Nəriman Qasımoğlu - Quran dilinin statusu haqqında - Nəriman QASIMOĞLU

Nəriman QASIMOĞLU

 

Nəriman Qasımoğlu

 

"İslam" sözü ərəbcədən tərcümədə "təslimolma" deməkdir və yaxşı olardı dinimizin ərəbcədəki adını da həmin sözün informativ yükünə uyğun ana dilimizdə elə "təslimolma" kimi qəbul edib işlədək. Belədə tarixən tapındığımız dini təktanrılığın sadəcə yenilənmiş versiyası kimi qavramaq imkanı qazanırıq və bunun da ən gözəl yanı odur ki, dinimizi nəhəng zaman genişliyində tarixöncəsinədək gedib çıxan görürük.

Təslimolmanın tarixindən söhbət düşəndə nisbətən mütərəqqi ilahiyyatçılar bütün Tanrı elçilərini - Nuh, İbrahim, Musa, Yaqub, Yusif, Yunus, Zəkəriyyə, İsa və b.-nı "təslimolma" elçiləri kimi tanımlayan Quran ("Quran" sözünə də bundan sonra informativ yükünə uyğun tərcümədə daha çox "Oxu" deyək!) mətninə istinad edərək "Adəmdən Xatəmə" ifadəsini işlədirlər. Nəzərdə tutulan tarix Adəmdən son peyğəmbər Məhəmmədə qədərki  dövrdür. Ancaq dinimizin, təslimolmanın təcrübi arealında olduqca az şeyə rast gəlmək olur ki, bu tarixin gedişatı və ayrıntılarına söykənsin.

Əksər ilahiyyatçıların müsəlmanlar üçün vacib bildiyi nə varsa, hər şey Məhəmməd peyğəmbərin "sünnə"sində (Oxu-da "peyğəmbər sünnəsi" ifadəsi yoxdur, "Tanrı sünnəsi" var!) - onun "gətirdiyi", islam şəriəti adına qələmə verilən qayda-qanunlarda müəyyənləşir. Bununla da təəssüf ki, təktanrılığın Oxu-da ifadəsini tapan universal məntiqi gözardı edilir. Mən hələ bu təslimolma dininin zamansızlığı içərən məntiqindən danışmıram...

Problemlər həddindən artıq çoxdur, tarixilik, ənənəçilik, siyasi konyunkturlar baxımından çoxşaxəli, çoxparametrlidir ki, ilahiyyatçılıqda da keçilməz sədlər yaradır.

Bu sədlərin biri ərəb dili səddidir. Ənənəvi islami təfəkkürdə yenilikçiliyə, islahatçılığa, zamanla ayaqlaşmayan, elə Oxu-nun  çağımızda anlaşılan öz məntiqinə də açıq-aşkar tərs düşən ən çeşidli etiqadi və fiqh təlimlərinə - cəfəri, şafii, maliki, hənəfi, hənbəli, hənbəli-sələfi, nurçu və s. və i.-ə xas ümumi cəhətlərdən biri bu dil məsələsinə münasibətlə bağlıdır.

İslam adına mövcud bütün təlimlərdə Quran dili olduğu üzündən ərəbcənin xüsusi statusu var. Bəri başdan deyim ki, Oxu orijinalının ərəbcə nüzulu əslində möcüzəvi bir şey deyil, obyektiv bir zərurətin ifadəsidir: "Öz qövmünün dilində göndərdik hər elçini aydınlatsın, açıqlasın soydaşlarına..." (14:4). Əlbəttə, hansısa topluma anlamadığı yabançı birisinin ilahi ismarışlar çatdırması absurddur.

