Ülvi BABASOY - Kalvinonu oxumayanlar üçün - Ülvi BABASOY

Oxucu həyatda yanıldığı kimi mütaliə prosesində də səhv bir mətni oxuya bilər. Əsas olan oxuduğundan zövq almasıdır. Kalvino ədəbiyyatın birinci dərəcəli əsası olan zövq vermək və almaq həqiqətini postmodern oyun estetikasına çevirir. Bir kitabın, bədii əsərin konkret nəsnələri mücərrəd dünyalara çevirə biləcək iqtidarda olduğunu mənalandırır.

Ülvi BABASOY

 

"Mən elitar sənət adamıyam. Mənə çox oxucu lazım deyil. Kütləvi deyiləm". Bu sözləri, adətən, oxucusu olmayan yazıçılar deyir. Başadüşülən haldır. Birmənalı olmasa da, özünə görə haqlıdır. İstedadlı qələm adamı baxırsan ki, oxucunun diqqətini cəlb etmir. Bəs bunun səbəbi nədir? İntellektual emosiya çatışmır. Oxucunun azlığından mənən sarsılanlar, əzab çəkənlər də olur. Əhəmiyyət vermiyənlər də. Ciddi mövzudur. Çünki ona görə yazmaq və yazmamaq arasında nevroza çevrilənlər olur.

İtalo Kalvino "Bir qış gecəsi əgər bir yolçu" romanında oxucu və təhkiyəçi arasında ünsiyyəti işləyir. Tanış, işlənmiş yazı metodlarına kinayə edir.  "Yazıçının məqsədini anında hiss edirsən, gözündən heç nə qaçmır. Amma eyni vaxtda müəyyən bir ruh düşkünlüyü də yaşayırsan: tam olaraq həqiqətlə maraqlanmağa başladığın vaxtda yazıçı dünya yazı sənətində adət halını almış böyük ustalıq nümunələrindən birini tətbiq etməyə başlayaraq eyni paraqrafı sözbəsöz təkarlayır". Oxucu gec də olsa anlayır ki, oxuduğu kitab Kalvinonun "Bir qış gecəsi əgər bir yolçu"  romanı deyil. Kitabda texniki problemlər var. Cildlənərkən eyni səhifə təkrarbətəkrar yığılıb. Oxucu səhv verilən kitabı dəyişmək üçün kitab dükanına gəlir. Orada Lüdmilla adlı qızla tanış olur. Lüdmillaya da səhv cildlənmiş kitabdan veriblər. Evə qayıdanda yenidən həvəslə kitabı oxumağa başlayır. Ancaq bu kitab da əvvəlki kitabın davamı deyil. Eyniliyin bezdirici atmosferi. Tehran Əlişanoğlu demişkən bu lap "perpertium mobile"dır ki.

Onda vacib olan, ən uyğun variant hansıdır? Oxumağın verdiyi ləzzətdir. Bədii əsərdə ağıl və ruhun daim həyatla bağlı bir hadisə ilə üzləşməsi, nəyisə xatırlaması, hiss etməsi mütaliə prosesində oxucuda mənəvi travma yaradır. Halbuki, əyləncəli, çoxsəsli təhkiyədə oxucu həmin anda mütaliənin verdiyi estetik zövqü hiss etməlidir. "Dünəndən bəri bax belə dəyişdin, bir kitabı qarşında duran, asanlıqla ifadə ediləcək, heç bir təhlükəli işə girişmədən dadılacaq konkret bir şeyi real həyat təcrübəsi kimi, əllə toxunulmayan, ardıcıllığı olmayan müzakirəli bir məsələyə çevirdiyini inadkarlıqla deyən sənsən".

Oxucu həyatda yanıldığı kimi mütaliə prosesində də səhv bir mətni oxuya bilər. Əsas olan oxuduğundan zövq almasıdır. Kalvino ədəbiyyatın birinci dərəcəli əsası olan zövq vermək və almaq həqiqətini postmodern oyun estetikasına çevirir. Bir kitabın, bədii əsərin konkret nəsnələri mücərrəd dünyalara çevirə biləcək iqtidarda olduğunu mənalandırır. Kitabın mücərrəd dünyasında dominant rolu oxucu oynayır. Çünki bütün hiss və duyğuları yaşayan, konkreti mücərrədə çevirən oxucudur.

Oxucunu heyrətləndirmək çətindir. Vizual sənətlər erasıında daha müşkül bir işdir. İntellekt və emosiya birləşməlidir. Yeni yazı texnologiyaları və poetik istedadın kollajından oxucunu cəlb edən mətnlər yaranır. İşin texnikasını bilən və düşüncə xəritəsi  geniş olan yazıçılar məna estetikasında uduzurlar. Bədii keyfiyyət isə struktur estetikasında dirənib qalır. Bu məqamda Kunderanın Kafka ilə bağlı maraqlı və dəqiq bir fikri yada düşür. "Kafkadan sonra ədəbiyyat gömrüksüz və polissiz qaldı". Yəni, hər cür yanaşma və yazı tərzi üçün qapı açıldı. Ədəbiyyat sərhədsizləşdi. Sərhədsizliyi özünəxas yaradıcılıq yolları ilə zənginləşdirənlər isə azdır. İstehlak cəmiyyətinin oxucusu kütləviliklə elitarlığın qızıl ortasında dayanır. Və oxuyacağı kitabı gözləyir. Bir şərtlə ki, hansısa şedevrin yüzüncü dərəcədən kopiyası olmasın. Elə  Kalvino  da maraqlı oyun estetikası ilə demək istəyir ki, yazılan romanlar ya eyni səhnə və hadisələrin kopiyası, təkrarıdır, ya da rabitəsiz, əlaqəsiz pasajlardır. Daha bundan nə gözləmək olar. Heç nə. Vəssalam.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!