Kənan Hacı - Xəyanət üçün zəhər - Emil Zolyanın "Tereza Raken" romanı üzərinə qeydlər - Kənan HACI

Nədənsə Emil Zolyanın əksər əsərləri oxşar tale yaşayıb. "Tereza Raken"də çap olunanda fransız elitası romana qarşı hücuma keçmişdi. Yazıçı romana geniş bir ön söz yazmaq məcburiyyətində qalmışdı və mətanətlə öz əsərini müdafiə etmişdi. Romanın ön sözündə naturalizmin yaradıcısı yazırdı: "Romanı diqqətlə oxuyan hər kəs onun hər fəslinin maraqlı psixoloji hadisələrlə araşdırıldığına əmin olmalıdır. Bir sözlə, tək və yeganə istəyim fiziki cəhətdən güclü bir kişi ilə tələbatı təmin olunmayan bir qadının timsalında insanın heyvani mənşəyini açmaq, bütün diqqəti bu heyvan mənşəyinə yönəltmək, bu varlıqların amansız dramını göstərmək, onların hisslərini və hərəkətlərini diqqətlə təsvir etmək idi. Cərrahlar cəsədləri necə müayinə edirlərsə, mən də bu iki canlı cəsədi müayinə etməyə çalışdım".

Kənan HACI

 

Elə yazıçılar var ki, onların adı çəkiləndə əsərlərindən daha çox yaşadığı dövrdə gördüyü hansısa tarixi əhəmiyyətli bir iş, əməl xatırlanır. İnsanlar o yazıçıları mənsub olduqları millətin taleyində iz buraxan əməlin müəllifi kimi tanıyırlar. XIX əsr klassik fransız naturalist nəsrinin parlaq və ziddiyyətli simalarından olan Emil Zolya bu tipli yazıçılardandır. Onun adı çəkiləndə hökmən "Dreyfus hadisəsi" də yada düşür. Bu haqda bir qədər sonra danışacağıq.

Emil Zolya 1840-cı il dekabrın 2-də Parisdə yoxsul bir ailədə dünyaya gəlmişdi. Lakin uşaqlıq illərini Fransanın Ekzi şəhərində keçirməli oldu. Atası Venesiya immiqrantı mühəndis Fransua Zolya, anası fransız Emili Ober idi. Atası erkən dünyasını dəyişdiyinə görə kiçik yaşlarından evin bütün yükü Emil Zolyanın üzərinə düşmüşdü. Atasız uşaq Burbon kollecində təhsil alır, elə həmin dövrdə də ədəbiyyatla maraqlanır, dövrünün bütün məşhur yazıçılarının əsərlərini oxuyur. Emil Zolyanın yazıçı kimi yetişməyində bu yazıçıların, xüsusən, Viktor Hüqonun böyük rolu olub. Gələcəyin yazıçısı ailəsinin tanışları hesabına Parisdə təhsil almağa cəhd edir, lakin bu cəhdi uğursuzluqla nəticələndiyindən özünə iş axtarmağa başlayır. Bir neçə il işsiz qalan Zolya məcburiyyət qarşısında qəzetlərə, yazılara tənqidi yazılar yazmağa başlayır. Ədəbiyyat onu özünə doğru çəkirdi, həmin dövrdə Zolya bir neçə əsər yazsa da bu əsərlərin heç biri ona uğur gətirmir. Lakin içindəki yazmaq ehtirası onu tərk etmir. Nəhayət,  XX cildlik "Ruqan Makkar: İkinci imperiya dövründə bir ailənin təbii və sosial tarixi" silsiləsini yazmağa başladı. Bu silsiləyə o, ömrünün 22 ilini sərf edib. Bu silsilə ona bir yazıçı kimi şöhrət qazandırdı. Emil Zolya daim Parisin qaynar yaradıcı mühitinin içində olub, müntəzəm şəkildə kafelərdə incəsənət, ədəbiyyat müzakirələrinə qatılır, Sezan, Pyer Egüst Renuar kimi impressionist rəssamları müdafiə edir. "Jerminal" əsərində Borinajda kömürçıxaranlara vaizlik edən dünyəvi Məsihin obrazını yaradarkən onun məhz Van Qoq olduğu ağlına belə gəlməyib. O, özünün yaratdığı obrazla Parisdəki kafelərdən birində təsadüfən rastlaşır və söhbət əsnasında həmin vaizin Van Qoq olduğunu bilir və heyrətlə içini çəkir: "Deməli, həmin o ikinci Məsih sizsiniz!"

