Əbülfəz Quliyev - Məhəmməd ağa Şahtaxtlı və Azərbaycan Xalq Cümhuriyyəti

Cümhuriyyət dövründə M.Şahtaxtlı gənc ədəbi qüvvələrin yetişməsində də öz töhfələrini vermişdi. Belə ki, o, bu məqsədlə 1920-ci ilin əvvəllərində "Yaşıl qələmlər" ədəbi birliyinin, cəmiyyətinin fəal üzvlərindən biri olaraq, bu sahədə əlindən gələni əsirgəmirdi. Bundan əlavə, 1919-cu ildə Azərbaycan Demokratik Respublikası dövründə M.Şahtaxtlının da geniş şəkildə məşğul olduğu əlifba məsələsi parlamentin gündəliyinə çıxarılmışdı.

 

Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın dövlət müstəqilliyi tarixində özünəməxsus yer tutur. Şərqdə ilk parlamentli respublika olan AXC az müddət yaşamasına baxmayaraq, mədəni və ictimai-siyasi sahədə həyata keçirdiyi tədbirlərlə, hər şeydən əvvəl, kütlələrin şüurunda yaratdığı milli istiqlal ideyaları ilə Azərbaycan dövlətçiliyi tarixində əbədiyaşar hadisə kimi mühüm bir iz qoydu.

Azərbaycanda dil siyasətinin yürüdülməsi Azərbaycan Xalq Cümhuriyyəti dövründən başlanır. Hökumətin 27 iyun 1918-ci il tarixli qərarı Azərbaycan dilini dövlət dili elan edən ilk rəsmi sənəd kimi çox böyük tarixi rol oynamaqla yanaşı, Azərbaycanda milli dil siyasətinin formalaşmasının, millətin mənafeyinə uyğun düzgün ideoloji mövqeyin əsasını qoydu. Qeyd edək ki, Azərbaycan hökumətinin qərarı sadəcə deklarativ bir sənəd deyildi; qərarın qəbulundan irəli gələn məsələlər vaxtaşırı olaraq parlamentin iclaslarında müzakirə olunur, Azərbaycan dilini bilməyənlərin bu dili öyrənməsi üçün kurslar təşkil edilirdi. Cümhuriyyət öz dil siyasətini həyata keçirmək üçün təhsilin çox mühüm sahə olduğunu ön plana çəkdi və 28 avqust 1918-ci ildə hökumət ibtidai və orta təhsil müəssisələrində təhsilin bilavasitə ana dilində aparılması haqqında qərar verdi. 27.12.1918-ci il tarixdə Cümhuriyyətin hərbi naziri Səməd ağa Mehmandarov ordunun dilinin Azərbaycan türk dili olduğu barədə əmr verdi.

XX əsrin əvvəllərində Azərbaycan Demokratik Respublikasının yaradılmasını ilk alqışlayan qabaqcıl ziyalılardan biri də böyük ədib, naşir, tərcüməçi Məhəmməd ağa Şahtaxtlı olmuşdur. M.Şahtaxtlı bu dövrdə xalqımızın öndə gedən maarifçi ziyalılarından biri kimi Azərbaycanın ilk Avropa tipli dövlət qurumunun alovlu müdafiəçilərindən və təbliğatçılarından biri olaraq yazıb-yaradırdı. Görkəmli ədib Cümhuriyyət dövlətini milli istiqlalın etibarlı dayağı hesab edirdi. Müəllif bu Cümhuriyyətin Avropa dövlətlərində olduğu kimi "hürriyyəti-əfkar"ı müdafiə etdiyini sevinclə qeyd edirdi. O, universitetin yaradılmasını da "hurriyyəti-əfkar"ın mövcud olmasının mühüm bir şərti hesab edirdi.

