"Qafqaz üçlüyü" filminə - Nəriman Qasımoğlunun baxışı - Nəriman QASIMOĞLU

Nəriman QASIMOĞLU

 

"Qafqaz üçlüyü" filminə baxdım.

Lap başlanğıcdan ekranda yanlış bir ifadə yerləşdirilir: "1988-ci ildə ərazi baxımdan Azərbaycanda yerləşən Dağlıq Qarabağ vilayəti müstəqilliyini elan etdi".

Bunu qətiyyən səhlənkarlıq kimi qəbul etmək olmaz, təbii. 30 il əvvəl başlanmış konfliktə aid əhvalatların ayrıntılarını yaşlı və orta nəsildən bilməyən yoxdur: 1988-ci ildə baş vermiş o məşum hadisə bundan ibarət idi ki, Dağlıq Qarabağ vilayəti müstəqilliyini elan etməmişdi, Dağlıq Qarabağın vilayət soveti Ermənistana birləşmək haqda qərar çıxarmışdı.

Filmin başlanğıcındakı həmin saxtakarlığın təyinatı da budur ki, məlum hadisələrin təsirilə adi insanların həyatında baş verən faciəvi gəlişmələrin kökündə dayanan əsl səbəb - məhz Ermənistanın Azərbaycana ərazi iddiaları pərdələnsin, eləcə də hadisələri yaşamayan neytral seyrçidə ermənilərə rəğbət yaransın. "Müstəqillik" sözünə, amalına necə rəğbət bəsləməyəsən!?

Filmdə ermənilərə bu sətiraltı rəğbəti azərbaycanlıların onlara guya patoloji nifrəti bir az da gücləndirir. Və süjet xəttində vəhşiliklə müşayiət olunan bu nifrətin səbəbini yenə də o təəssürat yaratmır ki, bu, ümumilikdə Ermənistanın ölkəmizə ərazi iddiaları ilə, ermənilərin torpaqlarımızda törətdikləri vəhşiliklərlə şərtlənir. "20 faiz torpaq işğalı" ifadəsi çox ötəri səslənir. Quyudakı erməninin başına daş salan azərbaycanlı uşaq ermənilərə öz nifrətini sadəcə olaraq vaxtilə bir erməni terrorçusunun Bakı metrosunda partlayış törətməsilə və bu partlayışda əmisinin həlak olması ilə əsaslandırır.

Timurun - atalığı azərbaycanlı, bioloji atası erməni olan gənc aktryorun qaynı Zaur qəzəblə deyəndə ki, Timur "erməni ola bilməz", "onu öldürmək lazım idi", bu da neytral seyrçidə, əlbəttə, erməniyə guya sadəcə etnik mənsubiyyətinə görə nifrətin əsl siyasi kökü barədə nəinki təəssürat yaratmır, əksinə, məsələ açıq qalır. Bu məqamda neytral, hadisələrin mahiyyətindən bixəbər seyrçidə azərbaycanlıya qəzəb yaranmaya bilməz. Təbiidir, filmin başlanğıcındakı saxta ifadəyə görə "müstəqilliyə" can atan erməniyə necə nifrət etmək olar, nifrəti gərək bu "müstəqilliyi" əngəlləyənə edəsən.

Filmdə azərbaycanlıları eybəcər xislətdə göstərməyi amaclayan süjetdə bizimkilər gürcünü erməni bilib döyürlər, onun da ürəyi dözmür, ölür. Kütlə rusca danışan bu gürcüdən onu tələb edir ki, Azərbaycan dilində danışsın. Bu gürcü yenə rusca qayıdır ki, hansı dildə istəyirəmsə o dildə danışıram. Bu qurban Qafqazlılara Bakıda beynəlmiləlçilik dərsi keçmiş müəllimdir. Qafqazda beynəlmiləlçilik dərsini tarixən kimin kimə keçmək haqqının olduğunu isə, bilənlər yaxşı bilir.

İndiki nəsil üçün bir qədər açıqlamağa ehtiyac var. Qafqazda hələ sovet dövründə etnik milliyyətçilik üç respublikadan yalnız ikisində - Ermənistanda və Gürcüstanda tüğyan edirdi. Azərbaycan isə beynəlmiləlçiliyi ilə ad çıxarmışdı. Geniş təfərrüatlara varmadan, yeri gəlmişkən, Gürcüstana aid yalnız dil məsələsini xüsusi vurğulamaq istərdim. Ona görə yeri gəlmişkən ki, yeri gəlib: filmdə gürcünün Bakıda rusca danışması, azərbaycanca danışmaması kütləni özündən çıxarır.