Uzun illər öncə Van Qoq haqqında yazımda bu barədə yazmışam. Yeddi-səkkiz il əvvəl Emil Zolyanın Fransanın Baş Qərargahında vəzifə daşıyan 25 yaşlı topçu Yüzbaşı Dreyfusun həbs edilməsiylə bağlı Felix Fauerə (o dövrdə Fransanın prezidenti - müəllif) ünvanladığı "İttiham edirəm" başlıqlı  məktubunu da ədəbi saytlardan biri üçün mən dilimizə çevirmişdim. Bu hadisədən sonra yazıçı ölkəsindən getmək məcburiyyətində qalmışdı.

O zaman hələ Emil Zolyanın heç bir əsərini oxumamışdım. Sonralar "Fransız ədəbiyyatı antologiyası"nda onun "Dəyirmanın mühasirəsi" adlı uzun hekayəsini oxudum və bu əsər məni sarsıtdı. Romanı dilimizə mərhum yazıçımız Ənvər Məmmədxanlı çevirib. Prussiyalılar hücuma keçib dəyirmanı mühasirəyə alırlar, əcnəbi gənc qoca dəyirmançının qızına vurulub, bu sevgi qarşılıqlıdır. Prussiyalılar dəyirmançını da, onun qızının sevgilisini də öldürürlər. Bu zaman fransız əsgərləri "qalibiyyət!" deyə hayqıraraq dəyirmana gəlib çıxırlar, atasının və sevdiyi oğlanın meyiti üstündə ağlını itirməkdə olan zavallı qızı görürlər. Bu məqamda "qalibiyyət" sözü nə qədər miskin görünür.

Emil Zolya naturalizmin görkəmli nümayəndəsi idi. Amma daha bir Nobelçi fransız yazıçısı Anatol Frans ədəbi araşdırmalarında Zolyanın naturalizmini birmənalı şəkildə qəbul edə bilmirdi, onun fikrincə realizm daha geniş spektrə malik bir sahəni əhatə etməli, insanın mənəvi dünyasının qatlarına enməyi bacarmalıdır. Amma Emil Zolyanın estetik konsepsiyası məhz ictimai və sosial sferanın mərkəzində insan faktoruna əsaslanırdı. Ona ən çox uğur gətirən əsərlərindən hesab edilən "Tereza Raken" romanı Floberin "Madam Bovari"sindən sonra yazılmışdı və sözsüz ki, Zolya Floberdən təsirlənməmiş deyildi. Emma Bovarinin tək içdiyi zəhəri Tereza öz oynaşı ilə birlikdə içirlər. Qadın xəyanəti və bu xəyanətdən doğan mənəvi iztirablar... Bu mövzuda bir dəfə "Fransız romanlarında qadın xəyanəti" adlı bir yazı yazmışdım. Flober, Zolya, Mopassan - bu yazıçılar XIX əsr fransız cəmiyyətinin aynası idilər. Qadın xəyanəti Mopassanın "Gözəl dost" əsərində dahiyanə şəkildə öz bədii həllini tapıb. Zolya isə təkcə qadının deyil, kişinin də mahiyyətindəki xəyanət meyillərinin köklərini araşdırır. Çarli Çaplin deyirdi ki, "hər kəs məni öz səviyyəsinə uyğun başa düşəcək". Bu sözləri Emil Zolyaya da aid etmək olar. Onun əsərləri zamanın testindən çıxmış mətnlərdir. "Jerveza" romanı çap olunanda yazıçıya qarşı hücumlar olmuşdu. O zaman yazıçı özü-özünü müdafiə etmişdi: "Mən gerçəkləri yazdım, romanın qəhrəmanları pis insanlar deyil, sadəcə, təhsilsiz, hüquqsuzdurlar, onlar düşdükləri mühitin yıpratdığı insanlardır. ...Əsərim məni müdafiə edəcək. Gerçəklərin kitabıdır bu. Xalqı olduğu kimi göstərən ilk romandır". Jerveza fransız toplumunun qurbanıdır, əyyaş kişilər ona axtardığı səadəti verə bilmirlər, qadın öz evinə qəbirə girirmiş kimi girir, onu bu evdə qəbir əzabından da betər əzablar gözləyir. Jerveza xəyanət etmir, o, dəfələrlə aldadılır, müdafiəsiz qalır, səfalətə sürüklənir.  