Bu baxımdan böyük publisistin "Cümhuriyyətimizin beynəlmiləlcə təsdiqi" adlı məqaləsi diqqəti cəlb edir. Müəllif burada Cümhuriyyətin beynəlxalq aləmdə tanınıb, dünya dövlətləri tərəfindən qəbul edilməsi üçün hökumətin gördüyü işləri şərh edir, Cümhuriyyətin ilk yarandığı gündən Avropada olduğu kimi maarifin inkişafına ciddi fikir verilməsi, 100 tələbənin xaricdə oxumağa göndərilməsi, qadınların təhsilə cəlb edilməsi, universitetin təşkil edilməsi faktlarını əlamətdar hadisələr kimi qeyd edir. Hökumətin öz fəaliyyəti dövründə gördüyü işlər haqqında mətbuatda nəşr olunan bəyannaməsinə diqqət çəkən müəllif bu rəsmi sənədi təhlil edərək göstərir ki, Cümhuriyyətin fəaliyyətini müsbət qiymətləndirmək lazımdır. Müəllif Cümhuriyyətin dünyəvi dövlət olduğunu isbat edən daha bir amili də sevinclə qeyd edir: "Müttəfiq dövlətlər tərəfindən dəxi Azərbaycanda rəsmi və ya nimrəsmi nümayəndələr vardır. Bununla artıq həyati-beynəlmilələ ayaq basdığımız isbat olunmaqdadır".

M.Şahtaxtlı Cümhuriyyətin fəaliyyəti haqqında söylədiklərinə yekun vuraraq yazır: "Demək, ən diqqətli Avropa nöqteyi-nəzərincə daxili işlərimizdə mədəniyyətşüar və tərəqqipərvəriz. Və beynəlmiləl işlərimizdə digərlərinin hüququna müraatla iktifa etməyib şəfqətli və hüquqpərvər qomşu və əcnəbiləriz. Xatimə olaraq söyləyə biləriz ki, istiqlalımızın təsdiqi məxtərəli olmaqla bərabər, inşaallah, vüqu bulacaqdır" (M.Şahtaxtlı. "Seçilmiş əsərləri", Bakı, 2007, s.221).

Qeyd etmək lazımdır ki, Cümhuriyyət dövlətini tanıtmaq üçün hökumətin nümayəndə heyəti Versal Sülh konfransında iştirak etmək üçün səfərə hazırlaşırdı. Müəllif bu məqaləni də həmin səfər ərəfəsində - 1920-ci ilin yanvar ayında "Azərbaycan" qəzetində nəşr etdirərək milli istiqlalımızın beynəlxalq aləmdə dünya dövlətləri tərəfindən tanınması haqqında arzu və düşüncələrini ifadə etmişdi.

Cümhuriyyət dövründə M.Şahtaxtlı gənc ədəbi qüvvələrin yetişməsində də öz töhfələrini vermişdi. Belə ki, o, bu məqsədlə 1920-ci ilin əvvəllərində "Yaşıl qələmlər" ədəbi birliyinin, cəmiyyətinin fəal üzvlərindən biri olaraq, bu sahədə əlindən gələni əsirgəmirdi. Bundan əlavə, 1919-cu ildə Azərbaycan Demokratik Respublikası dövründə M.Şahtaxtlının da geniş şəkildə məşğul olduğu əlifba məsələsi parlamentin gündəliyinə çıxarılmışdı.

Böyük ədib müstəqil respublikanın maarifinin inkişaf etdirilməsini, Avropadakı kimi ana dilli ali təhsil müəssisəsinin yaradılmasını çox mühüm bir vəzifə hesab edirdi. Ona görə də universitet qurulmasının layihəsinin hazırlanmasında mütərəqqi ziyalılardan biri kimi fədakarlıqla çalışırdı. Onun bu sahədəki fəaliyyətlərini, perspektiv planlarını, arzu və istəklərini o dövr mətbuatında çap olunmuş məqalələri də aydın şəkildə göstərməkdədir. Alim 1919-1922-ci illər arasında Bakıda yaşamışdır. M.Şahtaxtlının tərcümeyi-halı üzərində tədqiqat aparan akademik İsa Həbibbəyli arxiv materialları əsasında müəyyən etmişdir ki, Azərbaycan Xalq Cümhuriyyəti dövründə o, yeni hökumətin maarif, mədəniyyət və mətbuat işlərinin formalaşdırılmasına kömək göstərmək üçün əməli addımlar atmışdır. Hətta Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin Bakıda darülfünun açılması haqqındakı layihəsinin əsas müəlliflərindən biri də Məhəmməd ağa Şahtaxtlı idi.

