Mətn F.D.Aşnin, B.M.Alpatov və
D.M.Nasilovun birgə hazırladığı
"Repressiya olunmuş türkologiya"
kitabından tərcümə edilmişdir.
Bu istedadlı şair çox qısa həyat yaşamışdır. Onun 22390 saylı istintaq işi də çox qısadır: bəraət hissəsi daxil olmasa cəmi 45 səhifədən ibarətdir.
Mikayıl Qədir oğlu İsmayılzadə 1908-ci ildə bütün həyatı boyu yaşadığı Bakıda doğulmuşdur. O, ilk müəllimi olan atasını tez itirmişdir. 1937-ci ildə onun qardaş və bacısı sağ idi; sonuncunun faciəli taleyi haqqında da danışacağıq. 1927-1931-ci illərdə bioqrafiyasında qeyd edildiyi kimi Azərbaycan Dövlət Universitetində təhsil almış, "sonra təxminən yeddi il Bakı məktəblərində dərs demişdir". Buradakı yeddi rəqəmi bir qədər şişirdilmişdir; istintaq işində də görünür ki, 1937-ci ildə o artıq "şair və redaktor idi" və daha müəllimlik etmirdi. 22 yaşında ilk kitabını çap edən Müşfiq 1937-ci ildə onların sayını 10-a çatdırmış, "Çağlayan" adlı 11-ci kitabını isə çapa hazırlayırdı.
Yaxından tanıyanlar da təsdiq edir ki, Mikayıl Müşfiq təkcə peşəsinə görə deyil, şəxsiyyətinə görə də şair idi. Onunla ünsiyyətdə olub günahsız yerə əziyyət çəkən, lakin sağ qala bilən Yaroslav Smelyakov yazırdı: "Müşfiq haqqında olan əksər xatirələrdə onun saatlarla həm özünün, həm də başqalarının şeirlərini oxumasından və saatlarla poeziya haqqında danışmasından bəhs edilir. Elə ki həyati məsələlər haqqında söhbət başlayar, o susarmış". Şair haqqında müxtəlif rəvayətlər dolaşırdı: axşamlar gec saatlarda parka gələr və gözətçini buraxmadan şeir oxuyarmış. Özü haqqında deyərmiş: "Poeziya-mənim həyatımdır. Həyatımın ən bədbəxt dəqiqələri şeirsiz keçən günlərimdir". "Müşfiq şeiri" adlanan yeni formalı şeirlər yaratmışdır. Dostları onu şox sevirdi. Bəraətindən sonra yaddaşlarda qalan şeirləri də qələmə alınmış və çap edilmişdir.
Müşfiq sovet dövründə həyata atılan gənc nəslə mənsub olduğundan "Müsavat" ideyalarının təsiri altına düşməmişdi. Xatirələrə əsasən yaşadığı həyatı səmimiyyətlə qəbul edirdi. 1955-ci ildə Azərbaycan yazıçıları xatırlayır: "Onun "Stalin" əsəri o dövrdə Stalinə həsr edilmiş bütün əsərlərdən daha güclü idi". Əhməd Cavad kimi o da tərcümələr edir, Puşkinin "Qaraçılar", Lermontovun "Demon" və "Şairin ölümü" əsərlərini rus dilindən dilimizə çevirmişdir. O, milli ədəbiyyatımızı çox gözəl bilirdi: xatırlayırlar ki, o Füzulinin lirikasını bütünlükdə əzbər bilirmiş.
Lakin 1937-ci ildə Mikayıl Müşfiqə də imkan vermədilər. Yaroslav Smelyakov rəsmi qadağalara baxmayaraq şairin taleyi haqqında bəzi fikirlər yazmışdı. O yazır ki, "şair böhtançı danosların qurbanı oldu". Lakin orada göstərilən ölüm tarixi "12 mart 1939-cu il" bildiyimiz kimi qondarmadır. Həqiqətdə isə şairin həyatı daha əvvəl qırılmışdı.
İstintaq işinin ilk sənədlərindən göründüyü kimi o Əhməd Cavadın işi ilə eyni vaxtda hazırlanmışdır. Həbs haqqında arayış, həbslə bağlı qərar, order, axtarış protokolu və şəxsi axtarış eyni tarixdə və eyni adamlar tərəfindən imzalanmışdır. 1937-ci ilin 4 iyun gecəsində hər iki ədəbiyyat adamı həbs olunmuş və ilk dəfə 5 iyunda dindirilmişdir. Mikayıl Müşfiq müsavatçı keçmişi olmadığı üçün (20-ci illərdə onun 12 yaşı var idi) heç bir ittihamı qəbul etməmişdi. O, sadəcə, bildirmişdir ki, tələbəlik illərində -1930-cu ildə sonralar həbs olunan bir qrup tələbə onu qurduqları milli təşkilata üzv etmək istəsələr də o etiraz etmişdir.