Ruscaya sovet dövründə də, elə indinin özündə də azərbaycanlıların böyük qisminin sərgilədiyi dözümlü yox, bəzən məhz sevgili münasibətini bilməyən yoxdur. Bizimkilərin bəzi hallarda ruscaya hətta ifrat sevgisindən də danışmaq olar. Gürcüstan, gürcülər isə ruscaya münasibətdə Azərbaycan və azərbaycanlılarla müqayisədə sadəcə "medalın o biri üzüdür", yaxud da deyək, tamamilə başqa əhvaldadır. Bunu bilməyən yoxdur, filmin azərbaycanlı ssenari müəllifi də, gürcü rejissoru da yaxşı bilir. Fəqət hər ikisi saxtakarlıq edir: birinci öz millətinin əleyhinə, ikinci isə öz millətinin xeyrinə.

Bu yerdə istərdim haşiyə çıxıb Gürcüstanla bağlı bir xatirəmi bölüşüm.

Deməli, ötən əsrin 80-ci illərinin əvvəlləri, yay fəslidir, ailəlikcə Pitsundada (indi Gürcüstanın nəzarətindən çıxmış Abxaziya şəhəri) yazıçıların yaradıcılıq evində dincəlirik. Sovet ittifaqının hər yerindən gələn yazıçı ailələri Qara dəniz sahilinin bu səfalı guşəsində dincəlir. Bir rus yazıçısı ilə tanış oluruq. Adını xatırlamıram. Gülüb-danışan, ünsiyyətcil birisidir. Yenicə gəlib. Yaradıcılıq evinin həyətində yanında anası olan 7-8 yaşlı bir qızı mehribanlıqla danışdırmaq istəyir. Uşağı əyləndirmək üçün nə deyirsə, qızcığaz susur. Anasından soruşur bəs qızın ruscanı bilmir? Elə bu sualı vermişdi ki, milliyyətcə gürcü anası bir mərəkə qoparır, gəl, görəsən. Rus yazıçısına təpinir bu nə sualdır verirsən, niyə mənim övladım rusca danışmalıdır, hələ öz dilini öyrənsin, sonra baxar rusca ona lazım olarsa öyrənər, olmazsa öyrənməz, bu nə münasibətdir uşağa qarşı və s. və i. Zavallı rus ziyalısı çaş-baş qalıb gözlərini döyür. Gənc gürcü xanımın səsinə ətrafdakılar da toplaşır. Onları görən xanım səsini bir az da qaldırır, rus yazıçısının verdiyi sualdan təhqir olunduğunu hamıya isbatlamağa çalışır. Yazıçı hay-küyçüyə daha bir şey deməyib sakitcə oradan aralanır. Söhbət bütün yaradıcılıq evinə yayılır. Gəldiyi heç bir gün deyil, artıq sanatoriyanın işçiləri də  ona ögey münasibət bəsləyirlər, yeməkxanada stol arxasında başqalarına yeməyi vaxtında gətirirlər, ona hamıdan sonra. Özünü sıxılmış, boykotda hiss edən bu rus ziyalısı iki gündən sonra yaradıcılıq evini tərk edir.

Gürcülərin bu "dil milliyyətçiliyi"nə dair digər bir epizod da maraqlıdır. Tiflisdə 1972-ci ildə XX əsrin görkəmli gürcü şairi və ədəbiyyat xadimi Qalaktion Tabidzenin beynəlxalq səviyyədə 80 illiyi keçirilirmiş. Yubiley yığıncağında dünyanın müxtəlif ölkələrindən, eləcə də sovet respublikalarından nümayəndələr iştirak edirmişlər. Azərbaycan Yazıçılar İttifaqının göndərişi ilə Qasım Qasımzadə də Azərbaycanı, Əziz Nesin isə Türkiyəni təmsil edirmiş. Yığıncaq başdan-ayağa gürcü dilində keçir. Gələn qonaqlardan heç biri çıxış edənləri anlamır. Yanaşı əyləşdiyi Əziz Nesinlə təəssüratlarını bölüşən Q.Qasımzadə həmkarına deyir "Aziz bey, ben yatmıştım". Əziz Nesin də gülümsəyərək "Kim yatmamıştı ki zatən?" - deyir. Sonralar Q.Qasımzadə "Dil cəbhəsinə əsgəri borc" məqaləsində mənə danışdığı bu epizodun digər hissəsi barədə belə yazırdı: "Tbilisidə Qalaktion Tabidzenin yubileyində Əziz Nesinlə söhbətimiz yadıma düşdü. Yığıncaqlarda, mitinqlərdə, küçələrdə danışıqlar gürcücə gedirdi. Təntənəli gecədə Əziz bəylə yanaşı əyləşmişdik. Soruşdu: "Sizdə, Baküde neçin boylə deyil?". Mən haqlı suala haqsızın bəraət cəhdi ilə cavab verdim ki, Bakı beynəlmiləl şəhərdir, bu baxımdan Tbilisidən çox fərqlidir. Razılaşmadı: "Hayır, canım, - dedi. - Sizinkilər odalarında kəndi sevgilisi ilə də rusca konuşuyorlar. Düz sözə nə deyəsən..."