Bildiyimiz kimi, "Azərbaycan xalqının milli iftixarı və sərvəti Bakı Dövlət Universiteti" (H.Əliyev) tarixən bütün ali məktəblərimizin bayraqdarı olmuşdur və bu missiyanı bu gün də şərəflə daşımaqdadır. Bu universitetin yaradılması 23 aylıq ömrü olmuş milli dövlətimizin nailiyyətidir. Bu elm ocağının meydana çıxmasında, təşkilində Məhəmməd ağa Şahtaxtlının da böyük əməyi olmuşdur. Məhəmməd ağa Şahtaxtlı Avropa mədəniyyətinə yiyələnmiş Qərb dövlətlərində maarifin inkişafında universitetin böyük rol oynadığını və bu məqsədlə də yeni yaranmış müstəqil dövlətdə universitetin fəaliyyətə başlamasının çox zəruri olduğunu israrla qeyd edirdi: "Darülfünun olmazsa nə olur?...Orta məktəblərimizdə...dərs verəcək müəllimlərimiz olmaz; naxoşlarımızı müalicə edəcək təbiblər məfqud olur. Darülfünunumuz olmasa, ömrünün həpsini elm fünuna sərf edəcək mücəssəm...professorlar heyəti millətimizin içində nerədən çıxar? Darülfünundan əl çəkmək mədəni həyatdan rugərdan olmaqdır". Məhəmməd ağa Şahtaxtlı universitet açmağın zəruriliyini bir də ən əsas onda görürdü ki, universitet azad fikir tərəfdarlığının ən bariz göstəricisidir və bu müəssisə bizim azad fikir tərəfdarı olmağımızın əyani sübutudur. Universitet açmaq həm də ona görə lazımdır ki, o, avropalılara "siz fikir azadlığı (hürriyyəti-əfkar) tərəfdarı deyilsiniz" demək üçün bəhanə verməsin.

Yuxarıda qeyd edildiyi kimi, Cümhuriyyətin ikinci - 1919-cu ilində Azərbaycan ictimai fikrində universitet məsələsi, bu müəssisədə təhsilin hansı dildə olacağı məsələsi mühüm müzakirə obyektinə çevrilmişdi. Bəzi ziyalılar milli kadrların olmadığını, münasib şəraitin yetişmədiyini bəhanə gətirərək universitet açılmasına etiraz edirdi. Parlamentdə universitetin təşkil edilməsi haqqında məsələ qoyulmuşdu. Cümhuriyyətimizin yaradıcısı M.Ə.Rəsulzadə universitetin Azərbaycan üçün zəruriliyi haqqında parlamentdəki çıxışında deyirdi: "Elmin vətəni yoxdur, rus dilində hər hansı bir elmin tədrisi rus işğalı üçün şərait yaratmır. Rus darülfünunlarında təhsil edənlərdən zərər görən olmayıb. Ən əsası, bu darülfünun get-gedə milliləşəcək. Heç bir millət tarixin ilk addımında milli bir darülfünunə sahib olmamışdır. Əvvəlcə özgələrdən istifadə edərək, sonra get-gedə qüvvət kəsb etmişdir. Darülfünun hər dildə olsa da olsun, açıb oxumalıyıq. Çünki bu müəssisə ilə biz bir ürfan müəssisəsi qururuq və öz gənclərimizi onun vasitəsilə ziyalandırıb, istədiyimiz milli professorlarımıza tədricən sahib olacağıq".

