Günel EYVAZLI
Adı qulaqlarımızda müasir ifadə kimi səslənsə də, post təfəkkür, postinsan terminin kökü uzaq keçmişdən gəlir. Qədim sivilizasiya deyib arxaya boylansaq, zamanını beyin işlətiminə yönəldən və insanları təfəkkür əsarətindən xilas etmək üçün milyon yol düşünən və fəlsəfi kəşflərinin istifadəsinə çalışan azsaylı alim və filosofların olduğunu görəcəyik. Hətta dini mətnlərdə adı tez-tez hallanan İbrahimin özünün də əsas məqsədi yalnız formaca məlum bütləri sındırmaq deyildi. Məqsəd beyinlərdə özünə yer tutmuş qəlib təfəkkürü tərpətməkdən ibarət idi.
Çətinliklə başa gəlsə belə, ard-arda gələn monoteist konsepsiyalar, dinlər (mən hətta onları fəlsəfə adlandırardım) insanları təkə inanmağa yönləndirə bildi. Amma yenə də məqsəd insanları ilahi, fövqəlbəşəri nəyəsə inandırmaq deyildi əslində. Məqsəd onları vahid axına gətirməklə daha böyük möhtəşəmlik zirvəsinə çatmağa yardım etmək idi. Onları yeni, fərqli epoxaya yola salmaq idi.
İlkin səmavi mətnlərdə bizlər mono yaradıcının ondan öncəki Allahlara (öncəki təfəkkürün formalaşdırdığı Allah əlamətləri) bənzərliyini müşahidə edə bilirik. Məsələn, Tövratda Rəbbin Musaya davamlı olaraq təkrarladığı "Mən fironu daha da inadkarlaşdıracam" (məncə, inad əvəzinə sevgi də göndərə bilərdi) ifadəsi eynilə Olimp Allahlarının insan taleyinə birbaşa müdaxilə etməsi qaydaları ilə üst-üstə düşür və ya ardıcıl olaraq Misir üzərinə gələn bəlalar və Rəbbin tez-tez "Firon biləcək ki, Rəbb yalnız mənəm" (Mənim var olduğuma inanacaq) kimi daimi özünü sübut təkrarları Zefsin müəyyən xüsusiyyətlərinin göstəricisi kimi ilkin kitablarda rudiment olaraq qalmış olur. İstənilən halda isə, bu fəlsəfi düşüncələr toplusunun məqsədi insan təfəkkürünə təsir etmə metodikası üzərində qurulub. Haradasa indiki psixoloji yönümlü məşhur kitablar kimi.
Cəmiyyətlər inkişaf edir, təfəkkür özünün yeni formasiyasına qədəm qoyur amma, yenə də daxili buxovlar, stereotip adlandırdığımız qəliblər mövcudiyyatında davam edir. Nitsşenin daima qulağımda səslənən sədaları "Əgər insan meymundan yaranıbsa, demək insan da üst insana çevrilə bilər" sözləri məni yenə də Nəsimi zirvəsinin ətəklərinə gətirir. Bir zaman qədim insan necə ki, Allahların evi olan Olimp zirvələrinə müqəddəs zirvə kimi baxırdısa, mən də ilbəil artmaqda olan və hündürlük ölçüsünü daima dəyişən əlahəzrət Himalay möhtəşəmliyi qədər Nəsimiyə heyranlıqla baxıram.
Məni Nəsimidə heyran edən ən əsas cəhət indinin populyar sözünə çevrilmiş üstinsan və ya postinsan fəlsəfəsidir ki, düşünürəm, o da Nəsimi poeziyasında artıq mövcud idi. Təkcə poeziyasında deyil, elə Nəsiminin özü də təpədən-dırnağa postinsan, üst təfəkkür idi. Öz cəmiyyəti üçün qəbul olunmayan, yaxına buraxılmayan yeni təfəkkürlü, fərqli biçimli insan obrazı idi. O, heç kimə bənzəmirdi. Yaşadığı cəmiyyətin yabancısı idi. Xalqın taleyini dəyişmək üçün gələn Musa idi, həm də. Ya da kiminsə əziz Gerşomu (Gerşom - Musanın ilk oğlu. İbranicə - qərib anlamında).
