Əhməd Cavadın "Yenə böhran" məqaləsi - Axtarışlar, tapıntılar

Əhməd Cavad dövrünün sosial-mədəni, ictimai-siyasi hadisələrinə daim fəal münasibətilə də diqqəti cəlb edir. O, Cümhuriyyət dövründə həmin fəallığını daha da artırmışdır; 1919-cu ildə "Dalğa" adlı ikinci şeirlər kitabının nəşrindən başqa, dövri mətbuatda Ə.Cavadın xeyli şeir, məqalə və müsahibəsi çap edilmişdir. Belə məqalələrdən biri son zamanlaradək diqqətdən kənarda qalan "Yenə böhran" başlıqlı publisistik yazıdır. Məqalə 1919-cu ilin sentyabrında Azərbaycan Cümhuriyyəti hökumətində yaşanan siyasi böhrana həsr edilmişdir. Nəsib bəy Yusifbəylinin Baş nazir olduğu kabinetlə parlamentdə təmsil edilən bəzi siyasi qrupların təmsil olunduğu fraksiyalar arasında baş verən etimadsızlıq üzündən Baş nazir Nəsib bəy Yusifbəylinin qəbul etdiyi istefa qərarı geniş ictimaiyyətdə böyük həyəcan doğurmuş, əksəriyyət ləyaqətli dövlət xadimi, bacarıqlı təşkilatçı olan Nəsib bəy kimi zamanın sınağından həmişə üzüağ çıxmış bir şəxsiyyətin hökumət başçısı - Baş nazir postunu tərk etməsi ilə barışa bilmədiyini bildirmiş, siyasi böhranın tezliklə aradan qalxmasını arzulamışdır. Ə.Cavadın həmin hadisə ilə bağlı və qeyd olunan milli təəssüb hissindən irəli gələn vətəndaşlıq narahatlığının ifadəsi kimi üzə çıxan "Yenə böhran" ("Azərbaycan" qəz., 17 eylul (sentyabr) 1919, N.275) başlıqlı məqaləsinin tam mətnini oxuculara çatdırmağı faydalı hesab edirəm. Alxan Bayramoğlu

 

Son şayiələrə baxılırsa, Nəsib bəy kabinəsi istefa etmək üzrədir. Böyləliklə yeni bir böhran ilə üz-üzə gəliriz demək. Bu istefanın və bu istefayı mövcəb (burada, yaradan - A.B.) böhranın səbəblərini rusca "Azərbaycan" qəzetinin doğru göstərməsi və buna səbəb olaraq məmləkətdəki siyasi firqələrin siyasi simasının büsbütün bəlli olmadığını göstərmişdi ki, rəfiqimiz bunda pək haqlı.

Heç şübhə yoxdur ki, bu böhranı doğuran bəzi siyasi firqələrimizin məmləkət mənafeyini unudub, firqə mənafeyi üçün çalışmalarıdır. Böylə əhəmiyyətli bir dəqiqələrdə hər bir siyasi firqənin və fərdin şüarı yalnız:

"Nə olursa, olsun, iş görməli!" Olmalı ikən bu şüarın rəngi dəyişmiş və "Nə olursa, olsun, iş başına keçməli!" olmuşdur. Bu, təəssüf ediləcək bir haldır. Buna bizimlə bərabər bütün Azərbaycan xalqı da təəssüf ediyor. Böylə firqəçilik məmləkətə zərərdən başqa bir şey verməz hər halda.

Üç firqənin iştirakilə hökuməti-müştərəkə təşkil etmiş olan Nəsib bəy əfəndi nəhayət anladı ki, ayağını çürük taxtaya basmış. İntixab etdiyi doğru yolda yürümək üçün kəndi müsəlamət fikriyyəsi və zehni mətanətindən başqa ona bir yardımçı qalmadığını gördü və böyləliklə bacarıqlı əlləri altında bulunan hökumətin ustadı yalnız parlamandakı təsadüfi əksəriyyət oluyor. Ona görə pək haqlı olaraq dövlət gəmisini təsadüfün dönük rüzgarına tapşırmaq məsuliyyətini ağır görüb işdən çəkiliyor. Əlbəttə məsələ bu şəklə girdikdən sonra əhval bu yolda ikən biz heç bir vəqt Nəsib bəyi "Bitməz işə buyurub, adını yarıtmaz: qoya bilmərik".

Nəsib bəyin yürütdüyü siyasət olduqca doğru bir siyasət idi. Ona ən birinci dəlil də budur; onun rəis olduğu zamanlar parlamanın hökumətə etimad edəcəyi hər bir məsələdə hər zaman əksəriyyət qazanmışdır. Və çox vəqt bu əksəriyyəti təşkil edən çoxluq hökumətin istinadgahı olan siyasi firqələr deyil, büsbütün mürizi olan (opponenti olan qarşı çıxan - A.B.) firqələr olmuşdur. Müarizlərin də bu siyasəti bəyənməsi bunun sağlam olduğuna dəlil deyil də nədir?!

Heyəti-vükəla rəisi bu istefalar ilə bir daha isbat etdilər ki, onların məqsədi başçılıq deyil, başsız qalmaqdır. Bu da onların həqiqi vətənpərvərliyinə bir dəlil daha.

Bu işdən çəkilməkdə hökumət rəisini haqlı görməklə bərabər buna bütün varlığımızla təəssüf etməmək də əlimizdən gəlməz.

Bu təəssüf də iki cəhətdəndir; birisi budur ki, Azərbaycan xalqının nümayəndələri bir neçə ay bundan əvvəl qayət mum və nazik bir zamanda hökuməti Yusifbəyli cənablarına tapşırdığı vəqt heç də yanılmamış, əsl əslini bulmuşdu. Heç kəs inkar edə bilməz ki, Nəsib bəyin iş başına keçdiyi rəqt öz içimizdə də imansızlar günü-gündən çoxalıb, tərəddüd və şayiələr artmaqda idi.

Üfüqümüz qara buludlar nəhrinə çevrildiyi üçün göz-gözü görməyirdi. Hər kəsdə həyəcan və iztirab…

İştə böylə incə bir zamanda işdən çəkildiyini ürək ağrısı ilə eşitdiyimiz Nəsib bəy önümüzə keçdi. Sağlam və yanılmaz əzmlə millətin əfkar-ümumiyyəsini vətən və istiqlaliyyət qibləsinə çevirdi.

İkincisi:

Bu günlərdə tarixi-siyasiyyəmizin canlı dəqiqələrini yaşayırız. İndiki hökumət təşkil edildiyi vəqt bəyannaməsində həllini vəd etdigi ən mühümləri həman yenə Qarabağı, Lənkəranı həll edən hökumət əlini Azərbaycan xəritəsinin Naxçıvan, Şərur və sair nöqtələri üzərinə qoyduğu bir zamanda işdən çəkiliyor və böyləcə xeyirli başlanmış uğurlu bir işi bitməmiş qalıyor ki, hökuməti böylə yarı yolda qoyan siyasi firqələrə nə deyəlim artıq!..

Xülasə, istefa mühəqqəqdir. Parlaman görəcəgi iş böhranı uzatmamaq, millətin vəzifəsi də möhtərəm Nəsib bəyin iyiliklərini unutmamaqdır. Və ümidvarıq ki, Azərbaycan istiqlalının müəssisələrindən olan möhtərəm Yusifbəyli cənabları işdən büsbütün boyun qaçırmaz. Bunu xalqın arzu etdiyi bir zamanda Nəsib bəyin kəndi qəlbi də kəndilərinə böylə söyləyir.

Bizim yeganə təsəllimiz də, budur.

 

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!