Bu günlərdə Nizami Cəfərovun "Ədəbiyyat söhbətləri" kitabı ("Elm və təhsil", 2018) çapdan çıxmışdır.
Kitabın "Ön söz"ünü təqdim edirik.
Ön söz
Adətən, iki-üç yəhudi bir yerə yığışanda onların müsahibəsi hüquq elmini zənginləşdirir... İki-üç azərbaycanlının söhbəti isə nədən başlanır-başlasın axırda gəlib çıxır ədəbiyyata, ona görə də ədəbiyyat söhbəti bizim üçün mənəvi-ruhi özünüifadənin (və özünütəsdiqin!) həm bir millət, həm də bir şəxs səviyyəsində, görünür, ən mühüm, ən səciyyəvi təzahürüdür.
Məsələ yalnız onda deyil ki, rastlaşanda ədəbiyyatdan danışırıq, daha çox ondadır ki, ən xırda məişət mövzusundan başlamış rəsmi ünsiyyətimizə qədər, demək olar ki, hər yerdə nitqimizin bədii-estetik "çəkisi" özünü mütləq göstərir: söhbətin süjetindən ifadələrin obrazlılığına, poetik siqlətindən ritm-intonasiyasına qədər...
Azərbaycan xalqının "şair xalq" olması barədəki fikir bəzən Azərbaycanın özündə də müəyyən ironiya ilə qarşılanır. Lakin belə bir ironiya, elə bilirik ki, özünü doğrultmur... Bir xalqın ədəbi təfəkkürünün zənginliyindən, bədii söz zövqünün zərifliyindən dəyərli nə ola bilər?.. Və məsələnin bir mühüm cəhəti də burasındadır ki, Azərbaycan xalqı yalnız "şair xalq" deyil, həm də hər şairi, hər şeiri bəyənməyən "tənqidçi xalq"dır ki, bu "tənqidçilik" elə "şairlik" qədər təbii bir inersiyadır. Ola bilməz ki xalq böyük bir ədəbiyyat yarada, ancaq həmin ədəbiyyatın elminə bələd olmaya...
Azərbaycan xalqı ədəbiyyat yarada-yarada ədəbiyyat barədə düşünməyin ən proqressiv texnologiyalarına yiyələnmiş, özünün ədəbiyyat yaradanları qədər də ədəbiyyat tənqidçilərini yetirmişdir. Və heç şübhəsiz, Azərbaycanın ilk ədəbiyyat tənqidçiləri də Azərbaycan ədəbiyyatını yaradanların özləri olmuşlar...
Yeni dövrdən - dahi Mirzə Fətəli Axundzadədən başlayaraq ədəbiyyat barədə mühakimə yürütmək ədəbiyyatı yaratmaq qədər mötəbər bir yaradıcılıq qabiliyyəti sayılmış, Azərbaycan ədəbiyyatşünaslığının banisi Firidun bəy Köçərli bu sayqını akademik bir səviyyəyə yüksəltməklə Azərbaycanda klassik ədəbiyyatşünaslar nəslinin yetişməsinə əhəmiyyətli təsir göstərmişdir. Doğrudur, bu nüfuzlu təsir keçən əsrin 20- ci, 30- cu illərində məlum siyasi-ideoloji deformasiyalarla müşayiət olunmuş, lakin mahiyyətindəki ideya-estetik obyektivlik heç zaman zədələnməmişdir.
Azərbaycan xalqı XX əsrdə nəinki Azərbaycan ədəbiyyatı, ümumən dünya ədəbiyyatı barədə istənilən mövzuda peşəkar söhbətə hazır şəxsiyyətlər yetirmişdir: Salman Mümtaz, Mikayıl Rəfili, Mehdi Hüseyn, Məmməd Arif, Məmməd Cəfər, Feyzulla Qasımzadə, Həmid Araslı, Mir Cəlal, Cəfər Xəndan, Əkrəm Cəfər, Əkbər Ağayev, Kamal Talıbzadə, Pənah Xəlilov, Əziz Mirəhmədov, Məsud Əlioğlu, Bəkir Nəbiyev, Nəriman Həsənzadə, Yaşar Qarayev, Tofiq Hacıyev, Anar, Elçin, İsa Həbibbəyli...
XX əsrin sonu XXI əsrin əvvəlləri Azərbaycan ədəbiyyatşünaslığının tanınmış nümayəndələrinin sadəcə adlarını sadalamaq istəsək çox böyük bir siyahı alınar...
"Ədəbiyyat söhbətləri" başlığı altında toplanmış məqalələr son iki- üç ildə qələmə alınmışdır. Və həmin məqalələrin hər biri böyük sələflərin başladığı ədəbiyyat söhbətlərində müəllifin mütəvaze bir iştirakıdır ki, bu söhbət neçə ki Azərbaycan ədəbiyyatı var davam edəcəkdir... Ümumiyyətlə, elə bir ədəbiyyat yaradan xalq təsəvvür eləmək mümkün deyil ki, onun ədəbiyyat barədə söz-söhbəti nə zamansa kəsilsin...
Oxuculara təqdim olunan məqalə və müsahibələrdə söhbət bəzən ədəbiyyat hüdudlarından kənara çıxmalı, dil, din, mədəniyyət və s. məsələləri əhatə etməli olmuşsa da, kitabın (və söhbətlərin) əsas mövzusu dəyişməmişdir... Söhbət ədəbiyyatdan gedir...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!