"Qafqaz triosu" haqqında danışanda da gərək düz söz deyəsən.

Filmdə erməni həkim obrazının xislətində mənfiliklərə də aid bəzi məqamlar yer alır, xüsusən onun mənəvi baxımdan bioloji oğlu Timurun azərbaycanlı atalığından xeyli kasad olması açıq görünür. Amma onun qoçaqlığına aid epizodlarda (erməni familiyası altında risk edib oğlunun arxasınca Bakıya gəlməsi, özünü Bakıda iddialı aparması və s.) onun mənəvi kasadlığını bir qədər ört-basdır edir. Filmdəki süjetin verdiyi ismarış isə ümumilikdə bundan ibarətdir: təbiətən mədəniyyətsiz azərbaycanlılarla zahirən mədəniyyətli, amma öz mənafeyini xudpəsənliklə hər şeydən üstün tutan ermənilər arasında münasibətləri yalnız Moskva tənzimləyə bilər.

Və bu yerdə müəllifin qurduğu süjetin daha çox Rusiya paytaxtına təzim jesti ilə şərtləndiyindən də rahatca danışmaq olur. Rejissor qadının Timura dediyi "taleyin Moskvada həll olunur", erməni həkimin Moskvaya səfər öncəsi oğlunun atalığı azərbaycanlıya dediyi "müalicən Moskvadadır" ifadələrinin siyasi məzmunu xeyli qabarıqdır. Müsbət obraz kimi verilən azərbaycanlı Fərhadın oğlu da Moskvadadır. Yəni əsl xoşbəxtliyi məhz o şəhərə sığınmaqla tapmaq olar. Müəllif azərbaycanlılarla erməniləri, onların münasibətlərini Kremlin siyasi mövqeyindən çıxış edərək təqdim edir.

Filmin süjeti bu sxem üzrə qurulub: azərbaycanlı ailəsində böyüyən etnik erməni Timur Dağlıq Qarabağın rəmzidir; atalığı, xəstə azərbaycanlı obrazı isə Azərbaycanın. Və bu Azərbaycanın rəmzi olan atalığı erməni oğulluğunu - Dağlıq Qarabağın rəmzini - bioloji atası erməniyə - Ermənistana kədərli-kədərli təhvil verir. Milliyyətcə erməni ata filmin əvvəlindən bioloji oğlu Timurun metirkasını əldə etməyə çalışır ki, bu da mahiyyətcə Dağlıq Qarabağ ərazisinin Ermənistana verilməsinin sənədləşməsini rəmzləndirir. O başqa məsələ ki, həyat yoldaşı aeroportda metrikanı Timura verəndə bu sonuncu əvvəl sənədin ona lazım olmadığını bildirir, sonra da deyir sənədi bioloji atasına verib-verməyəcəyi barədə düşünər və s. Çünki uçurlar Moskvaya. Qərarı Moskva verəcək. Ümumilikdə isə Azərbaycanın ərazi bütövlüyü birmənalı olaraq bədii ironiya obyektidir.

Filmin başlanğıcında göstərilən xəritə rəmzi olaraq Azərbaycan əleyhinə yönəlib. Xəritədə Dağlıq Qarabağdan kənarda qalmış işğaldakı ərazilərimiz sahibsiz - adsız ərazilər kimi təsvir edilir. "Dağlıq Qarabağ"ın ərazisi isə müstəqil dövlətin ərazisi kimi xəritələnir - yuxarıda qeyd etdiyim saxta ifadənin məzmununa uyğun olaraq.

Azərbaycanın nəzarətində olan ərazilərimiz boz, Ermənistan bütövlükdə tünd yaşıl, əzəli Azərbaycan torpağı Dağlıq Qarabağın ərazisi bir qədər açıq yaşıl rəngdə, Dağlıq Qarabağdan kənarda qalmış işğaldakı ərazilərimiz isə bozla yaşılın qarışığında təqdim edilir. Rənglərin təsnifatında ümumilikdə bu var ki, yaşıl adətən həyat, sağlamlıq rəmzi, boz isə hirs, lovğalıq rəmzi kimi səciyyələnir...

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!