Bu adi və obyektiv məntiqlə şərtlənən və heç də xüsusi olmayan statusun möhkəmləndirilməsinə tarixən subyektiv cəhdlər də edilib. Peyğəmbər adına xalq rəvayətləri qəbilindən hədislər uydurulub ki, ərəbcəni bir dil olaraq müqəddəsləşdirsinlər. Guya Məhəmməd peyğəmbərin dediklərindən biri bu imiş: "Üç səbəbə görə ərəb dilini sevin: çünki mən ərəbəm; Quran-i Kərim ərəbcə nazil olub; cənnət əhlinin danışdıqları dil ərəbcədir". Uydurma olduğu bir kənara, hədisin məntiqi belədir ki, peyğəmbər ərəbdirsə, aldığı vəhylər ərəbcədirsə, yaxşı insanlar cənnət-məkanda hökmən başlayacaqlar bir-biri ilə ərəb dilində danışmağa. Fərqi yoxdur, türk ol, fars ol, rus ol, kim olursansa ol, mömin müsəlmansansa, cənnətliksən və orada dilin dönüb olacaq ərəb dili...

Yeri gəlmişkən, burada bir haşiyə çıxıb ənənəçilərə etirazən deyim ki, axirət əcri  üçün heç də şərt deyil Məhəmməd peyğəmbərə enmiş Oxu ismarışlarını qəbul edəsən, çünki Oxu-nun öz mətni əməli-saleh xristianlara, yəhudilərə qucaq  açaraq onları da cənnətlə müjdələyir: "O kəslər ki, inanmışlar və o kəslər ki, yəhudi olmuşlar... xristianlar, sabiilər... Kim inanmış Tanrıya, axır günə, bulunmuş da xeyircil bir əməldə - ödüncləri Rəblərinin qatında. Nə qorxu gözlər, nə qəm üzər onları"(2:62); "Həqiqətən, o kəslər ki, inanmışlar və o kəslər ki, yəhudi olmuşlar... xristianlar, sabiilər... Kim inanmış Tanrıya, axır günə, bulunmuş da xeyircil bir əməldə, nə qorxu gözlər, nə qəm üzər onları"(5:69). Göründüyü kimi, Oxu-nun orijinal mətni cənnətin təkcə ənənəvi müsəlmanlara aid olmasını beləcə açıq-aşkar təkzib, hədisçilərin  ərəb dilinin statusu ilə bağlı saxta məntiq dəlilini də etibarsız edir.

"Öz qövmünün dilində göndərdik hər elçini aydınlatsın, açıqlasın soydaşlarına..." ayəsi ilahiyyatçıların o mənada karına gəlir ki, Quranın başqa dillərə tərcümə edilməsi, qeyri-ərəb dillərində açıqlanması zərurətini əsaslandırsınlar. Bu aydındır və hərçənd o da aydın olmalıdır ki, Oxu heç bir ayrı-seçkiliyə yol vermədən bütün dillərə də, etnik-irqi müxtəlifliyə də ayə statusunda, yəni Tanrının yaradıcılıq işinin əlaməti statusunda münasibət bildirir: "O-nun ayələrindəndir göylərlə yerin yaradılışı, dillərinizin, rənglərinizin müxtəlifliyi. Bunda, şəksiz, ayələr var bilənlərə" (30:22). Əslində elə təkcə bu ayənin təlqini imkan verir ərəbcənin təslimolma dini üçün əlahiddəliyini  rahatca kənara qoyasan.

Ancaq məsələ düşündüyümüz qədər sadə deyil. Hədislər, əsrlərcə müəyyənləşib qəlibləşən ənənələr öz yerində, bəs orijinalı ərəbcə olan Oxu-da necə, ərəbcənin xüsusi statusu varmı?