Böyük maarifçi də ziyalılar arasında meydana çıxan mübahisələrə münasibət bildirərək göstərirdi ki, daima olmaq üzrə ali təhsilin əcnəbi dildə kəsb olunacağı işimizə əl verməz. Ancaq mövcud şəraitdə universitetin ana dilində tədris aparması mümkün deyil, çünki kadr potensialı yox dərəcəsindədir. "Ona görə ictimai və siyasi zərurət bizdən onu istəyir ki, rus fazillərindən istifadə edib rusca tədris edəcək darülfünun açalım".

Müəllif şəraiti nəzərə alıb rus dilində açmağa məcbur olduğumuz universiteti gələcəkdə mütləq milli kadrlarla təmin etməyin, milliləşdirməyin, onun türk dilində tədris olunmasını təmin etməyin vacibliyini israrla vurğulayır.

Bəllidir ki, milli dil uğrunda mübarizə milli ideyanın mərkəzi məsələsidir… Yuxarıda qeyd etdiyimiz kimi, elə buna görə də 27.6.1918-ci ildə Cümhuriyyət hökuməti Azərbaycan dilini dövlət dili elan etdi. Doğma dilə dövlət dili statusu verilmək istiqamətində çalışmalar çoxaldılır, ana dilinin fəaliyyət dairəsi maarif müəssisələrində və ordu hissələrində genişləndirilirdi. Bütün bu fəaliyyətləri izləyən və onu yüksək qiymətləndirən Məhəmməd ağa Şahtaxtlı universitetin açılmasını zəruri və təxirəsalınmaz bir vəzifə olduğunu qeyd edirdi. Universitet məfhumunun dil məfhumu ilə sıx bağlı olduğunu göstərən müəllif türk dilinin ünsiyyət üçün çox əlverişli olmasından, dünya alimlərinin bu dilin istifadə üçün ən münasib ünsiyyət vasitəsi olduğunu bildirməsindən, onun qrammatik qanun-qaydalarının müntəzəm olmasından bəhs edir. Alimin fikrincə, müstəqillik əldə edən xalqın, suveren dövlətin əsas atributlarından biri dövlət dili məsələsidir, dövlət qurumları dövlət dilinin inkişafına şərait yaratmalı, onun kütləviliyini təmin etməlidir. Dövlət idarələri, onun fikrincə, kargüzarlıq işlərini əcnəbi dildə deyil, doğma dildə aparmalıdır. Bu ifadələrlə alim çox güman ki, o dövrdə dövlət idarələrində rus dilinin hələ də əsas ünsiyyət vasitəsi olduğuna işarə edir və xəbərdarlıq etməkdən çəkinmirdi: "Fünunda olsun, idarədə, siyasətdə olsun, nərədə olursa-olsun, kəndi işlərini öz dilində əmələ gətirəmmiyən bir millət səqt xırda bir millət olub həqiqi istiqlaldan fəal saqət və həqiqi istiqlala naqabil bir millətdir. Qonşu, mən bu sözümü deyəmmirəm, bir az vəqt üçün dilini mana ver danışım, - deyən adam nə qədər zəlil və həqarətəşayan isə, mən öz qərarmədarımı öz dilimdə yazammıram, qonşu, dilini mənə ver, sözümü tez vətəndaşlarıma anladım, - deyən bir nazir və ya ziyalı ondan ziyada şayani-təhqirdir".

Müəllif göstərir ki, bu işdə ziyalıların, elm adamlarının üzərinə böyük vəzifə düşür. Millətin hər bir fərdi fikir və duyğularını ana dilində izhar etməyi bacarmalıdır. Müəllim də öz fikrini tələbələrinə ana dilində bəyan etməyə borcludur: "O adam isə ki, mən filan fəndə mütəxəssisəm ədasında bulunur və türkdür, türkcə qonuşur, amma öz elmini öz dilində tədrisdən izhari-icz ediyor, onun alim olduğuna inanmayınız. Yolunu bulub bir diploma alub aliməm diyə xəlqi aldadıyor".   