İstintaqın sonrakı istiqaməti Əhməd Cavadın işindən bir az fərqlənirdi. Mikayıl Müşfiq bir müddət dözmüşdü - 1937-ci ilin 20 oktyabrına qədər (6 iyunla 20 oktyabr arasında işdə heç bir sənəd yoxdur). Məhz buna görə də onun işini A.Tağızadənin işi kimi oktyabr troykalarının iclaslarının gündəliyinə daxil etməmişdilər. Lakin 20 oktyabrda şair dözə bilməyir və bununla da ölüm hökmünü imzalamış olur. İstintaq işinə 20 oktyabrdakı dindirmə protokolu, davamı 21 oktyabrda keçirilən və 27 oktyabr tarixində tamamlanan əsas protokol əlavə edilmişdir.
Mikayıl Müşfiq etiraf etməli olur ki, sonuncu sinifdə oxuyanda müəlliminin kontrrevolyusoner təsiri altına düşmüş, daha sonralar millətçi yazıçılarla dostluq etmişdir. Lakin təşkilata yalnız 1935-ci ildə Azərbaycan Yazıçılar Birliyinin sədri Ələkbərlidən "əsərlərində kontrrevolyusoner nasionalizmi təbliğ etmək" tapşırığı aldığı zaman üzv olduğunu etiraf etmişdi. Tapşırığı yerinə yetirərək şair "Əbədiyyət nəğməsi" və "Mingəçevir" əsərlərində üstüörtülü şəkildə Azərbaycanım ağır vəziyyəti haqqında yazmışdır. Onu "Azərbaycanı məhv emək üçün kontrrevolyusoner danışıqlar" apardığı adamların siyahısını verməyə məcbur etmişdilər. Adı çəkilən yazıçıların əksər hissəsi heç həbs olunmamışdı.(Onun yaşındakı yazıçılar yaşlılara nisbətən daha az təqib olunurdu) . İstintaq Mikayıl Müşfiqin şəxsən kimisə ifşa etməsini tələb etsə də, o etiraz etdi. Daha sonra istintaq materialında 1937-ci ilin aprelindən Müşfiqə qarşı toplanan digər ifadələr yer alır. Ələkbərli Müşfiqi təşkilata necə qəbul etməsi haqqında danışır, başqa bir yazıçı bildirir ki, şair "Banditlət" şeirində sanki quldurları tərifləyir.
Etirafdan bir həftə sonra istintaq başa çatmış, 1937-ci ilin 27 oktyabrında protokol imzalanmışdır. 29 oktyabrda Çinmanov iddianaməni hazırlamış və 31 oktyabrda Sumbatov tərəfindən imzalanmışdır. İndi Moskvadan yeni troykanı gözləmək lazım gəlirdi. Onun iclaslarında oktyabr və dekabrda etiraf edənlərin işləri müzakirə edilirdi. İddianamədə prokuror Rozovskinin icazəsi yalnız 1938-ci ilin 1 yanvarında, İ.Nikitçenkonun başçılığı ilə yeni "troyka"nın gəldiyi gündə görünür. Mikayıl Müşfiqin 11:20-də başlayıb 11:40-da bitən məhkəməsi A.Tağızadədən 3 gün sonra 5 yanvarda baş tutur. Hökm elə həmin gün 5 yanvarda Şevelevin imzası olan arayışla icra olunur.
Müşfiqin həyat yoldaşı Dilbər Hacı qızı Axundzadə digər ittiham olunanların yoldaşları kimi həbs edilmişdi, lakin sonrakı taleyi daha fərqli oldu. Dilbər həbsxanada xəstələnmiş və lager əvəzinə psixiatriya klinikasına göndərilmişdi. 1956-cı ildə o Bakıda yaşasa da, görünür ki, xəstə idi; digər qadınlardan fərqli olaraq Mikayıl Müşfiqin dul arvadı yoldaşının realibitasiyası prosesində iştirak etmir.
Azərbaycan yazıçıları bu vəzifəni öz üzərinə götürür. Onun işində Azərbaycan Yazıçılar İttifaqı Rəyasət Heyətinin üzvləri olan S.Rəhimov, Mehdi Hüseyn, Mir Cəlal, Məmməd Arif, İ.Əfəndiyev, B.Vahabzadənin imzaladığı məktub var. Onlar mərhuma gözəl xasiyyətnamə verir. Məktub, həmçinin, 10 noyabrda "Əbədiyyət nəğməsi" və "Mingəçevir" şeirlərini tədqiq etmək üçün təşkil edilmiş istintaq komissiyası ilə də əlaqəli idi. Ümumiyyətlə, müxtəlif türk respublikalarındakı yazıçıların mövqeyini dəyərləndirmək lazımdır. Belə ki, Qazaxıstandakı yazıçılar repressiya olunanların realibitasiyasına qarşı çıxırdılarsa, Azərbaycandakılar bəraət üçün əllərindən gələni edirdilər.
Tərcümə etdi:
Nərmin Cahangirova
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!