşlarında qoca bir ata ilə qırx yaşlı oğlu salonda oturmuşdular". Sonda verilən suallara diqqət edin.

Mətnə əsasən doğru fikirdir:

1. Atanın yaşı oğlunun yaşından iki dəfə çoxdur.

2. Oğlu subaydır.

3. Qarğa ilə bağlı dəftərdə yazılan hadisə otuz yeddi il əvvəl olub.

4. Mənzil ən azı iki otaqdan ibarətdir.

5. Ata ilə oğul çox nadir hallarda görüşürlər.

A) 1,3,4    B) 3, 4, 5   C) 1, 2, 3   D) 2,5    E) 2,4

Başqa test tapşırığında mətn əsasında cavablandırılması mümkün olmayan sualı müəyyən etmək tələb olunur. Məsələn, bəndin birində soruşulur ki, oğul harada yaşayır? Başqa bir bənddə ailə üzvlərinin sayı soruşulur. Təbii ki, şagird mətndə cavabı olmayan sualları müəyyən edəcək. Mənsə istər-istəməz düşünürəm, görəsən, bütün bunların Azərbaycan dilinə nə dəxli?

İnsafən, kitabda maraqlı suallar da çoxdur. Məsələn, söz birləşməsini cümlə daxilində həm mübtəda, həm tamamlıq, həm zərflik, həm də xəbər kimi işlətmək tapşırığı çox maraqlıdır və bütün sintaksisi əhatə edir, demək olar. Belə maraqlı suallar kifayət qədərdir. Amma iş ondadır ki, maraqlı suallara gəlib çatınca mətnlərlə əlaqəli lüzumsuz testlər şagirdləri hədsiz dərəcədə usandırır. Nümunə üçün "Mən İranın hamısını yarısına dəyişmərəm" adlı mətnə aid sualları nəzərdən keçirək: Amerika yazıçısı Vilson Folletin " Hər gücsüzün bir gücü, hər güclünün də bir gücsüz tərəfi vardır" deyimindən  istifadə etməklə Dara və İsgəndərin hər birinin hərəkətlərinə aid bir fikir yazın.

Xeyli düşünəndən sonra Daranın imperiyanın bir hissəsini təklif etməsini zəif, İsgəndəri qiymətləndirməsini güclü cəhət, İsgəndərin də Daranın ailəsiylə ləyaqətli davranmasını da onun güclü cəhəti kimi qiymətləndirdik. İsgəndərin zəif cəhətini tapa bilmədik, təəssüf.

Elə bu düşüncələrə itirdiyimiz vaxta da təəssüfləndik, nə qədər test eləmək olardı bunun əvəzində... Bir də istər-istəməz düşünürsən ki, bu şagirdlər yalnız Azərbaycan dili keçmir axı. Onlar cəbr və həndəsəyə, kimyaya, fizikaya, ədəbiyyata, xarici dilə də vaxt ayırmalıdır. Təkcə Darayla İsgəndərin xarakterik xüsusiyyətlərini saf-çürük etməyə bu qədər zehni əmək sərf edən məktəbli o biri fənlərlə nə edəcək?..  Mətnə aid iki cədvəl verilib. Qrafalara bölünmüş birinci cədvəldə şagird tarixi hadisəni, məkanı və surətləri qeyd etməlidir. İkinci cədvəldə isə səbəb və nəticələri. Məsələn, İsgəndərin Daraya boyun əyməməsi səbəb qrafasındadırsa, şagird nəticə qrafasına nəticə haqqında yazmalıdır. İranın məğlub olması səbəbdirsə, Daranın ailəsinin əsir düşməsi nəticə olmalıdır və s.

Adam, həqiqətən, bu mətnin içində başını itirir. Çətinliklə sualları cavablandırandan sonra məşhur "Ac həriflər" (rejissor Ramiz Həsənoğlu) tamaşasında Yaşar Nurinin qəzet oxuyarkən dediyi söz yada düşür: "Hə, nə olsun?"

Nəticə olaraq

Bəzən, tutaq ki, İ.Şıxlının "Dəli Kür"  romanında Mələyin yaylığının hara düşməsindən tutmuş, diskirminant tənliklərə qədər öyrənməli olan şagirdin (daha sonra abituriyentin) yaxşı insan olacağına, bir az pafosla ifadə etsəm, cəmiyyətə yararlı olacağına şübhə edirəm. Hələ həyatla üz-üzə qalmamışdan bu qədər dolaşıqlığın, labirintin içinə düşən, bir növ təzyiqə, təsirə məruz qalan yeniyetmə (daha sonra gənc), yəqin , ən yaxşı halda əsəbi, acıqlı, pis halda qisasçı, qənimətçi olacaq.

Bəlkə, yaxa qurtaraq bu stereotiplərdən? Bəlkə, təhsillə bağlı hər detala yeni gözlə, yeni baxışla baxaq? Bir dərsliklərimizə, təhsil sistemimizə, bir də dönüb balalarımıza baxaq?

Mən baxdım. Və yüzlərlə qeydimdən yalnız bir neçəsini qələmə aldım. O gün olsun, müsbət dəyişikliklərdən yazaq.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!