Beləliklə, Azərbaycan parlamentinin gündəliyində də mühüm yer tutan universitet məsələsinin 1919-cu il avqustun 21-də müzakirəsi başladı. Parlament müzakirələri sentyabrın 29-da başa çatdı. Parlament yetmiş iki maddədən ibarət universitet nizamnaməsini qəbul etdi. 1919-cu il sentyabrın 1-də Bakı Universiteti haqqında qanun, sentyabrın 29-da isə nizamnaməsi təsdiq olundu, 10 noyabr tarixində universitetin ilk elmi şurası keçirildi,burada universitetin professor- müəllim heyəti təsdiq olundu. 44 müəllimdən ibarət olan bu heyətdə 9 azərbaycanlının adına rast gəlirik. Bu siyahıda dosent əvəzi kimi M.Şahtaxtlının da adı qeyd olunmuşdur.   

Onu da qeyd edək ki, qocaman alim özü də bu universitetin demək olar ki, ilk azərbaycanlı professoru olmuş və orada milliləşdirmə işinin həyata keçirilməsinə, azərbaycanlı kadrların işə cəlb olunmasına var qüvvəsi ilə çalışmışdır. Doğrudur, onun milli mübarizəsi Rusiyadan gəlmiş universitet rəhbərliyinin müqaviməti ilə qarşılaşmışdır. Lakin Məhəmməd ağa Şahtaxtlı öz milli mübarizəsindən geri çəkilməmişdir. Məsələn, arxiv sənədlərindən bəlli olur ki, universitetdə ərəb-fars dillərini tədris edən Məhəmməd ağa Şahtaxtlı fakültə şurasının iclasında Şərq dilləri üzrə türk dilindən dərs deməyə yeni azərbaycanlı müəllimlər dəvət etməyi təklif edir . Amma rəhbərlik onun təklifinə heç bir reaksiya vermir. Digər bir iclasda alim fakültədəki müsəlmanların tarixini, mədəniyyətini birtərəfli şəkildə işıqlandıran rus alimlərinin mövqeyini, mövcud tədris planını tənqid edərək göstərirdi ki, fakültə müsəlmanlığı təhqir edir. Böyük demokrat maarifçinin azad fikirlərinə görə universitetin şovinist mövqedə dayanan rəhbərləri onu sevmir, hər vasitə ilə şantaj etməyə cəhd edirdi. Bunlara baxmayaraq, M.Şahtaxtlı "İttihad" qəzetində çap olunmuş bir məqaləsində (1920,14 mart) rektor V.İ.Razumovskinin ruslaşdırma siyasətini, professor-xidmətçi heyətin ruslardan təşkil olunmasını, kadr hazırlığı işinin elmi dərəcəsi, peşəkarlıq səviyyəsi olmayan müəllimlərə tapşırılmasını, Azərbaycan dili dərslərinin cədvələ salınmamasını, tədris planına daxil edilməməsini kəskin şəkildə tənqid etmişdi.

O dövrün digər sənədləri də göstərir ki, Sovet hakimiyyəti qurulduqdan sonra Azərbaycanda rəsmi dairələrdə milli dilin mövqeyi xeyli zəifləmişdi. N. Nərimanov qeyd edirdi ki, Bakı sovetinə bir Bakı kəndlisi gəlib türkcə dərdini söyləmək istəsə, ona heç kim öz dilində cavab verməyəcək. Məsələyə hüquqi cəhətdən yanaşdıqda... türk dili Azərbaycanda dövlət dili elan edilmişdir. Bu dil bütün hüquq və imtiyazlarından istifadə etməlidir. Onun bu hüququnu heç kim əlindən ala bilməz və buna cürəti çatmaz. Azərbaycan öz doğma dilindən imtina etməz və heç kim bu dilin əhəmiyyətini gözdən sala, azalda bilməz .

