Qarsın ən hərəkətli ünvanlarından biri burada fəaliyyət göstərən ictimai kitabxana - yerli ifadə ilə desək, xalq kitabxanasıdır. Kitabxanadakı oxu zallarında daha çox məktəbli yeniyetmələr məşğul olurlar. Elmi tədqiqat aparan mütəxəssislər isə burada oxuyub-yazmaq üçün ayrıca otaqla təmin edilirlər. Onlara (ümumiyyətlə, bütün oxuculara) lazım olan kitablar kitabxananın özündə olmasa belə, sifarişlə başqa kitabxanalardan gətirilir. Hər cür texnoloji təchizata malik kitabxananın resurs baxımından öz imkanları da çox genişdir.
Məti OSMANOĞLU
Bakı Dövlət Universiteti ilə Türkiyənin Qars şəhərində fəaliyyət göstərən Qafqaz Univeristeti arasında əməkdaşlıq sazişi var. Mənim və BDU-nun filologiya fakültəsi tələbələrinin Qarsa səfəri də bu saziş çərçivəsində oldu. Bir həftəlik ezamiyyəmizin başlıca məqsədi təcrübə mübadiləsi etmək, necə deyərlər, görüb-götürmək idi. Açığını desək, səfərimizin miqyası, bir həftə ərzində keçirdiyimiz görüşlər, iştirak etdiyimiz rəsmi və qeyri-rəsmi qəbullar, Anadolu ilə Qafqaz arasında qapı olan Qarsın ictimai və mədəni həyatı ilə tanışlıq əvvəlcədən nəzərdə tutulmuş proqramdan xeyli geniş və əhatəli oldu...
İşə rəsmiyyət tərəfdən baxanda
Qafqaz Universiteti dövlət təhsil müəssisəsidir. Universitet 1992-ci ildə təsis olunarkən qarşısına konkret vəzifələr qoyulmuşdu:
l Orta Asiya və Qafqaz ölkələri ilə Türkiyə arasında elm və mədəniyyət körpüsü qurmaq;
l Elm, təhsil, mədəniyyət və sənət sahələrində milli inkişafa təsirini getdikcə artıran və beynəlxalq nüfuza sahib universitet olmaq;
l Üstün keyfiyyətli təhsilə, zəruri təchizata malik, texnologiyalara və yeni inkişaf meyillərinə uyğunlaşa biləcək, ölkəni və elmi inkişaf etdirəcək kadrlar yetişdirmək.
Universitetdə təhsil alan tələbələrin region başda olmaqla ölkədəki və dünyadakı insanların qarşılaşa biləcəkləri müxtəlif problemləri anlaya və həll edə biləcək səviyyədə hazırlanması universitetin əsas missiyalarından biri kimi müəyyənləşdirilmişdi...
Bu gün Qafqaz Universiteti 5 ayrı yerdə yerləşən 11 fakültəni, üç ali məktəbi, 9 peşə ixtisası məktəbini, 1 dövlət konservatoriyasını, üç institutu, 18 araşdırma mərkəzini əhatə edir. Universitetdə təxminən 20 min tələbə təhsil alır. Onu da deyək ki, Türkiyə universitetlərində fakültə anlayışı bizdəkindən əsaslı şəkildə fərqlənir. Məsələn, fənn-ədəbiyyat fakültəsi filologiya, tarix, fizika, kimya, sosiologiya, psixologiya və s. bölümlərini əhatə edir.
