Kənan Hacı - "Bir daha şairlər güllələnməsin" - Kənan HACI

Mikayıl Müşfiqin əziz ruhuna

Kənan HACI

 

Yer üzündə sular var,

Sularda dalğalar var,

Dalğalarda ruzgar var,

Həpsi - bizim qüvvətimiz...

Biz suları, küləkləri

Fəth edəriz.

Külək - qüvvət,

Su - qüvvət,

Nə genişdir təbiət.

Mikayıl Müşfiq

 

İyunun 5-də Günəşin zərrin şəfəqləri altında bir gəmi Müşfiq ünvanlı səfərə çıxdı. Onun "məzar"ına gül səpməyə yollandıq. Gəmi sakit suların qoynunda irəlilədikcə düşünürdüm ki, görəsən dünyada elə şair varmı ki, məzarı suların qoynunda olsun?! Müşfiq Xəzərin qoynunda uyuyur. Gəmi Nargin adasına yaxınlaşır, suların üzərində sanki qırmızı qərənfil xalısı toxunur. Duyğulanıram, şair dostum Əkbər Qoşalı pıçıldayır: "Bir daha heç vaxt şairlər güllələnməsin!"

Anar müəllimin dalğın baxışları üfüqlərə zillənib, bəlkə də Müşfiqin ruhuyla danışır...

"Yenə o bağ olaydı" şeirinin misraları üfüqdə göyqurşağı kimi açılır. Hərəmiz o şeirin bir misrasını deyirik. Qanadıqırıq misraların yarasını sarıyırıq. Sözlər sanki ovcumuzda ürək kimi çırpınır, səmaya pərvazlanmağa can atır.

 

Mən gəncəm, bilirəm istiqbalım var,

Hələ bədr olmamış bir hilalım var,

Yelkənim açılır, qara yel, əsmə!

Mənim bu dəryada bir sandalım var. 

 

Onun istiqbalını əlindən aldılar, onu yeni həyatın sıralarından qopardılar. Yeni şeirin möcüzəvi dilini anlamadılar. Müşfiq "göylərin lacivərd ətəkləri"ylə, əngin səmayla uğraşırdı, yerlərdə sürünənlər, sürünmək üçün doğulanlar onun qanadlarını qırdılar. Amma onun poeziyası keçmişi də, bu günü də, gələcəyi də öz içinə hopdurub, bu şeirin qanadlarını qırmaq mümkün deyil. Müşfiqi cismən məhv edənlər, onun fiziki ömrünə son qoyan cəlladlar anlamırdılar ki, onun qanadlarını nə qədər qırsalar da yerində yeni qanadlar bitəcək.

Gəmi Narginə doğru irəlilədikcə qarışıq fikirlər beynimi məşğul edir. Müşfiq yaşasaydı, daha nələr yazardı...  "İşıqlı dünyadan necə əl çəkim?" deyən şairə niyə, necə qıydılar?! Müşfiq Azərbaycan poeziyasının ən nikbin şairidir. Hansı şeirinə baxsanız, misralarından üzünüzə bir səhər nəsimi əsəcək, ruhunuzu oxşayacaq.

Sənin gülüşlərin bir rüzgar kimi

Əsərkən arzumun gülü açılır.

Gülsə dodaqların ulduzlar kimi

Ruhuma bir sərin işıq saçılır.

 

Söylə, gözəllərin dodaqlarından,

Bu oynaq gülüşlər umulmuşdur?

Sənin hər qəhqəhən Ay kənarından

Keçən buludmudur, uçan quşmudur?

 

Zamanın keçməsi insanın unutmaması üçündür. Zaman keçdikcə Müşfiq bizə daha da yaxınlaşır, o, sözlərə səs, səslərə söz qatıb ruhumuza hopur. Hər gələn nəsil Müşfiqin şeir növrağından öz payını götürür. Əkbər Qoşalı ilə gəminin göyərtəsində yanaşı oturmuşuq, dinmirik, hamımız öz içimizdə Müşfiqin nakam taleyi haqda düşünürük. Əkbər "hər il Müşfiqin doğum günündə belə bir törənin keçirilməsi böyük hadisədir"deyə sükutu pozur. Təsdiqləyirəm, doğrudan da Müşfiqin adıyla bağlı Şairlər Gününün ənənə halını alması Azərbaycan ədəbiyyatında son dərəcə sevindirici hadisədir.

Müşfiqin əbədi olaraq zirvələrdə qərar tutmasını gənc yaşda güllələnməsilə bağlayanlar peyda olub. Bilmirəm onlar Müşfiqin yaradıcılığından hansı mənalar əxz ediblər, ümumiyyətlə, nəsə əxz edə biliblərmi? Müşfiq klassik divan ədəbiyyatından yenicə qopmaqda olan şeirə yeni paradiqma qazandırdı, yeni şeir dili yaratdı. Rəsul Rza da, Səməd Vurğun da bu sıradaydı, onlar da yeni şeirin bayraqdarlarından oldular. Müşfiq söz dəryasına yelkənini açmışdı, onun poetik təfəkkürü məcrasına sığmırdı. Dəniz kimi çoşub-çağlayırdı. Sonuncu kitabının da adını "Çağlayan" qoymuşdu. Onun poeziyası çağlayan bir ümman idi.

Saçın kimi qıvrılan dalğalara dalaydım,

Dalıb ilham alaydım.

Əndamını həvəslə qucaqlarkən dalğalar,

Qəlbimdə qasırğalar,

Fırtınalar coşaydı, qısqanclıqlar doğaydı,

Məni hirsim boğaydı,

Cumub alaydım səni dalğaların əlindən,

Yapışaydım belindən,

Xəyalımız üzəydi sevda dənizlərində,

Ləpələr üzərində,

İlhamımın yelkəni zərrin saçın olaydı,

Sular xırçın olaydı.

 

Bu möhtəşəm şeirin coğrafiyasında üfüqlərə doğru üzürük, qərənfillərlə suların səthinə sevgimizin xəritəsini çəkirik. Hər birimizin yaddaşında "Yenə o bağ olaydı" ünvanlı nisgilimiz var. Müşfiq sanki bütün insanların arzusunu, həsrətini, nisgilini sözlərə hopdurub. "O bağ" hamımızın xatirələrinin ünvanıdır, hamımızın "o bağ"ı var. Amma hamı "o bağı" Müşfiq kimi təsvir edə bilməz,  "o gözəl"i Müşfiq kimi vəsf edə bilməz.

 

Yarpaqlar arasından uzadaraq əlini,

            Oxşayaraq telini,

Gecələr darayaydı saçlarını, ay gözəl!

            Sən gözəlsən, Ay gözəl?!

Əllərində əllərim, gözlərində gözlərim...

            Asılaydı sözlərim

Könlünün qulağından bir qızıl tana kimi,

            Günəş doğana kimi.

 

Mən də bu yazıya Müşfiqin misralarını al qərənfillər kimi səpdim. Müşfiqin haqqında onun sözündən yaxşı nə yazmaq olar ki?! Elə bir şairin ki, sözlər onun şeirlərində özünü yeni, təzətər görürlər, onun şeirinin lüğətində nifrət yoxdur, sevgi var. Cəlladlar o sevgini güllələdilər... Bu gün də bizimlə birlikdə olan ölməz, əbədi Sevgini!..

 

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!