Bildiyimiz kimi, o dövrdə türkçülük hərəkatı dildə geniş əks-səda vermişdi. Bu dövrdə Anadolu və Qafqaz üçün İstanbul türkcəsinə əsaslanan vahid ədəbi dildən istifadə olunmaqda idi və Məhəmməd ağa Şahtaxtlının o dövrdə qələmə alınmış məqalələri də bu tendensiyanı açıq şəkildə əks etdirməkdədir. Görkəmli maarif xadimi unversitetdəki dərsləri zamanı türk ədəbiyyatı və dilini alovlu şəkildə təbliğ edirdi. Bu barədə bir məqaləsində müəllif belə yazmışdı: "Mən türk lisanı tədrisatında Əhməd Rasimin kitablarını şərh və izahla oxutdurduqdan sonra Hüseyn Cavidin və Abdulla Şaiqin "Ədəbiyyat dərsləri" kitabını da eyni minvalla tədris edirəm". Amma bütün bu fəaliyyətlərinə baxmayaraq, M.Şahtaxtlı təxminən 1922-ci ilin əvvəllərində universitetin ilk azərbaycanlı professoru kimi fərdi təqaüdə göndərildi.

Azərbaycan Xalq Cümhuriyyəti dövründə Məhəmməd ağa Şahtaxtlı əlifba islahatı ilə də geniş şəkildə məşğul olmuşdur. Doğrudur, M.Şahtaxtlı yaradıcılığının ilk dövrlərində ərəb əlifbasının islah edilməsinin tərəfdarı olmuşdur. Amma "Şərqi-Rus" qəzetindən sonrakı dövr yaradıcılığında o, artıq latın əlifbasına keçməyin tərəfdarı kimi çıxış etmişdir. Bu məsələyə 1914-cü ildə Peterburqda çıxan "Mir islama" jurnalında çap olunan bir məqalədə də işarə edilmişdir: "Bizcə, cənab Şahtaxtinskinin 5 əlifba layihəsi mövcuddur. Bir çap olunmuş broşürada o, hər hərfin 4 müxtəlif işarəsini vermişdir. Bu onun "səsli əlifbası"ndan ibarətdir ... Lakin cənab Şahtaxtinski bu əlifba layihələrinə müvəqqəti münasibət bəsləmişdir. O, Şərq latın əlifbasına böyük ümid bəsləmişdir" . Bundan əlavə, o dövrün görkəmli alimlərindən olan Fərhad Ağazadə Şərqli də öz əsərlərində böyük maarifçinin əlifba fəaliyyəti haqqında geniş məlumat vermişdir. O, "Nə üçün ərəb hərfləri türk dilinə yaramır" adlı qiymətli əsərində yazının tarixindən, əlifbanın yaranmasından, mədəniyyətin inkişafındakı rolundan, ərəb əlifbasının türklər tərəfindən qəbul olunmasından, bu yazının türk dillərinin fonetik sistemini, səs quruluşunu dolğun şəkildə əks etdirə bilməməsindən, bu istiqamətdə meydana çıxan əlifba hərəkatından, onun nümayəndələrindən