Türkiyənin gənc təhsil ocaqlarından olan Qafqaz Universiteti təsis edilərkən qarşıya qoyulan vəzifələrin kağız üzərində qalmaması, layiqincə yerinə yetirilməsi üçün müxtəlif layihələr həyata keçirilir, yollar axtarılır. Həmin yollardan biri də universitetin qarşılıqlı əməkdaşlıq əlaqələrinin yaradılması və irəli aparılmasıdır. Bu məsələdə bizim üçün müstəsna əhəmiyyət daşıyan amillərdən biri isə, heç şübhəsiz, Qafqaz Universitetinin Azərbaycanla əlaqələridir. Universitetin fənn-ədəbiyyat fakültəsinin çağdaş türk ləhcələri və ədəbiyyatları bölümündə Azərbaycan dili və ədəbiyyatı anabilim şöbəsinin fəaliyyət göstərməsi Azərbaycan üçün dövlət əhəmiyyətli məsələdir və belə düşünürük ki, şöbənin perspektivi Azərbaycanın elm və təhsil sisteminin maraq dairəsində olmalıdır. Türkiyə kimi bir dövlətdə dilimizi və mədəniyyətimizi peşəkar səviyyədə öyrənən kadrların yetişdirilməsi zamanın tələbindən irəli gəlir. Bu təşəbbüs irəli aparılmalıdır: şöbənin fəaliyyətinin daha da inkişaf etdirilməsi, keyfiyyətcə yeni səviyyəyə çatdırılması üçün gəlişigözəl ekspromt tədbirlərlə kifayətlənmək olmaz, Azərbaycan tərəfdən də elmi və pedaqoji şəkildə əsaslandırılmış uzunmüddətli proqrama ehtiyac var. Həmin şöbənin məzunlarının bilik və səriştələrindən istifadə etmək üçünsə konkret yollar müəyyənləşdirilməlidir.
Azərbaycan dili və ədəbiyyatı anabilim şöbəsinə BDU-nun filologiya fakültəsinin məzunu, dosent İlkin Quliyev rəhbərlik edir və bizim səfərimizin Qafqaz Universiteti tərəfindən təşkilatçısı da həmin şöbə idi.
Bizi Qarsda universitetin xarici işlər üzrə birim başqanı, professor Hacalı Nəcəfoğlu qarşıladı. İxtisası kimyaçı olan Hacalı müəllim də BDU-nun məzunudur və uzun müddətdir Qafqaz Universitetində çalışır. Yeri gəlmişkən, bizim səfərimiz müddətində Hacalı müəllimin doktorantı Safiye Özkaya doktorluq dissertasiyasını uğurla müdafiə etdi.
Fənn-ədəbiyyat fakültəsinin dekanı professor Haydar Yüksellə söhbətimiz universitetlərimiz arasında əməkdaşlığın zəruriliyi və perspektivləri məsələlərinə həsr olundu. Söhbətimizin yekununu bir cümlə ilə ifadə etməli olsaq, bunu deyə bilərik ki, Qafqaz Universiteti Azərbaycanın təhsil strukturları ilə əlaqələrin inkişaf etdirilməsində maraqlıdır.
Yaddaqalan görüşlərimizdən biri də Qafqaz Universitetinin Heydər Əliyev Mərkəzində oldu. Bura Azərbaycan mədəniyyətinin Qarsdakı təmsilçiliyi sayıla bilər. Vaxtilə Naxçıvan Dövlət Universitetinin rektoru işləmiş millət vəkili, akademik İsa Həbibbəylinin yaxından iştirakı ilə təşkil edilmiş Mərkəzdə Azərbaycanın tarixi, mədəniyyəti, ictimai və siyasi həyatı barədə kifayət qədər resurslar toplanıb. Mərkəzin fəaliyyətinin əlaqələndiricisi dos. Ellada xanım Gərayzadənin bildirdiyinə görə, bura Azərbaycan dili, ədəbiyyatı, tarixi ilə maraqlananların sevdikləri ünvandır.
Diqqətimizi cəlb edən ünvanlardan biri də Qafqaz Universitetinin kitabxanası oldu. Gənc təhsil müəssisəsinin elmi kitabxanası kifayət qədər geniş imkanlara malikdir. Qafqaz Universitetində bir çox münasibətlər kimi kitabxana sistemi də qarşılıqlı etimad prinsipi üzərində qurulub. Tələbə kataloqda kitabın yerləşmə şifrini öyrənir və istədiyi kitabı rəfdən özü götürür...
Kitabxana demişkən...
Qarsın ən hərəkətli ünvanlarından biri burada fəaliyyət göstərən ictimai kitabxana - yerli ifadə ilə desək, xalq kitabxanasıdır. Kitabxanadakı oxu zallarında daha çox məktəbli yeniyetmələr məşğul olurlar. Elmi tədqiqat aparan mütəxəssislər isə burada oxuyub-yazmaq üçün ayrıca otaqla təmin edilirlər. Onlara (ümumiyyətlə, bütün oxuculara) lazım olan kitablar kitabxananın özündə olmasa belə, sifarişlə başqa kitabxanalardan gətirilir. Hər cür texnoloji təchizata malik kitabxananın resurs baxımından öz imkanları da çox genişdir. Məsələn, hazırda Qars ictimai kitabxanası abunə yolu ilə 491 adda elmi və publisistik jurnal alır. Kitabları və mətbu nəşrləri Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi təmin edir və nəşrlərin təminatında hər hansı maddi məhdudiyyət yoxdur. Kitabxana, ehtiyacı olan bütün nəşrləri maddi problemlə qarşılaşmadan ala bilir...