Əvvəlcə, aşağıda Oxu orijinalından təqdim etdiyim tərcümələrə baxaq. Bəzi məqamlar digər tərcümə variantlarında keçən ifadələrdən xeyli fərqlənsə də, ümumi bir cəhət var ki, onu ənənəvi təqdimatda saxlamışam. Bu, "ərəbcə", "ərəb dili", "ərəb" sözlərinin vurğulanmasıdır. Bu sözlərin işləndiyi ayələri təqdim edirəm:

- "Biz bunu ərəbcə bir Oxu olaraq endirdik bəlkə ağıl işlədəsiz" (12:2);

- "Beləliklə, Biz onu ərəbcə bir hökm olaraq endirdik" (13:37);

- "Onların göstərdiyi şəxsin qəlizdir dili, bu isə aydın ərəbcə bir dil" (16:103);

- "Beləliklə, Biz bunu ərəbcə Oxu olaraq endirdik də hallandırdıq ondakı təhdidləri bəlkə çəkinələr deyə, ya da bir anım yarada onlardan yana" (20:113);

- "Etibarlı Ruh endirmiş bunu sənin qəlbinə. Ki, xəbərləyən kimsələrdən olasan aydın ərəb dilində"(26:193-195);

- "Bu Oxuda hər şeydən bir nümunə gətirdik insanlara bəlkə xatırlayalar. ...Əyərsiz-əskiksiz ərəbcə Oxu olaraq. Bəlkə çəkinələr..." (39:27-28);

- "Rəhman Rəhimdən bir endiriş, bir Yazı ki, ərəbcə bir Oxutək açıqlanmış ayələri bilənlərə müfəssəl" (41:2-3);

- Biz onu qeyri-ərəb dilində bir Oxu eyləsəydik, hökmən deyəcəkdilər: "Məgər bunun ayələri müfəssəl açıqlanmalı deyildimi? Qeyri-ərəb dilində... və ərəb?!" (41:44);

- "Və beləcə Biz sənə vəhy eylədik ərəbcə bir Oxunu ki, xəbərləyəsən şəhərlərin anasını, ətrafında olanları..." (42:7);

- "And olsun aydınladan Yazıya, Biz bunu ərəbcə bir Oxu qıldıq bəlkə ağıl işlədəsiz" (43:2-3);

- "...Bu da ərəb dilində doğrulayan bir Yazı ki, xəbərləsin zülm eyləyən kəsləri, müjdələsin gözəl davrananları" (46:12)

Əlbəttə, bu ayələri tərcümədə oxuyanlarda o qənaət yarana bilər ki, təslimolmanın Oxu ifadələri də ərəb dilinə xüsusi yanaşmanı ortaya qoyur. Belədə ərəb olmayan inanclı müsəlman əqlinə güc verib necə anlaya bilsin ki, axı ərəbcənin öz doğma dilindən dini anlamda da özəl bir üstünlüyü ola bilməz. Və bütün dilləri eyni statusda təqdim edən ayənin (30:22) hökmü necə olsun?

Oxu ayələrində ərəbcənin bunca təbliği təsirini bağışlayan ifadələr islamın ateist düşüncəli əleyhdarlarına "ərəblərin dinidir", tərəfdarlarına isə ərəbcənin müsəlmanlar arasında vacib birləşdirici amil olduğu dəlilini verir. Birincilərin dəlilini ciddiyə almamaq olar. İkincilərin iddiası da həyatda təsdiqini tapmır, çünki müsəlmanlar arasında tarixən olmuş və hazırda davam edən dərin ziddiyyətlər həmin iddianı sadəcə etibarsız edir. Ancaq yenə də bəziləri bu birləşdirici amildən möhkəm yapışaraq və ərəbcənin Quran dili statusunu vurğulayaraq vacib bilirlər car çəksinlər ki, ibadətlər hökmən ərəb dilində icra edilməlidir. Belələri "namazlar fərqli dillərdə olsa, dinimiz əldən gedər" əndişəsini də yaşayırlar.