Nəsimi dövrünün savadlı filosoflarından idi. Məncə, onu yalnız şair kimi öyrənmək günah olar. Əgər ondan öncə sufi, hürufi alimləri cild-cild əsərlər yazmışdılarsa, Nəsimi onlardan fərqli olaraq daha çətin bir üslubda öz fəlsəfi ayələrini təqdim etməyi çiyinləri üzərinə almışdı. Dərviş insan, xalqın qulağına uyğun ritmlər üzərində bu ayələri çatdırmağa çalışırdı. Eynilə avazsız oxunması mümkün olmayan namaz çağırışı - əzan kimi. O da insanları daxillərində mövcud olan ilahi energetikaya doğru səsləyirdi.
Nəsimi həm də İsa aşiqi idi. Beytlərində dəfələrlə təkrar etdiyi bu İlahi isim əslində ona yalnız ad olaraq deyil, fəlsəfə olaraq da doğma və anlaşılan idi.
Yıxıldı canına canı dəmi İsa - Nəsiminin
Vüsalı dərdinə dərman, irişdi cani-bimarə.
Və ya:
Barmaq ilən göstərərlər kim, ümündür qibləgah,
Ol şəhadətdən dönübdür küfri-iman sizlərə.
O, İsanı peyğəmbər kimi deyil, filosof kimi dərk edirdi. İsa özünü Allahın oğlu adlandırırdı. Xalq onu Allah (Rəbb) kimi qəbul edirdi. Əslində, İsa dövrünün yeni ideologiyasını irəli sürürdü.
İndi isə vəziyyət bir az fərqlidir. Müasir postinsan terminini və ya bu təfəkkürü aşılamaq istəyən müddəaları öyrənsək, yalnız cismani cəhətdən qüvvənin hakim olduğunu görmüş olacayıq. Yəni güc postinsan üçün əsas göstərici hesab olunur. Məsələn, müasir təlimlər (Hermetik) insanın əzab, emosiya, nifrət kimi keyfiyyətlərini itirən zaman üst insana çevriləcəyini iddia edirlər. Və bu cür transformatik düşüncə tərzi bəziləri tərəfindən Allah qanunlarına qarşı çıxırmış kimi qiymətləndirilir. Halbuki Allah qanunu deyilən nəsnə elə üst insan olma möhtəşəmliyini bizə dəfələrlə təkrarlayır. Allaha çevrilmə, Allah olma, möhtəşəm olma, üst, post olma sözləri ilə eynilik təşkil edir.
Əslində, bu davamlı tendensiya həm də Darvin zamanında mövcud idi ki, məhz onun təkamül ardıcıllığını göstərməsinin canında elə bundan sonra olacaq növbəti ardıcıllıqlara eyham vurmaq istəyi idi. Elə eyni səbəb Hitleri mükəmməl irq anlayışı altında yeni insan cəmiyyəti qurmaq fikrinə gətirdi. Bunun üçün o, dünya xalqlarının qanına əlini bulaşdırmaqdan belə çəkinməmişdi. Amma bu tendensiyanın yol aldığı həmin Hitler, Darvin, Nitsşe başlanğıcından fərqli olaraq keçmişdən boylanan İsa, Nəsimi, sufizm, hürufilik, buddizm ayələri tamamən başqa - mənəvi tərbiyəni bizlər üçün təlim olaraq seçmişdi.
Sufi üzünü ondan kənar tutan, niqab altında özünü gizlədən, üzünü bəlli etməyən xanım görüncə bu xüsusiyyətləri elə görünməz Yaradan obrazının üzərində cızırdı. Elə bu səbəbdən də onu daxilində çağlayan eşq ilə sevir, bu mərtəbənin ən ali məqamında ona çatmış olurdu. Onu əldə etmiş olurdu.