Ərzurumun gədiyinə...
kitabxana sorağına gəldim
Qarsa səfər müddətində Ərzurum Universitetinin professoru Ali bəy Kafkasiyalının (ata tərəfdən Qazax rayonunun İkinci Şıxlı kəndindəndir) təkidi ilə bir günlüyə Ərzurum Atatürk Universitetinə baş çəkmək imkanı da qazandım. Ali bəyin sayəsində misilsiz abidələri - XIII əsrə aid qoşa minarəli mədrəsəni və Yaqutiyyə mədrəsəsini, Nənə xatun Milli parkını, Əbdürrəhman qazi türbəsini ziyarət etdim. Məcidiyyə tabyasından (hərbi kazarmasından) Ərzurumu seyr elədim...
Atatürk Universiteti şəhərin girəcəyində yeddi kvadratkilometrlik sahəni əhatə edən nəhəng bir ərazidə yerləşir və universitetin bir korpusundan başqa korpusuna nəqliyyat vasitəsi olmadan getmək mümkün deyil. Ali bəyin çalışma otağı Eyitim (pedaqoji) fakültəsində yerləşir. Türkiyə universitetlərinin fərqli cəhətlərindən biri də hər bir müəllimə içində bütün təchizatı olan fərdi iş otağının ayrılmasıdır.
Ali bəy mənim arzumu əvvəldən bilirdi və onunla görüşən kimi Atatürk Universitetinin fənn-ədəbiyyat fakültəsinin kitabxanasındakı Abbas Zamanov guşəsinə baş çəkəcəyimizi bildirdi.
Fənn-ədəbiyyat fakültəsinin kitabxanasına kitablarını bağışlamış insanların adları burada çox əziz tutulur və həmin adlar xüsusi şərəf lövhəsi ilə əbədiləşdirilib: prof. dr. Haluk İpekden, prof. dr. Zafer Bayburtluoğlu, prof. dr. Abbas Zamanov və prof. dr. Sebahaddin Gülüllü. Lövhədə Abbas müəllimin adını görmək, onun göndərdiyi kitablara toxunmaq məndə sözlə ifadə edilməsi çətin olan duyğular yaratdı.
Qısaca xatırlatmağı zəruri hesab edirəm ki, Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, professor Abbas Zamanov Sovet vaxtı - ziyalıların "dəmir pərdələr" arxasında saxlandığı bir dövrdə Azərbaycanda nəşr edilən əksər kitabları öz təşəbbüsü və xərci ilə Ərzuruma - Atatürk Universitetinin kitabxanasına göndərirdi. Mən universitetin son kursunda oxuyanda diplom işimin elmi rəhbəri Abbas müəllim idi, yaşımızda böyük fərq olsa da, aramızda səmimi dostluq yaranmışdı. Abbas müəllim Bakıdakı 1 nömrəli poçtdan Atatürk Universitetinə kitab yola salanda bir neçə dəfə ona mən də yoldaşlıq etmişdim...
Belə düşünürəm ki, Abbas Zamanovun ənənələrini yenidən bərpa etməyə böyük ehtiyac var. Özü də bu təcrübəni ikitərəfli tətbiq etmək mümkündür. İndi Azərbaycanın elm və təhsil ocaqları ilə kitab mübadiləsini canlandırmaq üçün Ərzurum Universitetinin (eləcə də Türkiyənin digər səlahiyyətli qurumlarının) geniş imkanları var. Məsələn, Bakı Dövlət Universitetində və ya AMEA-nın elmi kitabxanasında Ərzurum Atatürk Universitetinin kitab guşəsinin yaradılması nə qədər faydalı ola bilər! Bu, Azərbaycanda türk dilinin və ədəbiyyatının tədqiqi üçün də yeni üfüqlər aça bilər.
