Xuraman Hüseynzadə yazır...
"Bir şeir əsla bitməz, tərk edilir" - deyirdi Pol Valeri. Ejen İonesko Pol Valerinin "bitirmədiyi", yaxud "tərk etdiyi" şeirlərdə işığın yox, zərgərlik məmulatlarının, brilyantın soyuq parıltısı olduğunu düşünürdü. "Dost Orman" şeirini oxuduqda nəinki işığın, hətta günəşin belə heç vaxt sönməyəcəyinə inanır oxucu. Beləliklə, 1:0 Pol Valerinin xeyrinə.
Tərcümə Orhan Velinindir:
Temiz şeyler düşündük, tertemiz;
Uzun yollar boyunca, beraber;
Eli elimde, yan yana, sessiz;
Çevremizde karanlık çiçekler.
Yapayalnız, kırda, yeşil gecede;
Yürüyorduk, nişanlılar gibi;
Gökte Ay, masaldaki bir meyve;
Bölüştük o sihirli meyveyi.
Ve öldük yosunlar üzerinde,
Uzakta, yalnız, o mırıltılı,
O dost ormanın gölgelerinde.
Sonra gökte, nurlarla sarılı,
Buldum seni, yaş dolu gözlerim,
Sevgili sükut yoldaşım benim...
XX əsrin məşhur şairlərindən olan Pol Valeri (Paul Ambroise Valery) 30 oktyabr 1871-ci ildə Fransada bir liman kəndində dünyaya göz açır. Fransız şeirinin önəmli yazarları arasında yaşadığı əsrə damğasını vuran Pol Valerinin uşaqlığı bir liman kəndində keçir. İlk təhsilini burada alan Valeri sonra Montpellierə gedərək hüquq sahəsində oxuyur. Universitetdə təhsil aldığı zaman yaradıcılıqla da məşğul olan Valeri ədəbiyyatla bərabər musiqiyə də maraq göstərir. Universiteti bitirdikdən sonra Valeri, Avropanın və fransız ədəbiyyatının qəlbinin döyündüyü Parisə gələrək orada ədəbi fəaliyyətlə məşğul olur. Pol Valeri 1888-ci ildə şeirlər yazmağa başlayır.
Parisdə qaldığı müddətdə Valeri, bəzi fikirlərinə görə yanlış anlaşılır. Bu anlaşılmazlıq üzündən ədəbiyyatdan uzaqlaşmağı seçən Valeri, riyaziyyatla məşğul olmağa başlayır. Gözəlliklə gerçəklik mövzusundakı xəyallarının şeirlə gerçəkləşməyəcəyini anlayınca depressiya keçirən yazar 1892-ci ildə ədəbi fəaliyyətə son vermək qərarına gəlir. Daha sonra-1892-ci ildən etibarən düşüncələrini hər gün qələmə alaraq yazıya köçürür. Fransız şairin 51 il davam edən bu əziyyətinin nəticəsi olaraq sonda 271 dəftər ortaya çıxır. Valeri, bu şəkildə qələmə aldığı 271 dəftərdə insanın mənəvi kamilliyini incələyir. Həmin dəftərlərdə şairin din, siyasət, sənət, mədəniyyət, fəlsəfə mövzularını əhatə edən çoxsaylı publisitik yazıları, şeirləri, sulu və yağlı boya ilə, karandaşla çəkdiyi rəsmlər də yer alır. Şeirə və memarlığa da maraq göstərən Pol Valeri mizantrop bir gənc idi. 20-ci illərdə şair Sen-Jon Pers və Pol Klodel kimi qələm yoldaşları ilə birlikdə "Nuvel revyü fransez" jurnalı ətrafına toplanan ədəbi qüvvələrin sırasında təmsil olunur. Az sayda dostları arasında sonradan fəlsəfə doktoru olan Gustave Fourment, Andre Gide və Pierre Charles Louis vardı.
Duyğusal mübarizəyə son
Sənətçi pərişanlığı və qarşılıqsız bir eşqin üzüntüsü 1892-ci ildə Valerini duyğusal mübarizəni buraxıb özünü başqa işlərə həsr etməyə vadar edir. Kitablarının çoxunu ortalıqdan yığışdırır və 1894-cü ildən başlayaraq hər gün günəşlə oyanıb bəzi mövzularda sublimasiya yoluyla həyata baxışını dəyişdirir. Bu alışqanlığı ömrünün sonuna qədər davam edir. Pol Valerinin şeirləri dərc olunduqca tənqidçilərin diqqətini çəkir. Gide ilə dostluğunu ömür boyu sürdürən Valeriyə dostu həmişə dayaq olur, yaradıcılığında durğunluq yaranan vaxtlarda onu yenidən yazmağa ruhlandırır...