Buddizmin çakra ardıcıllığı elə eynilə sufizmdə məqamlar ardıcıllığı ilə üst-üstə düşür. Necə ki, sonuncu çakrada insan artıq ali məqama yüksələrək səmadan Yaradanın dualarını eşidir, eləcə də sufi də eşqə mübtəla olduqca sima məclislərində vəcdə gəldikdən sonra Yaradanla onun arasında heç bir maneənin qalmadığını düşünərək, Yaradanın dediklərini eşitdiyini söyləyir və özlərindən qeyri-ixtiyari müəyyən sözləri ifadə edir. Eynilə inzivaya çəkilən Məhəmməd kimi.
İstəyir, "İlahi insanda həll olub, insanda təcəssüm edə bilər" fikirlərini söyləyən Hülulilik təlimi olsun, istər eyni mənəvi ardıcıllığı özünə təlim edən buddizm olsun - onların hər biri insana daha mükəmməl olma həddinin mövcudluğu haqqında gizlin siqnallarını ötürürdü.
Ey üzün "nəsrün-minillah",
vey saçın "fəthün-qərib",
Ey bəşər surətli rəhman, vey mələksima həbib!
İ.Nəsimi
Nəsiminin təkrarladığını Quranda özünə yer tapmış mətn artıq söyləyirdi. Sadəcə, mətnin batininə yetmə təfəkkürü hər insanda olmadığı üçün Nəsimiyə kafir damğası vurulmuşdu. Özünü Allahın oğlu adlandıran və Yaradan nurunun insanda zühur etməsinin bariz nümunəsi olan İsa da öz fəlsəfəsini el-aləmə yaymaq istəyində idi. Hər iki fövqəl-insan eyni aqibətlə ömürlərini tamam edirlər.
Allahın yanında elə məqam var ki, orada qadın və kişi eynidir. Yəni insan burada qadınlıq və kişilik məqamından daha yüksəkdə dayanır. (Rəbiyyə əl- Ədəviyyə)
Biz bir çox filosofların tənhalıq içində keçirdikləri ömrü dəfələrlə oxumuşuq. (Bu o demək deyil ki, bütün tənhalar filosofdur). Bunun özündə də müəyyən fəlsəfi dərinlik dayanır. Məsələn, buddizm deyir ki, daxilində iki - kişi və qadın fərqliliyini barışdırdığın an bütövləşə bilmə mərhələsinin astanasında olursan. Elə özündə iki cahanı birləşdirmək istəyən Nəsimi də bunu demək istəyirdi.
Bütün bu fəlsəfi gəlişmələrin hamısı nəfsi öldürmə kimi əsas, baş qanunları əlində bayraq tutur. Fərqi yoxdur, dünya mülkü qarşısında gözünə pərdə çəkirsən, ya nəfsani istəklərinə qadağa qoyursan. Yəni əgər həqiqət zirvəsinə çatmağı qarşına məqsəd kimi qoymusansa, bu ardıcıllıqlara tələsmədən yetməlisən. Bu fəlsəfənin ilkin rüşeymləri İsanın gətirdiyi konsepsiyada özünə yer tapdı. İsanın özü də bakirə Məryəmdən doğuldu. Bəzi dünya alimləri müxtəlif izahlarla bunu çözməyə çalışırlar. Müasir təfəkkür isə səmavi kitabın dediklərini fantastik adlandırır. Hətta möcüzə kimi qələmə verilən hekayətlər onlara qeyri-mümkün kimi görünür.
Dünyada isə izahsız heç nə yoxdur. Deyilənlər yalnız cismani, formal olaraq qəbul edilməməlidir. Çünki bu məqamların diqqət çəkməsinə səbəb fəlsəfənin bu müddəaları irəli sürməsidir. Və yaxud müasir alimlər İsanın özünün həyatında kiminsə olması haqqında müəyyən izahlar verməyə çalışırlar. İsanın həyatının necə olması bizim üçün söz konusu olmamalıdır. Məqsəd onun gətirdiyi konsepsiyanın haraya daldalanmasından və nə demək istəməsindən ibarət olmalıdır. Demək ki, İncil boyu söylənilən düşüncə tərzi onun fəlsəfəsinin qanunauyğunluqları idi.