Ərzurum Universitetində imtahan arasında tələbələrlə ünsiyyətdə olmaq, Azərbaycan və türk ədəbiyyatları barədə onlarla fikir bölüşmək imkanım da oldu...
Bir şeyi də müşahidə etdim ki, Azərbaycana gələndə Türkiyəni böyük şövqlə, içindən gələn bir ehtirasla təbliğ edən milliyyətçi Ali bəy Türkiyədə də Azərbaycan haqqında, ata yurdunun insanları, elmi, mədəniyyəti, ədəbiyyatı barədə eyni şövq və həvəslə danışır...
Hərb muzeyi, aşıq məclisi və
"93 qocaqlaması"
Səfər boyunca Qarsda çalışan həmyerlilərimiz - professor Hacalı Nəcəfoğlu, universitetin əməkdaşları Ellada Gərayzadə, İlkin və Könül Quliyevlər, Coşqun Zəkiyev, eləcə də tələbələr Səma və Hacı bizi müşayiət edir, diqqətdən kənarda qoymurdular.
Əsas müşayiətçilərimizdən biri isə Ali bəyin oğlu Yavuz Səlim Kafkasyalı idi. Yavuz Qarsdakı dövlət konservatoriyasının müəllimidir. Bizə münasibətdə boynunda "eniştə" vəzifəsi də var: həyat yoldaşı İlahə kürdəmirlidir. Haraları görmədik: Səlcuqlar dövründən qalma Qars qalası, Övliya məscidi, Qafqaz Cəbhəsi Hərb Tarixi muzeyi, möhtəşəm tarixi tikililər... Hamının eyni münasibətlə yanaşmadığı "Qarabağ" mehmanxanası: Orhan Pamuk "Qar" romanının əksər hissələrini burada yazıb...
Qars əhalisinin yaddaşında Rusiya işğalı qanı daman yara kimi hələ də yaşamaqdadır. Qars ətrafında 150-yə yaxın tabya - hərbi təsisat var ki, bunların böyük əksəriyyəti Rusiya tərəfindən gözlənilən hərbi təhlükələrə qarşı qurulub. Həmin tabyalardan birində təşkil edilmiş Qafqaz Cəbhəsi Hərb Tarixi muzeyində insan özünü tamaşaçı kimi hiss etmir, bura insanı tarixin içinə aparır...
Burada millətçilik ruhunun, tarixə sədaqət hissinin yüksək olduğu nəzərdən yayınmır. Bununla yanaşı, mənim hiss etdiyim incə bir məqam da var: "Yanıq Kərəmi" havasını heç yerdə Qars aşıqları qədər kədərli oxuya (sazda ifa etməyi nəzərdə tutmuram!) bilmirlər.
Bir axşam bizə çox doğma olan folklor yaddaşımızın içinə - aşıq məclisinə düşdük. Qarsın populyar aşıqları Bilal Ersari və Ensar Şahbazoğlu öz proqramını bizə uyğunlaşdırmağa çalışırdılar. Necə olmasa da, arada torpaq təəssübü var idi: Aşıq Bilal babalarının Qarsda Ağstafadan köçdüyünü bildirdi.
Qarslıların fəxr etdikləri el sənətkarından biri Aşıq Şenlikdir. Aşıqlardan onun "93 qoçaklaması"nı oxumalarını xahiş etdim. "93 qoçaklaması" Aşıq Şenliyin 1893-cü ildə xalqı Rusiya işğalına qarşı mübarizəyə səsləyən məşhur şeiridir və məclislərdə sevərək dinlənilir:
Şenlik, nə durursuz - atları minin
Sıyra, qılınç düşmən üstünə dönün,
Artacaqtır şanı bu Al-Osmanın,
Can sağ ikən yurd verməriz düşmana...
Bir həsrət hekayəsinin sonu...
Mən gözümü dünyaya açandan Qarsda qohumlarımın yaşadığını bilirdim. Ata nənəmdən dönə-dönə eşitmişdim ki, dayısı Gülalıoğlu Aslan və əmisi oğlu Əmrah 1920-30-cu illərdə Qazaxda və Borçalıda Sovet hökumətinə tabe olmamış, bolşevik rejiminə qarşı silahlı mübarizə aparmış qaçaq hərəkatında iştirak etmişdilər. Qısa müddət Şıxlıda kənd sovetinin sədri işləmiş Aslan Gülalıoğlu hökumətlə yolunu tez ayırmışdı. O, qaçaqlara qoşulanda kifayət qədər həyat təcrübəsi var idi - yaşı 60-ı haqlamışdı...