Bu dəlilə qarşı fikirlərimi mətbuatda dəfələrlə səsləndirmişəm. Əlavə olaraq bir məqamı qeyd edim: Oxu vəhylərinin özü də bir xeyli mətləbləri tərcümədə, yəni ərəb dilinə tərcümədə təqdim edir! Fərqli etnoslara mənsub Tanrı elçilərinin Oxu mətnində ifadələri keçir. Onlar, təbii ki, ərəbcə danışmayıblar. Oxuda onların xitabları tərcümədə təqdim edilir. Məsələn, "Məsih isə demişdi: "Ey İsrail oğulları, Rəbbim, Rəbbiniz olan Tanrıya qulluq qılın" (5, 72). Isa Məsih hansı dildə bunu demişdi? Quran-da olduğu kimi ərəb dilindəmi? Əlbəttə, ərəb dilində yox, öz dilində, arami dilində. Quran vəhyi tərcümə variantında təqdim edilirsə, bu elə onun nümunəsi deyilmi ki, ərəbcə vəhylər də anlaşılsın deyə tərcümədə namaz qılanın dilində səslənsin? Oxu-da bütün Tanrı elçilərinin - fərqli etnik qruplara mənsub elçilərin namazları haqqında onlardan ibrət götürməyi təlqin edən ayələr var. Təbii ki, namazları ərəbcə olmayıb onların.

İbadətin ruhiyyəsinə diqqət çəkən hörmətli yazarımız Pərviz Cəbrayılın bu məsələyə şərhi də ibrətamizdir: "İnsan Tanrıyla, əlbəttə, ruhunun diliylə danışır. Ancaq o ruhun dilini sözlərlə ifadə etmək gərəkəndə ana südü qədər qutsal olan ana diliylə ifadə edir. Və ana südüylə bəslənmiş dilin daha şirin, daha ürəkdən, daha içdən olacağı, ünvana daha uğurla çatacağı şübhəsizdir. Tanrı dili yox, mənanı, niyyəti qəbul edir, ancaq məna və niyyəti anlamadan söylənilənlərin kəsərinin güclü olacağı qaranlıqdır. Məhəmməd Füzulinin üç divanı var - türkcə, ərəbcə, farsca. Üçündə də möhtəşəmdir, lakin kim dana bilər ki, o, öz ana dilində Tanrıya bir köynək daha yaxın olub?!".

Yuxarıda ərəb dilinin Oxu-da xatırladılmasına dair verdiyim sitatlarda yalnız ərəbcəyə aid ənənəvi olaraq qəbul edilən ifadələri bilərəkdən dəyişməz saxladım. Bu natamam yenilədiyim tərcümə nümunələrindən məqsəd problemli mətləbin kökünə bir qədər aydınlıq gətirməkdir.

Tarixi ənənələrin yaratdığı sədlər bəzən elə sıx olur ki, Quran açıqlamalarının müəllifləri sözün lüğəti məna tutumundan daha çox onun klassik yozumlarına, ürfi-ənənəvi təlqinlərinə mexaniki olaraq bağlanır və bununla həmin sədlərin xidmətində dururlar. Hərçənd bu da var ki, "Yer üzündə ağaclar qələmlərə dönsəydi, dəniz də mürəkkəbə - yeddi dəniz də üstəlik, Tanrının sözləri tükənməzdi heç..." (31:27). Və təfsir azadlığını təşviqləyən başqa bir ayə (75:17) isə peyğəmbərdən sonrakı bütün dövrlərdə vəhylərin yozumunun Yaradanın Öz öhdəsində olduğunu təlqin edir. Yeni zamanlara uyğun yeni yozumların Tanrıdan insanlara çatdırışı  elm elçilərinin öhdəsindədir: "...O Yazının yozumunu başqaları deyil də yalnızca Tanrı bilər və elmdə dərinləşən kimsələr..." (3:7).