Bəli, eyni konsepsiyanı kilsələr sonralar davam etdirdilər (zahiri forma). Rahiblərə və rahibələrə ailə qurmaq yasaqlanır. Amma nəticə hz. İsada olduğu kimi olmur. Cinsi istəklər qarşısına çəkilən sədd kilsəni daha da əzazil edir. İnkvizisiyalar, qəddarlığa hesablanmış boz həyat tərzi, daimi qorxu İsanın gətirdiyi işıqdan çox-çox fərqlənirdi. Və əslində bu konsepsiya insan həyatında lazımi nəticə ilə yekunlaşmadı. İsanın mehribanlığı, şəfası, bəşəriyyəti sevmək kimi ülvi hissləri öz ardıcıllarını tapa bilmədi. Hətta bu cür möhtəşəm fəlsəfəni din adına qəbulladan hakim üzlər belə ondan öz məqsədlərinə uyğun şəkildə istifadə edərək öz dinlərinin içində belə parçalanmalara şərait yaratdılar.
Kim ki, sevdasından oldu sayru şəhla gözlərin,
Şərbəti şirin ləbindir, İsəvi nitqin təbib.
İ.Nəsimi
Vahidlik - bütövlük simvolikasıdır. Vahidə yetmək üçün sufi də vahid olmalı və Yaradanın özünə bənzəməli idi. Axı o, bəni Adəmə öz ruhundan üfürmüşdü və Yaradan Adəm övladına bənzəyirdi. Amma o, insandan fərqli xüsusiyyətlərə də malikdir. Örəmir-törəmir, cismi yoxdur, laməkandır. Elə bu səbəbdən də özünə bəzi nəfsani istəkləri qadağa qoyan bu tip fəlsəfi gəlişmələrin nümayəndələri eynilə kilsə rahibləri kimi ailə həyatı qurmasalar da və ya şəhvani hisslərə qadağalar qoyaraq daxili, mənəvi gücün titrəyişindən mükəmməl olmağı bacarırdılar. Çünki insan daxilində mövcud enerji bu ruhi məşğələlər nəticəsində lazımi nəticəyə yetə bilər. Buddizm insanda vahid enerjinin mövcudluğu haqqında danışır və onun kəmər bağı kimi belimizə dolanmasından danışır. Enerji tam mərkəzdədir. Onu yuxarıya, zirvəyə, ağıl çırağına doğru qaldırmaq bacarığına isə azlar qadirdi.
Postinsan mərhələsini bəşəriyyətin sonu da adlandırırlar. Amma mən bunun belə olduğunu düşünmürəm. İnanmıram ki, İsanın məqsədi bəşəriyyəti sona gətirmək idi. Sadəcə, o, Nitsşe kimi öz üzərində təcrübə aparırdı. Və gəldiyi nəticə ilə bəşəriyyəti məlumatlandırmaq istəyirdi. Məlumat isə çox sadə idi - insan mükəmməldir və Yaradan onu mükəmməl yaradıb. Və yaxud o, mükəmmələ çevrilə bilər. Elə Allah sözünü yüksəliş mənası kimi dərk etsək, Allah ola bilər. ("Həqq mənəm")
Hz. İsa dediklərinin üzərində dayanır. Şərq aləmində Nəsimi qiyafəsində zühur edir (İsanın simasında monoteist dinlər reinkarnasiyanın mövcudluğunu bizlərə eyham vurur. Quran da bəzi hekayətləri ilə bunun mövcud olmasından bizlərə söz açır. Hind fəlsəfəsinə görə ruh tam paklanana qədər bu dünyaya dəfələrlə gəldiyi söylənilir). Sonra yenə də ölən və dirilən təbiət kimi eyni aqibəti təkrarlayacağına bizləri inandırır. Sadəcə, o, yenidən zühur etmək üçün Nəsimi təfəkkürünə bərabər idrakın doğuluşunu gözləyir.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!