Onlar 1930-cu illərin ortalarında Türkiyəyə keçmiş, Qarsda məskunlaşmışdılar. Burada qalanlar isə Stalin rejiminin qanlı repressiyalarının qurbanlarına çevrilmişdilər. Ata babam nənəmin dayısı Türkiyədə olduğuna görə həbs edilmiş, gedər-gəlməzə göndərilmişdi. Gülalıoğulları nəslinin öndə gedənlərini ailəliklə Qazaxıstanın Semipalatinsk səmtinə, Ayaquz əyalətinə sürgün eləmişdilər.
Nə qədər qəribə də səslənsə, dünyaya fəlakət, qırğın, aclıq, səfalət yayan İkinci Dünya müharibəsi atamın sülaləsinə sözün müəyyən mənasında rahatlıq, qulaq dincliyi gətirmişdi. Nəslin gözəgəlimli oğulları əsgər getdiklərinə görə onların yaxasından əl çəkmişdilər, repressiyalar dayandırılmışdı...
Həsrət isə heç bitmədi. Atamın nənəsi, el arasında Moş qarı kimi tanınan zabitəli Mələk nənəm bu dünyadan qardaş deyə-deyə köçdü. Qardaşı qaçaq olanda Mələk nənəmin atlanıb ona güllə çatdırdığını kənddə əfsanə kimi danışırdılar...
Qaçaqlara qoşulanda 18 yaşı olan Əmrah isə 1971-ci ildə qəfildən turist kimi Tiflisə gəldi. Onda artıq sovet rejimi xeyli dəyişmişdi və qohumların onunla görüşməsinə maneə qoymadılar.
Əmrah babadan Gülalıoğlu Aslanın 1960-cı ildə Qarsda vəfat etdiyini, məzarının Qarsın yaxınlığındakı Azadköy kəndinin qəbiristanlığında olduğunu eşitmişdim...
Yavuz Səlim bəylə görməzə-bilməzə Qarsdan Azadköyə üz tutduq. Qarsla Azadköyün arası o qədər də uzaq deyil, cəmi beş kilometrdir.
Əsas yoldan kəndə ayrılanda qarşımıza ağsaqqal bir adam çıxdı. Salam verib, Azərbaycandan gəldiyimi söylədim:
- Burada Gülalıoğlu Aslan adında bir kişi yaşayıb, tanıyırdınızmı? - soruşdum.
- Tanımazmıyam?
- Bakıdan onun məzarını ziyarət etməyə gəlmişəm, mənə kömək edə bilərsinizmi?
- Mən indi sizi əqrabalarınızla tanışdıraram, - dedi.
"Hacı" deyə müraciət etdiyimiz yaşlı adam maşına əyləşdi. Yolun kənarında söhbət eləyən kişilərə yaxınlaşdıq. Bunlardan birinin - Tuncay adlı gənc oğlanın Əmrah babanın qız nəvəsi olduğunu öyrəndim. Mənim gəlişim oradakılar üçün tam gözlənilməzlik idi. Ancaq xüsusi bir maraq da hiss etmədim. Aslan babanın məzarının yerini nə Tuncay, nə də yanındakılar bilirdi. İstanbula - Tuncayın dayısı Sayıma zəng vurmalı olduq. Qəbrin "Üst məzarlıq"da olduğunu öyrəndik.
Məzarlığı ot basmışdı. Otların arası ilə irəliləyirdik. Birdən gözüm daşlardan birinin üstündəki "Gəncə" sözünü aldı: "Gəncənin İşıklı köyündən Abdullah oğlu Aslan Gülalıoğlu ruhuna Fatihə. 1870-18.5.1960".
Hacı məzarın başına keçib "Yasin" oxumağa başladı. Oxuya-oxuya əlinin işarəsi ilə məni yanına çağırdı. Əlimizi məzarın başdaşına toxundurduq.
Əlimin, bu unudulmuş tək məzara həsrət ölənlərin ruhuna dəydiyini hiss edirdim...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!