Oxu mətni dəyişməzdir, dəyişməzliyi də ilahinin zəmanətində olduğu vurğulanır ayələrin birində (15:9). Mətnin möcüzəsi ondadır ki, bu dəyişməzliyin müqabilində ayələrdə ifadə olunan mətləblər statik, dəyişməz deyil, ilahi həqiqətlərin dəyişməzliyi fonunda yeni hikmətlər açır, yeni sözlər deyir. Məsələn, 84-cü surənin 19-cu ayəsinin hərfi tərcüməsi "siz boşqabdan-boşqaba mütləq minəcəksiniz", yaxud "siz təbəqədən-təbəqəyə mütləq minəcəksiniz" kimi bir ifadəni ortaya qoyur. Ənənəvi tərcümə variantlarında həmin ifadə "siz haldan-hala mütləq düşəcəksiniz" kimi gedir və əlavə olaraq da mötərizədə izah olunur ki, "ölüb diriləcəksiniz". Halbuki hərfi tərcümə indilikdə daha münasibdir, çünki elmi təxəyyülə təkan verən bir məzmundadır və mətnin bilavasitə özündən gəlir. Və çünki həmin ifadə göy cisimlərinə verilən andlar fonunda təqdim edilir...

Bəs Oxuda təkrar-təkrar səslənən və ənənəvi olaraq "ərəbcə" kimi qəbul etdiyimiz sözün necə, belə bir potensialı varmı ki, hansısa başqa mənaya, daha ağlabatan hikmətə yol açsın? Var, əlbəttə! Və ən mütərəqqi müsəlman alimlərinin belə diqqətindən bu mətləbin indiyədək yayınması təəccüb doğurur. Oxucularımız üçün bildirim ki, həmin sözlə bağlı yeni iddia ilk dəfə yenicə çapdan çıxmış Quran açıqlaması kitabımda və bu qəzetdə, bu yazıda irəli sürülür...

 

Mahiyyətə varmazdan öncə ehtiyac duyuram ərəb dilində sözyaranma qaydalarına aid bəzi məqamları nəzərə çatdırım. Bu dildə sözlər əsasən feillərə aid bilinən köklərdən düzəlir. Ərəbcə lüğətlər də bu köklərə uyğun tərtib edilir. Məsələn, K-T-B samitlərindən ibarət feil kökü "kə-tə-bə" "yazmaq" mənasında qəbul edilir. Niyə qəbul edilir deyirəm? Çünki əslində "kə-tə-bə"nin mənası "o yazdı" deməkdir. Keçmiş zaman feilinin yazılışca bu ən sadə şəkli əsas götürülür (qeyri-ərəblər də bu sadə şəkli şərti olaraq məsdər kimi qəbul edirlər) ki, ondan düzəlmə sözlərin etimolojisi aydın bilinsin. Dilimizdə işlənən "katib", "kitab", "yazı", "məktəb", "məktub" sözlərinin, eləcə də ərəbcə bu kökdən yaranan bir xeyli başqa sözlərin etimolojisində həmin o feil kökü dayanır.

Ərəbcə sadə sifətlərin də etimolojisini başqa dillərdən fərqli olaraq feil kökləri təşkil edir. Məsələn, "böyük" mənasını verən "kəbir" sifəti "K-B-R" samitlərindən ibarət "kə-bu-ra", yəni "böyük olmaq" feilindən düzəlir. Düzəlmə sifətlərin əksəriyyəti isə qrammatik cincə görə, "iyyun"-"iyyətun", yaxud "avıyyun"-"avıyyətun" şəkilçisilərinin müvafiq sözlərə artırılması ilə gəlişir. Dilimizdə bunun izini ərəbcədən alınma sifətlərdəki "i" sonluğunda görmək olur: ibtidai, nizami, icbari, kütləvi, ailəvi və s. Sifət düzəltmək üçün həmin şəkilçilər isimlərə də, ismi-məsdərlərə də artırılır. Feillərdən düzəlmə ismi-məsdərlər dilimizdə məsdər şəkilçiləri olan "maq" - "mək"lərdən sonuncu samitlərin atılması ilə düzələn sözlərə ekvivalentdir. Məsələn, "yazmaq" feildir, "yazma" isə ismi-məsdər.