Nədənsə Emil Zolyanın əksər əsərləri oxşar tale yaşayıb. "Tereza Raken"də çap olunanda fransız elitası romana qarşı hücuma keçmişdi. Yazıçı romana geniş bir ön söz yazmaq məcburiyyətində qalmışdı və mətanətlə öz əsərini müdafiə etmişdi. Romanın ön sözündə naturalizmin yaradıcısı yazırdı:

"Romanı diqqətlə oxuyan hər kəs onun hər fəslinin maraqlı psixoloji hadisələrlə araşdırıldığına əmin olmalıdır. Bir sözlə, tək və yeganə istəyim fiziki cəhətdən güclü bir kişi ilə tələbatı təmin olunmayan bir qadının timsalında insanın heyvani mənşəyini açmaq, bütün diqqəti bu heyvan mənşəyinə yönəltmək, bu varlıqların amansız dramını göstərmək, onların hisslərini və hərəkətlərini diqqətlə təsvir etmək idi. Cərrahlar cəsədləri necə müayinə edirlərsə, mən də bu iki canlı cəsədi müayinə etməyə çalışdım".

"Tereza Raken" romanında hər kəs istədiyini tapa bilər. Əsərin kəskin süjet xətti var. Xırdavat alverçisi olan Xanım Raken Sena çayının sahilinə enən yolda bir ev kirayələyib, oğlu və müharibədə həyatını itirmiş qardaşının qızı ilə birlikdə bu evdə yaşayır. Xanım Rakenin uşaqlıqdan xəstə olan zəif cüssəli oğlu Kamill kişilik xarakterindən məhrum, iradəsiz bir adamdır, Tereza ilə onların uşaqlığı birlikdə keçib, sonda ev sahibəsi oğluna ancaq öz qardaşı qızının münasib arvad ola biləcəyini düşünür və onları evləndirir. Tereza gözünü açandan qapalı, cansıxıcı bir mühitdə böyüyüb, ərə getsə də bu sönük, darıxırıcı həyat tərzi davam edir. Onun isə içində fırtınalar baş qaldırır, gənclik eşqi onu həyata səsləyir. Günlərin bir günü ərinin dostu Doran gəlib çıxır və elə həmin gündən onların arasında gizli eşq başlanır. Doran Terezanın əri Kamillin tam əksidir, qüvvətlidir, onda kişiyə xas olan bütün keyfiyyətlər var, qız onu görən kimi vurulur və onunla ərinə xəyanət edir. Xanım Rakenin başı aşağı mərtəbədə xırdavat mağazasına qarışanda, Terezanın əri işdə olanda onlar elə həmin evdəcə görüşüb özlərini vəhşi ehtiraslarına təslim edirlər. Doran qızın ərini öldürür və bu cinayət Terezanın gözü qarşısında baş verir. Qadın seyrçi mövqedə durur, ərini qatilin əlindən xilas etmir. Onlar cinayət ortağıdırlar və bu fikir onlara rahatlıq vermir, birlikdə yaşadıqları hər gün, hər saat, hər dəqiqə mənəvi işgəncə onların sağlam şüurunu sıradan çıxarır. Doran rəssamdır və o, çəkdiyi bütün rəsmlərdə özündən asılı olmayaraq öldürdüyü adamı çəkir. "Onun şüuraltı hissi barmaqlarına yalnız Kamilli təsvir etməyi diktə edirdi; dəhşət içində əllərinə baxdı. Sanki bu əllər artıq ona məxsus deyildi".  

Nəhayət, çıxış yolunu birlikdə intiharda görürlər. Bu intihara qədər yazıçı onların psixoloji durumunu təşrih edir, hər ikisini çıxılmaz dalana gətirib çıxarır. Cinayəti artıq iflic olub bir küncdə qalmış Xanım Rakendən də gizlədə bilmirlər. Zavallı qadın oğlunun qatilləri ilə bir damın altında yaşamaq məşəqqətinə dözür, onun yeganə arzusu onların cəzalanacağı günü görməkdir, bunun üçün hər gün səssizcə Tanrıya yalvarır. Onlar elə bu şikəst qadının gözləri önündə canlarını tapşırırlar.

"Tereza Raken" elə bir əsərdir ki, bu əsəri həm şeytan olmaq, həm də şeytandan qorunmaq istəyənlər bir dərslik kimi oxuya bilər. Emil Zolyanın əsərlərində naturalizmdən ekzistensializmə cəmi bir addım yol var.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!