ətraflı və yüksək elmi səviyyədə bəhs etmişdir. O, əlifba hərəkatının tarixində "Məhəmməd ağa dövrünü" xüsusi olaraq qeyd edir və "bu dövrün ən böyük heykəli Məhəmməd ağa cənablarıdır" - deyə bəyan edir. O, "sövti şərq əlifbası" və "Məhəmməd ağa xətti" layihələrini alimin ərəb əlifbasının islahı sahəsində mühüm xidməti olduğunu qeyd etdikdən sonra, "lakin Qafqaz və Krım qəzetləri Məhəmməd ağanın üstünə dəhşətli tənqidlər yağdıraraq imkan vermədilər ki, məslək sahibi məsləkini axırkı mənzilə kibi yeridə bilsin" - deyə göstərirdi. Daha sonra müəllif əsərin başqa bir yerində qeyd edir ki, Cümhuriyyət dövründə hökumət özü 1919-cu ildə bu işə müdaxilə edib maarif nəzarəti yanında komissiya tərtib etmişdi. Bir neçə şəxsin tərtib etdiyi layihə müzakirəyə qoyulmuşdu. Komissiya üzvləri: Qaplanov, Həmid bəy Şahtaxtinski, Şahsuvarov, Sultan Məcid Qənizadə, Rəşid bəy Əfəndizadə, Mahmud Mahmudbəyov, doktor Qarabəyov, Axund Yusif Talıbzadə, İsa bəy Aşurbəyli. 17.6.1919-cu il tarixli iclasda Axund Yusif Talıbzadə təklif edir ki, latın hürufatını təcrübədən keçirmək üçün bir ilin müddətinə qəbul edilsin. Buna cavab olaraq Qənizadə cənabları etiraz edir ki, birillik təbdilatın mənası ola bilməz. Əvvəlcə əlifba yaradılmalıdır, sonra məktəb, sonra da təlim üsulu. Bunu deyib Qənizadə cənabları əlifbamızın qüsurlarından bir çoxunu zikr edir. Sair natiqlər də məsələyə müdaxilə edir. Bir çox danışıqdan sonra "hürufatın reforması zamanı gəlib çatmışdırmı?" - sualına hamı: "çatmışdır", - deyir. Bundan sonra təqdim olunmuş layihələrə baxılır. Ortalıqda üç layihə var: I. Abdullah bəy Əfəndizadənin layihəsi, II. M. Şahtaxtinskinin layihəsi, III. Tağızadə və Seyidovun layihəsidir. I layihəyə təşxis verilib "Son türk əlifbası" adi ilə çap edilməsinə izin verilir. Sonra layihənin təsdiq edilib ümum Azərbaycanda qəbul edilməsi üçün tamam məntəğatı ilə məsələni parlamana təqdim etmişlər ki, hələ parlamanda bu məsələnin müzakirəsinə növbə çatınca, 28 apreldə döndəriş (çevriliş-Ə.Quliyev) olur. Məsələ yarımçıq qalıb səktəyə uğrayır (F.Ağazadə. Nə üçün ərəb hərfləri türk dilinə yaramır, Bakı,1922, s.170).