"Ərəbcə" sifətinə gəlincə, bu, çox zaman "dil" mənasında "lisənun", "luğatun" sözlərilə birgə işlənən və "arabun" sözünə artırılan "iyyun", yaxud "iyyətun" sonluqları ilə düzəlmə sifətdir.

İndi baxaq izahlı lüğətlərdə bu "arabun" sözünün A-R-B kökünə. Bu kökdən yaranan "a-ri-bə" feilinin ilkin mənası "aydın, ifadəli danışmaq"dır. Özü də bu "aydın, ifadəli danışıq" mənasız, mədəniyyətsiz danışıqdan sonra baş verəndə olur "a-ri-bə". Feilin başqa bir mənası da var: "bol sulu olmaq", "enerjili, canlı olmaq". Ərəbcədə bu sonunculara aid belə ifadələr işlənir: "aribəti-l-bi'r" - "quyu bol sulu oldu, quyunun suyu artdı". Sadə keçmiş zamanda ayrıca işlənəndə üçüncü şəxsin təkini bildirən insan haqqında bu mənanı verir: "o canlı, enerjili oldu", yaxud "o canlı, enerjili idi". İzahlı lüğətlər bu feildən düzələn ismi-məsdərin "arabun", sinoniminin isə ərəbcədə "fəaliyyət" mənasını verən "naşatun" olduğunu diqqətə çəkir. 

A-R-B kökünə aid başqa bir feil "a-ru-bə"dir, tərcüməsi yuxarıda qeyd etdiyim mənaya yaxındır: "nöqsansız danışmaq".

Ərəbcə feillərin sadədən mürəkkəbə doğru şəkillənən, mənaları öz ibtidai anlamına yaxın məzmunda dəyişikliyə uğrayan variantları var ki, ərəb qrammatikasında bunlara feilin babları deyilir. Nümunə gətirdiyimiz feil birinci babdadır. Feilin ikinci babının nümunəsində "ar-ra-bə"də bu mənalarla rastlaşırıq: "bir şeyi aydınlaşdırmaq, aşkar etmək"; "danışıqda nöqsanı düzəltmək". Həmin feilin ismi-məsdəri "tə'rib" isə,  "müalicə etmə, xəstəliyi sağaltma" mənasını da verir. Və yaxud feilin dördüncü babı "ə'-ra-bə"  - "fikri nöqsansız, aydın ifadə etmək" deməkdir.

Sözsüz ki, istinad etdiyimiz müvafiq feilin göstərdiyimiz və göstərmədiyimiz digər bablarında "ərəb olmaq", "ərəbləşdirmək", "ərəbləşmək" mənaları öz yerində, bir xeyli başqa mənaları da var ki, bunlara ayrı-ayrılıqda toxunmağa lüzum görmürəm. Ancaq istinad etdiyim feil kökünə aid yuxarıda sadaladığım ifadələr daha qədimdir və əslində sözün etimolojisini məhz həmin mənalar təşkil edir.

Qeyd etdim ki, "ərəbcə" sifəti "arabun" sözünə qrammatik cinsə görə "iyyun", yaxud "iyyətun" sonluğunun artırılması ilə formalaşıb və bu "arabun", yuxarıda diqqət yönəltdiyim "daim canlı, enerjili olma" mənası bir yana, "ərəblər" kimi də qəbul edilir. Əlbəttə, bu mənaların hər birinin müasir ərəb dilində öz yeri var. Bəs Quran-Oxu kontekstində necə, bunlardan hansı daha məqbul sayılmalıdır?

Oxu orijinalının ərəbcəsi göz önündə. Oxuyuruq, görürük ki, ərəbcədir. Sual olunur, hansı ehtiyacdan doğub ki, hamının görüb bildiyi bu aydın həqiqət haqqında Oxu-da dəfə-dəfə vurğulansın: "bunu ərəbcə bir Oxu olaraq endirdik", "ərəbcə bir hökm olaraq endirdik", bu "aydın ərəb dilində"dir, bu,  "ərəb dilində doğrulayan bir Yazı"dır"? Axı Yazının xitabı bütün insanlaradır! Bəlkə ilahi ismarışların ilkində ünvanlandığı toplum ərəblər olmuşlar, ona görə belə vacib imiş? Əlbəttə, bu sualların müsbət cavabları var və cavablar keçmişə aid cavablardır, bu günümüzün idrak tələblərinə, yaxud da deyək, elə Oxu-nun müasirliyə yönəlik  məntiqinə uyğun gəlmir.