Həmin yaşantılarına "Dəftərlər" adı verir. "Dəftərlər" XX əsrin ən böyük şairlərindən biri olan Pol Valerinin kimliyinin aynası hesab edilir. "Əsər var ki, öz auditoriyası tərəfindən yaradılır, əsər var ki, özü öz auditoriyasını yaradır"-deyirdi Pol Valeri. Onun əsərlərinin hansı qismə aid olduğunu bilmək üçün "Dəftərlər"i oxumaq mütləqdir:
"Hər bir kitab, müəllifin daxili monoloqunun bir parçasıdır."
***
"Yaradıcılığın məqsədi insanları həyəcanlandırmaq yox, daha çox onları ələ almaqdır."
***
Tarix baxışlarını keçmişə
zilləmiş peyğəmbərlərdir
***
"Əsər, müəllifin hər zəhmətinə bir kiçik heykəl, hər
problemlərinə xırda məbəd, hər sirrinə bir xatirə daşı olmalıdır."
***
"Ədəbiyyat mahiyyət etibarilə deməyə sözü olmayan,
lakin yazmaq ehtiyacları güclü olan adamlarla doludur..."
***
"Ən əhəmiyyətli fikirlər
duyğularımıza
zidd olan fikirlərdir."
***
"Rəssam öz gördüyünü yox,
başqalarının görəcəyini çəkir."
***
"Eşq, birlikdə
axmaqlıq deməkdir."
***
"Nəyisə arzu edirsənsə,
deməli, xoşbəxt deyilsən."
***
"Yazmaq, gələcəyi görməkdir."
Şair, dramaturq Pol Valeri 1897-1900-cü illərdə Fransa Müdafiə Nazirliyində protokol məsələləri katibi vəzifəsinə gətirilir. Üç il sonra Jeannie Gobullard ile evlənən yazar, 1920-ci ilə qədər "Havas" adlı xəbər agentliyində işləyir. 1912-ci ildə Gidenin israrıyla yayımlamaq üçün əvvəlki əlyazmalarını gözdən keçirməyə, "Gənc Tale" (La Jeune Parque) adı altında topladığı şeirlərində düzəlişlər etməyə başlayır. Valeri texniki problemlər üzündən bir şeiri beş ilə yazır. Kitab 1917-ci ildə yayımlanır və ona böyük şöhrət qazandırır. 1925-ci ildə Fransa Akademiyasına üzv seçilən Valeri, həmin illərdə evlənir. Bu zaman kəsimi böyük şairin yaradıcılığının ən məhsuldar dövrü hesab olunur.
Fransa torpağının yetişdirdiyi simvolist şairin şeirlərindən bu gün də nə qədər şair təsirlənir. Leonardo da Vinçini ən ideal insan kimi dəyərləndirən Valeri, böyük rəssama qarşı olan münasibətini, düşüncələrini "Leonardo da Vinçi yaradıcılığına giriş" əsərində qeyd edir. Fransız simvolist hər şeirə fərqli rakursdan baxmağa çalışır. Şairə görə, şeirdə estetik bir biçim olmalıdır. Bu nüans onun şeirlərində olduqca önəmli faktdır.
Ölənə qədər yazmaq...
Pol Valerinin ən məşhur şeirinin "Dəniz məzarlığı" olduğu deyilir.Oxucular tərəfindən həmişə bəyənilən "Mənim Faustum" tamaşası da onun yaradıcılığında xüsusi yer tutur.
"İntroduction ? la methode de Leonard de Vinci" (Leonardo da Vinçinin yaradıcılığına giriş) adlı yazısında və "Dəftərlər"ində ağıl və hiss ilə düşüncəsizlik tez-tez qarşılaşdırılır. Yazar "La Jeune Pargue"da günəşin istisi keçmiş şüaları altında sahildə oturub sükuta dalmaqla həyatın şirinliyini və acılarını seçmək arasında qalan gənc tanrıçadan bəhs edir. Onun lirik qəhrəmanı "Le Cimetiere marin"də (Dəniz məzarlığı) bir gün dəniz kənarında ölüm və yaşam, olmaq və olmamaq haqqında düşünür. Məktublarının çoxunda o, tez-tez həyatın şirinliyi ilə yalqız qalma istəyi arasında yaşadığı mübarizədən danışır. Dəniz kənarında dünyaya göz açdığı üçün dənizi, dalğaları çox sevir. Uğursuz eşq hekayəsindən sonra özünü elmə və riyaziyyata həsr edən Pol Valeri riyaziyyatı da dənizdə gördüyünü iddia edir və şeirlərində bunu oxucuya göstərməyə çalışır...
Həyatının son günlərinə qədər qələmi əlindən düşməyən Pol Valeri 1945-ci il iyulun 20-də Parisdə gözlərini əbədi yumur.
Fransanın böyük şəxsiyyətinin dəfnini dövlət təşkil edir...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!