Onu da qeyd etmək lazımdır ki, hələ Cümhuriyyət dövründə əlifba məsələsində ziyalılar iki cəbhəyə ayrılmışdı. Birinci cəbhə ərəb əlifbasını islah etmək yolu ilə işlədilməsinin tərəfdarlarından təşkil olunmuşdu. Məsələn, A. Əfəndiyev "Azərbaycan" qəzetində ərəb yazısı üzərində islahat aparmaq yolu ilə düzəltdiyi yeni əlifba layihəsindən bəhs edən silsilə məqalə çap etdirmişdi.  

Başda N.Nərimanov olmaqla S.Ağamalıoğlu, T.Şahbazi, C.Məmmədquluzadə, Ü.Hacıbəyli, F.Ağazadə Şərqli, eləcə də M.Şahtaxtlı, Rza Ayazlı bir cəbhədə birləşmişdilər və bunları latınçılar adlandırırdılar. Məsələn, Rza Ayazlı "K voprosu o reforme tyurkskoqo alfavita" adlı məqaləsində latın əlifbasına keçməyin ən doğru yol olacağını və bunun Avropa ilə mədəni yaxınlaşma istiqaməində mühüm əhəmiyyətə malik olacağını göstərirdi .

Onu da qeyd edək ki, Sovet hakimiyyətinin qurulması ilə latınçıların sırası daha da genişlənməyə, tərəfdarlarının sayı artmağa başladı.1922-ci ilin iyul ayında Yeni Türk Əlifba Komitəsi yaradıldı. C.Məmmədquluzadənin baş redaktorluğu ilə latın qrafikasında "Yeni yol" qəzeti nəşrə başladı. M.Şahtaxtlı bu komitəyə "Şərq latın əlifbası" layihəsini təqdim etmişdi. Son dövrlərdə alimin arxivdən Ə.Mirəhmədovun bəhs etdiyi əlifba layihəsindən əlavə "Müsəlman dünyasında latın əlifbası" adlı rusca 19 səhifəlik məqaləsinin əlyazmasına təsadüf etdik. Sənəddə bu məqalənin 1922-ci ilin aprel ayında qələmə alındığı göstərilmişdir. Müəllif məqalənin əvvəlində latın qrafikasına keçməyin zamanın tələbi olduğunu, zəruriyyət olduğunu vurğulayır. Latın qrafikasna keçərkən burada rus hərfi işarələrindən istifadə olunmasını yolverilməz hesab edirdi. Bu məqamda esperanto əlifbasına müraciət olunmasını oradan bəzi işarələrin alınmasını, bu əlafbadakı hərfi işarələrin üstünə və ya altına xətt çəkməklə yeni hərfi işarələr yaradılmasını təklif edirdi. Alim alman əlifbasındakı ö,ü,a (üstdə iki nöqtə) hərfi işarələrin yeni Azərbaycan əlifbasına daxil edilməsini məqbul hesab edir. Ümumiyyətlə, müəllif latın qrafikalı Azərbaycan yazısı üçün 36 hərfi işarə (apostrof və tire ilə birlikdə) müəyyən etmişdir.

Beləliklə, Milli hökumət dövründə xalqın və dövlətin etimadını qazanmış böyük maarifçimiz sovet dövründə milli maraqların açıq tərəfdarı olduğuna, milli mövqeyini dəyişmədiyinə görə bolşevik rəhbərliyi ona rəğbət göstərmədi, hətta ona təyin olunmuş fərdi təqaüdün ödənilməsini də 1925-ci ilin sonlarında dayandırdı. Arxivdən əldə etdiyimiz bir sənəddə böyük ədib hökumətin ona göstərdiyi ögey münasibətdən ciddi şəkildə narazılığını ifadə etmiş və universitet rəhbərliyinə şikayət ərizəsi yazmışdı.

Sovet dövlətinin hakimiyyət nümayəndələrinin müsavatçı kimi M.Şahtaxtlıya ögey münasibəti böyük mütəfəkkirin ədəbi-publisistik irsinin öyrənilməsinə də öz mənfi təsirini göstərmişdi. Sovet ədəbiyyatşünaslığı, jurnalistikası tarixində uzun müddət M.Şahtaxtlı irsi öz layiqli qiymətini almamışdır. Ancaq müstəqillik illərində böyük mütəfəkkirin irsinin ədalətli mövqedən öyrənilməsinə münasib şərait və münbit zəmin yarandı.Bu baxımdan Naxçıvan Ali Məclis sədrinin 2006-ci il 27 fevral tarixli sərəncamı böyük mədəni-ictimai əhəmiyyətə malik olmuşdur(15). Bu sərəncamda çox doğru olaraq göstərildiyi kimi Məhəmməd ağa Şahtaxtlı mədəniyyətlərin yaxınlaşması, Qərb maarifçiliyinin ən yaxşı ənənələrinin Azərbaycana gətirilməsinə çalışmış, xalqımızın maariflənməsi və tərəqqisi yolunda səylərini əsirgəməmişdir. Onun baş redaktoru olduğu "Şərqi-Rus" qəzeti məşhur "Molla Nəsrəddin" jurnalının meydana çıxmasında mühüm rol oynamışdır. Həmin sərəncamdan sonra böyük mütəfəkkirin publisistik əsərlərinin bir qismi nəşr edildi, onun elmi-ədəbi irsi dərindən öyrənilib ictimaiyyətə çatdırıldı (13;10). Ulu öndər Heydər Əliyev göstərmişdir ki, Naxçıvan görkəmli şəxsiyyətlər yetirmiş bir torpaqdır.Naxçıvan torpağının yetişdirdiyi belə şəxsiyyətlərdən biri olan görkəmli mütəfəkkir M.Şahtaxtlının elmi-publisistik irsinin öyrənilməsi müstəqilliyimizin verdiyi imkanlar səviyyəsində bu gün də layiqli şəkildə davam etdirilir.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!