Bir daha vurğulayım ki, kosmik-ilahi informasiya qaynağı Oxu zamansızlığa iddiaçı mətn kimi daxili dinamikasını özündə saxlayan, yeni təfsirlərə, islaha, yeniliyə, tərəqqiyə, inkişafa, mənəvi zənginləşməyə, elmi təfəkkürə meydan açan və yönəldən bir məzmundadır. Ona görə də daim canlı, aydın dillə danışan bir Yazıdır, oxuyanları ilə canlı, fəal əlaqədədir. Və Oxunun bu özəllikdə qavranılması onu şərtləndirir ki, ayələrdə tarixən "ərəbcə" kimi anlaşılan müvafiq sifət indi yerinə görə "canlı", "aydın ifadəli" kimi qəbul edilsin. Sözün "ərəbcə"dən başqa digər müvafiq məna çalarları məhz bu variantlara üstünlük qazandırır.

Ənənəçilərin Oxu-da ərəbcənin yerini nişan verdiyi sitatlara aid tərcümələri aşağıdakı qaydada yenilənməsinə ehtiyac var: 

- "Biz bunu canlı bir Oxu olaraq endirdik bəlkə ağıl işlədəsiz" (12:2);

- "Beləliklə, Biz onu canlı bir hökm olaraq endirdik" (13:37);

- "Onların göstərdiyi şəxsin qəlizdir dili, bu isə aydın, canlı bir dil" (16:103);

- "Beləliklə, Biz bunu canlı Oxu olaraq endirdik də hallandırdıq ondakı təhdidləri bəlkə çəkinələr deyə, ya da bir anım yarada onlardan yana" (20:113);

- "Etibarlı Ruh endirmiş bunu sənin qəlbinə. Ki, xəbərləyən kimsələrdən olasan aydın, canlı bir dildə"(26:193-195);

- "Bu Oxu-da hər şeydən bir nümunə gətirdik insanlara bəlkə xatırlayalar. ...Əyərsiz-əskiksiz canlı Oxu olaraq. Bəlkə çəkinələr" (39:27-28);

- "Rəhman Rəhimdən bir endiriş, (3) bir Yazı ki, canlı bir Oxu-tək açıqlanmış ayələri bilənlərə müfəssəl" (41:2-3);

- Onu qəliz bir Oxu eyləsəydik, hökmən deyəcəkdilər: "Məgər bunun ayələri müfəssəl açıqlanmış olmalı deyildimi? Qəliz... və aydın ifadəlimi?!" (41:44);

- "Və beləcə Biz sənə vəhy eylədik canlı bir Oxu-nu ki, xəbərləyəsən şəhərlərin anasını, ətrafında olanları..." (42:7);

- "And olsun aydınladan Yazıya, Biz bunu canlı bir Oxu qıldıq bəlkə ağıl işlədəsiz" (43:2-3);

- "...Bu da canlı bir dildə doğrulayan bir Yazı ki, xəbərləsin zülm eyləyən kəsləri, müjdələsin gözəl davrananları" (46:12).

Və son olaraq, ümidliyəm ki, bu yazıda ifadə etdiyim dəlillər, gəldiyim qənaət təslimolma dinimizin universal mahiyyətinə uyğun anlayışla qarşılanacaq və ənənəvi müsəlman zehniyyətində ərəbcənin özəl statusu ətrafında ötən zamanların gəlişdirdiyi bulanıq təsəvvürləri azacıq da olsa duruldacaq.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!